Məhkəmə qərarları › İş №1(009)-218/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-218/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-218/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, 77 saylı xətt marşurutu üzrə avtobus sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 noyabr 2022-ci il tarixdə saat 15.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə saat 10:50 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi 77 saylı xətt marşrutu üzrə hərəkət edən X4 məxsus “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən dayanacaqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozub, yolayrıclarında və bu maddənin 12-ci hissəsinə əsasən, geriyədönmənin edildiyi yerlərdə geriyə hərəkət qadağan olunduğu halda, həmin hərəkətləri etməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt dayanacaqda dayanmış piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtobusun arxa hissəsi ilə vurub sonuncunun burun sümüklərinin minimal yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol əlin İV daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol əlin yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın əzilmiş-cırılmış yarası, sol almacıq nahiyyəsinin hematoması, sol diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı ilə müşayiət olunan, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən avtobus idarə edir. 28 iyun 2022-ci il tarixdə işlədiyi şirkətə məxsus yol vərəqəsi ilə idarə etdiyi “DAEWOO” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşımışdır. 77 sayl xətt marşurutu üzrə sonuncu dayanacaq Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi Axundov bağının qarşısında yerləşir. 28 iyun 2022-ci il tarixdə saat 10:50 radələrində idarə etdiyi avtobusla sonuncu dayanacağa daxil olmuşdur. Həmin vaxt onun idarə etdiyi avtobusun qarşısında avtobus dayanmışdır. Həmin avtobus nasaz olduğundan işə düşməmişdir. O, idarə etdiyi avtobusu arxaya vermişdir. Qarşısında dayanmış avtobusun yanından sürüb keçmişdir. Daha sonra o, avtobusu arxaya verən zaman anidən bir nəfər şəxs avtobusun arxasından keçmişdir. O da idarə etdiyi avtobusla həmin şəxsə toxunmuşdur. Dərhal avtobusu saxlayıb aşağı düşmüş və yerə yıxılmış şəxsi qaldırıb Respublika Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Xəstəxanada Zərərçəkmiş şəxs müayinə edən zaman burun hissəsində qırıq, sol əli və sol ayağın əzildiyi müəyyən olunmuşdur. O, avtobusu arxaya verən zaman avtobusun maksimum 3-5 km saat olmuşdur. Avtobusu arxaya verən zaman avtobusun arxasından keçən şəxsi görən zaman onun idarə etdiyi avtobusla həmin şəxsin arasında nə qədər məsafə olmasını bilmir. O, piyadanı vuran zaman görməmişdir. Hadisədən əvvəl isə piyadanı görməmişdir. Qarşısında dayanacaqda xarab olub dayanmış avtobusun yanından keçib qarşıda saxlamaq istəyən zaman xarab olan avtobusun qarşısında heç kim dayanmamışdır. O, xarab olmuş avtobusun qarşısına keçmiş, daha sonra avtobusu dayanacaqda saxlamaq üçün arxaya vermişdir. Həmin vaxt onun arxaya verdiyi avtobus piyadaya dəymişdir. Əməlindən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını, qızının böyrək xəstəliyindən əziyyət çəkməsini, hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün bir neçə dəfə cəhd etməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 28 iyun 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində işə getmək üçün Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən avtobus dayanacağında 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunu gözləmişdir. Həmin vaxt dayanacağın qarşısında 77 nömrəli marşrut xətti üzrə hərəkət edən iki avtobusun dayandığı üçün o, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu gəldiyini görmədiyi üçün avtobusa minmək üçün dayanacaqda bir qədər yolun hərəkət hissəsinə tərəf gedib dayanmışdır ki, gələn avtobusa minsin. Həmin vaxt onun üzü avtobus gələn tərəfə dayanmışdır. Bu zaman kürək nahiyəsindən nəysə zərbə ilə dəymiş və zərbənin təsirindən üzü üstə yerə yıxılmışdır. Yerə yıxılan zaman bir anlıq huşunu itirmişdir. Ayıldıqdan avtobusun içərisində olduğunu, paltarının qan içərisində olduğunu görüb başa düşmüşdür ki, onu avtobus vurub, avtobusun sürücüsü avtobusla onu xəstəxanaya aparır. Xəstəxanada müayinə olduqda ona məlum olmuşdur ki, burun sümükləri və sol əlinin barmaqları sınıb, sol dizindən xəsarət almışdır. O, təhlükəni hiss etməmiş, çünki avtobusun arxasında arxası avtobusa tərəf dayanmışdır. Təqsirləndirilən şəxs ilə şikayəti yoxdur, eyni zamanda onunla barışmaq da istəmir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən əldə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-040 nömrəli videomüşahıdə qurğusunun 3-cü kamerasını xx.xx.2022-ci il tarixdə saat 10:31-dən 10:33-dək olan müddət görüntülərində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən dayanacaqda iki avtobusun dayandığını, videogörüntünün 32-ci saniyəsində bir nəfər piydanın avtobus dayanacağına çıxaraq iki avtobusun arasında dayandığını, 39 saniyədə ağ rəngli avtobusun dayanacaqda arxaya verməyə başladığını və 41 saniyədə dayanacaqda dayanmış piyadanı vurduğunu, avtobus piyadanı vurduqdan sonra saxladığını, sürücünün aşağı düşdüyünü, orada olan şəxslərin köməkliyi ilə yerdə uzanılı vəziyyətdə olan kişini avtobusa qoyub hadisə yerindən aparılması müəyyən olunmuşdur. Məhkəmə - tibbi ekspertizasının 15 iyul 2022-ci il tarixli 490 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüklərinin minimal yerini dəyişmiş qapalı sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol əlin İV daraq sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol əlin yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağın əzilmiş-cırılmış yarası, sol almacıq nahiyəsinin hematoması, sol diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixli yol- nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtobusun qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 avqust 2022-ci il tarixli, 8/2043 nömrəli ekspert rəyindən görünür ki, “Daewoo” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AD seriyalı 026361 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BCED” dərəcəli sürücülük hüququ vardır və xx.xx.2023-cü ilədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 35 nömrəli yol vərəqəsinin surətindən müəyyən olunur ki, 01-30 iyun 2022-ci il tarixlərdən Bakı şəhəri ərazisində ** SU *** dövlət qeydiyyat nişanlı avtobusu ilə Təqsirləndirilən şəxs xəttə çıxmağa icazə verilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 2/15080 saylı protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 11 avqust 2022-ci il tarixli 016-103187-1222 nömrəli məktubuna əsasən xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cu il tarixədək etibarlı olan) AD 026361 nömrəli “BCED” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 19 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdsə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 28 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobus və Azərbaycan Respublikası DİN-nin X3 Xidmətində əldə edilmiş bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisinə qaytarılması nəzərə alınmış, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2022-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var – xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 12-ci və 14-cü hissələrinə əsasən: Xİİ. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. XİV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün bir neçə dəfə cəhd etməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin X3 Xidmətində əldə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci - 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “DAEWOO BS090” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun mülkiyyətçisinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin X3 Xidmətində əldə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar