Məhkəmə qərarları › İş №1(009)-206/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-206/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-206/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 8, mənzil 8 qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakım tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, 15 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Nazirlər Kabinetində sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə 16 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasınm yaxınlığında 450 manat, 18 dekabr 2020-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 600 manat, 24 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər parkı”nda 400 (dörd yüz) manat pulunu aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 1450 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, özgənin əmlakım tamah niyyəti ilə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, 24 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi qızıl təmiri və satışı köşkü yerləşən Bakı şəhəri Səbail rayonu Nizami küşəsi 48 ünvandakı Mərkəzi Univermağın qarşısına gələrək, burada tanışı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng edərək Təqsirləndirilən şəxs tanış olduğu üçün istədiyi qızıl-zinət əşyalarmı hazırda ödəniş etmədən verməsini xahiş etdikdən sonra, Zərərçəkmiş şəxs2 ona yaranmış etibarından sui-istifadə edərək, nişan mərasimi üçün əmisi oğluna qızıl üzük hədiyyə etmək istədiyini, lakin iki üzük götürərək qohumu tərəfındən bəyənilən üzüyün pulunu ödəyəcəyinə, digərini isə iki saat ərzində qaytaracağına dair yalandan vəd edərək aldadıb, hər ikisi 750 əyyarlı olmaqla, bir ədəd 4 qram çəkidə 750 manat dəyərində, bir ədəd 3,8 qram çəkidə 650 manat dəyərində, cəmi iki ədəd brilliant qaşlı qızıl üzükləri ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu, özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin dekabr ayından etibarən Nizami rayonu Qara Qarayev metrostansiyası tərəfdə olan kafeyə hərdən gedibgəlirmiş, həmin kafeni işlədən Tərlan adlı şəxslə kafedə tanış olmuş və ona Dövlət Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətində yüksək vəzifədə işlədiyini bildirmiş və iş düzəltəmək imkanının olduğunu demişdir. Tərlan bilirmişdir ki, Anar adında qohumu var və işsizdi. O, Tərlana öz mobil telefon nömrəsini bildirmiş və onunla əlaqə saxlamasını demişdir. 15 dekabr 2020-ci il tarixdə bir nəfər ona zəng vuraraq adının Anar olduğunu və telefon nömrəsini iş düzəltməklə bağlı Tərlandan aldığını demişdir. O, bildirmişdir ki, Anarı Nazirlər Kabinetində şöbə müdirinin sürücüsü kimi işə düzəldəcək və ayda 750 manat məvacib alacaq. O, Anardan inandırıcı olması üçün şəxsiyyət vəsiqəsinin surətini və sürücülük vəsiqəsinin surətinin lazım olduğunu bildirmişdir. Bundan başqa Anara demişdir ki, sənədlərin hazırlanması üçün 450 (dörd yüz əlli) manat pul lazım olacaq. 16 dekabr 2020-ci il tarixdə saat 13:00 radələrində Nizami rayonu ərazisində olan “Koroğlu” metrostansiyasının yaxınlığında Anarla görüşmüş və ondan 450 (dörd yüz əlli) manat pulu almışdır. 18 dekabr 2020-ci il tarixdə maşını götürmək üçün 600 (altı yüz) manat pul lazım olduğunu bildirmiş və yenə də həmin gün saat 13:00-14:00 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında görüşmüş və Anardan 600 (altı yüz) manat pul almışdır. Təxminən 23 dekabr 2020-ci il tarixdə o, Anarla telefon əlaqəsi saxlayaraq iş üçün əlavə 400 manat pul lazım olduğunu, işə başlayandan sonra 600 manat məbləğində, yəni 200 manat əlavə olunmaqla ona qaytarılacağını demişdir. Bundan başqa Anara əmisi oğlunun toyu olacağını, bunun üçün qızıl üzük lazım olduğunu bildirərək, ona kömək edə biləcəyini soruşmuşdur. Anar demişdir ki, MUM ticarət mərkəzində qızıl zinət əşyaları satan Xəyyam adlı dostu ona köməklik edə bilər və Xəyyamın telefon nömrəsini də ona bildirmişdir. 24 dekabr 2020-ci il tarixdə saat 14:00 radələrində Anarla Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər” parkında görüşmüş, o, Anardan 400 (dörd yüz) manat pulu da almış və həmin gün saat 18:00-da gedib maşını götürə biləcəyini bildirmişqdir. Sonra MUM ticarət mərkəzi yaxınlığda təxminən saat 18:00 radələrində Xəyyamla gorüşmüşdür. Xəyyam onu qızıl satılan yerə aparmış, o, qızıl zinət əşyalarına baxmış və oradan 2 (iki) ədəd qızıl üzük götürmüşdür. Sabahı gün həmin qızıl üzükləri Neftçilərdə yerləşən Lombarda aparıb qoymuş və iki qızıl üzüyə görə 700 (yeddi yüz) manat pul almışdır. Əlinə düşən pulu mərc oyunlara verirmiş ki, pul qazansın və həmin pul ilə dəymiş ziyanı ödəsin, amma hər dəfə pulları uduzmuşdur. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tərlan onun qohumudur. Tərlan Nizami rayonu Qara Qarayev metrostansiyası tərəfdə kafe işlədir. O, hərdən yemək yemək üçün həmin kafeyə gedirmiş. Sonradan adının Əsgər Abudərhmanov olduğunu bildiyi şəxs, Tərlanın daimi müştərilərindən olub və davamlı kafeyə gedirdi. Oradan Tərlanla aralarında münasibət yaranıb və bildirib ki, adı Ələsgərdi, Dövlət Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətində yüksək vəzifədə işləyir, iş düzəltəmək imkanı var. Həmin vaxt o, işsiz olmuş və bunu Tərlan bilirmiş. Tərlan ona Ələsgərin işə düzəltmək imkanı olmasını demiş və Ələsgərin telefon nömrəsini ona bildirib, danışıb görüşərək bu barədə söhbət etməklərini təklif etmişdir. O, Ələsgərin telefon nömrəsini almış, 15 dekabr 2020-ci il tarixdə Ələsgərlə telefon əlaqəsi saxlamışdır. Ələsgər ona bildirmişdir ki, onu Nazirlər Kabinetində şöbə müdirinin sürücüsü kimi işə düzəldəcək, ayda 750 manat məvacib alacaq, əlavə bayramlarda da ona hörmət edəcəklər. Ələsgər ona şəxsiyyət vəsiqəsinin və sürcülük vəsiqəsinin surətinin lazım olduğunu demişdir. Ələsgər bildirmişdir ki, sənədlərin hazırlanması üçün 450 (dörd yüz əlli) manat pul lazım olacaq. Razılaşmışlar, o, sənədlərin şəklini WhatsApp vasitəsi ilə Ələsgərə göndərmişdir. 16 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Nizami rayonu ərazisində olan “Koroğlu” metrostansiyasınm yaxınlığında görüşərək, o, Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs 450 (dörd yüz əlli) manat pul vermişdir. 18 dekabr 2020-ci il tarixdə Ələsgər ona maşını götürmək üçün 600 (altı yüz) manat pul lazım olduğunu bildirmiş və yenə də həmin gün saat 13-14 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında görüşmüşlər. O, Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs 600 (altı yüz) manat pulu burada vermişdir. Telefon əlaqəsi saxladıqları zaman Ələsgər bildirirmiş ki, qarşıdan gələn bayramla əlaqədar olaraq işlər çoxdu, işin yaxın zamanda düzələcəyini demişdir. Təxminən 23 dekabr 2020-ci il tarixdə Ələsgər onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, iş üçün əlavə 400 manat pul lazımdı həmin pul veriləcək, o, işə başlayandan sonra 600 manat məbləğində, yəni 200 manat əlavə olunmaqla ona qaytarılacaq. Söhbət əsnasında Ələsgər ona bildirmişdir ki, əmisi oğlunun toyu olacaq, bunun üçün qızıl üzük lazımdır, köməklik etmək imkanının olub-olmadığını soruşmuşdur. O, bildirmişdir ki, MUM ticarət mərkəzində qızıl zinət əşyaları satan Xəyyam adlı dostu var, ona deyər, köməklik edər və Xəyyamın telefon nömrəsini də bildirmişdir. 24 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Ələsgərlə əvvəlldən razılaşdıqları yerdə, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər parkı”nda görüşmüşlər. O, Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs burada 400 (dörd yüz) manat pul vermişdir. Ələsgər ona bildirmişdir ki, «işi bu gün həll edəcəm saat 18:00- da gedib maşını götürərsən». Onunla görüşdükdən sonra Ələsgər Səbail rayonu ərazisində yerləşən MUM ticarət mərkəzi yaxınlığında dostu Xəyyamla görüşmüşlər. Xəyyamın işlədiyi yerdə, MUM ticarət mərkəzində qızıl zinət əşyalarına baxmış, oradan 2 (iki) ədəd qızıl üzük götürmüşdür. Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, üzüklərdən iki ədədini seçib aparıb evdə göstərmək istəyir ki, hansı birini bəyənsələr götürsünlər, üzüyün biri ilə digərinin pulunu iki saat ərzində gətirib verəcək. Üzükləri aparması üçün Xəyyamdan xahiş etməyini istəmiş, o, əvvəl tərəddüt etmiş, yəni şübhələnmiş, lakin saat 18-də maşını götürmək üçün gedə biləcəyini düşünərək Xəyyamdan xahiş etmişdir ki, üzükləri aparmasına icazə versin. Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs üzükləri götürərək getmiş, bundan üç saat sonra o, onunla telefon əlaqəsi saxalamış, Ələsgər maşının qəza olduğunu, ona görə gecikdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs dəfələrlə bəhanələr gətirmişdir. Sonra Xəyyam onunla telefon əlaqəsi saxlayıb Ələsgərin Xəyyama “20 yanvar” metrostansiyası yaxınlığına gəlməsini deyib, orada Xəyyamı saat 24 radələrinə qədər gözlətdiyini bildirmişdir. Sonradan Ələsgər kimi tanıdığı Təqsirləndirilən şəxs onların hər ikisini də aldatdığı məlum olmuşdur. O, bu barədə 9-cu polis bölməsinə şikayət ərizəsi vermiş, Ələsgəri ora gətirən zaman Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən iyirmi ilə yaxındır qızıl zinət əşyaları təmir edən və hazırlayan usta kimi işləyir. Zərərçəkmiş şəxs1 ilə bir ildən artıqdır ki, tanışdırlar. Yaxın münasibətləri var, etibarlı insan kimi tanıyır. 23 dekabr 2020-ci il tarixdə Anar ona zəng vuraraq Ələsgər adlı tanışının yaxın qohumunun toyu olduğunu, qızıl üzük almaq istədiyini və bunun üçün Ələsgəri onun yanına göndərmək istədiyini bildirdirəndə, o, etiraz etməmişdir. 24 dekabr 2020-ci il tarixdə saat 14 radələrində bir nəfər onun işlədiyi, Səbail rayonu ərazisində yerləşən MUM univermağınm qarşısına gəlmiş, görüşmüşlər. Həmin şəxs adının Ələsgər olduğunu bildirmişdir. O, həmin şəxsə 2 (iki) ədəd qızıl üzük göstərmiş, həmin üzüklər 750 əyyarlı olmuş, hər iki üzüyün üzərində briliyant qaş olmuş, üzüklərdən birinin çəkisi 4 qram, digərinin çəkisi isə 3, 800 qram olmuşdur. Üzüklərdən 4 qramlığın qiyməti 750 (yeddi yüz əlli) manat, 3,800 qramhğmm qiyməti isə 650 (altı yüz əlli) manat olmuş, üzüklərin hər ikisinin ümumi qiymət 1400 (min dörd yüz) manat təşkil etmişdir. Ələsgər adlı şəxs üzüklərdən birini alacağını, lakin üzüklərin ikisindən birini seçmək üçün aparmaq istədiyini, iki saat müddətində üzüklərdən birini, digərinin isə pulunu gətirəcəyini demişdir. O, həmin şəxsi tanımadığından Anara zəng vuraraq bu barədə bildirəndə, Anar üzükləri verməyini, bunun üçün heç bir problem olmadığını bildirmişdir. O, hər iki üzüyü Ələsgər kimi özünü təqdim edən şəxsə vermişdir. Bundan üç saat keçdikdən sonra o, Ələsgər adlı şəxsə zəng edərkən telefonun bağlı olduğunu görmüş və Anara zəng vurmuş, Anar da Ələsgər adlı şəxsin telefonuna bir neçə dəfə zəng vurduğunu, telefonun bağlı olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Ələsgər adlı şəxslə telefon əlaqəsai saxlaya bilmişdir. Bu şəxs bildirmişdir ki, Kürdəmir rayonuna gedib, axşam qayıdacaq və “20 yanvar” metrostansiyası yaxınlığında onu gözləməyini istəmişdir. O, qeyd olunan yerə getmiş, bir neçə saat Ələsgəri gözləmiş, gəlmədiyi və telefonuna zəng çatmadığı üçün geri qayıtmışdır. Ondan sonra xəstlənmiş və bir müddət xəstə yatmışdır. 26 mart 2021-ci il tarixdə Anar ona zəng vuraraq Ələsgərin 9-cu polis bölməsində saxlanıldığını bildirmiş və bölməyə getdik orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2020-ci il tarixdən 2021-ci ilin mart ayına qədər Bakı şəhəri Nizami rayonu Şərifli küçəsində yerləşən «Bakı» kafesini icarəyə götürüb işlətmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində özünü Ələsgər kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olması məlum olan şəxs üç-dörd gündən bir kafeyə müştəri kimi gəlib getmişdir. Ələsgər ona Nazirlər Kabinetində sürücü işlədiyini, orada bir sürücü yerinin boş olmasını, ayda 700 manat əmək haqqı və 200 manat bayramlarda paket verildiyini, tanışı olsa həmin işə pulsuz düzəldə biləcəyini demiş, mobil nömrəsini ona bildirmişdir. Zərərçəkmiş şəxs1 onun qızının qaynıdır, həmin müddətdə işsiz olmuşdur. Bu səbəbdən ona Ələsgərin dediklərini Anara bildirmişdir. Anar razılaşmış və Ələsgərlə danışmaq istədiyini ona bildirmişdir. O, Ələsgərin telefon nömrəsini Anara vermiş, onlar danışıb görüşmüşlər. Əsgər Anardan işə düzəltmək üçün 600 manat pul istəmişdir. O, bu barədə zəng edib Əsgərə dediyi vaxt, sonuncu 600 manatı şirinlik və sənədlərin düzəldilməsi üçün istədiyini bildirmiş, o da bu barədə Anara demişdir. Anar razılaşıb və həmin məbləği Əsgərə verib. Sonra onların arasında nə olmasından xəbəri olmayıb. Bir müddət sonra Anar ona Əsgərin işə düzəltmək aldı ilə aldadıb 1450 manat pulunu almasım, eyni zamanda qohumunun nişanı üçün üzük lazım olmasım deyərək Anarın dostu Xəyyam adlı şəxsdən iki ədəd 1400 manat dəyərində qızıl üzük götürərək aldadıb ələ keçirdiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən DİO-da, hal-hazırda tutduğu vəzifədə, Nərimanov rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinirn əməkdaşı vəzifəsində 2019-cu ildən etibarən işləyir. Təqsirləndirilən şəxs onun bibisinin oğludur. 2021-ci ilin yanvar ayında Anar adlı şəxs onunla telefon əlaqəsi yaradaraq Əsgərin iş düzəltmək adı ilə aldadıb ondan 1450 manat pul və yaxın tanışından 1400 manat dəyərində qızıl zinət əşyaları aldığını və bununla bağlı onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt Nizami rayonu ərazisində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər. O, Anara demişdir ki, «sənə belə köməklik edərəm ki, Əsgərin ailə üzvlərinə səndən qeyd etdiyin məbləğdə pul aldığını bildirərəm sizə dəymiş ziyanı ödəyərlər». Bundan sonra Əsgəri Səbail RPİ-nin 9-cu polis bölməsinə dəvət etmişlər, o, Əsgəri bölməyə aparmışdır. Əsgər etirafedici izahat verərək həqiqətən də 1450 manatı Anardan işə düzəltmək adı ilə aldığını, eyni zamanda Anarın yaxın tanışmdan 1400 manat dəyərində qızıl zinət əşyaları aldığını bildirmiş, verilən pulları və qızıl zinət əşyalarını qaytaracağına dair yazılı formada söz vermişdir. Hazırda zərər tamamilə ödənilmişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 05 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Nizami Rayon Məhkəməsinin 29.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. 08.08.2016-cı ildə cəriməni tam ödəmişdir. Bakı şəhəri İcra şöbəsinin 25.11.2020-ci il tarixli qərarına əsasən mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu olaraq barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə barəsində axtarış elan edilməsi haqqmda” qərardan görünür ki, 17 may 2021-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 31.05.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təqdim edilmişdir. İş materiallarında olan cinayət təqibi üzrə dayandırılmış icraat təzələnməsi haqqında qərardan görünür ki, 31.05.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 02 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(009)-328/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 31.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 05 iyul 2021ci il tarixli 9/3869 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızılzinət əşyalarınm 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 702,0 manat müəyyən edilir. O cümlədən: 1. 750 əyarlı, üzərində kiçik ölçülü brilliant qaş olmuş, 4 qram çəkidə qızıl üzük 360,0 manat (4 qram x 90,0 manat). 2 .750 əyarlı, üzərində kiçik ölçülü brilliant qaş olmuş, 3,800 qram çəkidə qızıl üzük 342,0 manat (3,800 qram x 90,0 manat). Qeyd 1: Tədqiqat obyektləri tədqiqata təqdim edilmədikləri üçün müəyyən edilmiş qiymətlərdə dəyişmklik olması istisna edilmir. Qeyd 2: həmin qızıl zinət əşyalarının üzərində olan daşların mənşəyi, çəkisi, keyfıyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqatın dəyəri 50 (əlli) manat olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 mart 2010-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs oğludur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 25.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 25.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 25.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun adından X3 hesabına dəymiş zərərin 25 %-i olan 712 (yeddi yüz on iki) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci -50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar