Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-206/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum ounmuş və məhkumluğu götürülmüş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid tamah niyyətilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ünvan 2 ünvanında yerləşən “Stroy market” inşaat materialları mağazasına alıcı qismində 08 may 2022-ci il tarixdə səhər saat 10 radələrində gələrək, orada piştaxtalara düzülmüş mağaza sahibi Zərərçəkmiş şəxs məxsus dəyəri 80 manat olan bir ədəd kollektoru və dəyəri 65 manat olan bir ədəd dəmir kəsən laqonda daşını, 10 may 2022-ci il tarixdə, səhər saat 10 radələrində, təkrar mağazaya gələrək, orada piştaxtaya düzülmüş mağaza sahibi Zərərçəkmiş şəxs məxsus dəyəri 120 manat olan bir ədəd isti pol kollektorunu, dəyəri 45 manat olan bir ədəd su requlyatorunu, hər birinin dəyəri 4 manat olan cəmi 400 manat dəyərində bir ədəd qutuya yığılmış 100 ədəd su baçonkalarını və hər birinin dəyəri 5 manat olan cəmi 500 manat dəyərində bir ədəd qutuya yığılmış 100 ədəd isti pol krantlarını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1.210 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Səbail rayonu, Badamdar qəsəbəsində yaşamış, 2013-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə hazırda yaşadığı ünvana köçsə də, Badamdar qəsəbəsinə tez-tez gəlib-getmiş orada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 08 may 2022-ci il tarixdə günün səhər saatlarında tikinti materialı olan üzlük almaq üçün Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən inşaat materialları mağazasına gəlmiş, mağazada yaşlı bir kişinin satıcı olmasını görüb, üzlük və elektrik kabeli soruşmuş həmin vaxt satıcının başının qarışıq olmasından istifadə edib mağazanın rəfində satış üçün qoyulmuş 1 qutu kombi üçün kollektoru gizli olaraq götürüb əynindəki gödəkçənin alt hissəsinə şalvarın kəmərinə keçirmiş və mağazadan heç nə almadan çıxıb getmişdir. Həmin bir qutu kollektoru etibarnamə ilə idarə etdiyi avtomobilin yük yerinə qoymuş, sonra yenə 10 may 2022-ci il tarixdə səhər saatlarında, həmin tikinti materialları mağazasına gəlmiş, yenə mağazaya daxil olub mağazanın yaşlı satıcısı olan kişi ilə bir müddət söhbət etmiş, yenə satıcının başı qarışıq olmasından istifadə edib 1 ədəd manometri gizli götürmüş və əynindəki gödəkçənin altına qoymuş sonra bir qutu kollektorun borusunu götürüb yenə gödəkcənin altında gizlətmiş, ardınca bir qutu laqonda daşını, 2 ədəd istilik radiatorların başlıqlarını gizli götürərək gödəkçəsinin altında gizlətmişdir. Bundan sonra yenə həmin mağazadan çıxaraq avtomobilə əyləşib getmişdir. O, oğurladığı inşaat mallarını həmin günü “Koroğlu’ metrosu yaxınlığında əvvəllər tanıdığı Zaur adlı usta ilə görüşüb göstərərək, evində apardığı təmirdən artıq qalmış özünə məxsus mallar olmasını bildirmiş və həmin malları cəm şəkildə Zaura 55 manata satmış, həmin malların oğurluq olmasını sonuncuya deməmişdir. Sonra 17 may 2022-ci il tarixdə, o, Badamdar qəsəbəsində yerləşən 236 saylı məktəbin yaxınlığında olduğu zaman ona Səbail Rayon Polis ldarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları yaxınlaşıb polis bölməsinə dəvət edərək, orada ondan inşaat materialları mağazasından oğurluq etməyi ilə əlaqədar sorğular aparıb, ona həmin mağazanın içərisində müşahidə kamerası vasitəsi ilə çəkilmiş görüntülər göstərildikdə o, səmimi olaraq həmin inşaat materialları mağazasından oğurluq etməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs, son sözündə törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki az yaşlı uşağının olmasını və gənc olmasını nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri, məhkəmə istintaqı zamanı onun özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, hadisə yerindən götürülmüş video görüntü, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayır. Rəsmi heç bir yerdə işləməsə də təxminən 8 ay olar ki, ünvan 4 ünvanında yerləşən “Story Market” adlanan inşaat materialları mağazasını icarə əsasında işlədir. O, mağazanı tək işlətdiyindən hər gün səhər saat 09 radələrində açıb axşam saat 20 radələrində bağlayır. 08 may 2022-ci il tarixdə günorta saatlarında bir nəfər tanımadığı şəxs mağazaya gələrək satış rəflərində düzülmüş malların qiymətləri ilə maraqlanmış, lakin heçnə almadan çıxıb getmiş, həmin günü o mağazanın rəflərində satış üçün düzülmüş mallara nəzarət edərkən, bəzi malların yəni bir ədəd 80 manat dəyərində kollektor və bir ədəd 65 manat dəyərində dəmir kəsən laqonda daşının yerində olmadığını görsə də əhəmiyyət verməmişdir. Sonra bir neçə gün keçmiş yəni, 10 may 2022-ci il tarixdə səhər saatlarında yenə əvvəllər mağazaya gəlib rəflərə satış üçün düzülmüş mallara baxaraq özünü şübhəli aparmış cavan oğlan yenə heç nə almadan çıxıb getdiyindən, o, həmin şəxsin rəflərə düzülmüş inşaat materiallarını oğurlamasından şübhələnmiş, bundan əmin olmaq üçün həmin günü o, mağazanın içərisində quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxa bilməmiş, nəhayət 16 may 2022-ci il tarixdə mağazada quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxarkən, mağazaya alıcı kimi gəlmiş və onda şübhə oyatmış şəxsin 08 may 2022-ci il tarixdə, səhər saat 10 radələrində mağazanın rəflərində düzülmüş bir ədəd 80 manat dəyərində kollektoru və bir ədəd 65 manat dəyərində dəmir kəsən laqonda daşını,sonra isə 10 may 2022-ci il tarixdə, səhər 10 radələrində, təkrar mağazaya alıcı kimi gəlib rəflərdə düzülmüş 1 ədəd 120 manat dəyərində isti pol kollektoru, 1 ədəd 45 manat dəyərində su requlyatoru, hər birinin dəyəri 4 manat olan cəmi 400 manat dəyərində bir ədəd qutuya yığılmış 100 ədəd su bançokaları və hər birinin dəyəri 5 manat olan cəmi 500 manat dəyərində bir ədəd qutuya yığılmış 100 ədəd isti pol krantlarının oğurlanmasını aşkar etmiş, o, hesabladıqda həmin oğurluq nəticəsində ona cəmi 1.210 manat məbləğində maddi ziyan dəyməsini müəyyən etmişdir. Sonra o, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gedib oğurluq barədə şikayət ərizəsini və mağazasından inşaat materiallarını oğurlayan naməlum şəxsin müşahidə kamera görüntülərini təqdim etmişdir. Mağazasından oğurluq edən şəxs bir neçə dəfə mağazaya gəlib heç bir mal almadan getsə də həmin şəxsi o, tanımamış, həmin şəxsi o, ərizə verdikdən bir gün sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə təkrar dəvət olunduqda orada görüb tanıyaraq adı Təqsirləndirilən şəxs olmasını bilmiş, həmin şəxs də onun mağazasından inşaat materiallarını oğurladığını etiraf etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşı Şahid bildirmişdir ki, 16 may 2022-ci il tarixdə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə xidməti ərazidə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən “Stroy market” inşaat materialları mağazasını işlədən,mağaza sahibi Zərərçəkmiş şəxs gəlib ərizə ilə müraciət edərək, 2022-ci ilin may ayının 08-də və 10-da, səhər mağazaya alıcı qismində gəlmiş naməlum tanımadığı cavan oğlan, mağazada özünün başı qarışıq olmasından istifadə edərək, mağazanın pixtaxtalarına satış üçün düzülmüş müxtəlif çeşitdə inşaat materiallarını gizli olaraq götürməsini və əynindəki paltarlarında gizlədərək mağazanı tərk etməklə oğurlamasını həmin iki gün ardıcıl etdiyi oğurluqlar nəticəsində özünə cəmi 1.210 manat məbləğində maddi ziyan vurmasını, həmin tanımadığı şəxsin etdiyi oğurluqları, Zərərçəkmiş şəxs həmin günü mağazanın salonunda quraşdırılmış müşahidə kamerasına baxarkən aşkar etdiyi bildirərək, oğurluq hadisəsi əks olunmuş video görüntüləri Polis Bölməsinə təqdim etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi görüntülərdə oğurluq edən şəxsin sifəti və oğurluq etməsi tam aydın əks olunmuşdur. Bundan sonra o, Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Elvin Kərimovla birlikdə həmin oğurluq etmiş şəxsi müəyyən edib yaxalanması üçün əməliyyat-axtarış tədibləri keçirməyə başlamış və 17 may 2022-ci il tarixdə gecə saat 03:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində xidmətdə olub əməliyyat tədbirləri keçirərkən, Zərərçəkmiş şəxs mağazasından oğurluq etmiş və mağaza sahibinin təqdim etdiyi video görüntülərdə əks olunmuş şəxsə oxşar şəxsi qəsəbə ərazisində müəyyən edib Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında “Stroy market” inşaat materialları mağazasının salonunda quraşdırılmış müşahidə kameralarında olan video görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 2022-ci il may ayının 08-də və 10-da, Təqsirləndirilən şəxs “Stroy market” inşaat materialları mağazasının satış salonuna daxil olması, mağazada rəflər arası ilə gəzişərək satıcı mağaza sahibi X3 ilə söhbət etməsi, sonra satıcının başı qarışıq olmasından istifadə edib ardıcıl rəflərdə düzülmüş müxtəlf inşaat materiallarının qutularını gizlin şəkildə götürüb üzərində gizlətməsi, sonra da sakit şəkildə satıcının yanından keçib mağazanı tərk edb çıxıb getməsi müşahidə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: Bakı Hərbi Məhkəməsinin 07 aprel 2015-ci il tarixli hökmü ilə 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyul 2015ci il tarixli qərarı ilə, Bakı Hərbi Məhkəməsinin 07 aprel 2015-ci il tarixli hökmü dəyişdirilərək onun cəzası 04 ilə endirilmiş, Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxsin X2 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsininn X2 həbsdən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1- ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, iş materiallarında olan video görüntünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq onun tərəfindən ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən, 19 may 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərini və Abşeron ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-206/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-206/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver