Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-215/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C məhəllə, ev 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi fərdi yaşayış evində yaşamış, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 noyabr 2022-ci il tarixdə saat 11.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə axşam saat 23 radələrində ünvan 3 ünvanın qarşısında, səki qırağında yerə bərkidilmiş Bakı Nəqliyyat Agentliyinin balansındakı hər birinin qiyməti 180 manat olan cəmi 05 ədəd 0,8 metr hündürlüyündə metal tumbaları - özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, Bakı Nəqliyyat Agentliyinə ümumilikdə cəmi 900 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2022-ci ili tarixdə səhər o, Bakı şəhərinə iş axtarmağa gəlmiş, axşama kimi şəhərin mərkəzi hissəsində gəzib uyğun bir iş tapa bilməmişdir. Həmin günü axşam saat 22 radələrində, o, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi ilə gedərkən yol kənarında səkidə yerə bərkidilmiş qara rəngli dür-alminium materiallından olan təxminən 80 sm hündürlüyündəki yolun kənarına quraşdırılmış qadağanedici dirəkləri görüb, onları bərkidilmiş yerdən qoparıb metal qəbulu məntəqəsinə təhvil verərək pul əldə etmək qərarına gəlmişdir. Hava qaranlıq olduğundan dirəkləri yerdən sökərək onları növbə ilə bir ədədini sökmüş, sonra da aparıb yaxınlıqdakı yaşayış binanın həyətin giriş hissəsindəki darvazanın yanına qoymuşdur. Sonra eyni üsulla növbə ilə həmin dirəklərdən dörd ədədini səkidən söküb, sonuncu bir ədəd dirəyi səkidən söküb çöldə olan zibil qutusu və həmin yerdə olan ağacın yanında qoyduğu digər dirəklərin yanına apararkən, mənzil istismar sahəsinin işçiləri tərəfindən saxlanılmışdır. Daha sonra post patrul xidmətinin polis əməkdaşları hadisə yerinə gəlmişlər. Oğurladığı cəmi beş ədəd dirəklərlə birlikdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirib təhvil vermişlər. Onun dirəkləri qoyduğu yer təxminən hadisə yerində 5 metr kənarda olmuşdur. Polis bölməsində o, beş ədəd dirəkləri oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o birinci götürdüyü dirəyi Y.Məmmədəliyev küçəsinin yaşayış binasının həyət hissəsindəki keçiddə darvazanın yanına, digər dörd ədədini isə həmin yerdən 5 metr aralıda olan ağacla zibil qabının arasına qoymuşdur. Belə ki, keçiddə olan zibil qabı həmin gün çöldə ağacın yanında olmuşdur. Həmin əşyaları hadisə yerindən kənara aparıb gizlədə bilməmişdir. Belə ki, o sonuncu dirəyi götürmüş, təxminən 5 metr aralandıqdan sonra ona mənzil istismar sahəsinin işçiləri yaxınlaşmışdır. Dörd ədəd dirəyi götürmüş, sonuncunu isə əlində götürüb gələrkən tutulmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə oğurlanmış qadağanedici dirəkləri Y.Məmmədəliyev küçəsində səki qırağına təhlükəsizlik baxımdan bir xətt üzrə sıra ilə quraşdırılmışdır. Həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış yolun kənarına quraşdırılmış qadağanedici dirəkləri qaytarılmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinin Konvoy hissəsinin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o Səbail Rayon Polis İdarəsinin Post- patrul Xidməti Bölüyündə polis nəfəri kimi xidmət etmişdir. Hazırda Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinin Konvoy hissəsinin polis nəfəri kimi işləyir. 16 may 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri,Səbail rayonu,Yusif Məmmədəliyev küçəsində, həmi vaxt xidmət etdiyi iş yoldaşları Səbail RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4, Şahid1la birlikdə xidməti ərazidə olarkən, saat 23:10 radələrində Yusif Məmmədəliyev küçəsi 13 saylı ünvanın qarşısında Bakı Nəqliyyat Agentliyinə məxsus yolun kənarına quraşdırılmış qadağanedici dirəklərin oğurlaması barədə Mənzil İstismar Sahəsinin işçiləri onlara məlumat vermişlər. Daha sonra mənzil istismar sahəsinin xadiməsi onlara həmin şəxsin üzünü, dirəkləri torbaya yığarkən gördüyünü bildirmişdir. Hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs Y.Məmmədəliyev küçəsinin yaşayış binasının həyət hissəsindəki keçiddə olmuşdur. Belə ki, dörd ədəd dirək torbanın içərisində, bir ədəd dirək isə keçiddə olmuşdur. Sonra həmin şəxs beş ədəd dirəklərlə birlikdə xidməti avtomobilə qoyub inzibati ərazi üzrə 9-cu Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində həmin oğurluğu edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid2 qeyd etmişdir ki, zibil qabı hadisə yerinin yaxınlığında olmuşdur və təqsirləndirilən şəxs qadağanedici dirəkləri başqa yerə apararaq gizlətməmişdir. Dörd ədəd qadağanedici dirəklər torbanın içində, bir ədədi isə həyətin içində olmuşdur. Zibil qabı və hadisə yeri arasında məsafə az olmuş, zibil qabı keçiddə deyil, yolun kənarında olmuşdur. Məhkəmə iclasında ünvan 6 ünvanda, “Top Beer” restoranın qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 16 may 2022-ci il tarixdə,saat 22:48 dəqiqədə,ünvan 7 ünvanın qarşısında səkiyə bərkidilmiş qadağanedici dirəklər Təqsirləndirilən şəxs tərəfindən sökülərək aparması müşahidə edilir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli 9/3834 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsindəki məlumatlardan istifadə etməklə ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən 05 ədəd 0,8 metr hündürlüyündə olan metal tumbaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 900,00 (5ədx180man) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 10 (on) manatdır. 17 may 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsini M-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 17 may 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. 18 may 2022-ci il tarixdə cinayət işi üzrə Bakı Nəqliyyat Agentliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 19 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 22 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-215/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən Agentliyə məxsus 05 ədəd 0,8 metr hündürlüyü olan metal tumbalar təhvil alınmışdır. 22 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla xx.xx.2022-ci il tarixdə götürülmüş 05 ədəd 0,8 metr hündürlüyündə metal tumbalar maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 may 2022-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış tumbalar qaytarılmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə Elektron İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var – xx.xx.2017-ci il təvəllüdlü X3 Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən müəyyən olunmuşdur ki, 16 may 2022-ci il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi ilə gedərkən qarşısında Bakı Nəqliyyat Agentliyinə məxsus yolun kənarına quraşdırılmış qadağanedici dirəkləri görüb, həmin dirəkləri bərkidilmiş yerdən qoparıb metal qəbulu məntəqəsinə təhvil verərək pul əldə etmək qərarına gəlmişdir. Dirəkləri səkiyə bərkidilmiş yerdən növbə ilə bir ədədini sökmüş, sonra da aparıb yaxınlıqdakı yaşayış binasının həyətin giriş hissəsindəki darvazanın yanına qoymuşdur. Sonra eyni üsulla növbə ilə həmin dirəklərdən dörd ədədini səkidən söküb, sonuncu bir ədəd dirəyi səkidən söküb çöldə olan zibil qutusu və həmin yerdə olan ağacın yanında qoyduğu digər tumbaların yanına apararkən, mənzil istismar sahəsinin işçiləri tərəfindən saxlanılmışdır. Onun dirəkləri qoyduğu yer təxminən hadisə yerində 5 metr kənarda olmuşdur. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Oğurladığı cəmi beş ədəd dirəklərlə birlikdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirib təhvil vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bitmiş cinayətdən fərqli olaraq, cinayət cəhdini yaradan hərəkət şəxsdən asılı olmayan səbəblərə görə sona çatdırılmayıb. Cəhd zamanı şəxs cinayəti sona çatdırmaq üçün düşündüyü bütün hərəkətləri yerinə yetirir, lakin ondan asılı olmayan səbəbdən cinayətin nəticəsi baş vermir. Hazırkı işdə isə cinayət vaxtında aşkar edilib və təqsirləndirilən şəxs zərərsizləşdirilmişdir. Maddi tərkibli cinayət qanunda göstərilən cinayət nəticələrinin baş verməsi ilə xarakterizə olunur. Oğurluq o vaxt bitmiş hesab edilir ki, cinyətkar başqasının əmlakını gizli olaraq talayıb ondan istədiyi kimi istifadə etmək, sərəncam vermək üçün real imkanı əldə etsin. Cinayətə cəhdin obyektiv əlaməti hərəkətin başa çatmamasında ifadə olunur. Qanunun belə mövqeyi onu göstərir ki, cinayət etməyə cəhd zamanı cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Bu əlamət cinayətə cəhdi başa çatmış cinayətdən fərqləndirir. Burada cinayətə cəhdin bitmiş cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin quruluşundan asılıdır. Əgər cinayət etməyə cəhd maddi cinayətin törədilməsinə yönəlmişdirsə, kriminal nəticə baş vermir. Hazırkı halda qanunda nəzərdə tutulan nəticə baş vermir - zərərçəkənin əmlakı təqsirləndirilən şəxsin sərəncamına tam olaraq keçmir, o bu hərəkəti edən zaman polis tərəfindən yaxalanır. Beləliklə, cinayət etməyə cəhd zamanı hər şeydən əvvəl qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan heç də o nəticəni çıxarmaq olmaz ki, cinayətə cəhddə, ümumiyyətlə, nəticə olmur. “Cinayət etməyə cəhd nəticəsiz cinayətdir” dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Cinayətə cəhdin digər obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə bağlı olmur. Qəsdin qarşısını alan, ona başa çatmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran bu amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. İctimai təhlükəli nəticə baş vermir, məqsədə nail olunmur, şəxsin kriminal niyyəti bütünlüklə reallaşdırılmış olmur ( ictimai təhlükəli nəticə faktiki olaraq baş vermir). Qeyd edilməlidir ki, oğurluq etmək məqsədi ilə əmlakın faktiki qanunsuz olaraq gizli götürülməsi ilə hələ cinayət bitmir. Həm də götürülən əmlak üzərində müstəqil sərəncam vermək imkanı yaranmalıdır. Beləliklə, oğurluq cinayətinin bitməsi iki haldan – özgə əmlakının gizli talanmasından, həm də onun üzərində müstəqil sərəncam vermə imkanının yaranmasından asılıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus dörd ədəd qadağanedici dirəyi götürərək cinayət hadisəsinin baş verdiyi ərazinin 5-10 metr kənarına qoymuş, beşinci dirəyi oğurlayıb digər dirəklərin yanına apararkən yaxalanmışdır. Təqsirləndirilən şəxsin vahid niyyətlə törətdiyi əməli başa çatdırmamış, dolayı yolla gizli olaraq taladığı digər dörd ədəd qadağanedici dirəyi üzərində sərəncam vermək imkanı da yaranmamış, həmin dirəklər məhz hadisə yerinə yaxın ətrafda qalmışdır. Yəni təqsirləndirilən şəxs istədiyi kimi talanmış əmlakdan istifadə etmək imkanından məhrum olmuşdur. Belə vəziyyətdə oğurluq cinayəti başa çatmır, oğurluq etməyə cəhdə görə məsuliyyət yaranır. Çünki təqsirləndirilən şəxs zərərçəkənin əmlakından əldə edərək ona sərbəst şəkildə sərəncam vermək niyyəti olduğu halda, buna nail ola bilmir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talasa da, həmin cinayət əməlini başa çatdırmağa imkan verməyən amillər meydana gəlmişdir. Həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsinə tövsif olunmalı və o qeyd edilən maddəsilə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və heç bir tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək, 13 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) ay 19 (on doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 08 (səkkiz) təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı Nəqliyyat Agentliyinə məxsus yolun kənarına quraşdırılmış qadağanedici dirəklər zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 10 (on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 29, 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək, 13 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək, yəni 01 (bir) ay, 19 (on doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı Nəqliyyat Agentliyinə məxsus yolun kənarına quraşdırılmış qadağanedici dirəklərin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2022-ci il tarixli 9/3834 nömrəli rəyi üzrə tədqiqatı xərci 10,00 (on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 216 (iki yüz on altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-215/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-215/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver