Məhkəmə qərarları › İş №1(009)-200/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-200/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-200/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1955-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmamış, təqaüdçü, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, ev 25, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs, 07 noyabr 2024-cü il tarixdə, axşam saat 20:30 radələrində, BB seriyalı 241895 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubişi Pajero-İO Minik”markalı Az** BR ***döv!ət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində, Bakı- Salyan şossesi ilə üzü 20ci sahə yol dairəsi istiqamətində hərəkətdə olub,həmin yolun sağ kənarında yerləşən “Dünya” restoranı qarşısındakı hissədə, saatda 50km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin yolu soldan-sağa adi addımla keçən piyada 30 aprel 1995-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə vurmaqla, sonuncuya birbaşa ölümlə səbəbli əlaqəsi olan kəllə qapağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin, çənə sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və hissəvi olaraq bayıra evakuasiya (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, habelə başın tüklü hissəsinin və sifətin sol yarısının yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ qabırğaların sınıqları, hər iki ağciyərin kontuziyası, sağ ağciyərin, dalağın və diafraqmanın cırılmaları, qaraciyər və nazik bağırsaq ilgəklərinin sol döş boşluğuna keçməsi (yerdəyişməsi), sağ döş və qarın boşluğuna qanaxmalarla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, gövdənin və ətrafların qançır və sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, adına olan “Mitsubişi Pajero-İO Minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edir. 07 noyabr 2024-cü il tarixdə saat 20:30 radələrində, o, tək idarə etdiyi avtomobillə Bakı şəhəri, Səbail rayonu ərazisində Bakı-Salyan şossesi ilə 20-ci sahə istiqamətində, hərəkət istiqamətlərini ayıran bütöv xəttə yaxın hissəsi ilə saatda təxminən 50 km sürətlə hərəkət edərkən, hava qaranlıq olduğundan avtomobilin qabaq yaxın işıqlarını yandırmış, eyni zamanda şosse yol kənarında quraşdırılmış fənərlərlə və qarşı hərəkət zolağı ilə hərəkət edən yəni qarşıdan gələn avtomobillərin qabaq fara işıqları ilə işıqlamış, o, idarə etdiyi avtomobilin qarşısı tam açıq və görünüş geyri məhdud olmuş, yəni qarşıda hərəkət edən nəqliyyat vasitəsi olmasa da, qarışı hərəkət istiqamətindən markalarını bilmədiyi minik avtomobillərin gəlməsi fara işıqlarından görmüşdür. O, idarə etdiyi avtomobillə qeyd etdiyi sürətlə hərəkətdə olub yolun sağ tərəfində yerləşən “Dünya” restoranın qarşısından təxminən 10-15 metr irəli keçdikdə, avtomobilin qarşısına sol yəni əks hərəkət istiqaməti tərəfindən bir nəfər insanın yolu soldan-sağa keçmək məqsədi ilə adi adımla düzünə adımlayaraq hərəkət etməsini, onun idarə etdiyi avtomobilin yoluna hərəkət istiqamətlərini ayıran bütöv xəttin üzərində dayanmadan davam etdirərək çıxmasını və idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsinə dəyməsini son anda görmüş,idarə etdiyi avtomobilin zərbəsindən piyada hərəkət hissənin sol tərəfinə əks hərəkət hissəsinə atılaraq yerdə qalmışdır. Onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanın vurulması, hərəkət istiqamətlərini ayıran tək bütöv xəttdən təxminən 30-40 sm. aralı baş vermiş, həmin an o, fikirli olduğundan piyadanı vurmamışdan öncə tormoz əyləcinə basa bilməmiş, hadisə baş verdikdən sonra o, avtomobili təxminən 40-50 metr irəli sürüb, yolun sağ kənarında avtomobil üçün boş yer tapıb saxlamışdır. Sonra avtomobildən düşüb piyadanın vurduğu yerə gəlmiş, həmin yerdə tanımadığı piyada olan cavan qızın hərəkət hissədə tam hərəkətsiz vəziyyətdə uzanmasını görmüş, bu zaman piyadanın artıq vəfat etməsini başa düşmüşdür. Sonra oraya tanımadığı adamlar yığışmış və bir neçə dəqiqədən polis əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə günü o, heç bir spirtli içki qəbul etməmiş, hadisədən öncə idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, piyadanıln vurulma anında tormoz əyləcindən istifadə etməmiş və ya avtomobili hər hansı bir tərəfə qaçırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olunduğunu, əvvəllər məhkum olunmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, sonuncunun şikayət və tələbinin olmadığının, xəstə həyat yoldaşının olduğunun nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsi, “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli protokol, ona əlavə olunmuş sxem və fotocədvəl, 08 noyabr 2024-cü il tarixli 61 nömrəli və 04 aprel 2025-ci il tarixli 8/77 nömrəli rəyləri, əldə olunmuş maddi sübut və iş üzrə toplanılmış digər materiallarla tam təsdiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə bir yerdə Lənkəran rayonu, Hirkan kəndində qeydiyyatda olsa da faktiki olaraq Lənkəran rayonu, Sərinbulaq kəndində yaşayır və heç bir yerdə işləmir, təqaüdçüdür. O, mərhumə qızı xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi ilə bağlı bildirmişdir ki, mərhumə Zərərçəkmiş şəxs azyaşlı xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 birlikdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahəsində kirayədə yaşamış və Bakı şəhərində fərdi əməklə məşğul olmuş, mərhumə qızının konkret hansı ünvanda yaşamasını və harada işləməsini o, bilməmişdir. Mərhumə qızı ərindən illər öncə boşandığından sonra azyaşlı oğlu Ömərin himayədarı o, olmuş, sənədində ata adı kimi də onun adı qeyd edilmişdir. O, Lənkəran rayonunda yaşasa da mütəmadi olaraq qızı ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanmış, Əfsanənin ona deməsinə görə müxtəlif yerlərdə xadiməlik edərək çörək pulu qazanmışdır. 08 noyabr 2024-cü il tarixdə səhər üstü ona məlum ölmüşdür ki, qızı Əfsanə 07 noyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində, kirayədə yaşadığı evin yaxınlığında Bakı şəhəri, Səbail rayonu,20-ci sahə ərazisində Bakı-Salyan yolunun, “Dünya” restoranı qarşısındakı hissədə piyada tək yolu soldan-sağa keçərkən, həmin yolla hərəkət edən sürücü sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs tərəfindən idarə olunan ağ rəngli “Mitsubişi Pajero-İO Minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan vurulmuş, nəticədə qızı aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Mərhumə qızı Zərərçəkmiş şəxs Lənkəran royonu Sərinbulaq kəndinə aparılaraq orada dəfn edilməsi və hüzür xərcləri sürücü Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Eyni zamanda sürücü Təqsirləndirilən şəxs törətdiyi hadisə ehtiyatsızlıqdan törədilmiş yol qəzası olduğundan, onun və digər ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və ya tələbləri yoxdur. Bu barədə o, notariat qaydada Təqsirləndirilən şəxs ərizə təqdim etmiş,həmin ərizənin surətini istintaqa da təqdim edərək və şikayətinin olmamasını istintaq zamanı nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizə ilə məhkəməyə və istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və onunla barışdığını göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 08 noyabr 2024-cü il tarixli 61 nömrəli rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır:-kəllə qapağı və əsası sümüklərinin,üz skeleti sümüklərinin,çənə sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqları,baş beyin toxumasının total əzilib-dağılması və hissəvi olaraq bayıra evakuasiya (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması, başın tüklü hissəsinin və sifətin sol yarısının yumşaq toxumalarının geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ qabırğaların sınıqları, hər iki ağciyərin kontuziyası, sağ ağciyərin, dalağın və diafraqmanın cırılmaları, qaraciyər və nazik bağırsaq ilgəklərinin sol döş boşluğuna keçməsi (yerdəyişməsi), sağ döş və qarın boşluğuna qanaxmalarla müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması, gövdənin və ətrafların qançır və sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni 07 noyabr 2024-cü il tarixli avtomobil travması,o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan bədən xəsarətləri-kəllə qapağı və əsası sümüklərinin çoxqəlpəli yerdəyişmiş sınıqları, baş beyin toxumasının total əzilib-dağılması və hissəvi olaraq bayıra evakuasiyası (tökülməsi) ilə müşayiət olunan açıq küt kəllə-beyin travması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 04 aprel 2025-ci il tarixli 8/77 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1.“Mitsubişi Pajero-İO Minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan, protokola əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, 07 noyabr 2024-cü il tarixdə, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, “Mitsubişi Pajero-İO Minik” markalı Az ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazisində, Bakı-Salyan şossesi ilə üzü 20-ci sahə yol dairəsi istiqamətində hərəkətdə olarkən, həmin yolu soldan-sağa piyada keçən 30 aprel 1995-cı il təvəllüdlü Zərərçəkmiş şəxs hərəkət istiqamətlərini ayıran qoşa xətdən 0,4 metr aralı hərəkət hissədə, avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 07 noyabr 2024-cü il tarixli 2/61979 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuş,alkoqol qəbulu əlamətləri olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) BB 241895 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, əməlindən səmimi peşaman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənilməsini və barışmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq ilk dəfə məhkumluğunun olmuş və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 04 (dörd) il 05 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ekspertiza rəyini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əml akın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manatın Təqsirləndirilən şəxs tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hdiayət oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 275 (iki yüz yetmi beş) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank” 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar