Məhkəmə qərarları › İş №1(009)-20/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-20/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-20/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X15 qızının katibliyi, Xüsusi ittihamçı: X6 və onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: X5 iştirakları ilə,

09. avqust 1973-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu Rayonu, Maştağa Qəsəbəsi, İsmd-32 Ev 26, Mənzil 3 ünvanında qeydiyyatda olan

X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında 16 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə

M Ü Ə Y Y Ə N E T D İ :

X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən sahəsi 147 kv.m, faktiki 168 kv.m olan qeyri-yaşayış sahəsi qızım X7 mülkiyyətindədir, eyni ünvanda yerləşən sahəsi 12,6 kv.m, faktiki 21.84 kv.m olan qeyriyaşayış sahəsi oğlu X8, ünvan 2 ünvanda yerləşən sahəsi 111.9 kv.m; faktiki 128.9 kv.m olan qeyri-yaşayış sahəsi isə onun özünün, yəni X3 mülkiyyətindədir. 2021-ci ilin may ayında "xxxx" MTK tərəfindən həmin ərazilərdə heç bir qanuni icazəsi olmadan yüksək mərtəbəli yaşayış binası inşa etmək adı ilə söküntü işləri aparmağa başlanılmışdır. Nümayəndəsi olduğu yuxarıda adlarını qeyd etdiyi övladlarını MTK dəvət etməmiş, onunla isə razılığıa gələ bilməmişlər. Belə ki, MTK ona qeyri yaşayış sahəsinin əvəzinə texniki mərtəbə təklif etmişdi. MTK-nın irəli sürdüyü şərtləri haqsız və ədalətsiz hesab edərək mülkiyyətində olan sahələrdən çıxmamışlar. Bununla belə, onların etirazına məhəl qoyulmadan MTK-nın istifadəsində olan ağır texnikalarla yuxarıda qeyd etdiyi əmlakları dağıdılmış, hətta, mülkiyyətində olan sahədən külli miqdar dəyərində əmlaklar oğurlanmış, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hətta MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarının müstəvisində davam etdiyi halda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırlanaraq bu yolla ona təsir edilməyə başlanılmışdır. Belə ki, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir X5 aparıcısı olduğu və MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə o, X1 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunur. Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində jurnalist Aygün Muradxanlı tərəfindən videonun 15:54:56 saniyəsində “bomj” (red - əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, videonun 15:55:32 saniyəsində “reketlik edən”, videonun 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, videonun 16:04:52 saniyəsində “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir etmiş və böhtan atmışdır. Aygün Muradxanlının onun barəsində işlətdiyi “bomj” ifadəsi də rüs mənşəli söz olub (бомж) Azəbaycan dilinə tərcümədə «əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs» mənasında işlədilir. “Anlaqsız” ifadəsi isə pisixi xəstəlik kimi nəzərdə tutulmaqla öz hərəkətlərinin faktiki xarakterini dərk etməyən mənasında işlədilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında izah edilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. X1 ilə əvvəllər və ya indi hər hansı münasibəti olmamış, və yaxud ortaq tanışları olmamışdır. Belə olan halda, onun MTK-dan özünün və övladlarının xüsusi mülkiyyətində olan əmlakı tələb etdiyinə görə Aygün Muradxanlı yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda onu “bomj”, “anlaqsız” adlandırmaqla onu təhqir etmişdir. Qeyd edilən verilişə youtube kanalında 27 bəyənmə işarələnmiş, müxtəlif şəxslər tərəfindən 520 baxış olmuşdur. Göründüyü kimi, onun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcüddur: Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi onun üzərinə düşür və ittihamın təsviri aşağıdakı kimidir: X11 “Prime Tv” youtube internet televiziya kanalında 20 iyun 2023-cü tarixdə yayımlanmış, aparıcısı olduğu “East Cinayət əməllərinin X11 tərəfindən törədilməsini təsdiq edən maddi sübut: 1 (bir) ədəd CD disk. Avropa Məhkəməsi bu xarakterli işlər üzrə qeyd etmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir. Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir. Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Göründüyü kimi X5 jurnalist olması onun kimi yaşlı qadına böhtan atmaqla və təhqir etməklə öz həddini aşmağa əsas vermir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 299 və 351-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. O, X4 şəxsən tanımır, bilmir, görməmişdir. Məqsədi təhqir etmək olmamışdır. Paytaxtın Qarabağ küçəsində 200 ailə evsiz qalmışdır. Jurnalist kimi araşdırıb vəzifəsini ləyaqətlə yerinə yetirmişdir. Heç kimi təhqir etməmişdir. Videoyayım yoxdur. Veriliş efirə getməmişdir. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9, təqsirləndirilən şəxs X5 əməlində qeyd edilən maddələr üzrə cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert Lamiə Süleymanova ifadəsində bildirmişdir ki, “Youtube” ən böyük video paylaşım sistemlərindən biridir. Bu video paylaşım sistemi istifadəçilərə videoları paylaşmaq üçün kanallar yaratmağa imkanı verir. Beləki, həmin kanalda administrator səlahiyyətli istifadəçi videolar paylaşa bilər, paylaşdıqdan bir müddət sonra videonu silə bilər və əgər paylaşılıbsa həmin video admin panelin texniki imkanlarından istifadə edilərək istifadəçi tərəfindən gizlədilə bilər. “Youtube” kanalında hər hansı bir video paylaşıldıqdan bir müddət sonra silinmişdirsə həmin videonun nə zaman paylaşılması, hansı “İP” ünvan üzərindən kanala əlavə edilməsi, neçə müddət ərzində kütlə ilə paylaşılması kimi bütün izlər “Youtube” video paylaşma sisteminə aid serverdəki loglarda öz əksini tapa bilir. Tədqiqat zamanı adi istifadəçi səlahiyyəti ilə “Youtube” platforması üzərində “ada görə” “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlığı ilə axtarış icra olunmuş, lakin konkret “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlıq ilə paylaşılan hər hansı bir video fayl müəyyən edilməmişdir. Eyni zamanda şahid ifadəsində bildirmişdir ki, optik disk daxilində olan video fayılın bir rəqəmsal informasiya olmasını və rəqəmsal informasiyanın hər hansı bir elektron qurğuda saxlana bildiyini nəzərə alsaq həmin elekton qurğuya kənar şəxslərin müdaxiləsi nəticəsində və ya həmin elektron qurğunun internet şəbəkəyə qoşulu olduğu halda hər hansı bir kiber hücum zamanı qurğu yaddaşında olan məlumatların digər şəxslər tərəfindən əldə edilməsi istisna edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert İlhamə Quliyeva ifadəsində bildirmişdir ki, “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) mənfi çalara malik məzmuna malik olması ilə diqqət çəkir və aid edildiyi şəxsin mənfi keyfiyyətlərə malik olduğunu əks etdirməklə böhtan olduğu təqdirdə təhqir faktı kimi dəyərləndirilə bilər. “Bomj” sözü rus dili mənşəli söz olmaqla səfil, didərgin, yeri-yurdu olmayan adam deyilir. “Bomj” sözünün açılışı - “bez opredelyonnoqo mesta jitelstva”, mənası isə sabit - daimi yaşayış yeri olmayan deməkdir. Gündəlik həyatda rastlaşırıq küçədə yaşayan, tapdığı ilə qidalanan, başqasının verdiyi geyimdən istifadə edən, bir sözlə, acınacaqlı sonunu özü üçün seçən. Təqdim edilən materialda “anlaqsız qadın” ifadəsinə nəzər yetirək. “Anlaqsız” söz izahlı lüğətlərdə “düşüncəsiz, qanacaqsız, mərifətsiz, dərrakəsiz” kimi mənalarda izah edilir. Tədqiq olunan verilişin mətninin linqvoüslubi təhlilindən görünür ki, “bomj”, “anlaqsız qadın” ifadələrini aparıcı öz fikri kimi deyil, apardığı jurnalist araşdırmasının nəticəsi üzrə sakinlərin və şirkət təmsilçilərinin dediklərinin xülasəsi kimi işlətmişdir. Verilişin aparıcısı tərəfindən işlədilmiş “reketlik edən”, “dələduz” sözləri V.Əzizovanın ünvanına deyil, sözügedən məsələlərdə ona himayədarlıq etməklə sui-istifadə məqsədi güdən qeyri-müəyyən şəxslərə aid olunmuşdur: “Bu faktiki olaraq həm vəzifə səlahiyyətlərindən sui-istifadədi, həm də açığı elə reketlikdi... Yəni bilirsiz həqiqətən bu bir dələduzluq faktının, anlaqlı olmayan bir qadının üzərinnən şirkətə qarşı çox ciddi bir basqıdı. Yəni məsələnin bu tərəfi də var.” Bununla yanaşı aparıcının bilavasitə özü tərəfindən Vahidə Əzizova haqqında “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” ifadələr işlədilmişdir. Bu ifadələrin əks etdirdiyi iddialar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə təhqir faktı kimi səciyyələndirilməlidir. “Dəli” sözü tibbi termin olaraq “ağlı və şüuru yerində olmayan, ruhi xəstə” deməkdir. Eyni zamanda izahlı lüğətlərdə “dəli” sözünün “gic, axmaq, sarsaq, ağılsız” kimi mənaları da vardır. Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1636-5/1420 saylı rəyindən görünür ki, 1. “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) mənfi çalara malik məzmuna malik olduğundan aid edildiyi şəxsin mənfi keyfiyyətlərə malik olduğunu əks etdirməklə böhtan olduğu təqdirdə təhqir faktı kimi dəyərləndirilə bilər. 2. Təqdim olunan verilişin mətninin linqvoüslubi təhlilinə əsasən “bomj” və “anlaqsız qadın” ifadələrini aparıcı öz fikri kimi deyil, apardığı jurnalist araşdırmasının nəticəsi üzrə sakinlərin və şirkət təmsilçilərinin dediklərinin xülasəsi kimi işlətmişdir. Təqdim olunan verilişin aparıcısı tərəfindən işlədilmiş “reketlik edən”, “dələduz” sözləri V.Əzizovanın ünvanına deyil, sözügedən məsələlərdə ona himayədarlıq etməklə sui-istifadə məqsədi güdən qeyrimüəyyən şəxslərə aid olunmuşdur: 4. Təqdim olunan verilişin aparıcının bilavasitə özü tərəfindən Vahidə Əzizova haqqında işlədilmiş “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” ifadələrin əks etdirdiyi iddialar konkret faktlarla sübuta yetirildiyi təqdirdə təhqir faktı kimi səciyyələndirilməlidir. Mətndə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Eyni zamanda rəyin “Tədqiqi hissə”sində göstərilənləri, “Youtube” video paylaşma sisteminə aid serverin ölkə xaricində olmasını və hal-hazırda həmin serverə qoşulmanın texniki imkanlar çərçivəsində olmamasını nəzərə alaraq ekspert qarşısında qoyulmuş “İş materialına əlavə edilmiş diskdə olan video görünütü (verliş) youtube kanalına yerləşdirilmişdirmi? Əgər yerləşdirilbsə nə qədər müddətdə izləyicilərin istifadəsində olub, yəni həmin kanalın izləyiciləri tərəfindən baxılma-müşahidə etmək imkanı olmuşdur? İş materialına əlavə edilmiş diskdə olan video görünütü (verliş) youtube kanalına kim tərəfindən (hansı İP ünvan) tərəfindən yerləşdirilib? İş materialına əlavə edilmiş diskdə olan video görüntü (verliş) youtube kanalından silinmişdirmi? Əgər silinibsə kim tərəfdən nə vaxt silinib?” sual üzrə tədqiqat işi aparılmadı. Optik disk daxilində olan video fayılın bir rəqəmsal informasiya olmasını və rəqəmsal informasiyanın hər hansı bir elektron qurğuda saxlana bildiyini nəzərə alsaq həmin elekton qurğuya kənar şəxslərin müdaxiləsi nəticəsində və ya həmin elektron qurğunun internet şəbəkəyə qoşulu olduğu halda hər hansı bir kiber hücum zamanı qurğu yaddaşında olan məlumatların digər şəxslər tərəfindən əldə edilməsi istisna edilmir. Məhkəmə iclasında “CD” disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. X5 aparıcısı olduğu və MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı veriliş çəkilmişdir. Həmin video görüntülərdə verilişin aparıcısı sakinlərlə, şirkətin təmsilçiləri ilə apardığı söhbət və araşdırmaların nəticəsində V.Əzizovanın “bomj həyatı” yaşadığını, “anlaqsız” olduğunu bildirir: - “Bu qadın əziz seyircilər elə bil bomj həyatı yaşıyır. Yəni anlaqlı vəziyyətdə də deyil. Və iddia olunur ki, onu orada himayə eliyən məmurlar var.” Eyni zamanda aparıcı iddia edir ki, həmin məmurlar bu qadının vasitəsilə şirkəti sıxma-boğmaya salmaq, onun vasitəsilə şirkətdən böyük pullar qoparmaq istəyirlər: “Bu faktiki olaraq həm vəzifə səlahiyyətlərindən suiistifadə, həm də açığı elə reketlikdi. Yəni bilirsiz həqiqətən bu bir dələduzluq faktının, anlaqlı olmayan bir qadının üzərindən şirkətə qarşı çox ciddi bir basqıdır. Yəni məsələnin bu tərəfidə var” kimi söhbət öz əksini tapmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının onun nümayəndəsinin, təqsirləndirilən şəxsin və müdafiəçinin şahidlərin iş üzrə ifadələrini, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinnə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X3 təqsirləndirlən şəxs X11 tərəfindən təhqir edilməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması həmçinin X11 tərəfindən ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi öz təsdiqini tapmadı. Xüsusi ittihamçı X4, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış verilişdə X11 tərəfindən “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir etməkdə və böhtan atmaqda ittiham etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, “ada görə” “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlığı ilə axtarış icra olunmuş, lakin konkret “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlıq ilə paylaşılan hər hansı bir video fayl yoxdur. Eyni zamanda optik disk daxilində olan video fayılın hər hansı bir kiber hücum zamanı qurğu yaddaşında olan məlumatların digər şəxslər tərəfindən əldə edilməsi də ekspert rəyindən göründüyü kimi, istisna edilməmişdir. Yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişin ümumiyyətlə yayımlanmadığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. X5 əməlində cinayət tərkibi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, həmin videogörüntünün yalnız mövcudluğu xüsusi ittiham qaydasında cinayət təqibi aparılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X5 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X5 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə-linqvistik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

HÖKM ETDİ:

X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X10 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə-linqvistik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 30 (otuz) manat manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar