Məhkəmə qərarları › İş №1(009)-202/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-202/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-202/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(002)-119/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir ) il 06 (altı) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 1(bir) ədəd kağız bükümlə təmiz çəkisi 0,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş axtarış-əməliyyat tədbiri zamanı 31 may 2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən həmin narkotik vasitə heroin və həmin cibində saxladığı qara rəngli “Samsung” markalı mobil telefonun üzlüyünün içindən psixotrop maddə metamfetaminin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini adətən Bakı şəhərində tanımadığı şəxslərdən əldə edərək istifadə edirdi. 31 may 2021-ci il tarixdə saat 15:40 radələrində Səbail rayonunun ərazisində yerləşən 91 nömrəli məktəbin yaxınlığından keçərkən səkidə olan ağacın dibində iki ədəd bükümün olduğunu görmüş, həmin bükümləri götürüb açdıqda birinin içərisində ağ, digərinin içərisində isə tünd rəngli kütlələrin olduğunu görmüşdür. Narkotik və psixotrop vasitələrdən əvvəllər də istifadə etdiyindən bilmişdir ki, bükümün birinin içərisində olan narkotik vasitə heroin, digərinin içərisində olan isə psixotrop maddə metamfetamindir. Bundan sonra içərisində heroin olan qızılı rəngli bükümü şalvarının qabaq sağ cibinə, içində metamfetamin olan ağ kağız bükümü isə “Samsung” markalı mobil telefonunun üzlüyünün arxasına qoyaraq şalvarının qabaq sağ cibinə qoymuşdur. Bundan sonra həmin vasitələri istifadə etmək üçün “Rivyera” restoranının qarşısına getmişdir ki, taksi saxlayıb evə getsin. Restoranın qarşısına çatdıqda 2-3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, səs-küy salmamağı və onlarla Səbail Rayon Polis İdarəsinə getməyini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə Səbail Rayon Polis İdarəsinə gedərək inzibati binanın otaqlarından birinə daxil olmuşlar. Daha sonra polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin iştirakları ilə polis əməkdaşları tərəfindən ona üzərində olan əşyaları çıxarıb masanın üstünə qoymağı təklif edilmiş, o, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində saxladığı bir ədəd qızılı rəngli bükümü və “Samsung” markalı mobil telefonu da çıxarıb masanın üstünə qoymuş, lakin üzlüyün arxasında nə olduğunu bildirməmişdir. Polis əməkdaşı mobil telefonun üzlüyünü açdıqda oradan bir qədər əvvəl gizlətdiyi içərisində metamfetamin olan bükümü aşkar etmişdir. O həmin bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içində isə psixatrop maddə metamfetamin olduğunu, həmin vasitələri saxlanılmasından bir qədər əvvəl Səbail rayonunun ərazisində yerləşən 91 nömrəli məktəbin yaxılığında yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddə baxış zamanı orada iştirak edən şəxslərin iştirakları ilə ondan götürülmüş, bu barədə protokol tərtib edilmiş, həmin bükümlər ekspertizaya göndərmək məqsədi ilə ağ zərfə qoyularaqqablaşdırılmışdır. Üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ona sonuncular tərəfindən heç bir təzyiq göstərilməmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 31 may 2021-ci il tarixdə Bölmənin rəisi Çinar Nuriyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil olunmuş və 31 may 2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanın qarşısında zahiri əlamətləri alınmış məlumata uyğun gələn Təqsirləndirilən şəxs, onunla birlikdə əməliyyat qrupunda iştirak edən Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə piyada gedərkən müəyyən edilmiş və onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onlar üzərinə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. İdarənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində saxladığı bir ədəd qızılı rəngli bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar maddənin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs elə həmin cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu da çıxarıb masanın üstünə qoymuş, onlar həmin mobil telefonun üzlüyünü açdıqda oradan içərisində psixatrop maddə metamfetaminə oxşar maddə olan bir ədəd kağız büküm aşkar etmişlər. Həmin vaxt bükümlərin içərisində nə olduğu və haradan əldə etdiyi soruşulanda Təqsirləndirilən şəxs səmimi olaraq həmin bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içində isə psixotrop maddə metamfetamin olduğunu, həmin vasitələri saxlanılmaşından bir qədər əvvəl Səbail rayonunun ərazisində yerləşən 91 nömrəli məktəbin yaxılığında yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş iki ədəd bükümdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, onun özünə məxsusdur, onları həmin günü saxlanmamışdan bir qədər əvvəl Səbail rayonunun ərazisində yerləşən 91 nömrəli məktəbin yaxılığında yerdən tapmışdır və özü istifadə etməsi üçün yaşadığı evinə aparırdı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Arif Qarayevin, Bakı şəhər Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs oğlunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən həmin narkotik vasitə heroin və həmin cibində saxladığı qara rəngli “Samsung” markalı mobil telefonun üzlüyünün içindən qeyd edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 01 iyun 2021-ci il tarixli 6/2191 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzrərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,358 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,046 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatı zamanı heroinin ümumi təmiz çəkisi 0,358 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir və 0,308 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatı zamanı metamfetaminin ümumi təmiz çəkisi 0,046 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmişdir və 0,016 qram qalıq qalmışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 bir (yüz on dörd) manatdır. 09 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş 0,358 qram narkoik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,308 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 09 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,016 qram (ilkin təmiz çəkisi 0,046 qram) psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmamış, lakin saxlanılması üçün Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 08 iyun 2021-ci il tarixli 1799 №-li saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 31 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. 02 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 02 iyun 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X6 həbsdən azad olunmuşdur. 02 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyul 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir ) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(002)-119/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir ) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbsə qaldığı 22 (iyirmi iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırlı hökmlə təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 01 (bir ) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 13 sentyabr 2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-119/2021 saylı, 15 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbayca Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 16 avqust 2021-ci il tarixdə qeydiyyata alınmış, cəzasının 27 gününü çəkmişdir. Məhkum Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixə çəkilməmiş cəza müddəti 01 il 05 ay 19 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(002)-119/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir ) il 06 (altı) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə midikdən sonra islah olunmamış yenidən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəl, yəni 2021-ci ilin mart ayında bu növ cinayət əməlinin törədilməsinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(002)-119/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 31 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2021ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 08 iyun 2021-ci il tarixli 1799 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram (ilkin təmiz çəkisi 0,358 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,016 qram (ilkin təmiz çəkisi 0,046 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(002)-119/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 31 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Bakı şəhər Səbail rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,016 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar