Məhkəmə qərarları › İş №1(009)-214/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-214/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-214/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,433 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlayaraq ünvan 3 ünvanında yerləşən “Veteranlar parkı” adlanan ictimai parka qədər daşımış, 22 aprel 2022-ci il tarixdə saat 12:30 radələrinə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4şən 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən göy rəngli cib dəsmalın içində 1 ədəd selofan kəsiyinə bükülmüş halda satış məqsədi olmadan, naməlum mənbədən əldə edib özündə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd şəffaf selofan kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram və 0,209 qram, ümumi təmiz çəkisi 0,433 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 il olar ki, heroini müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə edir. 2022-ci ilin aprel ayında o, özünü əslən İrandan olan şəxs kimi təqdim edən şəxslə telefon əlaqəsi yaratmış və ondan 60 manata yarım qram heroin istəmişdir. 4-5 gün saxlanıldıqdan əvvəl axşam saatlarında o, həmin iranlı ilə danışmış və sonuncu ona istədiyi miqdarda narkotik vasitəni Novxanı qəsəbəsində əvvəlcədən şərtləşdirilmiş yerə qoyacağını demişdir. O, «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin şəxsin hesabına 60 manat göndərəndən sonra sonuncu ona Novxanı qəsəbəsində yolun kənarında reklam lövhəsinin olduğunu izah etmiş və narkotik vasitəni həmin yerə qoyacağını demişdir. O, taksi ilə Novxanı qəsəbəsinə getmiş, həmin yeri taparaq daşın altından siqaret qutusunun içərisində iki ədəd selofan bükümündə narkotik vasitəni götürmüş geyindiyi qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibinə qoymuş və evə getmişdir. 22 aprel 2022-ci il tarixdə saat 12 radələrində o, xalasigilin evindən çıxıb 20-ci sahədə yerləşən «Araz» marketlə üzbəüz olan «Veterenlar parkı»na getmişdir ki, bir qədər oturub hava alsın. Az sonra yanına bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərinin polis əməkdaşları olduğunu deyərək onun şəxsiyyətini soruşmuş və onda narkotik vasitələrin olması barədə məlumat olduqlarını deyib onlarla birlikdə 8-ci polis bölməsinə getməli olduğumu demişdilər. O, polis əməkdaşlarına tabe olub onların maşını ilə polis bölməsinə getmişdir. Polis Bölməsində əynindəki qolsuz gödəkçəsinin sağ yan cibində dəsmalın içinə büküb saxladığı iki büküm heroini təqdim etmişdir. Sonra ondan götürülmüş narkotik vasitələr zərfə qoyulmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 8-ci Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 aprel 2022- ci il tarixdə 8ci polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və tez-tez 20-ci sahədə yerləşən Ş.Allahverdiyev küçəsi 21 ünvanındakı «Veteranlar parkı»nda narkotik vasitə qəbul edir. Əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilməklə yanaşı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupun bir üzvü o, digər üzvü isə bölmənin baş əməliyyat müvəkkili Şahid2 təyin edilmişdilər. Həmin gün saat 12 radələrində onlara məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs hazırda həmin parkdadır. Onlar həmin parka gəlmiş və məlumatda göstərilən əlamətlərə oxşar kişinin parkda olduğunu görüb həmin şəxsə yaxınlaşmışdılar. Özlərini təqdim edərək əvvəl saxladıqları şəxsin şəxsiyyətini öyrənmişdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs şübhəli bilindiyini izah edib onlarla 8-ci polis bölməsinə getməli olduğunu söyləmişdilər. Həmin şəxsi 8-ci polis bölməsinin inzibati binasına gətirəndən sonra onun şəxsiyyətini yoxlamışdılar. X4 tərəfindən saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən cib dəsmalının içərisində bir ədəd selofan kəsiyindən olan büküm təqdim etmişdir. Həmin bükümün içərisində nə olması suala cavab olaraq Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində iki ədəd kiçik büküm aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozvari şəkilində maddə aşkar edilmişdir. Həmin maddənin haradan əldə edilməsi barədə təhqiqatçının sualına Təqsirləndirilən şəxs bu maddənin “Whatsapp” vasitəsi ilə tanış olduğu İran vətəndaşından tutulmamışdan 5 gün əvvəl 60 manata aldığını, narkotik vasitəni Novxanı qəsəbəsində götürdüyünü, pulu kart vasitəsi ilə göndərdiyini, həmin şəxsin anket məlumatlarını bilmədiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaların təqdim edilməsi təklif olunduqda sonuncu əynindəki qısaqol gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli, sadə mobil telefonu, bir manat pul, alışqanı və ictimai nəqliyyatdan istifadə etmək üçün Bakı kartı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilmiş, lakin əlavə olaraq hər hansı bir predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddələr zərfə qablaşdırılmış, zərf möhürlənmiş, zərf hamı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 8-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Qürbət oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 5 ünvanında yerləşən “Veteranlar parkı”nın yaxınlığında saxlanılaraq 8-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman sonuncu əynindəki qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibində olan göy rəngli əl dəsmalının içində saxladığı iki ədəd şəffaf selofan bükümləri çıxarıb təqdim edərək bükümlərin içərisində narkotik vasitə olduğunu söyləmiş və həmin vasitəni 4-5 gün əvvəl özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən Abşeron rayonu Novxanı qəsəbəsində əldə etdiyini bildirmişdir. Bükümlərin içərisində olan narkotik vasitəyə bənzər maddə götürülərək zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 6/2303 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 52» dairəvi möhür əksi olan «...Təqsirləndirilən şəxs: ... Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,224 qram, 0,209 qram, ümumi təmiz çəkisi 0,433 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 22 aprel 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən 0,224 qram və 0,209 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,100 qram nümunə götürülmüş, 0,333 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən kompakt diskə baxış zamanı diskin yaddaşında 20220422_140236 adlı MP4 formatlı fayl mövcuddur. Həmin fayl açıldıqda görünür ki, faylın həcmi 841480 kilobayt təşkil edir. Faylda çəkilişlər 11 dəqiqə 18 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis kapitanı rütbəsini daşıyan polis zabitinin özünü Səbail RPİ-nin 8-ci polis bölməsinin təhqiqaçısı Rahib Cəfərov kimi təqdim etməsindən başlanır. Təhqiqatçı 22 aprel 2022-ci il tarixdə saat 12:30 radələrində 8-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanında yerləşən «Veteranlar parkı»nın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 8-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitələrinin aludəçisi olduğunu bildirib, üzərində narkotik vasitələrini daşıdığını etiraf etdiyindən polis bölməsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis mayoru Şahid2 Qürbət oğlunun saxlanılan şəxs Təqsirləndirilən şəxs, eləcə də 12 saylı vəkil bürosunun vəkili X2 və çəkilişi aparan baş əməliyyat müvəkkili polis mayoru Şahid3 Əhmədiyyə oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkətini yerinə yetiriləcəyini elan edir. Otaqda sağ divar boyunca sırada 2-ci yerdə dayanmış, əynində qısaqol qara gödəkçə, qara şalvar və tünd albalı rəngli pulover, başında çətirli papaq olan Təqsirləndirilən şəxs demoqrafik məlumatlarını söyləyəndən sonra verilmiş suallara cavab olaraq 2 ilə yaxın müddətdə narkotik vasitələrindən istifadə etdiyini, saxlanıldığı gün xalasıgilin yaşadığı 20ci sahəyə gəlib orada parkda əyləşdiyini bildirmişdir. Üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı maddənin olduğu halda onu təqdim etmək barədə təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynindəki qısaqol gödəkçənin sağ yan cibindən göy rəngli cib dəsmalı ilə birlikdə bir ədəd selofan kəsiyindən olan büküm təqdim etmişdir. Həmin bükümün içərisində nə olması suala cavab olaraq Təqsirləndirilən şəxs içərisində əsl adı heroin olan, narkotik vasitə kokos olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində iki ədəd kiçik büküm aşkar edilir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozvari şəkilində maddə aşkar edilir. Həmin maddənin haradan əldə edilməsi barədə təhqiqatçının sualına Təqsirləndirilən şəxs bu maddənin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə tanış olduğu İran vətəndaşından tutulmazdan 5 gün əvvəl 60 manata aldığını, narkotik vasitəni Novxanı qəsəbəsində götürdüyünü, pulu kart vasitəsi ilə göndərdiyini, həmin şəxsin anket məlumatlarını bilmədiyini, pulun göndərilmə qəbzin də onda olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaların təqdim edilməsi təklif olunduqda sonuncu əynindəki qısaqol gödəkçənin sol yan cibindən bir ədəd Cingo markalı qara rəngli mobil telefonu, bir manat nominala malik pul əskinazı, göy rəngli alışqanı və Bakı Nəqliyyat Agentliyinin məhsulu olan Bakı kartı çıxarıb təqdim etmişdir. Mobil telefonun içərisində hansı nömrənin istifadə edilməsi barədə suala cavab olaraq Təqsirləndirilən şəxs orada ***-***-**-** saylı nömrənin olmasını söyləmişdir. Ardınca Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilir, əlavə olaraq hər hansı bir predmet aşkar edilmir. Təhqiqatçı aşkar olunmuş maddələri boş zərfə qablaşdırdıqdan sonra prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən zərf imzalanır və möhürlənir. Bundan sonra müdafiəçi Mübariz Məmmədovun saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin kimə məxsus olması, nə məqsədlə əldə etdyi və niyə görə 2 büküm əldə etdiyi barədə verdiyi suallara cavab olaraq sonuncu həmin maddələrin özünə məxsus olmasını, şəxsi istehlak üçün əldə etdiyini, narkotik vasitələrindən davamlı istifadə etdiyi üçün 2 ədəd büküm əldə etdiyini bildirmişdir. X4 prosessual hərəkətin və çəkilişin sona çatmasını elan edərək çəkilişin protokollaşdırılaraq materiala əlavə ediləcəyini elan etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 23 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 23 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. 28.06.2000-ci il tarixdə Sumqayıt şəhər X/M hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2 hissəsi ilə təqsirli bilinib 01 il 06 altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

2. ACDİÜ AR Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2011-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan 30 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-yə yerləşdirilmişdir. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 01 iyul 2022-ci il tarixli, 3582 nömrəli ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli 6/3661 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs: ... Təqsirləndirilən şəxs...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,174 və 0,159 qram, ümumi təmiz çəkisi 0,333 qram olan heroin bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Həmin rəyin qeyd hissəsindən görünür ki, təmiz çəkisi 0,333 qram olan heroin qəbul edilmiş, 0,100 qram tədqiqata sərf edilmiş, 0,233 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli “maddi sübut kimi tanınma və saxlama barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş xalis çəkisi 0,433 qram olan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,233 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək və 30 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesablanaraq 04 (dörd) gün təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,233 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olaraq 157 (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək və 30 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan - 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,233 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 157 (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar