Məhkəmə qərarları › İş №1(009)-208/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-208/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-208/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cu ildə Zərdab rayonu Otmanova kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Zərdab rayonu Otmanoba Ə/D Otmanoba kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respyublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üstündə saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2025-ci il tarixdə saat 16:05 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq orada şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2010-ci il tarixdən narkotik vasitə qəbul edir. O, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan ərazidə adını bilmədiyim bir nəfər şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə olan heroin lazım olanda bura gəlib ondan ala bilər. O, da narkotik vasitə lazım olanda Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 03 mart 2025-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan əraziyə gedib həmin şəxsi taparaq və ona 20 manat verib, ona narkotik vasitə olan bir büküm herion gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim edərək vermişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, münasib yer tapıb bir qədərindən öz şəxsi istifadəsi üçün qəbul edər. Bundan sonra o, elə həmin günü yəni 03 mart 2025-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman, bir necə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək saxlamışlar. Bundan sonra polis əməkdaşları onun üzərində narkotik vasitə olan maddə və ya digər əşyaların olub-olmamasını soruşaraq təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini onun iştirakı ilə qablaşdırılaraq video çəkilişlə götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Səbail RPİ-nin 39- cu PB-nə dəvət etmiş, o da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bundan sonra polis bölməsində onun tərəfindən polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini baxış və götürmə keçiriləcəklərini ona bildirilmişdir. Bundan sonra polis bölməsinin inzibati binasında otaqların birində baxış və götürmə keçirilməsi üçün ona hüquq və vəzifələrim izah olundu, müdafiəçi təqdim olunaraq və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə baxış və götürmə keçirilmişdir. Bundan sonra polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini götürməsi barədə video çəkilişin iştirakçıların iştirakı ilə nümayiş etdirilərək 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroininə baxış və götürmə barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini haradan aldığını soruşduqda , o, həmin 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini öz istifadəsi üçün 03 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan ərazidə tanımadığım şəxsdən 20 manat pula aldığını bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs, əməlindən peşiman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə xidmət etdiyi Səbail RPİ-nnin 39-cu PB-nə Bakı şəhəri, Səbail rayonu Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qəbul etməsi və üzərində daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında onun vasitəsilə Səbail RPİ-nin 39-cu PB-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və sahə inspektoru polis leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və sahə inspektoru polis leytenantı Şahid3la birlikdə, 03 mart 2025-ci il tarixdə saat 15:30 radələrindən, həmin tarixdə saat 16:05 radələrinədək əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onuı saxlamışlar. Bundan sonra həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə 30 sentyvbr 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz narkotik vasitələrin qəbul etməsi və üzərində daşıması barədə məlumatlərının olduğunu bildirərək onun əməliyyat -axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması və götürməsi keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəyə oxşar heroinin təqdim edərək götürməsi barədə video çəkilişin iştirakçıların iştirakı ilə nümayiş etdilərək zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39-cu PB-nə getməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Səbail RPİ-nin 39cu PB-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi böləmnin təhqiqatçısı polis leytenanı Nicat Orucluya həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Nicat Oruclu öz növbəsində Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya baxış və götürmə keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərinin siyahılarını onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X5 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Nicat Oruclu vəkil Səyyarə Əliyevanı polis bölməyə dəvət etmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdiym etdiyi əşyaya və götürmə keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əməliyyat -axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması və götürməsi keçirilərkən onun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəyə oxşar heroinin öz istifadəsi üçün 03 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pula aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Nicat Oruclu tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya və götürmə keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya və götürmə və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı Nicat Oruclu tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəyə oxşar heroinin zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Fuad oğlu və həmin bölmənin sahə inspektoru polis leytenantı Şahid3 Fuad oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında 03 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri, şübhəli şəxsin üstünün yoxlanması və götürmənin aparılmasının əks olunduğu videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı Səbail RPİ-nin 39-cu PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Fuad oğlu və sahə inspektoru polis leytenantı Şahid3 Fuad oğlunun iştirakıları ilə əməliyyat -axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə oxşar maddəni könüllü çıxardıb təqdim edərək, öz istifadəsi üçün 03 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pula aldığını bildirmişdir. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsini əks etdirən videogörüntü və protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X2, Səbail RPİ-nin 39-cu PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Fuad oğlu və sahə inspektoru polis leytenantı Şahid3 Fuad oğlunun iştirakıları ilə 03 mart 2025-ci il tarixdə əməliyyat -axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması və götürmə üstünün yoxlanma aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini könüllü çıxardıb təqdim edərək, öz istifadəsi üçün 03 mart 2025-ci ıl tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pula aldığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının təyin olunması haqqında 04 mart 2025-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/950 nömrəli 04 mart 2025-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdimedilmiş üzərində "... Təqsirləndirilən şəxs ( imza)...’’sözləri olan zərifdəki bir ədəd bükümdə təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 04 mart 2025-ci il tarixli aktdan görünür ki, 0.562 qram qəbul olunmuş, 0,100 qram nümunə götürülmüş və 0,462 qram geri qaytarılmışdır. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş bükümdə təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, tədqiqatdan sonra sərf edilmiş 0,100 qram qalıq 0,462 qram narkotik vasitə heroin məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi haqqında 05 mart 2025-ci ıl tarixli qərar nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X10 638 nömrəli, 12 mart 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs orioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında 05 mart 2025-ci il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o saxlanıldığı Bakı şəhəri Səbail RPİnin X11 azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-255/2025 saylı, 22 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İnqlab oğlu barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirli Səbail Rayon Polis İdarəsinin 04 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İnqlab oğlu 24 may 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-208/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İnqlab oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur. İş materialalrında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışlardan və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs: Əliyarov X7 rayon xalq məhkəməsinin 17 may 1999-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102 maddəsinin 2-ci hissəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27 iyul 2004-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 iyul 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs İnqlab oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221,3;66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 may 2017-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməməiş 02 ay 12 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan başqa Əliyarov X12 rayon məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Əliyarov X8 rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1.,67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndi tədbıq edilməklə, qərarın 36-cı bəndinə əasən cəzadan azad edilməsi barəsində olan narkotik məcburi müalicə ləğv edildikdən sonra 15 saylı cəza çəkmə müəsissəsinə həyata keçirilmiş və 30 dekabr 2021 -ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Əliyarov X9 rayon məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07 noyabr 2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə narkotik vasitə olan tirkək 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs İnqlab oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,562 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs İnqlab oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs İnqlab oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs İnqlab oğlu öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İnqlab oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İnqlab oğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 221,3;66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 may 2017-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməməiş 02 ay 12 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs İnqlab oğlu məhkumluğu ödənilmədən yenidən 03 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İnqlab oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010 cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu səbəbədən, məhkəmə, Təqsirləndirilən şəxs İnqlab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs İnqlab oğlunun əməlində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs İnqlab oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzacəkmə müddətinin əvvəlinin 08 iyul 2025-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X10 638 nömrəli 12 mart 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs orioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsində saxlanılan və tədqiqata sərf olunduqdan sonrakı qalıq 0,462 qram narkotik vasitə heroinin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqata sərf olunduqdan sonrakı qalıq 0.544 qram narkotik vasitə tiryək məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar