Məhkəmə qərarları › İş №1(009)-196/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-196/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-196/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 129 qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, 05 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,214 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Səbail rayonu 20-ci sahə ərazisində yeni tikilən «Bravo» alışveriş mərkəzinin yaxınlığında əldə edərək, üzərində daşıyaraq saxlamış, 05 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilmiş və orada üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli folqaya bükülmüş təmiz çəkisi 0,214 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki narkotik vasitə istifadə edir. 05 fevral 2021-ci il tarixdə günortadan sonra Səbail rayonu 20-ci sahə adlanan ərazidə, tikilməkdə olan «Bravo» marketin yaxınlığında yerləşən avtobus dayanacağından üzü «Araz» market istiqamətində evinə tərəf gedərkən avtobus dayanacağının yaxınlığında bir nəfər şəxsin əlində olan kağızı yerə atmasını görüb, həmin bükümü yaxınlaşıb yerdən götürüb açdıqda içərisindəki narkotik vasitə heroin olduğunu görmüşdür. Bükümü yerdən götürüb gödəkcəsinin sol cibinə qoymuşdur ki, evdə istifadə etsin. Təxminən bir saat sonra 20-ci sahədə ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları kimi təqdim edərək özünü təqdim etməyi xahiş etmişlər. O, polis əməkdaşlarına özünü X2 təqdim etmiş, polis əməkdaşları ona onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli falqada olan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümü fevralın 05-də Səbail rayonu 20-ci sahə adlanan ərazidə, tikilməkdə olan «Bravo» marketin yaxınlığında yerləşən avtobus dayanacağından tapmışdır. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış və yalnız narkotik vasitələrin istifadəçisi olmuşdur. Hal-hazırda narkotik vasitələri qəbul etmir, müalicə aldıqdan sonra tam sağalmışdır. Qardaşının köməyi ilə müalicə alıb və bir neçə müddətdir ki, işə düzəlib. Övladına kömək edir. O, törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-si 8-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə 05.02.2021-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla bölmənin rəisinə məruzə etmişdir. Məlumatı yoxlamaq məqsədi ilə 05 fevral 2021 -ci il tarixdə əməliyyat qrupu yaradılmış, qrupa bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və polis baş leytenantı Şahid2 daxil olmuşlar. 05 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 3 ünvanın yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs saxlanılaraq bölmənin inzibatı binasına gətirilmişdir. 05 fevral 2021-ci il tarixdə saat 18:20-də Səbail RPİ-nin 8-ci PB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl dəvət edilmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək üzərində olan qanunsuz əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli falqaya bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik vasitə heroindir, həmin heroini 2021-ci ilin fevral ayının 05-də Səbail rayonu 20-ci sahə adlanan ərazidə tikilməkdə olan «Bravo» marketin yaxınlığında yerləşən avtobus dayanacağından tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli falqaya bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nin «Zərflər ücün» 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı törətdiyi əməllərdən peşmandaır, davranışlarında müsbət dəyişikliklər var, hazırda onlarla birlikdə valideynlərinin yanında yaşayır, bir müddət əvvəl yeni işə düzəlmiş, övladlarına maddi kömək edir, narkomaniya xəstəliyindən müalicə olunmuşdur. O, özü şəxsən onun bundan sonra heç bir qanunsuz hərəkət etməyəcəyinə söz verir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2021-ci il tarixli qərardan və şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə, saat 18:20 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 fevral 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 6 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-yə gətirilmiş və şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli falqaya bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Samsung Galaxy A5” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in məhkəməkimyəvi ekspertizanın 06 fevral 2021-ci il tarixli 6/532 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №-52» dairəvi möhür əksi olan, «Bir büküm qara falqaya bükülmüş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,214 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı l) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 06 fevral 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən bir ədəd zərfdə 0,214 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,164 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan “DVD-R diskinə baxış keçirilməsi haqqında” 07 fevral 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub-olmaması barədə sual verilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli falqaya bükülmüş maddə çıxarıb masaya qoyub bildirmişdir ki, həmin bükümün içərisində narkotik maddə heroindir, həmin narkotik maddə heroini həmin gün Səbail rayonu 20-ci sahə adlanan ərazidə tikilməkdə olan «Bravo» marketin yaxınlığında, Yüzbəy Mürsəlov küçəsi 6 ünvanın qarşısında yerləşən avtobus dayanacağından tapmış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli falqaya bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər maddə bir ədəd kağız zərfə qablaşdırılıb, Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 52 saylı möhürü ilə möhürlənərək götürüldü. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 07 fevral 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs:

1. Nəsimi Rayon Xalq Məhkəməsinin 12 avqust 1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1.1, 144.2 və 38-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR 15.07.1992—ci il tarixli amnistiya qərarına əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılıb, 01 il, 10 ay, 03 gün cəza saxlanılmışdır. 16.06.1994-cü ildə cəzasının sonu ilə azad edilmişdir.

2. Binəqədi Rayon Xalq Məhkəməsinin 26 yanvar 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143.3, 106.138-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Nəsimi Rayon Xalq Məhkəməsinin 07.11.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1.1 və 39-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin 15.12.2000-ci il tarixli qərarı ilə əməli CM- 234.1, 67 maddələrinə tövsif edilərək, cəzası 03 (üç) il, 06 (altı) aya endirilmişdir. 07.02.2001-ci ildə AR MM 01.02.2001-ci il tarixli “Amnistiya” Qərarının 1.5-ci maddəsinə əsasən azad olunmuşdur.

4. Yasamal Rayon Məhkəməsinin 22 iyul 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2, 66.3, 93.1.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.03.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.

5. Səbail Rayon Məhkəməsinin 23 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

6. Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 03.03.2016-cı ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5, 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 10.06.2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 ay 23 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 02.08.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında qərardan görünür ki, 07 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 17 iyun 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2021-ci il tarixli 1907 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 05.02.2021-ci il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə, şübhəli şəxs qismində tutulmuş və 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həbsdən azad edilmiş və onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, daha sonra barəsində axtarış elan edilmiş və 15 iyun 2021-ci il tarixdə tutulmuş, 17 iyun 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək və 15 iyun 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək, yəni həbsdə saxlanıldığı 04 (dörd) gün həbsdə olma müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,164 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək və 15 iyun 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 02(iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. 210020029 saylı cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 210020029 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,164 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar