Məhkəmə qərarları › İş №1(009)-194/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-194/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-194/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsi, döngə 1, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatını əldə edərək üzərində daşımaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və qeyri-müəyyən vaxtlarda 01 ədəd 317369 №-li, zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli. “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomat olan, texniki cəhətdən saz və atəş üçün yararlı olan kustar üsulla hər hansı dəyişikliklərə məruz qalmamış yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz, istifadə üçün yararlı darağı və 18 ədəd zavod üsulu ilə (15 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində, 02 ədədi 2002-ci ildə, 01 ədədi 2004-cü illərdə) Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olan həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı ştat patronları ilə birlikdə qanunsuz olaraq əldə edib daşıyaraq şəhərin müxtəlif yerlərində torpağa basdırmaqla saxlamışdır. Daha sonra isə həmin sursatdan 2 ədəd patronu götürərək üzərində gəzdirmiş, digərlərini isə həmçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci massivdə yerləşən «Daş-Karxanası» adlanan ərazidə torpağa basdırmaqla saxlamışdır. 27 yanvar 2024-cü il tarixdə saat 14:00-da Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirikmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi, 2/141saylı ünvanın qarşısında saxlanılmışdır. Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılmış, orada həmin gün saat 16:15-dən etibarən şübhəli şəxs qismində üzərind şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində daşıdığı 2 ədəd patron aşkar edilib götürülmüşdür. Sorğu zamanı o, Bakı şəhəri, Səbail rayonu, 2-ci massivdə yerləşən «Daş-Karxanası» adlanan ərazidə 01 ədəd 7,62 mm-lik «AKM» modelli Kalaşnikov konstruksiyalı avtomatı və ona məxsus 01 ədəd darağla birlikdə olan 16 ədəd patronu torpağa basdırmaqla gizlədərək saxladığını bildirmiş, həmin tarixdə saat 17:40-dan etibarən Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Səbail rayonu 2-ci massivdə yerləşən «Daş-Karxanası» adlanan əraziyə baxış keçirilən zaman həmin yerdə sonuncu tərəfindən torpağa basdırılmış olan 01 ədəd 7,62 mm-lik «AKM» modelli Kalaşnikov instruksiyalı avtomat və ona məxsus 01 ədəd darağla birlikdə olan 16 ədəd patron polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsindirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini, şikəst olduğunu, 07 il bundan öncə silahı «Daş-Karxanası» adlanan ərazidə tapdığını və polisə təhvil verməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərazidə bir nəfər şəxsdə odlu silahı var və satmaq istədiyi bildirilmişdir və məlumat əsasında ətrafında araşdırma aparılmışdır, Təqsirləndirilən şəxs idarəyə dəvət olunmuşdur. İdarədə üstünə baxış keçirilən zaman üstündə iki ədəd patron aşkarlanmışdır. Təqsirləndirilən şəxs etiraf edərək həmin silahı zibillikdə işləyən zaman tapıb gizlətdiyini bildirmişdir. Könüllü şəkildə idarədəki əməkdaşlarla gedərək yerini göstərmişdir. Şahid2 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək hüzr ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 27 yanvar 2024-cü il tarixdə Səbail RPİ-in Təhqiqat şöbəsinin, Səbail RPİ-nin CAŞ-in, Səbail RPİ-nin KMQ-nin Səbail RPİ-nin KTQnin əməkdaşları tərəfindən odlu silahın onun komplekt hissələrinin və döyüş sursatının qanunsuz olaraq saxlamasında və gəzdirməsində Təqsirləndirilən şəxs şübhəli bilinərək Səbail rayon Polis idarəsinə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd patron aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin iki ədəd patron qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı mobil telefon vasitəsilə video çəkiliş aparılmşdır. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. İki ədəd patron ona məxsusdur, 07 il bundan öncə silahı «Daş-Karxanası» adlanan ərazidə tapmışdır. İş materiallarında olan odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının saxlanıldığı yerə axtarış və götürmə haqqında 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Massiv “Daş-Kərxanası” ərazidə torpaqda basdırılmış nömrəsi silinmiş 5.45 kalibirli “Kalaşnikov” modelli avtomat və ona məxsus olan bir ədəd daraq və darağın içərisində olan 16 ədəd patronlar aşkar edilməsi anının qeydə alındığı video görüntünü əks etdirən 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Könüllü şəkildə idarədəki əməkdaşlarla gedərək yerini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 24/204 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş çaxmağın üzərində 317369 №si olan silah, 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə xarici dövlətdə, silah zavodunda istehsal olunmuş “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 18 ədəd patronlar zavod üsulu ilə, onlardan 15 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində, 02 ədədi 2002-ci, 01 ədədi 2004-cü illərdə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Esperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- yerləşən güllə-giliz kartotekasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 18 ədəd 5,45x39 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 29 yanvar 2024-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qərar ona 29 yanvar 2024-cü il tarixdə, saat 11:00da elan olunmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Dadaşov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır. Təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli olduğunu bildirsə də, ittihamın hansı hissəsində özünü təqsirli olmadığını məhkəmə iclasında bildirməmiş, ifadəsində silahı 07 il bundan öncə «Daş-Karxanası» adlanan ərazidə tapdığını və polisə təhvil verməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 4(009)-31/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd 7.62 mm-lik “AKM” modelli Kalaşnikov konstruksiyalı avtomat və ona məxsus 01 ədəd darağla birlikdə olan eksperimental atəş üçün istifadə edildikdən sonra qalan 15 ədəd patron Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X2 Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq 12 saylı vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu tarixdən yəni 27 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd 7.62 mm-lik “AKM” modelli Kalaşnikov konstruksiyalı avtomat və ona məxsus 01 ədəd darağla birlikdə olan eksperimental atəş üçün istifadə edildikdən sonra qalan 15 ədəd patron Daxili İşlər Nazirliyinin X2 Baş İdarəsinə təhvil verilsin. İş materiallarda olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar