Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-208/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Bakı şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Qəzənfər oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcısı olan bank kartından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərəçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30.05.2021 -ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanında yerləşən “Bazar store” mağazasının qarşısında olan “BMW 740 minik” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilə daxil olub, avtomobildən Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin **********850009 nömrəli əmək haqqı kartını gizli yolla talamış, daha sonra taladığı "xxxx" bank kartının pin kodunun kağızın üzərində yazılmasından istifadə edərək həmin kart vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə 30.05.2021-ci il tarixdə saat 04:46:53-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 50 ünvanında yerləşən bankomatdan 250 manat pul, ikinci dəfə saat 04:47:36da 250 manat pul, üçüncü dəfə saat 04:48:13-də 250 manat pul, dördüncü dəfə saat 04:49:17-də 100 manat pul, beşinci dəfə saat 04:50:33-də 50 manat pul, altıncı dəfə saat 04:51:49-da 50 manat pul nağd formada çıxararaq gizli yolla ələ keçirmiş, daha sonra həmin tarixdə saat 07:42:43-də həmin kart vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 30 A ünvanında yerləşən “Bravo” marketdən 422 manat dəyərində “Kent”, “Sobranie” və “Vintson” markalı 12 blok siqaret almış, sonuncu dəfə saat 09:29:36-da həmin kart vasitəsi ilə ünvan 5 ünvanında yerləşən “Zara” mağazasından 838 manat dəyərində geyim əşyaları alaraq cinayəti başa çatdırıb Zərərçəkmiş şəxs ümumilikdə 2210 (iki min iki yüz on manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son iki ildir ki, o, heç yerdə işləmədiyindən maddi vəziyyəti olduqca pisləşmiş, valideynləri ilə münasibətləri korlanmışdır. O, tanışlarından borc pul götürərək gündəlik ehtiyaclarını ödəmək məcburiyyətində qalmışdır. 30.05.2021ci il tarixdə, saat təxminən 04:00 radələrində o, ünvan 2 ünvanında yerləşən “Bazar Store” mağazasının qarşısından keçən zaman orada qara rəngli “BMW” markalı avtomaşının qapılarının açıq olduğunu görmüş, həmin avtomaşına yaxınlaşaraq qapısını açaraq sandıqçanı qaldırmışdır. Sandıqçada olan bir ədəd qara rəngli pul kisəsini götürərək açmış və içərisində bank kartlarının, sənədlərin olduğunu görmüşdür. O, sənədləri pul kisəsindən çıxararaq oturacağın üzərinə qoymuş, pul kisəsi ilə birlikdə 5 ədəd plastik kartı və avtomaşının arxa oturacağında olan 1 cüt idman ayaqqabısı və 1 ədəd idman köynəyini götürərək həmin yerdən uzaqlaşmışdır. Avtomobilin arxa oturacağında “HP” markalı notbuk olmuş, lakin o, həmin notbuku götürməmişdir. O, kartlara nəzər yetirdikdə görmüşdür ki, həmin kartlar, “Rabitə bank”, “Kapital bank”, “Beynəlxalq bank”, “Birkart” və "xxxx" un kartlarıdır. Üzərində "xxxx" yazılan kartın isə kodu kağıza yazılmış və kartın üzərində olmuşdur. 30.05.2021-ci il tarixdə, saat 04:45 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz” marketə gəlmişdir. Marketin yaxınlığında “Beynəlxalq Bank”ın bankomatına həmin üzərində "xxxx" yazılan kartı daxil edərək kodu yazmış və balansda 7000 manat pul olduğunu görmüşdür. O, həmin kartdan 3 dəfə 250 manat, iki dəfə 50 manat və bir dəfə 100 manat olmaqla ümumilikdə 950 manat pul çıxartmışdır. Pulu çıxartdıqdan sonra o, saat təxminən 07:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən “Bravo” marketə gedərək həmin "xxxx" kartı vasitəsilə ümumilikdə dəyəri 422 manat təşkil edən “Kent”, “Sobranie”, “Vinston” markalı 12 blok siqaret alaraq həmin siqaretləri ucuz qiymətə şəhərin müxtəlif yerlərində yerləşən köşklərə satmışdır. Təxminən saat 09 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Zara” mağazasına daxil olaraq burada 838 manat dəyərində özü üçün 2 ədəd şalvar, 4 ədəd köynək, 2 cüt ayaqqabı, 4 cüt corab, 2 ədəd alt paltarı və 1 ədəd jaket almışdır. Saat 10:30 radələrində o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında kartda nə qədər pul qaldığını yoxlamaq üçün kartı bankomata daxil etmiş və kartın bloklandığını görmüşdür Həmin gün saat təxminən 16:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsində yerləşən “Happy İnn” otelə getmiş və 304 nömrəli otağı götürmüşdür. Daha sonra o, tanışı Şahid1 zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Şahid1 ilk əvvəl onunla görüşmək istəməsə də, daha sonra razılaşaraq həmin ünvana gəlmişdir. Həmin gecəni onlar oteldə qalmışlar. 31.05.2021-ci il tarixdə səhər saatlarında o, oğurladığı 5 ədəd bank kartını otelin yaxınlığında yerləşən zibil qutularından birinə atmışdır.Həmin gün axşam saatlarında mülki geyimdə olan polis əməkdaşları qaldığı otelə gələrək onu polis bölməsinə dəvət etmişlər. Əməlindən peşmandır. Vurulmuş zərər tam ödənilmiş və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 29.05.2021-ci il tarixdə saat təxminən 19 radələrində o, idarə etdiyi, “BMW” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşını içərisində özünə məxsus sənədlərin və bank kartlarının olduğu pul kisəsini avtomobilin sandıqçasına qoyaraq yaşadığı binanın yaxınlığında yerləşən “Bazar Store” mağazasının qarşısında saxlayaraq evinə getmişdir. 30.05.2021-ci il tarixdə səhər o, yuxudan oyanaraq mobil telefonunu yandırdıqda ona məxsus maaş kartı vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Zara” mağazasından 838 manat dəyərində alış-veriş edilməsi ilə bağlı “MilliKart” sistemindən sms bildiriş gəlmişdir. O, dərhal mənzildən çıxaraq avtomaşını saxladığı ünvana getmişdir. Avtomaşına yaxınlaşdıqda avtomaşının qapılarının açıq vəziyyətdə olduğunu və özünə məxsus sənədlərin oturacağın üzərində olduğunu görmüşdür. Bundan sonra sandıqçanı qaldırmış və pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Daha sonra o, DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. O, baş vermiş hadisə ilə bağlı “Milli Kart” şirkətinə zəng etmiş və şirkət tərəfindən ona məxsus kartdan 30.05.2021-ci il tarixdə saat 04:46 radələrindən saat 09:29 radələrinədək ümumilikdə 2210 manat pul çıxarıldığı bildirilmişdir. Bundan sonra o, bütün kartlarını blok elətdirmişdir. Avtomaşından yalnız ona məxsus bank kartları, bir cüt ayaqqabı və bir ədəd idman köynəyi oğurlanmışdır. Şikayətçi deyil, ona vurulmuş zərər tam ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, 30.05.2021-ci il tarixdə saat təxminən 14 radələrində Kənan ona zəng vuraraq görüşmək istədiyini və Xətai rayonunda yerləşən “Happy İnn” otelinə gəlməyini demişdir. O, ilk əvvəl görüşmək istəməsə də sonradan razılaşaraq Kənanın dediyi “Happy İnn” otelə getmişdir. Həmin günü Kənanla orada qalmışdır. 31.05.2021-ci il tarixdə saat təxminən 16:00 radələrində otağa mülki geyimdə olan polis əməkdaşları gələrək Kənanı bölməyə aparmış və ona məlum olmuşdur ki, Kənan özgəsinin bank kartını talayaraq həmin kartla oğurluq etmişdir. Kənan oğurluq etməsi barədə qabaqcadan ona heç bir söz deməmiş və Kənanla arasında bu barədə heç bir razılıq olmamışdır. O, Kənanla görüşdükdə belə Kənan ona oğurluq etməsi barədə bir söz deməmişdir. O, Kənanın oğurluq etməsini yalnız polis əməkdaşlarından öyrənmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 30 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş, cinayətin başa çatma yerinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Zara” geyim mağazası olması müəyyən edilmişdir. Hadisə yerinin şəkilləri çəkilərək baxış keçirilməsi barədə protokola əlavə edilmişdir. İş materiallarında olan təqdim edilmiş maddi sübutların götürülməsi barədə 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin plastik kartından ünvan 5 ünvanında yerləşən “Nərgiz Mall” ticarət Mətkəzində olan “Zara” mağazasından 838 manat dəyərində aldığı əşyaları və Zərərçəkmiş şəxs məxsus BMW” markalı avtomobildən götürdüyü geyim əşyalarını təqdim etmişdir. Həmin əşyalara 3 ədəd ayaqqabı, 2 ədəd şalvar, 5 ədəd köynək, 4 cüt corab və 2 ədəd alt paltarı daxildir. Təqsirləndirilən şəxs həmin əşyalardan 1 cüt ayaqqabı və köynəyi avtomaşından götürdüyünü, digər əşyaları isə Zərərçəkmiş şəxs məxsus kartdan istifadə etməklə “Zara” mağazasından aldığını bildirdi. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2021-ci il tarixli qərardan və şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə, saat 00:45 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqdim etmə barədə 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd pul kisəsini istintaqa təqdim etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqdim etmə, götürmə və baxış haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sms bildiriş və görüntüləri istintaq təqdim etmiş, təqdim olunmuş sms bildirişə baxış keçirilərkən müəyyən olundu ki, 30.05.2021-ci il tarixdə saat 09:29-da son rəqəmi *009 olan kartdan 838 manat pul “Zara” geyim mağazasında xərclənmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan, üzərində “Giorgio Armani” sözləri yazılmış pul kisəsini təqdim edilmiş əşyaların arasında tanımışdır. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan ayaqqabını təqdim edilmiş əşyaların arasında tanımışdır. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan, üzərində “Go Re” sözləri yazılmış köynəyi təqdim edilmiş əşyaların arasında tanımışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-329/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 01 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/3740 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci il in may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 20.00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd tünd göy rəngli Jack&Jones Core L Made in Banqladesh yazıları olan qısaqol köynək-3,00 manat, 1 ədəd 9x16 ölçülü Giorgio Armani yazıları olan süni dəri materialdan hazırlanmış pul kisəsi-10,00 manat, 1 ədəd göy rəngli Jack&Jones yazıları olan kişi idman ayaqqabısı-7,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq təqdim olunmuş video-diskə baxış keçirilərkən müəyyən olundu ki, müşahidə kamerası Yasamal rayonunda yerləşən “Bazar store” mağazasının qarşısında quraşdırılmışdır. Videogörüntüdə bir nəfər əynində qara uzunqol köynək və göy cins şalvar geymiş şəxsin mağazanın qarşısında dayanmış qara rəngli markası və dövlət qeydiyyat nişanı görünməyən avtomobilin qabağında dayanması, daha sonra avtomobilə yaxınlaşaraq qabaq sağ qapısını açıb avtomobilə əyləşməsi, bir qədər sonra əlində saxladığı kağız paket və qara rəngli çanta ilə avtomobildən çıxıb uzaqlaşması müşahidə olunur. İş materiallarında olan təqdim etmə, götürmə və baxış haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus maaş kartından çıxarışı istintaqa təqdim etmiş, təqdim olunmuş çıxarışa baxış keçirilərkən müəyyən olundu ki, Zərərçəkmiş şəxs məxsus kartdan 30.05.2021-ci il tarixdə saat 04:46:53-də ATM Araz marketdən 250 manat pul, 04:47:36-da ATM Araz marketdən 250 manat pul, saat 04:48:13-də ATM Araz marketdən 250 manat pul, saat 04:49:17-də ATM Araz marketdən 100 manat pul, 04:50:33- də ATM Araz marketdən 50 manat pul, saat 04:51:49-da ATM Araz marketdən 50 manat pul çıxarılmışdır. Bundan başqa, 30.05.2021-ci il tarixdə saat 07:42:43-də Bülbül 18, “Bravo” marketdə 422 manat pul, saat 09:29:36-da “Zara” Nizami- Bakuda 838 manat pul xərcləndiyi görünür. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi “BMW” markalı avtomobildən pul kisəsi ilə plastik kartlar, həmçinin 1 ədəd köynək və 1 cüt ayaqqabı götürdüyü Yasamal rayonu, Z.Xəlilov küçəsi 62 ünvanında, "xxxx" MMC-nin plastik kartından 950 manat pul çıxardığı Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospekti 50 ünvanında, "xxxx" MMC-nin plastik kartı vasitəsi ilə 422 manat dəyərində siqaret aldığı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospketi 30A ünvanında, son olaraq Azər poçt” MMCnin plastik kartı vasitəsi ilə 838 manat dəyərində geyim əşyaları aldığı ünvan 5 ünvanında yoxlanılmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, “Zara” geyim mağazasının təhlükəsizlik kamerası operatoru istintaqa 01 ədəd disk şəklində iş üçün əhəmiyyət kəsb edən görüntülər təqdim etmiş, təqdim olunmuş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, diskin içərisində 4 ədəd videofayl vardır. Diskdə olan birinci hissə videofayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, bir nəfər əynində qara uzunqol köynək və göy rəngli cins şalvar olan şəxs “Zara” mağazasına daxil olur. Diskdə olan ikinci hissə videofayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, bir nəfər əynində qara uzunqol köynək və göy rəngli cins şalvar olan şəxs əlində saxladığı paketlərlə birlikdə “Zara” mağazasından çölə çıxır. Diskdə olan üçüncü hissə videofayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, bir nəfər əynində qara uzunqol köynək və göy rəngli cins şalvar olan şəxs “Zara” mağazasından çölə çıxır. Diskdə olan dördüncü hissə videofayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, bir nəfər əynində qara uzunqol köynək və göy rəngli cins şalvar olan şəxs “Zara” mağazasında işləyən xanıma əlində olan plastik kartı verir, həmin xanım kartı post terminal aparatına daxil etdikdən sonra, həmin şəxsə qaytarır, həmin şəxs isə kartın kodunu yığaraq xanıma verir. İş materiallarında olan təqdim etmə, götürmə və baxış haqqında 18 iyul 2021-ci il tarixli protokoldan görünür ki, “Zara” geyim mağazasının satıcısı Şahid2 istintaqa bir ədəd qəbz təqdim etmiş, təqdim olunmuş qəbzə tərəfimdən baxış keçirilərkən müəyyən olunmuşdur ki, 30.05.2021-ci il tarixdə saat 09:29-da “Zara” geyim mağazasında 838 manat dəyərində satış həyata keçirilmiş və həmin məbləğ vətəndaş Zərərçəkmiş şəxs məxsus 670675******0009 nömrəli plastik kart vasitəsi ilə ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 24 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus 1 ədəd köynəyi, 1 cüt idman ayaqqabısını və 1 ədəd pul kisəsini istintaqdan təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin 11 avqust 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs 27 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2210 manat ziyan tam şəkildə ödənilmişdir. Bununla bağlı ilə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddiası yoxdur. Təqsirləndirilən şəxslə aralarında barışıq olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zərəri tam ödəməyini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək, yəni 04(dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs avtomobildən oğurladığı 1 ədəd köynək, 1 cüt idman ayaqqabısı və 1 ədəd pul kisəsi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək, yəni 04(dörd) ay 06 (altı) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə fotoşəkillər və 02 (iki)ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-208/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-208/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver