Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-204/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Sədərək” ticarət mərkəzində fərdi satıcılıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə fərdi evdə qeydiyyatsız yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 25 noyabr 2024-cü il tarixdə, saat 18:37-də etibarnamə əsasında X5 adına texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruze minik» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə qaranlıq hava şəraitində gecə işıqları ilə Bakı şəhərinin mərkəzinə doğru 90 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Salyan şossesinin 10-cu km-də, yol kənarında yerləşən «İlkin-market»in qarşısında dayanmış vəziyyətdə olan naməlum «Mersedes Benz» markalı avtomobili görərək təhlükəsizliyi təmin etməyən manevr edib «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «hərəkət zamanı sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda dayanmış vəziyyətdə olan avtomobilin olmasını nəzərə alaraq əvvəlcədən həmin avtomobil ilə təhlükəsiz yan məsafəsini təmin edərək sol yanından keçib getməli, bu mümkün olmadıqda həmin avtomobilə çatmadan idarə etdiyi avtomobili dayandırmalı» barədə və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin «1.1 - 1.3 xətlərini kəsib keçmək qadağandır» tələblərini pozaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək texniki imkanı olduğu halda avtomobili qadağan olunmuş zolağa çıxarıb həmin zolaqda dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sol qabaq tin hissəsi ilə vurub ona artan beyin ödemi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, alın sümüyünün sol yarısının xətti sınığı, sərt qişaya qansızmalar, beyin toxumasının əzilməsi, hər iki maksilyar sinusun ön diarının, çənə sümüyünün sağ və sol şaxəsinin sınıqları, döş sümüyünün, sol V, Vİ, Vİİ. İX, X, Xİ qabırğaların arxa qoltuqaltı xətt üzrə yerdəyişmiş, Vİİİ Xİİ qabırğaların orta qoltuqaltı xətt üzrə və sağ İİ-İİİ qabırğaların ön qoltuqaltı xətt üzrə yerdəyişməmiş sınıqları, hər iki ağ ciyərin kontuziyası, sol baldır sümüklərinin (qamış və incik sümüyünün) yuxarı 1/3-nin yerdəyişmiş, incik sümüyünün aşağı 1/3-nin yerdəyişməmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıqları, bədənin küt travması kimi həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri olan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlaətlərinə malik xəsarətlər yetirilməsinə və həmin xəsarətlərdən sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, alın sümüyünün sol yarısının xətti sınığı, sərt qişaya qansızmalar, beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması fonunda inkişaf etmiş artan beyin ödemi ilə nəticələnmiş xəsarətlər Zərərçəkmiş şəxs müalicə aldığı "xxxx" da xx.xx.2024-cü il tarixdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, qabağında “çeşka” markalı maşın var idi. Yaxın məsafə olduğu üçün sağ tərəfə çəkib və Zərərçəkmiş şəxsı vurub. Maşından düşüb təcili tibbi yardım çağırıblar. Xəstəxanaya aparıblar. Müalicəsinə hər tərəfli köməklik ediblər. Düşünür ki, qarşısını almağa çalışıb. Qarşısındakı “çeşka” saxlamasa idi, o normal öz yolu ilə gedirdi. Hadisə zamanı qardaşından başqa dayısıoğlu arxa maşınla gəlirdi. O da onlara köməklik etdi. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaqda bildirmişdir ki, mərhum əri olmuş Zərərçəkmiş şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuşlar və birgə nikahlarından azyaşlı övladı var, mərhum əri Bakı şəhərində tikintidə usta işləyirmiş və Bakıda kirayədə qalırmış, o isə uşaqları ilə birlikdə Ordubad rayonu Üslüpü kəndində qalırmış, Qurban tikintidə işləməklə əldə etdiyi gəliri ailəsinə göndərirmiş və spirtli içkiyə meyilli olmamışdır. 2024-cü noyabr ayının 25-də axşam saatlarında ona məlumat verilmişdir ki, əri Qurbanı Bakı şəhəri Səbail rayonu ərazisində olan Şıxov ısəbəsində avtomaşın vurmuş və Qurban aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir, bir müddət sonra Qurbanın cənazəsini doğma kəndlərinə gətirmişlər və onlar Qurbanı kənd qəbristanlığında dəfn ediblər. Mərhum Zərərçəkmiş şəxs avtomaşını ilə vuran və həmin vurulmadan aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edən avtomaşının sürücüsü Təqsirləndirilən şəxs və onun valideynləri mərhumun dəfn xərclərini və lazım olan ziyanlıqları tam şəkildə onlara ödəmişlər və daim əlaqə saxlayaraq maddi cəhətdən bizə köməklik ediblər. Həmçinin ailəsi sürücü Təqsirləndirilən şəxslə barışıblar və ondan heç bir şikayət və ya tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, qardaşı ilə işdən gəlirmiş, nəqliyyat hadisəsi baş verdi. Maşın yolun ortasında dayanmışdı, məsafə az olduğu üçün solda da maşınlar olduğu üçün qardaşı maşını sağa çəkib, o zaman onlar şəxsə dəyiblər. Düşüb görüblər ki bir nəfər uzanıb, maşınla vurublar. Təcili yardıma və polisə zəng ediblər. Onlar gələnə qədər köməklik göstəriblər. Təcili Yardım 10-15 dəqiqəyə gəlib. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (c.i.v. 1). İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, “İlkin” marketin qarşısıdır. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (c.i.v.6-13). İş materiallarında olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi B1, B, C1,C kateqoriyalıdır, hadisə baş verən vaxt sürücülük vəsiqəsi qüvvədə olmuşdur (c.i.v.5). İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli, 2/65386 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir (c.i.v.14). İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, 24002069 nömrəli cinayət işi üzrə X8 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (c.i.v.74). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 xx.xx.2024-cü il tarixli, 72 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: artan beyin ödemi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, alın sümüyünün sol yarısının xətti sınığı, sərt qişaya qansızmalar, beyin toxumasının əzilməsi, hər iki maksilyar sinusun ön diarının, çənə sümüyünün sağ və sol şaxəsinin sınıqları, döş sümüyünün, sol V, Vİ, Vİİ, İX, X, Xİ qabırğaların arxa qoltuqaltı xətt üzrə yerdəyişmiş, Vİİİ, Xİİ qabırğaların orta qoltuqaltı xətt üzrə və sağ ll-lll qabırğaların ön qoltuqaltı xətt üzrə üzrə yerdəyişməmiş sınıqları, hər iki ağciyərin kontuziyası, sol baldır sümüklərinin (qamış və incik sümüyünün) yuxarı 1/3-nin yerdəyişmiş, incik sümüyünün aşağı 1/3-nin yerdəyişməmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıqları, bədənin küt travması əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 25 noyabr 2024-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, alın sümüyünün sol yarısının xətti sınığı, sərt qişaya qansızmalar, beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması fonunda inkişaf etmiş artan beyin ödemi olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Zərərçəkmiş şəxs 20 dekabr 2024-cü il tarixdə saat 22:30-da "xxxx"ın reanimasiya şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə onun xəstəxanaya daxil olarkən ağzından spirtli içki iyinin gəlibgəlməməsi barədə hər hansı bir qeyd aparılmamışdır (c.i.v.47-55). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025ci il tarixli “8/205” saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Chevrolet Cruze minik» markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (c.i.v.65-67). İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, Səbail rayonu, Yeni Salyan şossesi, “Şıxov” yolu mərkəzə doğru hərəkətdə “İlkin marketin” qarşısından keçən hissəsindən avtomobil yolu görüntülənir. Həmin avtomobil yolu iki tərəflidir, hər iki tərəfin yoldan sonra piyadalar üçün nəzərədə tutulmuş səki, yerüstü piyada keçidi vardır, mərkəz istiqamətində yolun sağ kənarı ilə avtobus hərəkəti üçün nəzərdə tutulmuş qırıq-qırıq xətləhmiş yol, həmin yolun sol tərəfində isə iki zolaqlı digər avtomobillər üçün nəzərdə tutulmuş yol vardır. Hər iki tərəf üzrə avtomobillər qaranlıq hava şəraitində gecə işıqlarından istifadə edərək hərəkətdədirlər. Diskdə olan görüntü 17 saniyə olmuşdur. Diskə baxış zamanı hərəkət hissəsinin 3-cü zolağında dayanmış vəziyyətdə olan boz rəgli minik avtomobilinin sağ yan tərəfində piyada Zərərçəkmiş şəxs olması, həmin zaman yolnan həkəkətdə olmuş ** RY *** nömrəli minik markalı avtomobilin qabaq sol hissəsi ilə vurulmağı görüntülənir. Hadisə baş vermiş yol küçə işıqları ilə işıqlandırılmışdır. Diskdəki görüntülərə baxış keçirildən sonra kompyuterin disk yuvasından çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (c.i.v.36-37). İş materiallarında olan "xxxx"-ın 1688 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həqiqətən xx.xx.2024-cü il tarixindən hal-hazıradək “Açıq kəllə beyin travması, baş-beynin ağır dərəcədə əzilməsi, sol gicgah və təpə sümüklərinin sınığı, sol baldır sümüklərinin yuxarı 3/1-nin qapalı yerdəyişmiş sınığı, Vİ-Xİ qabırğaların yerdəyişmiş sınığı, pnevmotoraks” diaqnozu ilə "xxxx" MMC-nin reanimasiya şöbəsində müalicə alır. Xəstə hal-hazırda anlaqsız vəziyyətdə olduğundan izahat vermək iqtidarında deyildir (c.i.v.18). İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir (c.i.v. 34). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 23 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.94-95). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir (c.i.v.107-108). İş materiallarında olan Zərərçəkmiş şəxs hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən və məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddia tələbi və şikayəti yoxdur. Barışmışdır (c.i.v.113). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v.21). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (c.i.v. 41). İş materiallarında olan Boladi kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 315586 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 41 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Güləliyev”, arvada “Güləliyeva” soyadı verilmişdir (c.i.v.42). İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 835876 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X2” qeyd edilmişdir (c.i.v.44). İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 247479 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuş, ata qrafasında “Təqsirləndirilən şəxs”, ana qrafasında “X2” qeyd edilmişdir (c.i.v.45). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılanittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, Zərərçəkmiş şəxs hüquqi varisi X4 və şahid ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi X4 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-204/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-204/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver