Məhkəmə qərarları › İş №1(009)-213/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-213/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-213/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci ildə Göyçay rayonunda anadan olmuş, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, hazırda barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, 28 noyabr 2022-ci il tarixdə saat 16:50 radələrində dönərçi işlədiyi ünvan 3 ünvanında yerləşən «Kəhraba» dönər evində olarkən, həmin dönər evində xadimətçi işləyən tanışı Zərərçəkmiş şəxs üzərində 13.400 manat pulun olmasını və sonuncunun həmin pulun digər şəxslər tərəfindən oğurlana biləcəyindən narahat olmasını görüb, yaranmış vəziyyətdən istifadə edərək həmin pulu aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə Zərərçəkmiş şəxs üzərində olan pulun saxlanılması üçün ona verilməsini və iş vaxtının sonunda özünə qaytaracağına dair yalandan vəd verib, Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncunun üzərində olan 13.400 manat məbləğində nağd pulu alıb ələ keçirdikdən sonra, müştərinin verdiyi pulu xırdalamaq adı ilə iş yerini tərk edib uzaqlaşaraq, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs məxus 13.400 manat məbləğində pulu ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən sentyabr ayından Badamdar qəsəbəsində yerləşən «Kəhraba» dönər evində dönərçi işləmişdir. Zərərçəkmiş şəxs həmin dönər evində ofisiant kimi işləyirdi. 28 noyabr 2022-ci il tarixdə o, iş yerində olduğu zaman Nərminə özü ilə pul gətirmiş və pulu saxlamağa yer axtarmışdır. Həmin vaxt o, pulu özündə saxlamağı Nərminəyə təklif etmiş və Nərminə ona inanıb, etibar edib 13.400 manat pulu ona vermişdir. O, həmin pulu əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün, saat 16:50-da o, kassada xırda pul olmadığını bəhanə gətirərək pulu xırdalamaq məqsədilə dönər evindən çıxmış və geri qayıtmamışdır. Onun məqsədi Nərminənin pulları ələ keçirmək olmuşdur. Pulu şəxsi ehtiyaclara xərcləmişdir. O, Nərminəyə cəmi 40 manat pul geri qaytarmışdır. O, əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdən Badamdar qəsəbəsində yerləşən “Kəhraba” dönər evində nəzarətçi işləyir. O, dönər evində işləməyə başlayanda Təqsirləndirilən şəxs dönər evində dönərçi işləyirdi. O, özünə məxsus xırda obyekt açmaq üçün 13.400 manat pul yığmışdır. 28 noyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində «Kəhraba» dönər evinə gələndə 13.400 manat pulunu da özü ilə gətirmişdir. O, həmin pulu otaqda olan əl çantasına qoymaq istəmiş lakin oradan oğurlanmasından qorxmuşdur. Təqsirləndirilən şəxs pulu onun üçün saxlaya bildiyini demişdir. O, Hüseynə etibar etdiyi üçün pulu tam şəkildə Hüseynə vermişdir. Hüseyn pulu həmin vaxtı əynində olan şalvarının arxa cibinə qoymuşdur. 28 noyabr 2022-ci il tarixdə, saat 16:50 radələrində Hüseyn xırda pulun kassada olmadığını və pulun xırdalaması bahanəsi ilə dönər evindən çıxmış və geri qayıtmamışdır. Həmin gün o, Hüseynin mobil telefonuna zənq etmiş lakin Hüseynin telefonu söndürülmüşdür. O, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermiş və 41-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona 13400 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 40 manat qaytarılmışdır. Ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Badamdar qəsəbəsində yerləşən «Kəhraba» dönər evini təxminən 2019-cu ilin sonundan icarə əsasında işlədirdi. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən həmin dönər evində xadimə işləmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2022-ci il tarixdən orada ofisiant işləyirdi. 28 noyabr 2022-ci tarixdə o, həmin obyektdə olmamışdır. Həmin gün Nərminə ona zəng edərək özünə məxsus 13.400 manat pulu saxlamaq üçün Hüseynə verdiyini, lakin Hüseynin obyektdən çıxıb gedərək geri qayıtmadığını bildirmişdir. Bir müddət sonra, Hüseyn içləyərək Nərminəyə pulu hissə-hissə ödənilməsi barədə söz vermişdir. Lakin sözünə əməl etməmiş və pulu ödəməmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanında yerləşən «Kəhraba» dönər evinə baxış keçirilmiş, baxış zamanı foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, X2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə başlanılmış cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il, 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Baxış zamanı foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinyət işi üzrə çəkilmiş fotoşəkillər iş üzrə sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün tutulması və axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin məktubundan və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə, saat 00:40-da saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvi verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 10 may 2023-cü il tarixdə saat 09:15-də elan edilmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X4 görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 23 iyun 2023-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının, Səbail Rayon Polis İdarəsinin məktubundan və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. 18 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzasının 1 il, 10 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əməlini etiraf etməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il, 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzasının 1 il, 10 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 28 noyabr 2022-ci il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxsnın əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş, çəkilməmiş 1 il, 10 gün müddətinə şərti olaraq vaxtından azad olunma ləğv edilməli və hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu 20 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-356, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(005)- 236/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 10 (on) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(005)-236/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 09 may 2023-cü il tarixdən saat 00:40-dan 10 may 2023-cü il tarixədək saat 09:15-dək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Bakı şəhər “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar