Məhkəmə qərarları › İş №1(009)-194/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-194/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-194/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-565/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 may 2025-ci il tarixdə saat 14.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında, marşrut istiqaməti Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi olan 29 saylı sərnişin avtobusuna sərnişin qismində daxil olduqdan sonra, cinayətkar niyyətini həyata keçirmək üçün avtobusun salon hissəsində ayaq üstə dayanmış sərnişin - yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin vaxt sərnişinlərin sıxlığından və sonuncunun diqqətinin yayınmasından istifadə edərək onun kürəyindən asdığı qara rəngli məktəbli çantasının zəncirbəndini açıb həmin çantanın içərisindən sonuncuya məxsus, balansında danışıq dəqiqələri olmayan ***-***- **-** GSM nömrə ilə istifadə olunan, 747,93 (yeddi yüz qırx yeddi manat doxsan üç qəpik) manat dəyərində 01 (bir) ədəd “Oppo Reno 12F” əmtəə nişanlı, 8/256GB Grey, Android 14, 2024-cü il buraxlışlı, Çin istehsalı, İmei kodu 1: **********28918 və İmei 2: **********28900 olan mobil telefonu və 2 (iki) ədəd 1 (bir) manatlıq əskinas pul vəsaitini çıxardaraq gizli olaraq talayıb, Zərərçəkmiş şəxs qızma ümumilikdə 749,93 (yeddi yüz qırx doqquz manat doxsan üç qəpik) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 177-ci maddələri ilə məhkum edilmişdir, heç bir yerdə işləmir. 20 dekabr 2024-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhərindən Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş, sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə getmək üçün avtobusu dəyişmək məqsədi ilə 29 saylı avtobusa minmişdir. Həmin avtobusa minəndə salonda sıxlıq olduğundan oğurluq etmək qərarına gəlmiş və qabaq giriş hissədən orta hissəyə doğru ayaq üstə dayanmış tanımadığı təxminən 14-15 yaşlı məktəbli qızın kürəyindən asdığı qara rəngli məktəbli çantasını açmış və orada olan mobil telefonu oğurlamışdır. Bundan sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində növbəti dayanacaqda avtobusdan düşdükdən sonra oğurladığı telefona baxdıqda həmin mobil telefonun boz rəngli “Oppo Reno 12F” markalı, içərisində nömrəsi olan boz rəngli kaburalı telefon olduğunu bilmişdir. Oğurladığı həmin “Oppo Reno 12F” markalı mobil telefonun nömrəsini və koburasını çıxarıb Badamdar qəsəbəsində yolda atmış, elə həmin günü Sumqayıt şəhərinə qayıtmışdır. Sumqayıt şəhərinə çatdıqda həmin oğurladığı “Oppo Reno 12F” markalı mobil telefonu satmaq qərarına gəlmiş, buna görə də əvvəllər tanıdığı və normal münasibəti olan Kamandar adlı tanışının işlədiyi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən telefon mağazasına getmişdir. Mağazada telefon təmir edən tanışı Kamandara oğurladığı “Oppo Reno 12F” markalı mobil telefonun özünə aid olduğunu və satmaq qərarına gəldiyini bildirmişdir. Kamandar həmin telefonu 40 manata alacağını bildirmiş və sənəd istədikdə şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdi. Bu zaman Kamandar videoçəkilişlə həmin telefonu ondan alacağını söylədikdə etiraz etməmişdir. Sonra Kamandar videoçəkilişlə həmin boz rəngli “Oppo Reno 12F” markalı mobil telefonu 40 manat ödəməklə almışdır. Satdığı telefona görə əldə etdiyi 40 manat pulu öz təlabatlarına xərcləmişdir. Bundan başqa çantadan heç nə oğurlamamışdır. 20 dekabr 2024-cü il tarixdə səhər saatlarında 29 saylı avtobusda “Oppo Reno 12F” markalı mobil telefonu, kaburası və içərisində olan mobil nömrə ilə birlikdə oğurlasa da, 2 manat pulu görməmiş və oğurlamamışdır. Heç bir yerdə işləmir, ailəsi yoxdur, yaşamağa yeri yoxdur. Dəymiş zərəri hissələr şəklində ödəyə bilər. Əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 dekabr 2024cü il tarixdə atası X3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasından 749 manata mobil telefon almışdır. 20 dekabr 2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşadıqları ünvandan çıxıb, 102 saylı avtobusla Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka adlanan əraziyə getmiş, həmin vaxt istifadə etdiyi “Oppo Reno 12F” markalı mobil telefonu kürəyindən asdığı qara rəngli məktəb çantasında olmuşdur. Bundan sonra avtobusu dəyişmək məqsədi ilə 29 saylı avtobusa minmiş, həmin avtobusa minəndə telefonunun çantasında olduğunu görmüşdür. Avtobusda sıxlıq olduğundan qabaq giriş hissədən orta hissəyə doğru ayaq üstə dayanmış, həmin avtobusla 20 dekabr 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən təhsil aldığı 236 saylı tam orta məktəbin yaxınlığına çatmış, avtobusdan düşdükdən sonra 2-3 metr məktəbə doğru hərəkət edib, çantasından telefonu çıxardıb saata baxmaq istədikdə həmin mobil telefonunun çantasında olmadığını, oğurlandığını aşkar etmişdir. Sonra məktəbə gedib, müəllimənin telefonu ilə baş vermiş hadisə barədə anası Qanuni nümayəndə məlumat vermiş, anası da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Telefonunun dəyərindən başqa çantasında olmuş 2 manat nağd pulunun da oğurlanması nəticəsində ümumilikdə 749 manat maddi ziyan dəymişdir. Dəymiş zərərin ödənməsini xahiş etdi. 15 yanvar 2025-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 21 yanvar 2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə təyin edilmişdir. 21 yanvar 2025-ci il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 07 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 09 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-164/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07 aprel 2025-ci il tarixdən saat 19:30-dan hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, 01 (bir) ədəd “Oppo Reno 12F” əmtəə nişanlı, 8/256GB Grey, Android 14, 2024-cü il buraxlışlı, Çin istehsalı, İmei kodu 1: **********28918 və İmei 2: **********28900 olan mobil telefon X2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. - Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1998-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2003-cü ildə Milli Məclisin xx.xx.2003-cü il tarixli “Amnitsiya” Qərarının 2.3 bəndinə əsasən azad olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-565/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-565/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 20 dekabr 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 aprel 2025ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar