Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-199/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittihamçı X3, Təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 22 sentyabr 2023-cü il tarixdə saat 16.05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən X10 “Facebook” sosial şəbəkəsində onu və vəfat edən həyat yoldaşını iki dəfə ardıcıl olaraq təhqir edərək ictimailəşdirmiş və şəxsiyyətini nalayiq formada alçaltmışdır. Belə ki, o vaxta qədər heç vaxt tanımadığı Anar Quliyev heç bir səbəb olmadan öz “Facebook” səhifəsindən barəsində təhqiredici ifadələr yazmışdır. Şikayət ərizəsinə əlavə edilən “Facebook” sosial şəbəkəsinə aid ekran görüntülərindən görünür ki, X10 cari ilin 5 və 28 fevral tarixlərində özünə məxsus “Anar Amin” adlı səhifədən etdiyi paylaşımında “Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!”, “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən..?!!!” yazılarını paylaşmışdır. Qeyd edilən faktla bağlı, şikayət ərizəsi ilə polisə müraciət etdikdən sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılmış və Anar Quliyev barəsində sahə inspektoru X4 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Xətai Rayon Məhkəməsinin 3(011)-1099/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə əməldə inzibati xəta hadisəsi olmadığı səbəbindən iş üzrə icraata xitam verilmiş, lakin təhqir faktının olması ilə bağlı məsələ qərarda mübahisələndirilməyərək təsdiq edilmişdir. Bu baxımdan qanuna zidd əməlin inzibati xəta deyil, cinayət məsuliyyətinə cəlb edilməli əməl olması bəlli olur. Baş verən hadisəyə nəzər salsaq, bu cinayətin subyektinin, yəni, əməli törədən şəxsin X10 olması Xətai Rayon Polis İdarəsi tərəfindən daxil olan protokol və digər sənədlərlə təsdiqlənir. Əməlin subyektiv cəhəti qəsdlə xarakterizə olunmuşdur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüşdür. Cinayətin obyekti qismində çıxış edən şəxsin azadlığı və ləyaqətinə ağır təhqirlərlə bilavasitə qəsd olunmuşdur. Obyektiv cəhətdən əməl kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya yönəlmiş ifadələrin işlənməsində ifadə olunmuşdur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 8-ci bəndində xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Lüğətlərdə “peysər” sözünün ağır təhqir formasında işlədilməsi aydın görünür. Qeyd edilməsi zəruridir ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlətin qanunları, həm də beynəlxalq hüquqla müdafiə olunur. O, 1973-cü ildə anadan olmuş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini və AMEA Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1992-ci ildən mediada fəaliyyət göstərir. Həmçinin 1999-2008-ci illərdə AMEA-da elmi işçi kimi çalışmışdır. 2013-cü ildən Axar.az informasiya portalının baş redaktorudur. Qeyd edir ki, bu formada tanımadığı və hər hansı ədavəti olmayan bir şəxs tərəfindən ağır təhqir olunması onun ciddi şəkildə mənəvi stress və ruhi əzab keçirməsinə, əsəbləşməsinə səbəb olmuş, səhhətinə zərərli təsir göstərmişdir. Onu da xüsusi olaraq bildirir ki, həyat yoldaşı 2013-cü ildə həkim səhlənkarlığından gənc yaşda dünyasını dəyişmişdir. O, bu hadisədən sonra 25 gün (o statuslar “Facebook" səhifəsindən silinənə qədər) özünə gələ bilməmiş ruhi iztirab və mənəvi həyəcan içində olmuşdur və hesab edir ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün cəzalandırılmalıdır. Odur ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyinə görə cinayət məsuliyyətə cəlb edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 şikayəti müdafiə edərək ifadəsində göstərmişdir ki, X10 “Facebook” sosial şəbəkəsində onu və vəfat edən həyat yoldaşını iki dəfə ardıcıl olaraq təhqir edərək ictimailəşdirmiş və şəxsiyyətini nalayiq formada alçaltmışdır. Belə ki, o vaxta qədər heç vaxt tanımadığı Anar Quliyev heç bir səbəb olmadan öz “Facebook” səhifəsindən barəsində təhqiredici ifadələr yazmışdır. X10 cari ilin 5 və 28 fevral tarixlərində özünə məxsus “Anar Amin” adlı səhifədən etdiyi paylaşımında “Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!”, “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən..?!!!” yazılarını paylaşmışdır. X10 onun barəsində təhqir xaraketli məlumatlar yaydığı üçün X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 verdiyi ilkin ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, X7 barəsində təhqir və böhtan xarakterli məlumatlar yaymamışdır. O, qeyd edilən sosial şəbəkədə fikrini şərt budaq cümləsi şəklində yazmışdır. Birbaşa deməmişdir ki, X3 arvadıyla Nemət Pənahlı yatsın. Bu səbəbdən burada cümlə birbaşa həm ona aid deyil (yalançıya aiddir), həm də təhqir deyil. Bu cümlədən sonra yazılan “Peysər A.Niftəliyev” xitabı barəsində isə qeyd etmişdir ki, həmin xitab da ayrılıqda yox, bu cümlə ilə birlikdə tədqiq edilməlidir və həqiqi mənasında başa düşülməlidir. Peysər sözünün birinci lüğəvi mənası başın arxa tərəfi deməkdir. İkinci mənası oğlan deməkdir. O, bu sözü boynun arxa tərəfi, oğlan mənasında işlətmişdir. Mətn içində bu belə də anlaşılır. "Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən? cümləsi isə mətn içində və işlənmə məqamına görə təhqir hesab olunmur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 verdiyi növbəti ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə dəfələrlə X1 üzr istəmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. “Facebook” sosial şəbəkəsində “Anar Amin” adlı səhifənin istifadəçisi X10 aşağıdakı məzmunda paylaşım etmişdir: “Yalançının arvadıyla Nemət Pənahlı yatsın...Peysər A.Niftəliyev!!! və Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) “Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!” və “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!” cümlələri təhqir hesab olunurmu? 2) Mətn içində və işlənmə məqamına görə hər iki cümlə hansı mənada işlədilmişdir? 3) Həmin ifadələr (“Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!” və “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!” ) hansı formada – sual, təsdiq, yaxud ehtimal formasında ifadə olunmuşdur? Məhkəmə-linqvistik ekspertizasının 29 avqust 2023-cü il tarixli 3-16-16/2-4/1275 nömrəli rəyinə əsasən: -“Facebook” sosial şəbəkəsində “Anar Amin” adlı səhifənin istifadəçisi X10 tərəfindən paylaşılmış cümlələr (‘‘Yalançının arvadıyla Nemət Pənahlı yatsın...Peysər A.Niftəliyev!!! və Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!”) təhqir xarakterli fikirlər hesab olunur. Təqdim olunmuş cümlələr hər hansı mətn içərisində deyil, ayrılıqda cümlə şəklində işlədilmiş, onların işlənilmə məqamı və mənası rəyin tədqiqi hissəsində qeyd edilmişdir. -“Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!” cümləsinin 1-ci hissəsi şərtlə, 2-ci hissəsi isə təsdiq formasında ifadə olunmuşdur. “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!” cümləsi ritorik sual əsasında yaranmış nida cümləsidir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manatdır. Elektron məhkəmə sistemindən çıxarışa əsasən X6 himayəsində üç azyaşlı övladı vardır: xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X14. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 öz “Facebook” səhifəsindən cari ilin 5 və 28 fevral tarixlərində özünə məxsus “Anar Amin” adlı səhifədən etdiyi paylaşımında “Yalançının arvadıyla Nemət Pənahlı yatsın... Peysər A.Niftəliyev!!!”, “Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən..?!!!” yazılarını paylaşmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm xüsusi ittiham qaydasında icraat materialları, həm təqsirləndirilən şəxsin ifadəsi, həmçinin X6 yuxarıda qeyd edilən cümlələrinin təhqir hesab olunub-olunmaması müəyyən edilməsi üçün təyin edilmiş 29 avqust 2023-cü il tarixli 3-16-16/2-4/1275 saylı məhkəmə-linqvistik ekspertizasının rəyi ilə “Facebook” sosial şəbəkəsində “Anar Amin” adlı səhifənin istifadəçisi X10 tərəfindən paylaşılmış cümlələr (‘‘Yalançının arvadıyla Hemət Pənahlı yatsın...Peysər A.Niftəliyev!!! və Anar Niftəliyev ona buna şər atıb, niyə ölən və olan arvadını söydürürsən?!!!”) təhqir xarakterli fikirlər olması sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, X6 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, X6 xüsusi ittihamçı Anar Niftəliyevdən məhkəmə iclasında üzr istəməsini, himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. İş üzrə tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X8 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X9 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (bir yüz əlli) manat X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respubliaksı Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası X6 Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-199/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-199/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver