Məhkəmə qərarları › İş №1(009)-201/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-201/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-201/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Şirvan şəhəri, F.İsmayılov ev 1-də qeydiyyatda olmaqla Şirvan şəhəri, M.Ə.Rəzulzadə küçəsi ev 13, mənzil 66-da yaşamış, məhkum qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanın qarşısında qeyri rəsmi nigahda olmuş arvadı Zərərçəkmiş şəxs onunla ayrılmasında günahkar olmasını bildirdiyi üçün onunla mübahisə edib aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı qəsdən özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyələrinə bir neçə zərbələr vurub, sonuncunun sol budun orta 1/3-nin bayır səthində 1 ədəd, sol bazunun yuxarı 1/3nin arxa səthində 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğaarası sahədə 1 ədəd, sol süd vəzinin aşağı bayır kvadratında 1 ədəd və döş qəfəsinin sol yarısının ön-yan səthində ön qoluqaltı xətt üzrə V, Vİ, Vİİ qabırğalar səviyyəsində 3 ədəd (ümumilikdə 7 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayət olunan Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilir və ittihamın mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015- ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2 oğlan uşağı var. Böyük oğlunun adı Zahidağa 6 yaşında, kiçik oğlu Nihadın isə 3 yaşı vardır. Onlar birlikdə yaşadığı müddətdə 06 mart 2022-ci il tarixdə o, Validənin ona xəyanət etdiyini tutub onu döymüşdür. Validə də ondan Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Sonra Validə şikayətini geri götürmüşdür. Buna görə də Validə Şirvan şəhərində öziinə kirayə ev tutmuş və həmin evdə uşaqlarla birlikdə qalırmış. xx.xx.2022-ci il tarixdə o, Validənin kirayə yaşadığı evə getmişdir ki, uşaqları götürsün, həmin vaxt Validə Nihadı ona vermişdir, özü isə Ziyadağa ilə birlikdə qaçıb getmişdir. O. da Validənin itkin düşməsi ilə bağlı Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Validənin telefonu olmadığından onunla əlaqə saxlaya bilməmişdir. 15 aprel 2022ci il tarixdə ona məxsus kredit kartına mesaj gəlmişdir ki, Bakı şəhərində yerləşən “Dünya” və “Araz” marketdə alış veriş olmuşdur. Ona məlum olmuşdur ki, onun kartı keçmiş arvadı Validədədir və o, həmin kartdan istifadə edir. Buna görə də o, saat 10 radələrində Bakı şəhərinə gəlmiş Validənin alış veriş etdiyi marketin ətrafında onun şəkillərini ətrafda olan şəxslərə göstərmişdir, ona bildirmişlər ki, Validə 20-ci Sahə adlanan ərazidə kafedə işləyir. O, Validənin iş yerini tapıb onun iş yerinə gəlməsini gözləmişdir. Saat 12 radələrində Validə işə gəlmiş və Validə ilə görüşmüşdür. O, Validədən nə üçün ona xəyanət edtiyini və evdən qaçdığını soruşmuşdur. Validə onun evdən qaçmasından onun günahının olduğunu demişdir. O, Validəyə axşam saatlarında görüşüb söhbət etməyi təklif etmişdir o, da razılaşmışdır. O, Bakı şəhərində gəzdikdən sonra, saat 18 radələrində Validənin iş yerinə gəlmişdir. O, Validəni bayıra çağırmışdır. O, da bayıra çıxdıqdan sonra onunla birlikdə işlədiyi kafedən 50 metr aralı getmişlər. O, Validəyə demişdir ki, kiçik oğlunu gətirmişdir ki onunla görüşsün. O, Validə ilə söhbət edib, onun etidyi hərəkətlərdən söhbət etməyə başlamışdır. Validə butun hadisələrin baş verməsində onun günahkar olduğunu dediyinə görə o, əsəbləşərək cibində olan bıçağı çıxarıb Validəyə bir neçə zərbə vurmuşdur. Validə zərbələrdən sonra yerə yıxılmışdır. O, bıçaq zərbələrinin onun bədəninin hansı nahiyəsinə dəydiyini bilməmişdir. O, Validədən qan axdığını görüb, qorxmuş və özünü itirmişdir. Həmin vaxt qorxduğuna görə yoldan keçən taksiyə minib oradan Lökbatan dairəsinə getmişdir. Oradan da Şirvan şəhərinə gedən taksiyə minib Şirvan şəhərinə getmişdir. Yolda bıçağı atmışdır. Lakin gecə olduğundan bıçağı hara atdığını xatırlamamışdır. Şirvan şəhərinə çatdıqdan sonra Şirvan şəhər polis şöbəsinə gedib Validəni bıçaqla vurduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuşdur. Lakin həmin bıçaq zərbələrinin Zərərçəkmiş şəxs hansı nahiyyələrinə dəydiklərini bilməmişdir. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. O, onunla barışmaq istəmişdir. Lakin söhbət edən zaman, o, bütün hadisələrdə günahkar olduğunu və yaxşı etdiyini dedikdən sonra əsəbləşərək, bıçaqla onu vurmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. O, əsəbləşərək bıçaqla Validəni vurmuşdur. Vurduğu bıçaq zərbələrinin Zərərçəkmiş şəxs bədəninin hansı nahiyyələrinə dəydiyini bilməmişdir. O, bıçağı çoxdan əldə etmişdir, həmin bıçaq balaca cib bıçağı olmuşdur. Onun Zərərçəkmiş şəxs bıçaqla vurmaq niyyəti olmamış və bıçağı həmin niyyətlə üzərində gəzdirməmişdir. Əgər onun Validəni öldürmək niyyəti olsaydı o, saat 12 radələrində Validə ilə görüşən zaman ona bıçaqla xəsarət yetirərmiş. Həmin vaxt bıçaq onun üzərində olmuşdur. Lakin onun Validəni nəin ki, öldürmək heç xəsarət yetirmək belə niyyəti olmamışdır. Sadəcə olaraq ikinci dəfə Validə ilə görüşən zaman onun dedikləri ona pis təsir etdiyindən, o, əsəbləşərək ona üzərində olan bıçaqla xəsarət yetirmişdir. Daha sonra Şirvan şəhərinə gedən zaman bıçağı yolda atmışdır, hansı ərazidə atması yadında deyil. O, Zərərçəkmiş şəxs qan gəldiyini görüb qorxmuş və buna görə də hadisə yerindən qaçmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və bu barədə məhkəməyə ərizə verməsini, himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəməyə ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 01 yanvar 2015-ci il də Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qursa da rəsmi nigah bağlamamışdır. Onların evliliyindən 2 azyaşlı övladı var. 2022-ci il mart ayında Nəcəf onu döydüyünə görə o, ondan Şirvan Şəhər Polis Şöbəsinə şikayət etmiş, daha sonra onunla barışmışdır. Bundan sonra o, Nəcəfdən ayrılıb, Şirvan şəhərində kirayə ev tutub 2 azyaşlı uşaqları ilə birlikdə orada yaşamağa başlamışdır. Nəcəf narkotik vasitə qəbul etdiyinə görə, o, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən tutulmuş və Şirvan Məhkəməsi tərəfindən onun barəsində hökm çıxarılmışdır. 11 mart 2022-ci il tarixdə Nəcəf ondan uşaqların ikisini də almaq istədiyinə görə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Nəcəf azyaşlı oğlu Nihadı aparmışdır. O, boyük oğlu Zahidağanı verməmək üçün kirayə yaşadığı evdən çıxıb Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhəri, Səbail rayonu, 20-ci dairə adlanan ərazidə kirayə ev tutub yaşamağa başlamışdır. Yaşadığı evin yaxınlığında yerləşən kafeyə işə girmiş və orada işləməyə başlamışdır. İşinə gedən zaman Zahidağanı da özü ilə işə aparırmış. Hadisə baş verməmişdən 1 həftə əvvəl Nəcəf əmisi qızı Pərvanə Muradova və onun əri Anar Muradovla birlikdə onun iş yerinə gəlmişdir. Pərvanə ona Nəcəfə barışmasını, onun narkotikdən müalicə alacağını, lazım olarsa onunla birlikdə qalmasını bildirmişdir. Lakin o, Nəcəfin narkotik vasitədən müalicə ala bilməyəcəyini buna görə də onunla barışmaq istəmədiyini demişdir. O, onlara Nihadı görmək istədiyini demişdir. Bundan sonra onlar getmişlər. 15 aprel 2022-ci il tarixdə saat 12 radələrində Nəcəf onun iş yerinə gəlmişdir. Nəcəf onunla söhbət edən zaman anasının Nihadı gətirəcəyini bildirmişdir. O, təxminən 1 saat 30 dəqiqə Nəcəflə birlikdə Nihadın gəlməsini gözləmişdir. Lakin Nihad gəlməmişdir. Nəcəf ona demişdir ki, guya Nihad anası ilə birlikdə Azneft yaxınlığında tıxaca düşübdür. Buna görə də o, işə qayıtmışdır. Nəcəf isə getmişdir. Həmin gün saat 18 radələrində Nəcəf təkrar onun iş yerinə gəlmişdir. Nəcəf onu bayıra çağırıb Nihadı gətirdiyini demişdir. Nəcəf ona demişdir ki, Nihad yaxınlıqda taksidə anası ilə birlikdə oturub. Buna görə də o, Zahidağa ilə birlikdə Nəcəfin dediyi yerə tərəf getmişdir. Nəcəfin dediyi yerə çatan zaman, o, Nihadın harada olduğunu Nəcəfdən soruşmuş, Nəcəf ona demişdir ki, onu aldadır o, Nihadı gətirməmişdir. O, getmək istədiyini demiş, lakin Nəcəf onu buraxmayacağını demişdir. O, Nəcəfə onunla getməyəcəyini bildirdikdə, Nəcəf cibindən bıçaq çıxardıb, ona göstərib bıçaqla vuracağını deyib, təkrar bıçağı cibinə qoymuşdur. O, Nəcəfdən onu öldürəcəyini sorumuş, Nəcəf də ona “hə səni öldürəcəm” sözləri ilə ona cavab vermişdir. Bundan sonra o, bıçağı cibindən çıxarıb onun sol ayağından bir zərbə vurmuşdur. O, aldığı zərbədən sağ yan üstə orada dayanmış avtomobilə söykənmişdir. Bu zaman Nəcəf əlində olan bıçaqla onun sinə nahiyyəsinə altı dəfə bıçaqla zərbələri vurmuşdur. Bundan sonra o, yerə yıxılmışdır. Nəcəf də qaçaraq hadisə yerindən uzaqlaşmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan zaman polis avtomobili onun yanında saxlamışdır. Avtomobildən düşən polislər onun qan içərisində olduğunu görüb X9 çağırmışlar. Təqsirləndirilən şəxs ona yeddi bıçaq zərbəsi vurmuşdur. Həmin bıçağın sapı taxtadan olmuş, mətbəxdə istifadə olunan bıçaq olmuşdur. Təqsirləndirilən şəxs onu bıçaqla vuran zaman ətrafda tanımadığı şəxslər olmuşdur. Lakin heç kim onlara yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurması təxminən 2-3 dəqiqə davam etmişdir. Belə ki, Nəcəf onu bıçaqla vurmuş, o, yerə yıxılmış Nəcəf də hadisə yerindən qaçmışdır. Nəcəf hadisə günü saat 12 radələrində onun iş yerinə gələn zaman onunla söhbət edəndə onu Nəcəfə xəyanət etməsində ittiham etmişdir. Lakin o, Nəcəfə heç bir xəyanət etmədiyini bildirmişdir. Həmin gün saat 18 radələrində o, Nəcəflə görüşən zaman onların bu barədə söhbətləri olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid, 2013-cü ildən DlO-da, həmin tarixdən də X8 Alayının 4-cü patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 15 aprel 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə adlanan ərazidə avtopatrulla xidmət aparan zaman Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda küçədə bir nəfər qadının yerdə uzanılıqlı vəziyyətdə və qan içərisində olduğunu görüb idarə etdiyi avtomobili həmin yerdə saxlayıb avtomobildən aşağı düşüb həmin qadına yaxınlaşmışdır. Yerdə uzanılıqlı vəziyyətdə olan sonradan şəxsiyyətinin Zərərçəkmiş şəxs olduğunu bildiyi qadını yerdən qaldırıb idarə etdiyi avtomobilə qoyub yaxınlıqda yerləşən Təcili X4 aparmışdır. X6 X4 təhvil verdikdən sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat vermişdir. Bundan sonra öz xidmətimə davam etmişdir. O, Zərərçəkmiş şəxs yerdə uzanılıqlı vəziyyətdə görən zaman həmin vaxt orada başqa şəxs və şəxslər görməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş Məhkəmə-tibbi ekspertizanın 255 saylı 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol budun orta 1/3-nin bayır səthində 1 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğaarası sahədə 1 ədəd, sol süd vəzinin aşağı bayır kvadratında 1 ədəd və döş qəfəsinin sol yarısının ön-yan səthində ön qoluqaltı xətt üzrə V, Vİ, Vİİ qabırğalar səviyyəsində 3 ədəd (ümumilikdə 7 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 15 aprel 2022-ci il tarixndə, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 7(032)-120/2022 saylı, 13 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarxili hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 14 (on dört) gün müddəti, 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində 27 iyun 2016-cı il təvəllüdlü X2 və 30 iyun 2019-cu il təvəllüdlü X5 adlı övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmamasını və bu barədə zərərçəkmiş şəxsin məhkəməyə ərizə ilə müraciət etməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməli və barəsində Şirvan Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 96 (doxsan altı) manat pul tutulub, “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar