Məhkəmə qərarları › İş №1(009)-202/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-202/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-202/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İbitidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 0,289 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”i və şəxsi istehlak miqdarından artıq miqdarda 0,173 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Babamdar qəsəbəsi, Badamdar yolu 32 ünvanına qədər daşımış, 13 may 2022ci il tarixdə saat 17:30-da Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən 41-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, saat 19:20-dən etibarən orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin solyan cibindən satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd gümüşü rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,289 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və bir ədəd gümüşü rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,173 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il bundan əvvəl “kakos” adlı, 1 il bundan əvvəl isə əlavə olaraq “patı” adlı narkotik vasitələrdən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Narkotik vasitələri çox vaxt “Sovetski” adlanan yerdə əldə edir. 12 may 2022-ci il tarixdə axşam saat 21 radələrində o, “Sovetski” adlı ərazidə yerləşən Nəriman Nərimanov heykəlin yanına gəlmiş və üzdən tanıdığı, narkotik vasitələrinin satışı ilə məşğul olduqlarını bildiyi şəxsləri axtarmağa başlamışdır. Həmin şəxslərdən birinə rast gəldikdə sonuncudan ona ümumi təxminən yarım qrama yaxın “patı” və “kakos” adlı vasitələri satmağı xahiş etmişdir. Həmin oğlan ondan 10 manat alıb getmiş və təxminən 5 dəqiqədən sonra qayıdıb ona hərəsi bir gümüşü rəngli falqadan olan bükümdə “patı” və “kakos” vermişdir. O, aldığı həmin vasitələrin hər birindən bir qədər evində çəkərək istifadə etmişdir. Səhərsi gün də o, günorta saatlarında həm “patı”, həm də “kakos”-dan cuzi miqdarda çəkərək istifadə etmişdir. Qalan hissəni də səhəri günü istifadə etmək üçün üzərində saxlamışdır. 13 may 2022-ci il tarixdə saat 17 radələrində o, evdən çıxıb Badamdar şossesi ilə piyada hərəkət edən zaman orada yerləşən “Araz” marketin yaxınlığından keçərkən yanına iki nəfər mülki geyimində olan şəxslər yaxınlaşmış və özlərini 41ci polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu narkotik vasitələrinin qanunsuz saxlamasında şübhəli bildikləri üçün onlarla həmin polis bölməsinə getməli olduğunu bildirmişdilər. O, onsuzda ifşa olunduğunu başa düşüb etiraz etməmiş və onlar polis bölməsinə gəlmişdilər. Polis bölməsində ona üstünü yoxlayacaqlarını bildirmişdilər. O, həmin vaxtı əynində olan qara rəngli idman gödəkçənin sol cibində saxladığı, “Sovetski” deyilən yerdən aldığı narkotik vasitələrindən onda qalan bir büküm “patı” və bir büküm “kakos”-u təqdim etmişdir. Eyni zamanda həmin cibdə saxladığı narkotik vasitələrinin istifadəsi zamanı istifadə etdiyi, toz şəkilində limon turşusunu, eləcə də sağ cibində saxladığı alışqanı və ***-***-**-** saylı nömrə altında istifadə etdiyi “Nokia” markalı telefon aparatını da təqdim etmişdir. Sonra onun üstünü yoxlamışdılar, lakin onun üzərində heç bir şey aşkar edilməmişdir. Ondan təqdim etdiyi maddələrin nə olması və kimdən aldığını soruşduqda olduğu kimi polis əməkdaşlara demişdir. Sonra təqdim etdiyi iki büküm narkotik vasitə və limon turşusu polis əməkdaşları tərəfindən götürülmüş və zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddədən kiməsə verib, satıb və ya təklif etmədiyini, narkotik vasitələrinin satışı ilə məşğul olan, tanımadığı şəxslə sonuncudan aldığı heroinin və metamfetaminin gələcəkdə digər şəxslərə yaymaq barədə hər hansı bir sövdələşmənin olmadığını, narkotik vasitələri ona 25-30 yaşında, arıq bədən quruluşlu, qarayanız, hündürboy oğlanın satdığını, polis əməkdaşları tərəfindən saxlanılıb 41-ci polis bölməsinə aparılarkən, həmin polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən ona hər hansı bir təzyiqin göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsinin, hal-hazırda narkomaniyadan müalicə almasını, həmçinin “hepatit C” xəstəliyindən əziyyət çəkməsini bildirərək barəsində həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə ambulator-psixiatrik ekspertizaların rəyləri, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 41-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 may 2022ci il tarixdə 41ci polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, Rüfət adlı Badamdar qəsəbəsinin sakini narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş məlumatı və məlumatı vermiş mənbənin etibarlığı barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədəmüvafiq hesab edilmiş və əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilməklə yanaşı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun bir üzvü o, digər üzvü isə bölmənin əməliyyat müvəkkili Şahid1 təyin edilmişdilər. Davranış xətti izah olunandan sonra onlar əməliyyataxtarış tədbirləri həyata keçirməyə başlamış və saat 17 radələrində Rüfət adlı şəxsin Badamdar şossesində yerləşən Araz marketin yanında olması barədə məlumat alaraq həmin ünvana yollanmışdılar. Araz marketin yanına yaxınlaşdıqda məlumatda qeyd olunan Rüfət adlı şəxsə zahirən oxşar şəxsin olduğunu görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək sonuncunun şəxsiyyətini öyrənmişdilər. Həmin şəxs adının Rüfət olduğunu təsdiq etmişdir. Bu səbəbdən də onlar Rüfətin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edib onlarla 41-ci polis bölməsinə getməli olduğunu bildirmişdilər. Onlar Rüfət adlı şəxsi 41-ci polis bölməsinin inzibati binasına gətirəndən sonra onun şəxsiyyəti Təqsirləndirilən şəxs kimi müəyyən edilmişdir. Keçirtdikləri tədbir barədə bölmənin rəhbərliyinə məruzə etmiş və gətirdikləri şəxsin üzərində narkotik vasitələrinin və ya psixotrop maddələrinin ola biləcəyi güman etdikləri üçün qərara alınmışdır ki, sonuncunun şəxsi axtarışı keçirilsin. Təhqiqatçı saxlanılan şəxslə müvafiq sənədləşmə aparıb sonuncunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edəndən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əvvəl əynindəki idman gödəkçəsinin sağ yan cibindən mobil telefon və alışqanı çıxartmış, sonra isə həmin gödəkçənin sol yan cibindən 2 ədəd gümüşü rəngli kiçik falqa bükümləri və bir ədəd şəffaf selofan paketdə ağ kristallik maddəni çıxarıb masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ağ kristallik maddənin narkotik vasitələrinin istehlakı zamanı istifadə olunan limon duzu olmasını bildirmişdir. Sonuncunun təqdim etdiyi hər iki gümüşü rəngli falqadan olan bükümləri açıldıqda birinin içərisində ağ kristallik, ikincisinin içərisində isə qəhvəyi rəngli toz şəkilində maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli maddənin metamfetamin, qəhvəyi rəngli maddənin isə kakos olduğunu, onlardan 3 ildir ki, istifadə etdiyini, həmin maddələri tanımadığı şəxsdən Nəriman Nərimanov heykəlin yanında 10 manata şəxsi istifadə üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlavə heç bir şey aşkar edilməmişdir. Aşkar edilmiş 2 ədəd büküm və bir selofan paketi zərfə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 41-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1, digər Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2022ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 32 ünvanında yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman sonuncu əynindəki qara rəngli parça gödəkçəsinin sol yan cilbindən 2 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində kristal quruluşlu şəffaf rəngli, digər bükülüdə qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddəyə oxşar kütlələri təqdim etmişdir. Həmin maddələr götürülərək zərfdə qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2 ədəd bükümün içərisində “kakos” və "patı" kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddəni Nəriman nərimanov heykəlin yanında tanımadığı şəxsdən 10 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Faildə çəkilişlər 06 dəqiqə 38 saniyə müddətindədir. Üzərində hər hansı narkotik vasitənin olduğu halda onları təqdim etmək barədə təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əvvəl əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli Nokia markalı mobil telefonu, qırmızı rəngli alışqanı, gödəkçənin sol yan cibindən isə şəffaf selofanın içərisində olan ağ rəngli kristallik maddəni təqdim edərək həmin maddənin limon duzu olduğunu onu narkotik vasitələrini istehlak etmək üçün istifadə etdiyini bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs həmin cibindən iki ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Həmin bükümlərdən biri təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ kristallik maddə aşkar edilir. Həmin maddənin nə olmasına dair təhqiqatçının sualına Təqsirləndirilən şəxs bu maddəni “metamfetam – patı” kimi adlandırır. Ardınca ikinci büküm açıldıqda içərisində qəhvəyi rəngli tozvari şəkilində maddə aşkar edilir. Həmin maddənin nə olmasına dair təhqiqatçının sualına Təqsirləndirilən şəxs bu maddənin “kakos” adlı maddənin olmasını bildirir. Təqsirləndirilən şəxs üzərində başqa əşyaların olmamasını söyləyəndən sonra onun fiziki olaraq şəxsi axtarışı keçirilir, əlavə hər hansı əşya aşkar edilməyib. Təqsirləndirilən şəxs son 3 il narkotik vasitələrdən istifadə etdiyini, axırıncı dəfə tutulduğu günün gecəsi narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş vasitələri Nəriman Nərimanov heykəlin yanında tanımadığı şəxsdən şəxsi istehlak üçün 10 manata aldığını, əvvəllər narkotik vasitələrinin qanunsuz istifadəsinə görə məhkumluğun olduğunu bildirmişdir. Təhqiqatçı aşkar olunmuş maddələri boş zərfə qablaşdırdıqdan sonra prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən zərf imzalanır və möhürlənir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş iş üzrə məhkəmə-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli 6/2772 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 239” dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunan kütlələr” yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,289 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,173 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildirlər. Məhkəmə ambulator psixiatrik ekspertizasının 17 iyun 2022-ci il tarixli 1577 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Maddi sübut kimi tanınma və saxlama barədə 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram heroin və 0,123 qram metamfetamin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan 01 ay 14 gününü cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 03 mart 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarın qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmayan şəxs hesab olunmalı və cinayət işi üzrə residiv kimi müəyyən edilməməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 13 may 2022-ci il tarixdən məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, 14 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsinin, hal-hazırda narkomaniyadan müalicə almasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 07 iyun 2022-ci il tarixli, 3065 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram heroin və 0,123 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram heroin və 0,123 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 132 (yüz otuz iki) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar