Məhkəmə qərarları › İş №1(009)-213/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-213/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-213/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qızının iştirakları ilə xx xxxxx 1976-cı Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 33A/3-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qızı, vahid tamah niyyətilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarından 20 aprel 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif günlərdə və saatlarda, dayə kimi işlədiyi ünvan 2 ünvanında mənzil sahiblərinin evdə olmamasından istifadə edərək, mənzilin qonaq və yataq otağındakı dolablarda saxlanılan, Zərərçəkmiş şəxs məxsus dəyəri 10. 000 manat olan bir ədəd brilyant qaşlı kulon, bir cüt orta hissəsində brilyant qaşları olan oval şəkilli sırğalar və bir ədəd brilyant qaşlı çalma növdən ibarət komplekti, dəyəri 1050 manat olan ağ qızıldan ibarət bir ədəd kişi üçün nişan üzüyünü, dəyəri 930 manat olan brilyant qaşlı qadın üçün nişan üzüyünü ,hər birinin qiyməti 150 manat olmaqla cəmi 750 manat dəyərində beş ədəd sarı qızıldan ibarət sadə qadın üzüklərini, dəyəri 1000 manat olan bir hissəsi sarı digər hissəsi ağ qızıldan ibarət qadın üçün boyunbağını, hər birinin dəyəri 100 manat cəmi 200 manat dəyərində iki ədəd cüt uşaq üçün ağ qızıldan ibarət sırğaları, dəyəri 6830 manat bir ədəd sıra ilə düzülmüş brilyant qaşlardan və digər hissəsi ağ qızıldan ibarət boyunbağıdan, bir cüt eyni şəkildə düzülmüş brilyant qaşlı və ağ qızıldan ibatət bir cüt sırqa və bir ədəd qolbağıdan daxil olan komplekti qızlı oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 20.760 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cümaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qızı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Hüseynovlar ailəsinin iki azyaşlı uşaqlarına dayəlik etmişdir. 2020-ci ilin sentyabr ayının təxminən axırlarında o,Nigar körpə uşaqları ilə evdə tək olarkən,pula ehtiyacı olduğundan, mənzilin qonaq otağındakı qapaqları kilidlənməmiş dolabda olan, əvvəllər Nigarın oraya qızıl-zinət əşyalarını qoyarkən gördüyü göy rəngli çantanın içərisindən bir ədəd brilyant komplekti yəni bir ədəd boyunbağını, bir cüt sırğa və bir ədəd qolbağını gizlin götürüb özündə saxlamış, bir neçə gün gözləmiş, Nigarın həmin qızıl-zinət əşyaların yoxa çıxmasını aşkar etmədiyini gördükdə, o, həmin komplektdən boyunbağını və bir cüt sırğanı Bakı şəhəri, Nəsimi rayonu ərazisində “28 may” metrosu yaxınlığında yerləşən lombarda aparıb öz şəxsiyyət vəsiqəsi ilə girov qoyaraq 2000 manat pul götürmüş, həmin girova görə o, hər ay 200 manat faiz ödəməli olmuş, lakin həmin faizi ödəyə bilmədiyindən girov batmışdır yəni lombarda qalmış,pulu olmadığından həmin qızılların arxasınca getməmişdir. Həmin komplektə daxil olan bir ədəd qızıl qolbağını isə başqa bir zərgərlik mağazasına 600 manata satmışdır. 2020-ci ilin dekabr ayının təxminən ortalarında o, yenə Nigarın mənzilindəki dolabdan bir ədəd brilyant qaşları olan ağ qızıldankı kişi üzüyünü gizlincə götürüb növbəti günü aparıb “28 May” metrosu yaxınlığındakı yerini xatırlamadığı mağazaya cəmi 450 manata satmışdır. Yenə bir neçə gün keçdikdə eyni dolabdan bir ədəd sarı qızıldan olanqadın üzüyünü götürüb apararaq eyni 28 May” metrosunun yaxınlıqdakı zərgərlik mağazalarının sırasında yerləşən mağazaya cəmi 500 manata satmışdır. Sonuncu dəfə o, 2021-ci ilin aprel ayının axırlarında mənzildəki dolabdan bir ədəd brilyant qaşlı qadın üzüyünü gizli götürüb “28 May” metrosu yaxınlığında yerləşən lombarda aparıb öz şəxsiyyət vəsiqəsi ilə girov qoyub cəmi 300 manat götürmüşdür. O, cinayət əməlindən səmimi peşmandır və ziyanın bir hissəsini yəni 1930 manatı zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki , o, və əri Fuad işlədikləri üçün 2019-cu ilin yanvar ayından azyaşlı uşaqlarına baxmaq üçün hər ay 500 manat ödəniş müqabilində Təqsirləndirilən şəxs işə qəbul etmiş, Təqsirləndirilən şəxs şənbə və bazar günündən başqa, hər gün səhər saat 08 radələrində mənzilinə gəlmiş və axşam saat 17 radələrinədək uşaqlarına baxmışdır. İşlədiyi müddət ərzində o, Lamiyənin işindən narazı qalmamış, bu səbəbdən bayram günlərində əri Lamiyəyə müxtəlif məbləğlərdə əlavə ödənişlər etmişdir. Onlar Lamiyəyə tam etibar etdiyindən onur mənzilin bütün otaqlarına daxil olmaq və dolablarına baxmaq ixtiyarı olmış, sonuncuya mənzildə hərəkət üçün heç bir qadağa qoyulmamışdır. 2020-ci ilin sentyabr ayının axırlarından başlayaraq o, mənzilin otaqlarında yerləşən müxtəlif kilidi açıq dolablarda saxladığı qızıl-zinət əşyaların yoxa çıxmasını aşkar edib,əvvəlcə müxtəlif yerlərə qoyub yaddan çıxardığını fikirləşmiş, sonralar tapmadıqda Lamiyədən şübhələnib soruşduqda, o, götürmədiyini bildirmişdir. Sonralar yenə dolabda saxladığı qızıl-zinət əşyalarının, daha sonra bir ədəd brilyant qaşlı nişan üzüyünün yoxa çıxmasını aşkar etdikdə, həmin zinət əşyalarının Lamiyə tərəfindən götürməsini tam əmin olmuş, çünki mənzildə azyaşlı uşaq olduğundan mənzildə daimi adam olmuş, pandemiya ilə əlaqədar mənzilllərinə kənardan qonaq gələn olmamışdır. O, Lamiyədən şübhələnib bir daha bu haqda soruşduqda o, yenə inkar etmiş, bu zaman o, Lamiyəni yoxlamaq üçün əri Fuadın mənzildə gizli kameralar quraşdırdığını uydurmuş, qızıl-zinət əşyalarının yoxa çıxmasını əri bildiyi halda kamera görüntüləri vasitəsi ilə qızılları kimin götürməsi müəyyən ediləcəyini, bu zaman iş böyüyəcəyi bildirdikdə, Lamiyə qızıl-zinət əşyalarını götürüb Bakı şəhəri, “28 May” metrosu yaxınlığında yerləşən “Lombard” və qızıl mağazalarına,bir hissəsini girov qoymasını,digər hissəsini satmasını etiraf edərək, həmin qızıl-zinət əşyaların pullarını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Lamiyənin etdiyi oğurluqla bağlı əri Fuadla məsləhət etmiş, birlikdə qərara gəlib polisə şikayət ərizəsi vermişdir. Lamiyə tərəfindən mənzilindən dəyəri 10.000 manat olan bir ədəd brilyant qaşlı kulon, bir cüt orta hissəsində brilyant qaşları olar oval şəkilli sırğalar və bir ədəd brilyant qaşlı çalma növdən ibarət komplekt, dəyəri 1050 mana: olan ağ qızıldan ibarət bir ədəd kişi üçün nişan üzüyü, dəyəri 1700 manat olan brilyant qaşİ qadın üçün nişan üzüyünü,hər birinin qiyməti 150 manat cəmi 750 manat dəyərində beş ədəd sarı qızıldan ibarət sadə qadın üzükləri,dəyəri 1000 manat olan bir hissəsi sarı digər hissəsi ağ qızıldan ibarət qadın üçün boyunbağı,hər birinin dəyəri 100 manat cəmi 200 manat dəyərində iki ədəd cüt uşaq üçün ağ qızıldan ibarət sırğalar, dəyəri 6830 manat bir ədəd sıra ilə düzülmüş brilyant qaşlardan və digər hissəsi ağ qızıldan ibarət boyunbağıdan, bir cüt eyni şəkildə düzülmüş brilyant qaşlı və ağ qızıldan ibatət bir cüt sırqa və bir ədəd qolbağıdan ibarət komplekt oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 21.530 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Lombard” fəaliyyəti ilə məşğul olur. Belə ki, 18 may 2021-ci il tarixdə o, işlətdiyi “Lombard” obyektində olduğu zaman oraya bir nəfər üzdən tanıdığı qadın polis əməkdaşları ilə birlikdə gəlib obyektini və onu göstərərək 20 aprel 2021-ci il tarixdə, bir ədəd brilyant qaşlı qızıl üzüyü girov qoyub 300 manat pul götürməsini bildirmişdir. O, həmin qadını Təqsirləndirilən şəxs tanıdığı üçün anket məlumatına əsasən girov biletini qaldırdıqda, həqiqətəndə 20 aprel 2021-ci il tarixdə, bir ədəd 3,95 qram 750 əyyarlı qızıl üzüyün girov qoyaraq, hər ay 18 manat faiz məbləği ödəməklə 300 manat pul götürməsini, həmin qızıl üzük lombardda girovda saxlanılması təsdiq edərək, 318 manat ödəməklə həmin qızıl üzük sahibinə qaytarılacağını bildirmişdir. Nəsiri qızıl üzüyü öz şəxsiyyət vəsiqəsi ilə girova qoyarkən, həmin üzüyün özünə məxsus olmasını demişdir. Girov barədə imzaladığı bildirişin surətini, həmçinin girovda olan bir ədəd qadın qızıl üzüyünü istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə bir ədəd qızıl qolbaq şəbəkəsini 900 manata, sonra isə bir ədəd qızıl üzüyü 469 manata almış və bu barədə dəftərində qeyd aparmışdır. Həmin məmulatları konkret hansı tarixdə almasını xatırlamır, qeydiyyat dəftərində də bu haqda heç bir qeyd yazılmamışdır. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını ona satarkən özünə məxsus olmasını və ehtiyacı olduğundan satdığını bildirmişdir. Lamiyədən aldığı üzüyü pərakəndə şəkildə satmış, qırıq vəziyyətdə olan qolbağ şəbəkəni isə lom kimi əritmək üçün təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Lombard” fəaliyyəti ilə məşğul olur. 18 may 2021-ci il tarixdə bir nəfər sifətdən tanıdığı qadın polis əməkdaşları ilə birlikdə gəlib obyektini və onu göstərərək 2020-ci ilin təxminən sentyabr-dekabr aylarında və 2021-ci ilin təxminən əvvəllərində iki ədəd cüt qızıl sırğaları və bir ədəd qızıl boyunbağı girov qoyub müxtəlif məbləğdə pul götürməsini, sonra girovun dəyərini və faiz pulu ödəyə bilmədiyindən batdığını bildirmişdir. O, həmin qadını Təqsirləndirilən şəxs təxminən sifətdən tanımış,anket məlumatına əsasən girov biletlərini qaldırdqda, həqiqətəndə 04 noyabr 2020-ci il tarixdə, bir ədəd 6,4 qram 750 əyyarlı, brilyant qaşlı qızıl sırğanı qoyaraq, hər ay 8 faizlə yəni 36 manat faiz məbləği ödəməklə 450 manat, 07 dekabr 2020-ci il tarixdə, bir ədəd 25,1 qram 750 əyyarlı, qızıl boyunbağını qoyaraq, hər ay 8 faizlə yəni 120 manat faiz məbləği ödəməklə 1500 manat və 18 fevral 2021-ci il tarixdə, bir ədəd 2,0 qram 750 əyyarlı, qızıl sırğanı qoyaraq, hər ay 8 faizlə yəni 8 manat faiz məbləği ödəməklə 100 manat götürməsini, həmin girovda olan qızıl-zinət əşyaları girov və faiz pulları növbəti aylar ödənmədiyindən, o, Lamiyyə ilə əlaqə saxlanılmış, sonuncu girovu götürməyə pulu olmadığını bildirdikdə, həmin girov əmlak lom şəklində onun tərəfindən hər üç qızıl-zinət əşyaları satılmasını təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını gətirib girova öz şəxsiyyət vəsiqəsi ilə qoyarkən həmin qızıl-zinət əşyaların özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 18 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokollardan görünür ki, hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi olması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli ƏKA №-012146 saylı girov biletindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid2 bir ədəd 3.95 qram çəkidə, 750 əyyarlı qızıl üzüyü girov kimi qoyaraq, hər ayı 18 manat kredit faizi hesablanmaqla 300 manat pul kreditə götürmüşdür. İş materiallarında olan 18 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qızıl-zinət əşyalarını necə oğrulamasını göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli FSİ №- 067618 saylı girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanda lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid4 bir cüt 6.4 qram çəkidə, 750 əyyarlı brilyant qaşlı qızıl sırğanı girov kimi qoyaraq, hər ayı 8 faiz yəni 36 manat hesablanmaqla 450 manat pul kreditə götürmüşdür. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli FSİ №-067640 saylı girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanda lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid4 bir ədəd 25,1 qram çəkidə, 750 əyyarlı qızıl boyunbağını girov kimi qoyaraq, hər ayı 8 faiz yəni 120 manat hesablanmaqla 1.500 manat pul kreditə götürmüşdür. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli FSİ №- 067685 saylı girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti 33 ünvanda lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid4 bir cüt 2,0qram çəkidə,750 əyyarlı qızıl sırğaları girov kimi qoyaraq,hər ayı 10 faiz yəni 10 manat hesablanmaqla 100 manat pul kreditə götürmüşdür. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qızı 20 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 20 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qızının barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs qızı dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 20 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızı barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “əşyanın götürülməsi haqqında” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş bir ədəd ağ qaşlar ilə bəzədilmiş ağ metaldan olan qadın üzüyü iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 14.10.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən qazancının 10% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 21.06.2016-cı ildə AR MM 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad olunaraq şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2021-ci il tarixli 6/2280- 9/3606 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3,95 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, brilyant qarşı 1 ədəd qadın üzüyünün 20 aprel 2021-ci il tarixinə olan orta bazar qiyməti təxminən 930,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd ağ qaşlı üzük Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs bir ədəd ağ qaşlı üzüyü tanıyaraq, özünə məxsus olmasını tam dəqiqliyi ilə tanımışdır. İş materiallarında olan 03 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, bir ədəd ağ qaşlı ağ qızıldan olan qadın nişan üzüyü Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan 22.12.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs qızından 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Təqsirləndirilən şəxs qızının törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ittihamda göstərilən bütün zinət əşyalarını götürmədiyini bildirsə də, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs qızının törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs qızının törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını və ziyanın bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qızının cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs qızına cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs qızına cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 18 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixdək, yəni 02 (iki) gün həbsdə olma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızının üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumu təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qızından tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə Təqsirləndirilən şəxs qızının mənzildən oğurladığı bir ədəd ağ qaşlı ağ qızıldan olan qadın nişan üzüyü Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının 18 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qızının üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs qızının üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –100 (bir yüz) manat Təqsirləndirilən şəxs qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. İş üzrə mülki iddia təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 18830 (on səkkiz min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar