Məhkəmə qərarları › İş №1(009)-202/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-202/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-202/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 sentyabr 2024-cü il tarixdə saat 10.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona yaranmış etibarından suiistifadə edib sonuncuya daxili işlər orqanlarında işə düzəldəcəyini yalandan vəd verib inandıraraq xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvandakı Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz yerləşən parkda Zərərçəkmiş şəxs 6000 manat nağd pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayında “Elmaroğlu inşaat” adlı tikinti şirkəti açıb tikinti ilə məşğul olmaq istəmişdir. Sentyabr ayının əvvəllərində tanımadığı bir mobil nömrədən tanımadığı bir nəfər şəxs zəng edərək ev tikdirmək istədiyini bildirmiş, onunla danışıb vaxt təyin edib görüşmüşlər. Görüşən zaman onun Zərərçəkmiş şəxs adlı şəxs olduğunu öyrənmişdir. İlqar və anası ilə birlikdə evi tikdirmək istədiyi xatırladığı qədərilə Mehdiabad qəsəbəsinə getmişlər. Orada İlqar qayınanasının ona öz evinin yanında torpaq sahəsini verdiyini bildirmiş və torpaq sahəsinə baxdıqdan sonra torpaq ölçülərini götürmüşdür. Daha sonra həmin torpaq sahəsinin layihəsini cızmış və ev təxminən 52000 manata başa gəlmişdir. İlqardan tikinti üçün 10000 manat beh kimi istəmiş, İlqarla razılaşmış və onunla xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Kukla teatrı” ilə üzbəüz yerləşən parkda görüşmüş və İlqar 10000 manata gücünün çatmadığını bildirərək 6000 manat beh kimi vermişdir. Sonra İlqarla münasibəti yaranmışdır. Onunla söhbət əsnasında Daxili İşlər Nazirliyində işə qəbul olmaq istədiyini və bütün komissiyalardan keçdiyini, lakin atasının məhkumluğuna görə işə qəbul ola bilmədiyi bildirmişdir. Tanışlarından bu məsələ haqqında maraqlanacağını və lazım gələrsə, köməklik edəcəyini bildirmişdir. Bir neçə gün sonra İlqarın anası zəng edərək evin qiymətinin baha başa gəldiyini və əgər alınırsa, onlara kredit şəklində köməklik etməyi bildirmişdir. Məbləğin çox olduğuna görə kredit şəklinə sala bilməyəcəyini, kreditə salmaq üçün 20000 manat verdikləri təqdirdə qalan 32000 manatı kreditə sala biləcəyini demişdir. Həmin qadın pulu düzəltməyə çalışacağını, əgər alınmasa verdikləri 6000 manat behi geri qaytarmağını demişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və öyrənmişdir ki, barəsində cinayət işinin istintaqı aparılır. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılır. Beləliklə İlqardan aldığı pulu geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs vurmuş olduğu ümumi maddi ziyan 6000 manat məbləğində olmuşdur. Həmin puldan Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Dəymiş maddi ziyanı ödəməyə hazırdır. Qeyd olunanları və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayından tanıyır. “İnstagram” sosial şəbəkəsində “Elmaroğlu inşaat” adlı səhifə görmüş, həmin vaxtlarda özünə ev tikdirmək istədiyindən şirkət axtarırmış. Həmin səhifədə olan mobil nömrəyə zəng edib danışdıqdan sonra Samirlə “Tarqovu” adlanan ərazidə görüşmüşdür. Söhbət əsnasında Samir evi baha qiymətə tikdiyini bildirən zaman onunla razılaşa bilməmişdir. Bundan başqa, söhbət zamanı ondan nə işlə məşğul olduğunu soruşanda işsiz olduğunu və polis orqanlarında işləmək istədiyini bildirmişdir. Bu zaman Samir özünün tanışı olduğunu və istəsə ona həmin işdə köməklik edə biləcəyini demişdir. Ötən ilin aprel ayında X3 Alayının həyətində polisə işə düzəlmək üçün sıra baxışından keçmiş, lakin atasının əvvəllər məhkumluğu olduğuna görə rədd cavabı gəlmişdir. Samir atasının məlumatlarını götürdükdən sonra əlaqə saxlayanda atasının nə vaxt və hansı maddə ilə məhkum olunduğunu bildirən zaman Samirə tam inanıb güvənmişdir. Samir bu işin alınması üçün 10000 manat lazım olduğunu bildirən zaman həmin məbləğdə pulu olmadığını bildirmişdir. Bundan sonra 6000 manata razılaşmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Kukla Teatrı ilə üzbəüz yerləşən parkda Samirlə görüşmüş və ona əlbəəl 6000 manat pul vermişdir. Samir işin 1 ay ərzində alınacağını demişdir. Mütəmadi olaraq Samirlə əlaqə saxlayaraq işi haqqında maraqlanmış, 1 ay müddət tamam olduqdan sonra Samirə zəng edən zaman telefonuna zəng çatmadığını görmüşdür. Samirin onun etibarından sui-istifadə edərək aldadıb 6000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Samir ümumi 6000 manat məbləğində maddi ziyan vurmuş və heç bir ödəniş etməyərək pulu geri qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Cinayət işində olan fotoşəkillərə və səsyazılarına məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq əvvəlcə 10000 manat, daha sonra 6000 manat qarşılığında tanışı vasitəsilə işə düzəldəcəyini vəd etmişdir. 30 dekabr 2023-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 10 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. 10 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır. 30 avqust 2023-cü il tarixdə Lənkəran Şəhər Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 11 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qadaşov X2 Şəhər Rayon Polis Şöbəsinin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İB-də ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılır. 09 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. 23 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, cinayət işinin istintaqı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə davam etdirilmişdir. 03 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 07 (yeddi) gün müddətə Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə keçirilmişdir. 04 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 05 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 05 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü ildə cinayət işi məhkəməyə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Daxili İşlər orqanlarında işə düzəldəcəyinə yalandan vəd verərək 6000 manat pulunu ələ keçirmiş, bununla da xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni etibardan sui-istifadə etməməsi, Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbsdə olmasa idi, Zərərçəkmiş şəxs işə düzəldəcəyini, düzəltməsə belə, pulunu geri qaytaracağı iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar