Məhkəmə qərarları › İş №1(009)-20/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-20/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-20/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay,məhkumluğu ödənmiş, işləməyən, Masallı rayonu, Masallı şəhəri, N.Nərimanov küçəsi,ev 65-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 39-cu PB-nin inzibati ərazisində tüfeyli həyat tərzi keçirərək müxtəlif ünvanlarda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd 02 ml-lik şprisdə 1,4 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,183 qram narkotik vasitə heroini əldə edib, əynindəki boz rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamış, 16 may 2022-ci il tarixdə, səhər saat 05 radələrində ünvan 2 ünvanda yerləşən “Foodzone” restoranın həyətində olarkən, özünü şübhəli apardığından Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılıb, ünvan 3 ünvanda yerləşən Səbail RPl-nin 39-cu PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki boz rəngli gödəkçənin sağ yan cibində, həmin bir ədəd 02 ml-lik şprisdə 1,4 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,183 qram narkotik vasitə heroinin məhlulu aşkar edib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, Masallı şəhəri, N.Nərimanov küçəsi, ev 65-də qeydiyyatda olsa da, təxminən 20 il əvvəl ailəsi ilə birlikdə Bakı şəhərinə işləmək üçün gəlib müxtəlif ünvanlarda kirayədə yaşamış, təxminən 5 il əvvəl arvadından ayrılmış, iş tapa bilmədiyi üçün küçələrdə tüfeyli həyat tərzi keçirmiş, Bakı şəhəri, Səbail rayonu ərazisində, “tarqovı” adlanan məhəlləsində, küçə və binaların həyətlərində yaşamış, o, tüfeyli həyat tərzi keçirərkən hərdən narkotik vasitələr qəbul edərək narkotik alüdəçisinə çevrilmiş, uzun müddət heç kimin xəbəri olmadan gizli olaraq narkotik vasitələri damarına şprislə vurmaqla könüllü olaraq qəbul etmişdir. Buna onu heç kim təhrik etməsə də narkotik vasitələri tanımadığı şəxsiyyətləri haqqında heç bir məlumatı olmayan şəxslərdən heroin tozunu almışdır. Sonra həmişə gəzdiyi Səbail rayonu, “torqovı” adlanan hissəsinə qayıtmış, 16 may 2022-ci il tarixdə səhər saat 05 radələrində, Səbail rayonu, Nizami küçəsində yerləşən “Foodzone”adlı restoranın həyətində kənar bir yerdə gizlənib aldığı narkotik vasitə heroin tozunu hazırlayıb bir ədəd şprisə doldurmuş, həmin narkotik vasitəni damarına vurmaq istədiyi zaman oraya hardansa polis əməkdaşları gəlib çıxmış, o, tələsik heroin məhlulu olan sprisi əynindəki gödəkçənin cibində gizlətmişdir. Polis əməkdaşları onun özünü şübhəli aparmasından narkotik vasitə istifadəçisi olmasından şübhələnib, onu 39-cu PB-nə aparıb təhvil vermişlər. PB-də polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün oraya müdafiəçi dəvət edib təqdim etməklə, ona və müdafiəçiyə üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış etdikdən sonra, müdafiəçinin iştirakı ilə video çəkiliş apararaq üzərinə baxış və axtarış keçirilmiş, baxış və axtarış zamanı ona üzərində saxladığı qanunsuz əşya və maddənin təqdim etməsi təklif olunmuş, o, da əynində olan gödəkçənin sağ yan cibində saxladığı bir ədəd içərisində narkotik vasitə heroinin məhlulu olan bir ədəd şprisi çıxarıb təqdim etmiş, həmin şprisdəki məhlul narkotik vasitə heroinin məhlulu olmasını özü qəbul etmək üçün üstündə saxlamasını, həmin narkotik vasitəni cəmi 10 manata Bakı şəhəri, Yasamal rayonu, “sovetski” adlanan məhəlləsindən tanımadığı şəxsdən almasını bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərinə əlavə baxış keçirərkən, üzərindən bir ədəd alışqan aşkar edilmiş, başqa qeyri qanuni heç bir maddə və əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi içərisində narkotik vasitə heroinin məhlulu olan bir ədəd şpris zərfə qoyub möhürlənmiş, həmin möhürlənmiş bir ədəd zərf onun, orada iştirak edən müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşı onun üzərinə axtarış aparılması, üzərindən narkotik vasitəyə heroinin məhlulu olan bir ədəd şpris aşkar edilib götürülməsi barədə protokol tərtib etmiş, həmin protokol ucadan oxunduqdan sonra, onun, baxışda iştirak edən müdafiəçinin və polis əməkdaşları tərəfindən imzalanmışdır. O, üstündə aşkar edilmiş narkotik vasitənin məhlulu olan bir ədəd şprisi özü qəbul etmək üçün hazırlamasını, həmin maddəni satmaq fikri olmamasını və heç bir zaman satmamasını, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPl-nin PPXBnün əməkdaşı Şahid3 ifadəsində bildirmişdir ki, 16 may 2022-ci il tarixdə, səhər saat 05 radələrində, o, iş yoldaşı PPXB-nün polis nəfəri, polis sıravisi Şahid4la birlikdə 3432 çağırışlı marşurut üzrə Bakı şəhəri, Səbail rayonu, 39-cu PB-nin ərazisində, Nizami küçəsində piyada xidmət olduqları zaman həmin küçədə yerləşən “Foodzone”adlı restoranın yaxınlığından keçərkən, orada restoranın həyətində olan bir nəfər tanımadıqları şəxsin polis əməkdaşlarını görüb özünü şübhəli qeyri adekvat aparmasını görüb, həmin şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnib, həmin şəxsə yaxınlaşaraq narkotik vasitə istifadəçisi olub-olmamasını soruşduqda, həmin şəxs uzun müddət narkotik vasitə istifadəçisi olmasını onlara səmimi eiraf etmişdir. O da iş yoldaşı Şahid4la birlikdə həmin şəxsin üzərində narkotik vasitə olmasından şübhə etdiyi üçün ərazi üzrə Səbail RPl-nin 39-cu PB-nə dəvət etmiş, həmin şəxs etiraz etmədikdə PB-nə aparmış, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, o, iş yoldaşı Şahid4la birlikdə raport tərtib edərək Təqsirləndirilən şəxs barəsində müvafiq yoxlama aparılması üçün növbətçi hissəyə təhvil vermiş, özü isə xidmətini davam etdirməsi üçün xitməti əraziyə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPl-nin PPXBnün əməkdaşı Şahid4 ifadəsində bildirmişdir ki, 16 may 2022-ci il tarixdə, səhər saat 05 radələrində, o, iş yoldaşı PPXB-nün əməkdaşı Şahid3 ilə birlikdə 3432 çağırışlı marşurut üzrə Bakı şəhəri, Səbail rayonu, 39-cu PB-nin ərazisində, Nizami küçəsində piyada xidmət olduqları zaman həmin küçədə yerləşən “Foodzone”adlı restoranın yaxınlığından keçərkən, orada restoranın həyətində olan bir nəfər tanımadıqları şəxsin polis əməkdaşlarını görüb özünü şübhəli qeyri adekvat aparmasını görüb, həmin şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnib, həmin şəxsə yaxınlaşaraq narkotik vasitə istifadəçisi olub-olmamasını soruşduqda, həmin şəxs uzun müddət narkotik vasitə istifadəçisi olmasını onlara səmimi etiraf etmişdir. O da iş yoldaşı Şahid3 ilə birlikdə həmin şəxsin üzərində narkotik vasitə olmasından şübhə etdiyi üçün ərazi üzrə Səbail RPl-nin 39-cu PB-nə dəvət etmiş, həmin şəxs etiraz etmədikdə PB-nə aparmış, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, o, iş yoldaşı Şahid3 ilə birlikdə raport tərtib edərək Təqsirləndirilən şəxs barəsində müvafiq yoxlama aparılması üçün növbətçi hissəyə təhvil vermiş, özü isə xidmətini davam etdirməsi üçün xitməti əraziyə qayıtmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bakı şəhəri, Səbail RPl-nin 39-cu PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə, səhər saat 06:30 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PB-də xidmətdə olarkən, oraya Səbail RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Şahid3 və Şahid4 tərəfindən xidmət etdikləri ərazidə, yəni Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Foodzone” adlı restoranın həyətində, özünü şübhəli aparan Təqsirləndirilən şəxs gətirib növbətçi hissəsinə təhvil verərək, barəsində müvafiq araşdırma aparılmasına dair 39-cu PB-nin rəhbərliyinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması PB-nin rəisi tərəfindən, PB-nin baş təhqiqatçısı polis polkovnik-leytenanatı Azər Quliyevə həvalə edilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilməklə, vəkil İlqar Musayev, onun və 39-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə video çəkiliş aparmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair qərarla tanış etdikdən sonra, sonuncuya baş təhqiqatçı tərəfindən təkrarən hüquq və vəzifələri izah edilmiş, sonra baş təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif etmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddədən hazırlanmış qəhvəyi rəngli maye olan bir ədəd 02 millilik şprisi və gödəkçənin sol yan cibindən bir ədəd alışqanı çıxarıb masa üzərinə qoymaqla təqdim etmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə onun və sahə inspektoru Şahid2 tərəfindən əlavə axtarış aparılmış, üzərində yəni əynindəki gödəkçənin sağ yan cibindən əlavə bir ədəd də alışqan aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı A.Quliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd şprisdə olan maye barədə sorğular apararkən, sonuncu barədə baş təhqiqatçı A.Quliyev tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü, vəkili, axtarışda iştirak etmiş o, və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Sonra baş təhqiqatçı A.Quliyev tərəfindən şübhəli şəxs E.Abdüllayevin üzərindən aşkar edilib götürülmüş bir ədəd şprisdəki mayenin narkotik vasitə heroinin kütləsindən hazırlanmasına dair müvafiq ekspert rəyi almış, həmin fakt üzrə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Bakı şəhəri, Səbail RPl-nin 39-cu PB-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri ilə yanaşı, özünün etirafedici ifadəsi, iş materiallarında olan videogörüntü, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında iş üzrə 17 may 2022-ci il tarixli diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı, sonuncu Səbail RPİ-nin 39-cu Polis Bölməsinin otağında 39-cu Polis Bölməsinin təhqiqatçısının təklifi ilə əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı içərisində qəhvəyi rəngli narkotik vasitə tərkibli məhluluna oxşar məhlul olan bir ədəd 02 ml-lik şprisi çıxardıb təqdim etməsi əks olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 may 2022-ci il tarixli 6/2806 №-li rəydən görünür ki,t ədqiqata təqdimedilmiş, üzərində AR DİN “zərflər üçün №49” möhür əksi, “...Saxlanılan şəxs...Təqsirləndirilən şəxs..” və s..sözlər, imzalar olan zərfdəki 01 ədəd 2ml-lik şprisdə 1,4 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,183 qram narkotik vasitə-heroin müəyyən edildi. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, 16 may 2022-ci tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd 02 ml-lik şprisdə 1,4 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,183 qram narkotik vasitə heroin.iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,7ml narkotik vasitə heroinin məhlulu olan bir ədəd 02 ml-lik şpris olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri, Səbail RPİ-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27 yanvar 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 16 may 2022-ci il tarixdə, baş təhqiqatçı A.Quliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 14 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmişdir və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 26 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əmlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Bu səbəbdən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək və 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 22 noyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2022-ci il tarixli 4458 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,7 ml narkotik vasitə heroinin məhlulu olan bir ədəd 02 ml-lik şprisin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək və 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 22 noyabr 2022-ci il tarixdən 07 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonu ərazisini tərk etməmək, ünvan 6 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Masallı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0,7ml narkotik vasitə heroinin məhlulu olan bir ədəd 02 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, “Kapital Bank” 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar