Məhkəmə qərarları › İş №1(009)-220/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-220/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-220/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, tərcüməçi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun oğlu 2-ci Qarabağ müharibəsi iştirakçısı X2 dövlət başçısı tərəfindən müharibə iştirakçılarının evlə təmin olunması ilə bağlı göstərişindən sonra ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncunun 30 iyul 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən mobil tətbiqi vasitəsilə 4098-5844-6709- 2993 nömrəli bank kartına göndərdiyi 510 manat, 31 iyul 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 510 manat, 03 avqust 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 408 manat, 04 avqust 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 102 manat, 06 avqust 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 510 manat, 03 sentyabr 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 510 manat, 05 sentyabr 2023-cü il tarixdə həmin ünvanda eyni üsulla göndərdiyi 350 manat, 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ə.Əlizadə küçəsində yerləşən «Al market» adlı mağazada quraşdırılmış “eManat» ödəmə terminalı vasitəsilə 4098-5844-6709-2993 nömrəli bank kartına göndərdiyi 300 manat, 12 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Saloon Pub»dan 4098-5844-6709-2993 nömrəli bank kartma göndərdiyi 100 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 3300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, başına hadisə gəlib, onun özünü də aldadıblar. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu müharibə veteranıdır. Onlara bildirmişlər ki, dövlət başçısı tərəfindən müharibə veteranlarına ev verilir. Oğlu ev üçün müraciət etmiş, növbədə durmuşdur. İşlədiyi yerdə öz rəisindən, digər iş yoldaşlarından bu məsələ ilə maraqlanmışdır. Bu zaman müştərisi bu barədə ona köməklik etməsi üçün tanışının olduğunu bildirmişdir. Rüfətlə danışmış, ona köməklik edəcəyini bildirmişdir. Daha sonra Rüfət sənədlərin hazırlanması üçün 500 manat pul istəmiş, pulu kartına göndərmişdir. Bir müddət sonra Rüfət yenə pul lazım olduğunu bildirmişdir. 1000 manat da onun kartına göndərmişdir. Rüfət ilə olan danışıqlar, mesajlar hamısı telefonunda vardır. Daha sonra Rüfət ondan təmirli ev üçün pul istənildiyini, o da pulunun qalmadığını demişdir. Sonra oğlu veteran vəsiqəsi ilə “ABB” Bankdan 1000 manat kredit götürmüş və o həmin pulu Rüfətə vermişdir. Rüfət daha sonra yenə 1000 manat istəmiş, o öz rəisindən 500 manatı alıb Rüfətin kartına göndərmişdir. 2-3 saat sonra Rüfət zəng vuraraq ondan 500 manat yox, 500 dollar pul istənildiyini bildirmişdir. Oğlu dostlarından pul tapmış, yenə Rüfətin kartına göndərmişdir. 8 noyabrda sərəncam çıxmış, lakin siyahıda adını görməmişdir. Rüfətdən pulları geri istəyəndə qaytaracağını bildirmişdir. Qaytarmadığını görüb polisə müraciət etmişdir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan “eManat” tətbiqi vasitəsi ilə həyata keçirilmiş ödəniş qəbzinin fotoşəkilindən görünür ki, 1046 terminal nömrəsi, ünvan 4 ünvanında Təqsirləndirilən şəxs məxsus «LeoBank» .... ....67092993 nömrəli plastik kart hesabına xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində ödəniş edilmişdir (i.v. 12). İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə saat 19:15-də tutulmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X3 görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismin cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 31 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan 124319 nömrəli, 10 avqust 2023-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, müharibə veteranı olmasını, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 10 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün kimi nəzərə alınmalı və ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı təqdim olunmuş iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməli, 2250 (iki min iki yüz əlli) manat dəymiş zərər və 43 (qırx üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 324 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini –Bakı şəhəri, Səbail rayonu, Vüsal və Elçin Hacıbabayevlər küçəsi, ev 4, mənzil 34 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 2250 (iki min iki yüz əlli) manat və 43 (qırx üç) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq 03 saylı Vəkil Bürosunun Kapital Bankdakı bank hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar