Məhkəmə qərarları › İş №1(009)-200/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-200/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-200/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1970-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Qoltuq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 10.30-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edərək sonuncuya məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə 28 gün müddətinə çıxarış verəcəyinə yalan vəd verib aldadaraq, 01 oktyabr 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs 6000 manat, 11 oktyabr 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 5950 manat təşkil edən 3500 ABŞ dolları pul almaqla, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11950 manat pul alıb, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 11950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il olar ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində ev və torpaq sahəsinin alqı-satqısı işi ilə məşğul olur. Təxminən 3 il olar ki, Zərərçəkmiş şəxs tanıyır. 3 il əvvəl Pərviz ona yaxınlaşaraq bələdiyyə sənədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində torpaq sahəsi aldığını bildirmişdir. Pərviz ondan həmin torpaq sahəsinə çıxarış düzəldə biləcəyini soruşmuşdur. O, ilkin olaraq Pərvizlə birlikdə gedib həmin torpaq sahəsinə baxmış və torpaq sahəsinin sənədləri qaydasında olduğuna görə Pərvizin torpaq sahəsinə çıxarış düzəldə biləcəyini bildirmişdir. Onlar bu sənədin düzəlməsini ümumilikdə 12000 manatın müqabilində qarşılıqlı olaraq razılaşmışlar. Belə ki, ilkin olaraq 01 oktyabr 2018-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Pərviz özünə məxsus olan avtomobilin içərisində ona əlbəəl 6000 manat pul vermiş və həmin pulla Pərvizə İcra Hakimiyyətinin sərəncam sənədini və torpaq sahəsinə görə cizgi almışdır. Bundan sonra Pərvizdən qalan manata məzənnə ilə 6000 manat təşkil edən 3500 ABŞ dollar pulu alaraq çıxarış sənədi düzəldəcəyini bildirmişdir. Bununla da o, Pərvizdən sənəd üçün ümumilikdə 12000 manat almışdır. O, Pərvizə həmin torpaq sahəsinə görə təxminən bir-iki ay ərzində sənəd düzəldib verməli idi. Lakin həmin torpaq sahəsinə görə başqa şəxslər də iddiaçı olduğu üçün o, Pərvizə sənəd düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs aldığı 12000 manat puldan hər-hansı bir şəxsə verməmiş, pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində iki övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsini bələdiyyə sənədi ilə atası X5 adına almışdır. O, həmin torpaq sahəsini sənədləşdirmək istəyərək həmin torpaq sahəsinə çıxarış almaq istəmişdir. Buna görə də 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan vasitəçi Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Natiqlə birlikdə gedib torpaq sahəsinə baxmış və topraq sahəsini yoxlatdırdıqda heç bir problem olmadığına əmin olmuşlar. Bundan sonra Natiq ona bildirmişdir ki, topraq sahəsinə çıxarış sənədi düzəltmək üçün 12000 manat pul lazımdır. O, Natiqlə razılaşmışdır. Bundan sonra ilkin olaraq həmin gün, yəni 01 oktyabr 2018-ci il tarixdə o, ünvan 2 ünvanının qarşısında özünə məxsus olan avtomobilin içərisində Natiqə əlbəəl 6000 manat pul vermişdir. Natiq ona İcra Hakimiyyətinin sərəncam sənədini etibarnamə ilə gətirib vermişdir. Həmin sənəd X3 adına olmuş və ona etibarnamə verilmişdir. Həmçinin torpaq sahəsinə görə cizgi verilmişdir. Natiq bütün sənədləşdirməni özü həll edəcəyini ona vəd vermişdir. Natiq sərəncamı ona verdikdən sonra çıxarışın pulunu ondan istəmişdir. Təxminən 11 oktyabr 2018-ci il tarixdə o, ünvan 2 ünvanının qarşısında özünə məxsus olan avtomobilin içərisində Natiqə çıxarışa görə əlavə əlbəəl 3500 ABŞ dolları vermişdir. Beləliklə o, Natiqə ümumilikdə 11950 manat vermişdir. O, bundan sonra Natiqə bildirmişdir ki, onun torpaq sahəsinə görə çıxarış sənədini hazırlayıb versin. Natiq bildirmişdir ki, 28 gün müddətində onun torpaq sahəsinə görə çıxarış sənədini hazırlayıb verəcəklər. Lakin aradan bir-iki ay keçdikdən sonra o, narahat olaraq sənədini düzəldib ona verməsini Natiqə bildirmişdir. Lakin Natiq hər dəfə sənədi düzəldib verəcəyinə dair ona vədlər versə də, vədinə əməl etməmişdir. Bundan təxminən 01 il 02 ay keçdikdən sonra Natiq əlavə 2000 manat pul istəmiş, bundan sonra çıxarışı verəcəyini demişdir. O, pul ilə Natiqin yanına getmiş, 2000 manatı masanın üzərinə qoyub çıxarışı istəmişdir. Lakin Natiq ona sənəd verə bilməmiş və o, öz pulunu masanın üzərindən götürmüşdür. Belə ki, o, Natiqdən şübhələndiyi üçün Natiqə pul verməmişdir. Bundan sonra o, tam əmin olmuşdur ki, Natiq onu aldadıb və ona qarşı dələduzluq edərək pulunu bu yolla mənimsəmişdir. Bundan sonra o, Natiqə zəng edərək və görüşərək sənəd üçün verdiyi pulu geri istəmişdir. Natiq hər dəfə ondan xahiş edərək ondan şikayət etməməsini, pulu geri qaytaracağını bildirmişdir. Lakin yenə də Natiq müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışdır. Bu səbəbdən o, Natiqin barəsində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Natiqin ona verdiyi Sərəncam sənədini Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etdikdə ilkin olaraq torpağın cizgisinin düz olmadığını və sonra isə cizgini düzəldib yenidən sənədləri təqdim etdikdə sərəncama görə ona verilən etibarnamənin ləğv edildiyini bildirmişlər. Buna görə də o, özü də sənəd ala bilməmişdir. Sonradan öyrənmişdir ki, Natiq sərəncam aldığı şəxslə görüşərək sənədə görə verdiyi pulu özünə geri götürərək ələ keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X2 tanışıdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün Marina Anfilovanın adına torpaq sahəsi ayrılmasına dair Səbail rayon İcra Hakimiyyət tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli X6 adına olsa da, ona məxsusdur. 12 oktyabr 2018-ci il tarixdə onun xahişi ilə həmin torpaq sahəsinə dair Marina Anfilova Zərərçəkmiş şəxs etibarnamə vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs torpaq sahəsinə dair sərəncam, arxiv sənədi və cizgi vermişdir. Sonradan həmin cizgi sənədi dəyişdirilmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində yerləşən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış sənədi almadığı üçün təxminən 5-6 ay sonra onun xahişi ilə Marina Anfilova həmin etibarnaməni ləğv etdirmişdir. O, torpaq sahəsinə dair sərəncam, cizgi və arxiv sənədini istintaqa təqdim etmişdir. 24 fevral 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 25 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zrərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30 mart 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:05də şübhəli şəxs qismində tutulmuşdur. 01 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 01 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. 01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs 15 aprel 2023-cü il tarixli Səbail Rayon Polis İdarəsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 12000 manat məbləğində dəymiş ziyan ona ödənilmişdir. Elektron məhkəmə sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı var – xx.xx.2006-cı il təvəllüdlü X8. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək cərimə məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş cərimə məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat tutulub “Kamandar Nəsibov və Partyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar