Məhkəmə qərarları › İş №1(009)-195/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-195/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-195/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Xüsusi ittihamçı: X2 və onun nümayəndəsi X1, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağazəki qızı oğlunun, Təqsirləndirilən şəxs: Əli-zadə Aydın Arif oğlunun iştirakları ilə, 21 oktyabr 1963-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5 müxtəlif internet platformalarında, o cümlədən “Facebook” sosial şəbəkəsində və “Cahanplus.com” saytında onun barəsində aşağıdakı xarakterli ifadələr işlətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə əsasən, Aydın Əlizadənin cinayət məsuliyyətinə cəlb olunması xahiş olunur: 1.Şəxsi təhqir və böhtan xarakterli ifadələr: Şikayətçinin “mənəvi əxlaqı və nüfuzu” haqqında əsassız, alçaldıcı və təhqiramiz fikirlər səsləndirmişdir. Şikayətçini guya “dövlət əleyhinə fəaliyyət göstərən”, “diasporlara işləyən”, “erməni maraqlarına xidmət edən”, “siyasi məqsəd güdən” şəxs kimi təqdim etmişdir. “Xatirə Quliyeva saxtakarlıqla professor adını alıb” və ya “Xatirə Quliyeva qadın olduğunu istifadə edərək elmi ad alıb” məzmunlu ifadələr işlədilmişdir. 2.Açıq şəkildə təhqir edən qeydlər: “Dumbul kimi olarsan”, “mən kişi deyiləm”, “kişi olsam cavab verərdim” kimi lağedici ifadələrlə şikayətçi cinsiyyətə əsaslanan alçaldıcı və təhqiredici məzmunla aşağılanmışdır. “Sənin kişi olmamağın sənin sözlərinlə aydın olmuşdur” ifadəsi ilə şəxsiyyətə yönəlik təhqir həyata keçirilmişdir. 3.Cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi daşıyan bəyanatlar: “Bu qadın təmiz alim deyil”, “şərəf və ləyaqət baxımından alçaldılmışdır” kimi iddialar irəli sürülmüşdür. Şikayətçini “AMEA daxilində dağıdıcı fəaliyyət göstərən qadın” kimi təqdim etmiş, onu başqa şəxslərlə birlikdə “AMEA-da sistemli təxribatçılıq fəaliyyəti” aparmaqda ittiham etmişdir. 4.Qorxutma və hədə xarakterli ifadələr: “Azan səni susduracaq”, “Allah cəzasız qoymayacaq”, “cəzalanacaqsan” kimi dini və mənəvi kontekstdə hədə xarakterli fikirlər bildirmişdir. 5.Böhtan xarakterli yalan məlumatlar: Guya şikayətçi “özü haqqında yalançı rəy formalaşdırıb”, “sahib olmadığı akademik titulları mənimsəyib”, “AAK tərəfindən qanunsuz professor adı alıb” – kimi yalan və heç bir sübuta əsaslanmayan iddialar irəli sürülmüşdür. Təhqiramiz ifadələr: “Bu sonuncu yazına mən cavab verməyəcəyəm, ona görə ki, kişi deyiləm. Seyxin kişi olmaması sənin sözlərinə aiddir yazmışdım.”, “Ona görə də suluqluq eləmə, kişi olmayana ilişmə.”, “Xatirə Quliyeva riyakarcasına bir tərəfdən Heydər Əliyev təəssübkeşi kimi çıxış edir, obiri tərəfdən Avropaya sığınacağı və AŞPA-ya şikayət edəcəyi ilə məhkəməni hədələyir”, “Bir arvad deyir mənə ki, kişisənsə filan işi gör!”, “Seyxlərin cinsi olmur.” (Qadına qarşı yönəlik sarkastik və təhqiramiz metafora), “Professor olmaq istəyir tərbiyəsiz postlar yazır.” (Facebook paylaşımına əlavə edilmiş qeydlərdə yer alıb), “Bu qadın təmiz alim deyil.” (şəxsi və peşəkar reputasiyanı alçaldıcı yanaşma) Böhtan xarakterli iddialar: “Xatirə Quliyeva saxtakar yolla professor adını alıb.”, “Xatirə Quliyeva dövlətə qarşı fəaliyyət göstərir.”, “Xatirə Quliyeva elmi adları almaqda qadın olmasından istifadə edib.”, “O qadın təmiz alim deyil, ona görə də cəsarətli deyil.”, “Bu qadın nüfuzlu alimlərin adından istifadə edərək nüfuz toplamağa çalışır.”, “AAK-a (Attestasiya Komissiyası) saxta təqdimatlarla müraciət edib.”, “40 illik elmi fəaliyyətim bu şəxsin böhtanları ilə ləkələnə bilməz.” (Qeyri-müəyyənlikdən istifadə etsə də, reputasiyaya yönəlmiş bəyanatdır). Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 299 və 351-ci maddələrini rəhbər tutaraq məhkəmədən, Əli-zadə Aydın Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, Əli-zadə Aydın Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əli-zadə Aydın Arif oğlu özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. Məqsədi təhqir etmək olmamışdır. Heç kimi təhqir etməmiş və heç kimə böhtan atmamışdır. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi2 Ağazəki qızı, təqsirləndirilən şəxs Əlizadə Aydın Arif oğlunun əməlində qeyd edilən maddələr üzrə cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının, təqsirləndirilən şəxsin və müdafiəçinin iş üzrə ifadələrini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə, Əli-zadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Məhkəmə şikayəti və ona əlavə olunmuş iş materiallarını nəzərdən keçirərək Əlizadə Aydın Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair qeyd etməyi zəruri hesab edir ki, maddənin dispozisiyası böhtan cinayət əməlini yalan olduğunu bilə-bilə, hər hansı bir şəxsin şərəf və ləyaqətini ləkələyən, onun nüfuzuna xələl gətirən bilə-bilə uydurulmuş faktların yayılması kimi qiymətləndirir. Böhtan məqsədli imic qətlidir. Lakin faktın yalan olması ilə bərabər söyləyənin o faktın yalan olmasını bilməsi vacibdir. Belə ki, Aydın Əlizadənin ifadələri fakt yox, qiymətləndirmə, başqa sözlə subyektiv fikirdir. Sonuncunun ifadələrinin kobud səslənməsi onun böhtan cinayət əməlini törətməsi demək deyildir. Aydın Əli-zadə Xatirə Quliyevanı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməmişdir, sonuncunun əməli barəsində bildirdikləri mənəvi-əxlaqi və peşəkar etibarsızlıq kimi təqdim olunmuş subyektiv yanaşmalardır. X6-zadənin ifadələrinin dezinformasiya olması müstəqil qaydada sübuta yetirilməyib. Belə ki, ifadələr subyektiv mühakimə və qiymətləndirmə xarakteri daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Belə ki, təhqir özündə alçaldıcı məzmun, ədəbsiz forma, yəni qeyri-etik, ictimai normalara zidd dil, aydın ünvanlılıq, yəni konkret şəxsə yönəlik olmanı ehtiva edir. Təhqir cinayət əməli məzmun deyil, forma cinayəti və fikir azadlığının zəhərli mutasiyasıdır. Belə ki, Aydın Əli-zadə ifadələrini açıq şəkildə Xatirə Quliyevaya ünvanlamış, ictimaiyyətə açıq “Facebook” sosial şəbəkəsində və internet saytında yaymışdır. Sonuncunun ifadələri əxlaq çərçivəsini aşan, ictimai normalara zidd, mənfi xarakterli ifadələrdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin bəndin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bununla da, məhkəmə təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verilmiş ifadəyə qiymət verərək hesab edir ki, həmin ifadə mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Aydın Əli-zadəyə cəza təyin edərkən elmi fəaliyyətlə məşğul olmasını mövqeyini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Aydın Əli-zadənin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Aydın Əli-zadəyə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Aydın Əli-zadəni cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin: 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, Əli-zadə Aydın Arif oğlunun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Əli-zadə Aydın Arif oğlunun özünə məxsus “Facebook” sosial şəbəkəsində və “Cahanplus.com” saytında X2 barəsində böhtan xarakterli ifadələr işlətdiyi müəyyən olunmamlşdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda Əli-zadə Aydın Arif oğlunun bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, eskspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Əli-zadə Aydın Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinsin və 1.200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Əli-zadə Aydın Arif oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. Əli-zadə Aydın Arif oğluna vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağazəki qızı tərəfindən təqsirləndirilən şəxs Əli-zadə Aydın Arif oğlunun hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə və iş materialları ilə tanış olmaq üçün sərf etdiyi 20 (iyirmi) saata görə dövlət büdcəsindən 220 (iki yüz iyirmi) manat manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar