Məhkəmə qərarları › İş №1(009)-203/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-203/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-203/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-466/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan Şəhəri, X6 Küçəsi, ev 13A, mənzil 40 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 avqust 2025-ci il tarixdə saat 10.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 mart 2025-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanında yerləşən “45” adlanan kafenin qapısının açıq olmasından və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 otaqda yatmalarından istifadə edərək otağa keçib otaqda olan oturacaq divanın üzərindən tanışı Zərərçəkmiş şəxs1 məxsus dəyəri 600 manat olan 01 ədəd “Samsung Galaxy A 06” markalı mobil telefonu və həmin telefonun üzərində dəyəri 12 manat olan ***-***-**-** GSM nömrəni, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus dəyəri 550 manat olan 01 ədəd “Oppo A58 5G” markalı mobil telefonu və həmin telefonun üzərində dəyəri 8 manat ***-***-**-** və dəyəri 10 manat olan ***-***-**-** GSM nömrələri ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 612 (altı yüz on iki) manat və Zərərçəkmiş şəxs2 isə ümumilikdə 568 (beş yüz altmış səkkiz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 mart 2025-ci il tarixdə dostları ilə birlikdə “45” adlanan restorana getmiş və zalda əyləşmişlər. Eyni zamanda əvvəldən tanıdığı Könül və onun dostu Murad da həmin məkanda olmuşlar. Daha sonra Könül və Murad kabinetə keçmişlər, onların yanına getdikdə hər ikisinin də yatdığını görərək ehtiyacı olduğu üçün onların telefonlarını oğurlamışdır. Könülün telefonunu 73 manata satmış, lakin sonradan geri alınmışdır. Telefonların qiyməti ittiham aktında göstərilən məbləğdə olmamış, daha az olmuşdur. Hər iki telefon sahibinə geri qaytarılmışdır. Himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vüqarı əvvəldən tanıyır, özü və ailəsi ilə yaxın münasibəti olmuş, bir neçə dəfə evlərinə getmişdir. 12 mart 2025ci il tarixdə hadisə baş verən gün Vüqarla birlikdə oturub çay içmişlər, daha sonra iş vaxtına az qaldığı üçün evə getməmiş və yağış yağdığını görərək “45” adlanan restorana daxil olmuş və kabinetdə yatmışdır, oyananda isə telefonunun olmadığını görmüşdür. Daha sonra polisə şikayət etmiş və telefonu tapılaraq ona qaytarılmışdır. Telefonun qiyməti ittiham aktında qeyd edilən məbləğ deyil, 150 manat olmuşdur. Həmin telefonu işlənmiş vəziyyətdə almışdır. Hal hazırda ziyan ona ödənilmiş və təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Vüqarı Könülün dostu kimi tanımış və əvvəl bir neçə dəfə görmüşdür. Könül ilə birlikdə əvvəllər işlədiyi “45” adlanan restorana müştəri qismində getmiş və daha sonra kabinetdə yatmışlar. Oyananda telefonların yanlarında olmadığını görmüş və Könülün təklifi ilə polisə şikayət etmişlər. Daha sonra telefon ona qaytarılmışdır. Həmin telefon isə işlənmiş vəziyyətdə alınmış və qiyməti 130 manat olmuşdur. Hal hazırda ziyan ona ödənilmiş və təqsdirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. 16 mart 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən 1 ədəd “Samsung Galaxy A 06” markalı mobil telefonu və 1 ədəd “Oppo A58 5G” markalı mobil telefonu könüllü təqdim etmişdir. 16 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 01 ədəd “Samsung Galaxy A 06” markalı mobil telefonu və 1 ədəd “Oppo A58 5G” markalı mobil telefonu maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 16 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 21 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-203/2025 saylı 04 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 mart 2025-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1991-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Moskva Ş. Butirsk R. Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159.2-ci maddəsi ilə təqsirli bilinərək ona 20.000 rubl cərimə cəzası tətbiq edilmişdir. - Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur və xx.xx.2025-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-317/2025 saylı, xx.xx.20254-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmişdir. 19 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy A 06” markalı mobil telefon və Zərərçəkmiş şəxs2 məxsus “Oppo A58 5G” markalı mobil telefon 17 mart 2025-ci il tarixli qəbz əsasında məhkəmə baxışınadək məsulların saxlanılması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata düşmüş və hazırda onun çəkilməmiş cəzası 01 il 5 ay 13 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır: xx.xx.2024 -ci il təvəllüdlü X4. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməli etiraf edərək səmimi peşman olmasını, ziyanın ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 05 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini 12 mart 2025-ci il tarixdə, yəni barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxdıqdan sonra törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 05 (beş) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 08 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 16 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 iyun 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 08 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 280 (iki yüz səksən ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar