Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-206/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2000-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, bərbər işləyən, məhkum olunmamış, Bakı şəhəri, Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, 20 aprel 2025-ci il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən "Al market" mağazasının giriş qapısının qarşısında Zərərçəkmiş şəxs ona arvadının işlədiyi gözəllik salonuna gəlməməsinə dair iradını özü üçün əsaslı səbəb hesab edərək, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmiş, Zərərçəkmiş şəxsun sifətindən dörd dəfə yumruq zərbəsi endirib onu yerə yıxmış, yerdə uzanmış vəziyyətdə isə baş nahiyyəsinə on dəfəyədək yumruq zərbələri, bir dəfə sifət nahiyəsinə təpik zərbəsi endirərək ona sol gözətrafı yumşaq toxumaların hematoması və hematoma fonunda gözün ağlı qişasının iç yarısına totaq qansızma, gözaltı nahiyənin cərrahi tikişli əzilmiş yarası, sol gözün iç bucağı nahiyəsinin sıyrığı, burun sümüyünün qapalı sınığı, sol yanaq-dodaq büküşü proyeksiyasının cüzi şişkinlik fonunda qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X1, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Zərərçəkmiş yalan ifadələr çox vermişdir. İstədiyi qızla zərərçəkmişin yoldaşı ilə eyni salonda işləyir. Qıza Famil ilə münasibətinin olduğunu bilirəm, bura gəlsə birdə gedib atana dəyəcəm. Qız qorxmuşdur. 15-20 gün keçdikdən sonra çantanı vermək üçün salona gedərkən Natiqlə qarşılaşmışdır. Natiq ona qarşı nalayiq ifadələr işlətmiş və bura gəlməməyini demişdir. Famil səbəb soruşmuş Natiq ona cavab vermək yerinə nalayiq ifadələr işlətmişdir. Daha sonra Natiqi itələyərək avtomobilinə əyləşmişdir. Natiq yoldaşına yaxınlaşıb “kamera görüntülərini ver polisə gedirəm” ifadəsini işlətmişdir. Üzərindən 1 il keçmiş lakin Natiq Familin bərbər içlədiyi salona gəlib pis ifadələr işlətmişdir. Natiqin atası gəlib üzr istəmişdir. Salondan çıxanda sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək bura gəl demişdir. Telefon mağazasına girmiş və mağazadan gec çıxmışdır. Lakin Natiq onu gözləmişdir. AL Marketin qarşısında söhbət etməyi təklif etmişdir. Nalayiq ifadələr işlətdiyi üçün özünü tənzimləyə bilməmiş. Hadisə baş vermişdir. Hadisədən sonra adam göndərərək bildirmişdir ki, pul ver şikayəti geri çəkim. Lakin razılaşmamışdır. Xəstə anasını saxlayır və evin tək uşağıdır ona görədə Natiqə şikayəti geri götürməsi üçün pul verə bilməmişdir. Atası rəhmətə getdiyindən ailəni özü dolandırdığı üçün gecə-gündüz işləyir. Əməlindən peşmandır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, həyat yoldaşı gözəllik salonu işlətmiş və Familin yaxın qohumu o salonda işlədiyindən ora gəlirmiş. Familə qadın salonu olduğundan ora getməməyini demişdir. Familin xoşuna gəlməmişdir. Famil qıcıqlandırıcı hərəkətlər edərək salona baxa-baxa avtomobil ilə salonun qarşısından keçmişdir. Al Marketin qarşısında söhbət edərkən Famil onu vurmuş və o xəsarət almışdır. İşinə təsir etmişdir. Gözünə və başına yumruqla vurmuş, yerə yıxıb yan hissələrinə təpiklə vurmuşdur. Şikayətçidir, barışmaq istəmir. Məhkəmə istintaqında Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirildiyi yer ünvan 2 ünvanında yerləşən "Al market" mağazasının qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.17-20). İş materiallarında olan 22 aprel 2025-ci il tarixli 177 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözətrafı yumşaq toxumaların hematoması və hematoma fonunda gözün ağlı qişasının iç yarısına total qansızma, gözaltı nahiyənin cərrahi tikişli əzilmiş yarası, sol gözün iç bucağı nahiyəsinin sıyrığı, burun sümüyünün qapalı sınığı, sol yanaq-dodaq büküşü proyeksiyasının cüzi şişkinlik fonunda qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v.42-45). İş materiallarında olan 21 aprel 2025-ci il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması haqqında” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.1). İş materiallarında olan 30 aprel 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.47). İş materiallarında olan 21 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.35). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına hər birinə 220 manat pul ödənilməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk və fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, N.Ələkbərov küçəsi ev 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Access Bank hesabına hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-206/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-206/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver