Məhkəmə qərarları › İş №1(009)-220/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-220/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-220/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə İmişli rayonu, Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Sərxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 iyun 2023-cü il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 12 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə,mənzilin giriş qapısının kilidi açıq olmasından istifadə edib qanunsuz daxil olmaqla, mənzilin qonaq otağında yerləşən divanın üzərinə qoyulmuş əl çantanın içərisində saxlanılan X3 vətəndaşı Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 935 manat olan 550 ABŞ dollarını və 1225 manat nağd pulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2160 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu Mikayıl Müşviq küçəsində kirayədə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, hərdən müğənnilik etməklə pul qazanır. 2023-cü ilin fevral ayının 11-dən 12-nə keçən gecə saat 01 radələrində o, əvvəllər ərəb tanışlarının qaldığı ünvan 3 ünvanına getmiş, həmin mənzilin qapısı döymək istədikdə açıq olduğunu görmüş, mənzilə daxil olduqda, mənzilin girişin hissəsindəki qonaq otağında olan divanın üzərində bir ədəd qara rəngli əl çantasını görmüş, mənzil də heç kəsin olmamasından istifadə edərək həmin əl çantasını açdıqda içərisində 703 manat və 550 ABŞ dolları olmasını görüb götürərək mənzili tərk etmişdir. Növbəti gün o, həmin mənzilə gəlib pulları qaytarmaq istəmiş, lakin mənzilin qapısı bağlı olduğundan çıxıb evinə getmişdir. O, mənzildəki divanın üzərində olan əl çantasından, cəmi 703 manat və 550 ABŞ dolları gizli olaraq götürüb mənzili tərk etmişdir. Ona görə özünü qismən təqsirli bilir ki, əl çantasında ittihamda qeyd edilən 1225 manat olmamış, 703 manat və 550 ABŞ dolları olmuşdur. Zərərçəkmiş şəxsin şikayəti əsasında onu bölməyə dəvət etmişlər, həmin pul məbləğini 9-cu Polis Bölməsində protokolla təqdim etmişdir. Ona görə həmin mənzilə əvvəllər orada kirayədə qalmış tanışları olan ərəb vətəndaşlarının gəlib-gəlməməsini öyrənmək üçün getmişdir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X5 vətəndaşı Zərərçəkmiş şəxssun oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, X4 vətəndaşıdır, Bakı şəhərinə turist kimi 11 fevral 2023-cü il tarixdə gəlmiş və 18 fevral 2023-cü il tarixədək Bakı şəhərində qalacaq. O, Bakı şəhərinə iki dostu ilə gəlmiş və tanışlarının vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi,ev 49,mənzil 6 ünvanda yerləşən mənzili kirayə kimi günü 100 manata tutub yaşamışdır. 2023-cü ilin fevral ayının 11-dən 12 keçən gecə saat 01 radələrində o, kirayədə qaldığı mənzildə tək olmuş və özü üçün müəyyən içki və şirniyyat almaq üçün bir neçə dəqiqəlik yaşadığı binanın birinci mərtəbəsində yerləşən marketə getmiş, təxminən 10-15 dəqiqədən sonra geri evə dönmüş, mənzilə daxil olduqda divanın üzərində olan pul kisəsini açarkən pul kisəsinin içərisində olan 1.225 manat və 550 ABŞ dollar pulun çantada olmadığını görmüşdür. Mənzilin giriş qapısının kilidi açıq olduğundan, mənzilə kiminsə gizli daxil olub oğurladığını başa düşmüşdür. Bundan sonra oğurluq barədə tərcüməçi vasitəsi ilə polisə məlumat vermişdir. Əl çantasından cəmi 1.225 manat və 550 ABŞ dolları var idi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2023cü il tarixdə o, 9-cu Polis Bölməsində xidmətdə olarkən xidməti ərazidə ünvan 5 ünvanında müvəqqəti yaşayan Bakı şəhərinə turist kimi qonaq gəlmiş X2 vətəndaşı Zərərçəkmiş şəxs məxsus 550 ABŞ dolları və 1.225 manat nağd pulun mənzilin kilidi açıq qalmış qapısından içəriyə gizli daxil olunmaqla oğurlanması barədə şikayət ərizəsi daxil olmuşdur. Həmin şikayət ərizəsi əsasında o, iş yoldaşı 9-cu Polis Bölməsinin sahə inspektoru Şahid2la birlikdə mənzil ətrafında və xidməti ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhə etdiyi şəxsi Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı ərazisində müəyyən edib onu Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər, bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin şəxslə apardıqları söhbət zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, ev 49, 6 saylı kilidi açıq olan mənzilə gizli şəkildə daxil olmasını, həmin mənzilin giriş hissəsindəki qonaq otağında heç kəsin olmamasından istifadə edərək orada olan divan üzərində qoyulmuş əl çantasının içərisinə baxarkən 550 ABŞ dollar və 700 manat nağd pulun olmasını görüb götürərək mənzili gizli şəkildə tək etməklə oğurlamasını etiraf etmişdir. Sonra o, sahə inspektoru Şahid2la birlikdə Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilməsi və sonuncunun aidiyyəti üzrə təhvil verilməsi barədə Polis Bölməsinin rəisinə raportla məruzə etməklə, Təqsirləndirilən şəxs aidiyyatı üzrə oğurluqla bağlı araşdırmanı aparan təhqiqatçıya təhvil vermişdir. 13 fevral 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı 12 fevral 2023-cü il tarixdə, gecə saat 01 radələrində, müvəqqəti kirayədə qaldığı Bakı şəhəri,Səbail rayonu,N.Rəfibəyli küçəsi,ev 49, 6 saylı mənzilin qonaq otağında, divan üzərində qoyulmuş əl çantasının içərisindəki pul kisəsindən cəmi 550ABŞ dolları və 1225 manat nağd pul əskinazlarının oğurlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə etmiş olduğu oğurluq cinayətini etiraf edərək həmin mənzildəki divanın üzərində olan əl çantasının içərisindəki pul kisəsindən cəmi 550ABŞ dolları və 703 manat nağd pul əskinazları olmasını bildirmişdir. 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 13 fevral 2023-cü il tarixli qərarla X5 vətəndaşı Zərərçəkmiş şəxssun oğlu ********* nömrəli cinayət işi ürzə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 15 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 11 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 550 ABŞ dolları və 700 manat nağd pul əskinazları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs X5 vətəndaşı Zərərçəkmiş şəxssun oğluna təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, yəni əl çantasında 550 ABŞ dolları və və 703 manat pulun olması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş ürə maddi sübut 550 ABŞ dolları və 700 manat zərərçəkmiş şəxs X5 vətəndaşı Zərərçəkmiş şəxssun oğluna qaytarlması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 7 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş ürə maddi sübut 550 ABŞ dolları və 700 manat zərərçəkmiş şəxs X5 vətəndaşı Zərərçəkmiş şəxssun oğluna qaytarlması nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar