Məhkəmə qərarları › İş №1(009)-212/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-212/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-212/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru vəzifəsində işləyən, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 45 nömrəli evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 8 A nömrəli evin 66 nömrəli mənzilində yaşayan, barəsində 06.08.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə, saat 17 radələrində arvadı X3 birinci əri olmuş Şahid2 Vəfa Ağazadə ilə boşandıqdan sonrakı dövrlərdə onların yaşadıqları mənzilə mütəmadi telefon zəngləri edərək onları narahat etməsi, Şahid2 onun barəsində Xətai RPİ-nin 37ci PŞ-nə şikayət ərizəsi yazması və onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə barəsində tanışı Şahid3 ilə görüşüb bu barədə ona məlumat verərək ondan bu məsələni həll etməyi xahiş etmiş və sonuncu da Şahid2 və sonuncunun qardaşı Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxslə onların aralarında yaranmış mübahisəni həll etmək üçün onları görüşə dəvət etdikdə, Təqsirləndirilən şəxs telefonu Şahid3 alıb özü İlqar Əkbərovla danışaraq, onunla ünvan 1 ünvanda yerləşən "‘Səadət” sarayının qarşısında görüş təyin etmiş, o, 03 aprel 2021-ci il tarixdə saat 18 radələrində özünün idarə etdiyi “Porshe-Cayene” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Şahid3 və sonuncunun azyaşlı oğlu Yusif Yusifzadə ilə birlikdə həmin ünvana gəlib idarə etdiyi avtomobildən düşərək özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, həmin vaxt küçədən keçən vətəndaşların gözü qarşısında Şahid2 ilə Zərərçəkmiş şəxs ünvanlarına nalayiq ifadələr işlətməklə, orada olan vətəndaşların rahatlıqlarını pozmaqla ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, daha sonra şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, əvvəlcə Şahid2 sağ ayağından təpiklə, sonra isə Şahid2 qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vuraraq, sonuncuya baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol üst göz qapağının və gözün bayır bucağının, sol burun çəpərinin, boyunun arxa səthinin yuxarı 1/3-nin sağ yarısının qançırları, sol üst göz qapağının əzilmiş yarası, eləcə də, təpiklə Zərərçəkmiş şəxs sağ əlinə zərbə vuraraq sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi fonunda hematoması kimi, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdə o, tanışı, əvvəl adını Ruslan Cəlilov kimi tanıdığı, Şahid3 ilə görüşüb söhbət edərkən, İlqar ilə aralarında baş verən problemlər barədə danışmışdır. Raul ona oturub söhbət edərək məsələni həll etməyi məsləhət görmüşdür. O, özü İlqar və Cəmil ilə görüş təyin etməmişdir. Raul onun yanında İlqara zəng edib məsələnin həll olunması üçün oturub söhbət etmək üçün Mərkəzi Univermağın yanında görüşməyi təklif etmişdir. İlqar da qardaşı Cəmilə bu barədə demişdir. Cəmil sonra özü onlara zəng etmiş, onlar «Səadət» sarayının qarşısında görüşməyə razılaşmışlar. Məhz «Səadət» sarayının qarşısında görüşmək təklifinin kimdən gəldiyini bilmir. Həmin gün təxminən saat 17:40-da o, tanışı Raul və Raulun oğlu Yusif ilə birlikdə ona məxsus avtomobil ilə «Səadət» sarayının qarşısında getmişdir. Oraya çatanda İlqar, Cəmil və digər tanımadığı şəxslər avtomobilin sağ tərəfinə yaxınlaşıb Raul tərəfdən avtomobilin qapısını açdıqdan sonra Raul avtobildən düşmüşdür. Sonra o da avtomobildən düşmüşdür. İlqar onun üzərinə gələrək ona təpik atmışdır. Orada tanımadığı bir neçə nəfər də olmuşdur. Xəsarət yetirmək məqsədi olmadan o, zərbə vurmuşdur və sonradan bilmişdir ki, bu zərbə Cəmilə dəymişdi. İlqar arxadan baş nahiyəsinə bir neçə yumruq zərbələri vurmuşdur. Zərbənin təsirindən o, özünü itirib avtomobilə dəyib yerə yıxılmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olarkən onun baş nahiyəsinə təpiklərlə vurmağa başlamışlar. Ona zərbə vuran şəxsləri görməmişdir. Sonra o, güc tapıb yerdən ayaq üstə qalxmış və avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid2 keçmiş arvadı Vəfa Ağazadənin hazırkı əridir. Şahinlə onun hər-hansı bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Qardaşı Şahid2 Vəfa Ağazadə ilə 2008-ci ildə ailə həyatı qurmuş, həmin nigahdan 2 azyaşlı uşaqları vardır, lakin 2019-cu ildə münasibətləri korlandığından boşanmışlar. Vəfanın İlqara qarşı aliment tələbi ilə bağlı icra işi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Təqsirləndirilən şəxs həvalə edilmişdir. 2020ci ilin iyun ayında qardaşı İlqar ona zəng vuraraq, onların arasında hansısa səmimi münasibət olmasından şübhələndiyini bildirmişdir. Təxminən 3 ay hadisədən əvvəl qardaşı İlqar ona bildirmişdir ki, azyaşlı qızı Aylin ona zəng vuraraq, onun atası olub-olmadığını soruşduğunu, həmin telefon danışığı zamanı isə Şahinin onun qızından telefonu götürərək, onu söyüb təhqir etdiyini bildirmişdir. Bununla bağlı isə qardaşı İlqarın müraciəti ilə bağlı Şahin barəsində Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılmış, Təqsirləndirilən şəxs polisə gəlməmiş, atası RPİ-nə gələrək Şahinin əvəzindən ondan və qardaşı İlqardan üzr istəyərək oğlunu bağışlamağını xahiş etmişdir. O da Rəşidin bu xahişinə görə Şahindən daha sonra şikayətçi olmamışdır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində qardaşı İlqar ona zəng edərək bir nəfər özünü Ruslan kimi təqdim edən, Şahid3 zəng edərək kobud şəkildə danışıb, təcili görüşə çağırdığını tələb etdiyini bildirmişdir. O isə narahat olaraq Raulun hansı səbəbdən qardaşını görüşə çağırdığını aydınlaşdırmaq üçün Raulun mobil telefon nömrəsi ilə əlaqə saxlayıb, nəyə görə qardaşı İlqarı axtardığını soruşduqda, Raul adlı şəxs onun İlqarın qardaşı olduğunu bildikdən sonra kobud şəkildə onu da görüşə çağırmışdır. O isə kobud formada danışmamasını və hazırda yanında azyaşlı qızı olduğunu, bu səbəbdən cavab qaytara bilmədiyini izah etməyə çalışdıqda isə Raul onun azyaşlı qızının ünvanına nalayiq ifadə işlətmişdir. O, artıq Raulun bu kimi hərəkətlərinə görə Raul ilə görüşməyi özünə borc bilərək, uşağı evə düşürüb, hara desə gələcəyini Raula bildirmişdir. Həmin vaxt isə Raul ona Yasamal rayonu ərazisində yerləşən «Yasamal qəbirsanlığı» ərazisində görüşməyi demiş, sonradan isə təkrar zəng edərək, onun yaşadığı evin qarşısında olduğunu demiş və onu «Səadət» sarayının qarşısına çağırmışdır. O, bununla bağlı yaşadığı ərazinin sahə inspektoru Şahid6 zəng vuraraq şifahi olaraq bildirmişdir. Oraya çatdıqda «Səadət» sarayının qarşısında «Porcshe» markalı avtomobil yolun ortasında saxlayaraq hərəkəti məhdudlaşdırdığını görmüşdür. Avtomobildə ilk dəfə Təqsirləndirilən şəxs və Şahid3 görmüşdür. Həmin vaxt isə Raul onu görən kimi «mən indi sənə göstərərəm, 81 yaşlı kişini üzr istətdirmək necə olur» deyərək, ünvanına nalayiq söyüş işlətmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs qardaşı İlqarın onun barəsində 37-ci PŞ-nə etdiyi şikayətlə əlaqədar atası Rəşidin qardaşı İlqardan və ondan üzr istəməsi ilə bağlı Ruslan adlı şəxsin vasitəsi ilə onu və qardaşını cəzalandırmaq niyyətindədir. Həmin vaxt isə o, Raulun onunla telefonda kobud danışması və ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı avtomobilin yanında dayanıb söhbət etdiyi zaman qəflətən Təqsirləndirilən şəxs avtomobildən düşərək, əvvəlcə qardaşı İlqarın sağ ayağına təpiklə vurmuş, bundan sonra isə Şahin arxadan ona yaxınlaşıb gözləmədiyi halda sifətinə yumruqla zərbə vurmuşdur. Həmin an qardaşı İlqar da yumruqla bir dəfə Şahinin baş nahiyəsinə vurmuşdur. Bu zaman o, məlumat verdiyindən sahə inspektoru Şahid6 və 9-cu PB-nin əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş və Təqsirləndirilən şəxs avtomobilinə əyləşib oradan uzaqlaşıb getmişdir. Həmin hadisə məhz Təqsirləndirilən şəxs Şahid3 vasitəsi ilə onu və qardaşı İlqarı kobudcasına və ünvanına nalayiq ifadələr işlətməklə, görüşə dəvət etməsi nəticəsində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı X3 hazırkı əri Şahinlə əvvəllər heç bir münasibəti olmamış, təxminən 3 ay hadisədən əvvəl anası ilə birlikdə yaşayan 11 yaşlı qızı Aylin ona zəng edərək, həqiqətən də onun atasının olub-olmadığını soruşmuş, onun atası olduğunu izah etməyə çalışdıqda, Şahin telefonu götürərək, onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də, Şahin barəsində Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmiş, lakin, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət olunmasına baxmayaraq, çağırışa gəlməmiş, Şahinin barəsində olan həmin araşdırma zamanı Şahinin atası Rəşid oğlunun bu hərəkətlərinə görə ondan və qardaşı Cəmildən üzr istəyərək oğlunu bağışlamasını xahiş etdikdə, Rəşidin bu xahişinə görə Şahindən daha sonra şikayətçi olmamışdır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində Şahid3 ona zəng edib, özünü Ruslan kimi təqdim etmiş, onunla kobud şəkildə danışıb, təcili görüşə gəlməyi tələb etmiş, o, isə Raulu tanımadığından və onunla görüşməyin səbəbini bilmədiyindən, məsləhətləşmək üçün qardaşı Cəmilə zəng edərək ona bu barədə bildirmiş, Cəmil ondan Raulun mobil telefon nömrəsini öyrənərək özünün Raul ilə danışıb nə baş verdiyini aydınlaşdıracağını demişdir. Həmin gün, təxminən saat 17:00 radələrində Cəmil ona Raul ilə telefonla danışdığını, Raulun onu da kobud formada görüşə çağırdığını və gəlməyəcəyi təqdirdə söyüş söydüyünü demiş, əvvəlcə Cəmil ona Raulun onu Yasamal rayonu ərazisində yerləşən «Yasamal qəbirsanlığı» ərazisində görüşməyi təklif etdiyini desə də, sonradan Cəmil Raulun «Səadət» sarayının qarşısına çağırdığını və özünün oraya getdiyini demişdir. Həmin gün təxminən saat 17:40 radələrində qardaşı Cəmil ilə birlikdə «Səadət» sarayının qarşısına getmişdir. «Səadət» sarayının qarşısında «Porcshe» markalı avtomobil yolun ortasında saxlayaraq hərəkəti məhdudlaşdırmışdı. Avtomobilin içərisində Təqsirləndirilən şəxs və ilk dəfə gördüyü, istintaq zamanı adını bildiyi Şahid3 olmuşdur. Həmin vaxt Cəmil Raul ilə avtomobilin yanında dayanıb söhbət etdikləri vaxt oraya yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən «Porcshe» markalı avtomobilin sürücü yerindən Təqsirləndirilən şəxs düşüb, əvvəlcə ona yaxınlaşıb təpiklə sağ ayağına vurmuş, bundan sonra qardaşı Cəmilə arxadan yaxınlaşaraq yumruqla Cəmilin sifətinə vurmuş, o, isə bunu görüb, araya girərək yumruqla bir dəfə Şahinin baş nahiyəsinə vurmuşdur. Həmin vaxt oraya Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları yaxınlaşmış və bu zaman Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşərək, oradan uzaqlaşıb getmişdir. Polis əməkdaşları isə onu, Cəmili və Raulu polis bölməsinə dəvət etmişlər. Daha sonra polis bölməsində qardaşı Cəmil sifət nahiyəsinə vuraraq xəsarət yetirməsinə görə Şahinin barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cavad küçəsində yerləşən «Bravo» mağazasında satıcı-kassir vəzifəsində çalışır. 03 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində piyada olaraq «Bravo» market istiqamətində işə gedərkən «Səadət» sarayının yanında yolun ortasında dayanmış vəziyyətdə olan qara rəngli «Porsche» markalı avtomobilin yolda probka yaratdığını görmüşdür, avtomobilin yanında əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Şahid3 ilə Zərərçəkmiş şəxs dayanıb söhbət etmişlər. Bu zaman isə «Porsche» markalı avtomobilin içərisindən sürücü tərəfdən sonradan adını bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb yumruqla onu vurmasını görmüşdür. Bu vaxtı Şahid2 tez oraya yaxınlaşıb yumruqla bir dəfə Təqsirləndirilən şəxs baş nahiyəsinə vurmuşdur. Bu zaman artıq hadisə yerinə polis əməkdaşları yaxınlaşdıqda “Porsche” markalı avtomobili sürücüsü Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Səbail rayon MKİS-də fəhlə kimi çalışır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində o, iş vaxtı bitdiyindən iş yerindən çıxıb, Əhməd Cavad küçəsi ilə yaşadığı evə tərəf piyada olaraq getmişdir. Bu zaman, «Səadət sarayı»nın qarşısında qara rəngli «Porsche» markalı avtomobilin yanında əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Şahid3 ilə Zərərçəkmiş şəxs dayanıb söhbət etdiyini görmüşdür. Bu zaman «Porsche» markalı avtomobilin içərisindən sürücü tərəfdən sonradan adını bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb yumruqla baş nahiyəsinə vurmasını görmüşdür. Bu vaxtı Şahid2 tez oraya yaxınlaşıb yumruqla bir dəfə Təqsirləndirilən şəxs baş nahiyəsinə vurmuşdur. Bu zaman isə artıq hadisə yerinə polis əməkdaşları yaxınlaşdıqda “Porsche” markalı avtomobili sürücüsü avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət edir. 03 aprel 2021-ci il tarixdə, təxminən saat 17:40 radələrində o, xidməti ərazidə xidmət aparan zaman «Səadət» sarayının qarşısında münaqişə olmasını görüb, dərhal oraya yaxınlaşıb, həmin şəxsləri Səbail RPİnin 9-cu Polis Bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, xidmət aparan zaman Cəmil ona zəng edərək qeyd olunan yerdə mübahisə olması barədə məlumat vermişdir. O, Cəmili polis akademiyasında bir yerdə oxuduqları üçün tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində yerləşən «Səadət» sarayının qarşısından keçərkən orada insanların yığışmasını görmüşdür. Onların arasında qonşusu Zərərçəkmiş şəxs da olmuşdur. Cəmil və digər şəxslər arasında mübahisə gedirdi. Cəmilin baş nahiyəsinə kiminsə yumruqla bir dəfə zərbə vurduğunu görmüşdür. Lakin kimin tərəfindən vurulduğunu görməmişdir. Mübahisəyə görə «Səadət» sarayının qarşısında yol bağlanmışdır. Mübahisə baş verən yerə polislər gəlmişdir. Sonradan o oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, «Səadət» sarayının yaxınlığında yol kənarında saxlanılan avtomobillərə gözətçilik etməklə ailəsini dolandırır. 03 aprel 2021-ci il tarixdə saat təxminən 17:30 radələrində, «Səadət» sarayının qarşısından bir neçə tanımadığı şəxsin mübahisə etməsini görmüşdür. Mübahisənin kimin tərəfindən başlanmasını və kimin tərəfindən birinci zərbə vurulmasını görməmişdi. Həmin vaxtı mübahisəyə müdaxilə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdə saat 17:00 radələrində o, tanıdığı Raynar adlı şəxslə birlikdə təsədüfən «Səadət» sarayının qarşısından keçərkən yolun ortasında dayanmış vəziyyətdə olan «Porshe» markalı, avtomobilin yanında tanışı Zərərçəkmiş şəxs tanımadığı şəxslərlə söhbət etdiyini görmüş, həmin vaxt «Porshe» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurmuşdur. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli toplanmış materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, ibtidai istintaqın aparlıması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 03 aprel 2021-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, tədqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən təhqiqata təqdim edilmiş video görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşaraq onun avtomobildən düşməsini tələb etmişdir. Ş. Musayev avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxsla aralarında dava-dalaş olmuşdur. Ətrafda olan şəxslər həmin dava-dalaş edən şəxsləri ayıraraq sakitləşdirmişlər. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 Səbail rayon şöbəsinin 07 aprel 2021-ci il tarixli 170 saylı ekspert rəyindən görünür ki, vətəndaş C.P. Əkbərovun almış olduğu xəsarətlər - baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol üst göz qapağının və gözün bayır bucağının, sol burun çəpərinin, boyunun arxa səthinin yuxarı 1/3-nin sağ yarısının qançırları, sol üst göz qapağının əzilmiş yarası, eləcə də, sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi fonunda hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni 03.04.2021-ci il tarixdə sol göz orbitasına və boyun nahiyəsinə yumruqla, sağ ələ isə təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağılamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxslər tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Şahid1 müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, 03 aprel 2021-ci il tarixdə saat 17:40-da baş verən mübahisə ünvan 1 ünvanda yerləşən "Səadət” sarayının qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadələrini hadisə yerində əyani surətdə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 07 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 Səbail rayon şöbəsinin 08 aprel 2021-ci il tarixli 174 saylı ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 08.04.2021-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hansı bir xəsarət aşkar edilmədi. Vətəndaş Təqsirləndirilən şəxs adına 3 saylı şəhər klinik xəstəxanasının tərtib etdiyi C 1762 saylı xəstəlik tarixinin təsdiqlənmiş kserosurətindən görünür ki, o, 05.04.2021-ci il tarixdə həmin xəstəxanaya daxil olmuş, 15.04.2021-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır. Son klinik diaqnoz: Müştərək travma. Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ əlin İV barmağının distal falanqasının yarımçıxığı, orta-proksimal falanqa oynağının ödemi (qüsurlu vəziyyət) Bədənin çoxsaylı qançırları. Vətəndaş Təqsirləndirilən şəxs adına 10.04.2021-ci il tarixdə çəkilmiş, sağ əlin iki proyeksiyalı rentgenoqrammasının yüksək ixtisaslı ekspert-radioloq tərəfindən incələnməsi zamanı müəyyən edilmişdir ki, qeyd edilən morfoloji dəyişikliklərin törənmə müddəti köhnədir, 03.04.2021-ci il tarixdə əmələ gəlməsi inkar edilir. Vətəndaş.Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilən “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi” küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.04.2021-ci il tarixdə baş nahiyəsinə kənar şəxs tərəfindən yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 10 may 2021-ci il tarixli protokoldan görünür ki, 03 aprel 2021-ci il tarixdə saat 17:40-da baş verən mübahisə ünvan 1 ünvanda yerləşən "Səadət” sarayının qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs oğlunun istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadələrini hadisə yerində əyani surətdə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 19.05.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən Səbail RPİ-nə daxil olmus Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyinin Təhlükəsiz Səhər Xidmətinin TŞ-1-185 saylı müşahidə kameralarından götürülmüş görüntüləri köçürülmüş 1 (bir) ədəd «DVD-R» formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə cəmi 2 (iki) ədəd olmaqla «TŞ1-185 1-2021-04-03» və «TŞ 1-185 3- -04-03»adlı «MP4» formatlı faylların olması müəyyən olundu. «TŞ1-185 1-2021-04-03» adlı faylı açılqdıqda həmin faylın 316 Mb həcmdə olması, 1 dəqiqə davam etməsi müşahidə olundu. Həmin video fayla baxış keçirərkən videonun 00:46 dəqiqəsində “Porsche Cayenne” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəlib, yol ayırıcını keçdikdən sonra yolun ortasında saxlaması. Həmin avtomobilin arxasınca gələn markası və dövlət qeydiyyat nişanı görünməyən betonqarışdıran yük avtomobilinin gəlib həmin avtomobilin arxasında dayanması, videonun 01:56 dəqiqəsində qara rəngli “Porsche Cayenne” markalı avtomobilin ətrafına çox sayda şəxslərin toplaşması, hadisə yerinə DYPİ-nin yol patrul xidməti avtomobilinin gəlməsi və orada yol patrul inspektorunun olması, videonun 03:10 dəqiqəsində Şahid2 yol patrul xidməti avtomobilinin sağ tərəfindən arxa tərəfi ilə gəlib avtomobilin sol hissəsinə keçməklə orada Təqsirləndirilən şəxs yumruqla vurması, videonun 04:34 dəqiqəsində həmin ərazidə çox sayda insanların və bir nəfər polis əməkdaşının olması, videonun 08:05 dəqiqəsində əraziyə xidməti polis avtomobilinin yaxınlaşması müəyyən olundu. «TŞ1-185 3-2021-04-03» adlı faylı açılqdıqda həmin faylın 329 Mb həcmdə olması, 11 dəqiqə davam etməsi müşahidə olundu. Həmin video fayla baxış keçirərkən videonun 00:02 dəqiqəsində dövlət qeydiyyat nişanı görünməyən qara rəngli “Dodge Durango” markalı avtomobilin gəlib yolun sağ kənarında dayanması, həmin avtomobildən dörd nəfər düşməsi, videonun 00:42 dəqiqəsində qara rəngli “Porsche Cayenne” markalı avtomobilin gəlib, yol ayırıcını keçdikdən sonra yolun ortasında saxlaması, həmin avtomobilin arxasınca gələn markası və dövlət qeydiyyat nişanı görünməyən betonqarışdıran yük avtomobilinin gəlib həmin avtomobilin arxasında dayanması, videonun 01:00 dəqiqəsində əraziyə xidməti polis avtomobilinin yaxınlaşması, videonun 02:07 dəqiqəsində münaqişə yaranması, videonun 03:10 dəqiqəsində Şahid2 yol patrul Xidməti avtomobilinin sağ tərəfindən arxa tərəfi ilə gəlib avtomobilin sol hissəsinə keçməklə orada Təqsirləndirilən şəxs yumruqla vurması, videonun 08:05 dəqiqəsində əraziyə Xidməti polis avtomobilinin yaxınlaşması, videonun 08:57 dəqiqəsində “Porsche Cayenne" markalı avtomobilin hadisə yerindən uzaqlaşması, sonra betoqarışdıran yük avtomobilin hadisə yerindən uzaqlaşması müəyyən olundu. İş materiallarında olan Nəsimi rayon icra şöbəsindən daxil olmuş 18.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırkı dövrədək xidməti fəaliyyəti ilə bağlı verilən tapşırıq və tövsiyyləəri yerinə yetirmiş, peşə vərdişlərinə yiyələnməyə çalışmış, nəzəri bilik və peşə hazırlığını artırmağa səy göstərmiş, etik davranış qaydalarına riayət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs özünü bacarıqlı və işgüzar işçi kimi göstərmiş, üzərinə düşən vəziflərin öhdəsindən gəlməyə çalışmış, xidməti və xidmətdən kənar davranışlarında hər hansı neqativ hala rast gəlinməmişdir. Lakin, son dövrlərdə Təqsirləndirilən şəxs işə olan davamiyyətində geriləmələrin olduğu, vətəndaşlar və iş yoldaşları ilə ünsiyyətdə çətinlik çəkdiyi müəyyən edilmiş, onunla aparılmış söhbət zamanı şəxsi həyatı ilə bağlı psixoloji durumunda qeyri-stabillik müşahidə olunmuşdur. Göstərilən halların təkrarlanmaması, etik davranış qaydalarına, eləcə də əmək və icra intizamına riayət edilməsi ilə bağlı ona xəbərdarlıq edilmiş, həmçinin işdə yol verdiyi çatışmazlıqların aradan qaldırılması üçün şöbənin əməkdaşları tərəfindən də ona mənəvi dəstək verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, 12.08.2021-ci ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərtəqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilməyərək, heç bir cinayət əməli törətmədiyini bildirsə də, şahid və zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, atası Şahid1 müharibə veteranı olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab etməklə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs oğluna cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aministiya haqqında qərar tətbiq edilməklə cəzadan azad edildiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə 06 (altı) ədəd disk və 04 (dörd) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 44.2.2, 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisisnin 5 noyabr 2021-ci il tarixli qərarın 9.1-ci və 28-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 06 (altı) ədəd disk və 04 (dörd) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000001944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar