Məhkəmə qərarları › İş №1(009)-207/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-207/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-207/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Azadlıq küçəsi ev 90da qeydiyyatda olan və Səbail rayonu, G.Əliyev küçəsi ev 2-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək olan müddətdə, istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs anası X6 məxsus yaşayış sahəsi hesab olunan ünvan 1 ünvanında yerləşən evin pəncərəsindən həmin evə qanunsuz daxil olub evin qonaq otağında divara bərkidilmiş dəyəri 150 manat olan 01 ədəd “Sunny” markalı televizoru gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 150 manat dəyərində ziyan vurub oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulumuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, günorta saatlarında qonşusu Elmiqin yaşadığı evin boş olduğunu yəni evdə heç kimin olmadığını görüb, evin çölə olan pəncərəsini əli ilə içəriyə itələyib açmışdır. O pəncərə açıldıqdan sonra əli ilə pəncərədən tutub evə daxil olmuşdur. Otağda qara rəngli televizorun divara bərkildildiyini görüb həmin televizoru divardan qoparıb pəncərədən çıxarıb aparmışdır. Həmin günü qonşuluqda yaşayan televizor ustasına 20 manata satmışdır. Əməlindən peşmandır. Ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15.04.2021-də saat 17:00-da evin qapı pəncərəsini bağlayıb evdən getmiş, 21.04.2021-ci il tarixdə saat 08:30-da evə gəlmiş, evin qapısını açarla açıb daxil olduqda pəncərənin açıq olduğunu və evdən olan bir ədəd “Sunny” markalı divara bağlanmış televizorun oğurlandığını aşkar etmişdir. Həmin televizoru anası 390 manata almışdır. Ekspertiza rəyində müəyyən edilən 150 manat ziyanın məbləği ilə razıdır. Ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Şikayəti və tələbi yoxdur İş materiallarında olan 21 aprel 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 2 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı kreiminalist ekspert tərəfindən əl-barmaq izlərinin müayinəsi həyata keçirilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanmış “Sunny” markalı televizorun Təqsirləndirilən şəxs tərəfindən Səbail rayonu, G.Əliyev küçəsi, ev ö/t-40Q ünvanında X2 müəyyən edilmişdir. Odur ki, xx.xx.1965-ci il təvəllüdlü Gürcüstan Respublikasında anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X11 müəyyən edilərək izahatının alınması məqsədi ilə PB-yə dəvət olunmuş Alamdar Mamedov izahat verdikdən soma Elvin adlı şəxsin ona verdiyi “Sunny” markalı televizoru 8-ci PB-nin əməkdaşları sahə inspektoru, polis baş leytenantı X9 və PB-nin təhqiqatçısı, polis baş leytenantı X12 təhvil vermişdir. X1 təqdim etdiyi televizora baxış zamanı qara rəngli “Sunny”markalı, 32 dioqanallı, üz tərəfi salamat olan, arxa tərəfində sol üst küncdə əziyi və arxa orta hissəsində divara asmaq üçün nəzərdə tutulmuş kranşteyn adlanan qurğunun hissəsi olan televizor götürülmüşdür. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 15 aprel 2021-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 aprel 2021ci il tarixli qərardan görünür ki, X4 oğlu Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 23 aprel 2021-ci il tarixdə saat 21:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixli tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 24 aprel 2021-ci il tarixdə saat 10:00-da elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 24 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs oğlu dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zamanı o televizoru götürdüyü yeri göstərərək etmiş olduğu cinayət əməlini bir daha tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli 9/2765 nömrəli rəyindən görünür ki, aparılmış eskpert tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə televizorların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş əvvəllər istismar edilmiş “Sunny” markalı televizorun hazırkı işlənmiş vəziyətddə 21 aprel 2021-ci il tarixdə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 150,00 manat müəyyən olunur. Tədqiqatın dəyəri 75 (yetmiş beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu: 1) 17.09.2014-cü ildə Azərbaycan Respublikası CM-nin 236.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin tarixdə AR CPM-nin 40.2.2-ci maddəsi ilə rədd edilmişdir. 2) 22.04.2021-ci il tarixdə Qaradağ RPİ tərəfindən Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 16.06.2021-ci il tarixdə iş məhkəməyə göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 06.10.2021-ci il tarixli 1(004)- 74/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 17 dekabr 2021-ci il tarixli 21-1/268153-15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata düşmədiyi üçün onun 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, onun özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi, baxış keçirmə, ekspert rəyi , işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlini etiraf etməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Qaradağ rayon məhkəməsinin 06.10.2021-ci il tarixli 1(002)-270/2021 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 21 aprel 2021-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-270/2021 saylı 06.10.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Aydın oğluna təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Aydın oğluna cəza təyin edilməli, Qaradağ Rayon Məhkəməsinin 1(002)-270/2021 saylı 06.10.2021-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-270/2021 saylı 06.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixədək tutulduğu, cəmi 01 (bir) gün müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 04 (dörd) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, maddi sübut kimi tanınmış 01 ədəd “Sunny” markalı televizor Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(002)-270/2021 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixədək tutulduğu, cəmi 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar