Məhkəmə qərarları › İş №1(009)-205/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-205/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-205/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Saatlı rayonu, Bəylik kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 19 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində fəhlə işlədiyi Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, 13 ünvanında yerləşən natamam təmirli özəl tikilinin açıq həyətyanı sahəsinə daxil olub, həmin tikilinin birinci mərtəbsindəki təmir əşyalarının yığıldığı otağın taxta qapısının açarlı kilidini oradan götürdüyü dəmir əşya ilə (mantirovka) sındıraraq, saxlanc yeri olan həmin otağa qanunsuz daxil olub zərərçəkmiş şəxs X1 məxsus oraya qoyulmuş olan tikintidə istifadə üçün nəzərdə tutulmuş 2024-cü ilin oktyabr ayına orta bazar qiyməti 550 manat olan 01 ədəd “Cst\Berger” markalı ölçü cihazını, 350 manat olan “Bosch” markalı 01 ədəd böyük ölçülü preferatoru, 30 manat olan “Candan” markalı 01 ədəd santexnika ütüsünü, 80 manat olan “Zil” markalı 01 ədəd böyük ölçülü laqondanı və 35 manat olan “Ural Zid” markalı 01 ədəd direli gizli olaraq talayıb ələ keçirməklə oğurluq edib, zərərçəkmiş Zülfü Allahverdiyevə ümumulikdə cəmi 1045 (bir min qırx beş) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, tikintidə fəhlə işləyir. O, Zərərçəkmiş şəxs təxminən 3-4 il olarki, tanıyır. Aralarındakı münasibətlər hər zaman yaxşı olmuşdur. Zərərçəkmiş şəxs apardığı tikinti işlərində fəhlə lazım olanda onun yanında fəhlə kimi işləmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, o, Zülfinin tikintisini apardığı Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi 13 ünvanında yerləşən yeni tikilən fərdi yaşayış evində fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16.00 radələrində işədikləri həmin tikinti sahəsində işlərini yekunlaşdırıb çıxmışdırlar. Həmin günü hava küləkli olduğundan o işlərini bir az tez yekunlaşdırmış və tikintidən Şahid ilə birlikdə çıxmışdırlar. Axırıncı olaraq tikinti sahəsini Əşrəf bağlamışdır. Həmin gün Zülfi işə gəlməmişdir. O, tikinti sahəsindən çıxıb evə gələrkən yolda ona zəng gəlmişdir ki, lombarda olan faiz pulu ödəməlidir. Belə ki, o, qohumlarının qızıllarını lombarda qoyaraq faiz pul götürmüşdür. Lombardan zəng gələndən çox narahat olmuşdur. Belə ki, ona bildirmişdirlər ki, əgər faizi ödəməsə qızılları satacaqdırlar. O da vəziyyətdən çıxmaq barədə fikirləşmiş və ağlına yalnız tikinti sahəsində Zülfi Adgözəlova məxsus tikinti avadanlıqlarını gizli olaraq götürüb satmaqdan başqa fikir gəlməmişdir. O, geri qayıdıb yoldan markasına və qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobili tutaraq sürücüyə demişdir ki, işlədiyi yerdən tikinti avadanlıqlarını götürüb evinə aparmaq istəyir. O, taksini işlədiyi evin qarşısına sürdürüb yolda saxlatmışdır. Özü isə tiknti sahəsinə girib orada qapısı bağlı olan otağın taxta qapı kilidini sınrıdaraq otağa keçmiş və həmin otaqdan bir ədəd ölçü götürmək üçün tikinti aparatını, bir ədəd beton dağıdanı, bir ədəd laqondanı, bir ədəd direli, bir ədəd santexnik ütüsünü iki-üç dəfəyə götürüb küçədə dayanan taksiyə qoymuşdur. O, tikinti alətlərini oğurlayanda saat təxminən 17.00-18.00 radələri olmuş və həmin vaxtı nə tikintidə, nədə ki ətrafda heç kim olmamışdır. Taksi sürücüsünə bildirmişdir ki, işləri qutardığı üçün avandanlılarını götürür. O, oğurladığı tikinti alətlərini yaşadığı evə aparmışdır. Səhəri günü tezdən durub tikinti sahəsinə gəlmiş, Zülfi və əmisi Əşrəf bildirmişdirlər ki, oğurluq olub və Zülfinin avadanlıqları oğurlanıb. O isə onlara heç nə deməmişdir. Zülfi baş vermiş oğurluq hadisəsi barədə zəng edərək polisə məlumat vermiş, daha sonra polislər hadisə yerinə gəlib ora baxış keçirmişdirlər. O, hətta keçirilən baxışda hal şahidi kimi iştirak eləmişdir. Polislər baxışı keçirib getdikdən sonra onlar axşam tərəfi işlərini bitirib evə getmişdirlər. O, evdə olan zaman etdiyi oğurluq hərəkətindən səmimi peşman olaraq vicdan əziyyəti çəkməyə başlamış, Zülfinin mobil nömrəsinə zəng edib məlumat vermək istəmiş, lakin Zülfi telefonu açmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o, Zülfünin mobil nömrəsinə zəng edib oğurluğu özünün törətdiyini ona deyib ondan üzr istəmiş, daha sonra həmin gün saat 11 radələrində oğurladığı alətləri taksi çağırıb yükləyərək Zülfinin dediyi yerə, yəni Bakı şəhər Binəqədi qəsəbəsində yerləşən “ Ağ Saray” şadlıq evinin qarşısına gəlmiş, ora çatdıqda Zülfinin polis əməkdaşları ilə birlikdə onu gözlədiyini görüb onlara yaxınlaşmış, sonra isə polis əməkdaşları onu tikiniti əşyaları ilə birlikdə Səbail rayon Pİ-nin 41-ci PB-nə gətimiş, orada o, əməlini səmimi etiraf etmiş və oğurladığı həmin alətləri maddi sübut olduğu üçün könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və üçüncü qrup əlil olmasını bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özü də tikinti ustası olmaqla biriqada yığaraq sifariş əsasında fərdi evlərin tikintisi ilə məşqul olur. Həmçinin Bakı şəhəri Səbail rayonu, Səlyan Şosesi 13-də yerləşən və adını Süleyman olduğunu bildiyi şəxsə məxsus evdə tikinti işləri aparmışdır. Həmin evin bütün tikintisini o, həyata keçirir, usta və fəhlə biriqadası özü tərəfindən təşkil olunmuşdur. Tikintidə işlədilən bütün usta alətləri və texnikaları ona məxsusdur. 19 oktyabr 2023cü il tarixdə, saat təxminən 16:00 radələrində yuxarıda qeyd olunan fərdi tikinti evində həmin günün işlərini başa vurub usta və fəhlələr tikinti sahəsini tərk etmişlər. Belə ki, qeyd olunan gündə hava küləlki olduğundan işləri bir az tez yekunlaşdırmışlar. Özü isə şəxsi işləri ilə bağlı olaraq həmin gün tikintidə olmamışdır. Həmin gün axırıncı olaraq əmisi Şahid həmin tikinti yerindən çıxmışdır. Bir qayda olaraq günün sonunda işlərini yekunlaşdırandan sonra tikinti üçün nəzərdə tutulan əşya və ailətləri həmin tikintidə olan otağa qoyulub qapınıda qıfılla bağlamışdırlar. 20 oktyabr 2023-cü tarixdə, saat 09.00 radələrində onlar işlədikləri tikintiyə gələndə görmüşdürlər ki, tikintidəki bağlı otağın qapısının kilidi sındırılmış və həmin otaqdan ona məxsus qiyməti 700 manat olan bir ədəd ölçü götürmək üçün tikinti aparatı, qiyməti 600 manat olan bir ədəd bosh markalı beton dağıdan, qiyməti 110 manat olan bir ədəd laqonda, qiyməti 40 manat olan bir ədəd direl, qiyməti 120 manat olan bir ədəd santexnik ütüsü naməmlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O bunları aşkar etdikədn sonra dərhal bu barədə polisə məlumat vermiş və əşyaların oğurlandığı yerə polis əməkdaşları gəlmişdirlər. Sonra isə onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. 21 oktyabr 2023-cü il tarixdə səhər saatlarında onun tikinti briqadasında işləyən Təqsirləndirilən şəxs Əşjdər oğlu ona məxsus olan mobil nömrəsin zəng edərək həmin əşyaları özünün oğurladığını və əməlindən peşman olduğunu demişdir. O da ona oğurladığı əşyaları Bakı şəhər Binəqədi qəsəbəsində yerləşən “ Ağ Saray” şadlıq evinin qarşısına gətirməsini onunla orada görüşəcəyini və tikinti əşyalarını orandan götürəcəyini demişdir. Bundan bir neçə saat sonra Təqsirləndirilən şəxs həmin yerə gəlmiş və o, polis əməkdaşları ilə birlikdə onu görüb oğurladığı əşyalarla birlikdə polis bölməsinə dəvət etmişlər, birlikdə bölməyə gəlmişdirlər. Polis bölməsində isə əşyalar Xanhüseyndən götürülüb onun özünə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlağıdığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və ona qarşı şikayətçi deyil. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, tikinti ustası olaraq qardaşı oğlu Zərərçəkmiş şəxs təşkil etdiyi tikinti briqadasında hörgü və suvaq ustası kimi işləyir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, o, Zülfinin tikintisini apardığı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 13 ünvanında yerləşən Süleyman adlı şəxsə məxsus olan yeni tikilən fərdi yaşayış evində usta kimi işləmişdir. 19 oktyabr 2023-cü il tarixdə, saat 16.00 radələrində işədikləri həmin tikinti sahəsində işlərini yekunlaşdırıb çıxmışdırlar. Həmin günü hava küləkli olduğundan onlar işlərini bir az tez yekunlaşdırmışdırlar. O, tikintidən Təqsirləndirilən şəxs ilə birlikdə çıxmışdır. Həmişəki kimi tikinti alətlərini də tikinti apardıqları evin içindəki otağa qoyub qapısını kilitlə bağlamışdırlar. Həmin günü Zülfi işə gəlməmişdir. Axırıncı olaraq tikinti sahəsini özü bağlamışdır. 20 oktybar 2023-cü il tarixdə saat 09:00 radələrində tikintiyə gəldikdə görmüşdür ki, tikinti alətlərinin qoylduğu otağın qapısının kiliti sındırılıb və oradakı qardaşı oğlu Züfıyə məxsus olan bir ədəd ölçü götürmək üçün tikinti aparatı, bir ədəd beton dağıdan, bir ədəd laqonda, bir ədəd direl, bir ədəd santexnik ütüsü oğurlanmışdır. Bundan sonra dərhal bu barədə polisə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş 30 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli 9/1131 saylı rəyindən görünür ki, 1) “cst/berger” sarı rəngli qutunun içərisində ölçü cihazı-550 manat 2) “Bosch” markalı, göy rəngli, böyük ölçülü beton dağıdan preferator-350 manat 3) göy rəngli qutunun içərisində olan “Candan” markal santexnika ütüsü-30 manat 4) “Zil” markalı, yaşıl rəngli, böyük ölçülü laqonda-80 manat 5) “Ural Zid” markalı, narıncı rəngli, kiçik ölçülü direl-35 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1045,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Səbail rayonu, Salyan Şosesi 13 ünvanında yerləşən yeni tikilən fərdi yaşayış evidir. Maddi sübutun təqdim edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhər Səbail rayon Pİ-nin 41-ci PB-nin inzibati binasında oğurlamış olduğu Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “CST” markalı ölçü cihazını, “Bosch” markalı 01 ədəd beton dağıdan aparatı, “Candan” markal 01 ədəd santexnika ütüsünü, “Zil” markalı 01 ədəd laqondanı və “Ural Zid” markalı 01 ədəd direli polisə təqdim edir. Şahidin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti 21 oktyabr 2023-cü il tarixdə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə təsvir etməklə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sənəddən, həmçinin elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz üçüncü qrup əlildir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində 17 aprel 2024cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə olaraq az ağır cinayətin törədilməsində ittiham olunmasını və üçüncü qrup əlil olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “CST/Berger” markalı ölçü cihazı, “Bosch” markalı 01 ədəd beton dağıdan preferator, 01 ədəd “Candan” markalı santexnika ütüsü, 01 ədəd “Zil” markalı laqonda və 01 ədəd “Ural Zid” markalı direl Zərərçəkmiş şəxs qaytarılmasını, eyni zamanda, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “CST/Berger” markalı ölçü cihazı, “Bosch” markalı 01 ədəd beton dağıdan preferator, 01 ədəd “Candan” markalı santexnika ütüsü, 01 ədəd “Zil” markalı laqonda və 01 ədəd “Ural Zid” markalı direl Zərərçəkmiş şəxs qaytarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar