Məhkəmə qərarları › İş №1(009)-223/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-223/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-223/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 13 avqust 1988-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, Beyləqan rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 1,524 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail RPİ-nin 41 -ci PB-nin əməkdaşları tərəfindən soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün 07 noyabr 2022-ci il tarixdə saat 05:30 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, orada həmin tarixdə saat 06:55 radələrində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.524 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki il olar ki, psixotrop maddə olan “patı" kimi tanıdığı metamfetamindən istifadə etmişdir. O, 07 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata psixotrop maddə olan "patı" kimi tanıdığı metamfetamin almışdır. Həmin gün. yəni 07 noyabr 2022-ci il tarixdə saat 18 radələrində onu polis əməkdaşları yaşadıqları məhəllədə 06 noyabr 2022ci il tarixdə baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı saxlayaraq bölməyə aparmışlar, orada onun üzərində narkotik vasitə olub olmadığını soruşanda üzərində “patı" olduğunu bildirmişdir. Həmin vaxt vəkil çağırmışlar, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişlər və ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı içərisində "patı” olan siqsret kağızına bükülü vəziyyətdə olan bükülünü təqdim etmişdir. Həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Təxminən iki il olar ki “patı" deyilən psixotrop maddə qəbul edir. Üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsusdur. Təqsirləndirilən şəxs oğlu son sözündə əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Səbail RPİnin 41 -ci PB-də növbədə olduğu zaman üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinən X1 bölməyə gətirildiyini, bu barədə tərtib edilmiş məlumat raportunun icrasını həyata keçirən bölmənin təhqiqatçısı. polis leytenantı Ənvər Məlikov tərəfindən vəkil dəvət edilməklə, bölmənin CA üzrə digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən videoçəkliş aparılaraq. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparıldığını, təhqiqatçı tərəfindən narkotik vasitəni üzərində daşımaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər-hansı əşyanın olub olmaması, varsa təqdim etməsinin təklif edildiyini. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü siqaret kağızına bükülmüş bükümü təqdim etməsini, təhqiqatçı tərəfindən büküm açılan zaman içərisində kristal hissəciklərdən ibarət olan ağ rəngli maddənin aşkar edildiyini. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan "patı" adlanan metamfetamin olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan şəxsi axtarış aparılmasını əks edildiyi video-diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasında həmin bölmənin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov masanın qarşısında ayaq üstə dayanmış vəziyyətdə, onun qarşısında, masaya bitişik qarşı masanın sağ tərəfində 3 saylı Vəkil bürosunun vəkili X7 oturmuş vəziyyətdə, ondan sağda Təqsirləndirilən şəxs oğlu ayaq iistə və bir qədər solda isə Səbail RPİ-nin 41-ci PB-nin nun əməliyyat müvəkkili polis leytenantı X10 oğlu dayanmışdır. Səbail RPİ-nin 41-ci PB-nin nun əməliyyat müvəkkili polis leytenantı X11 tərəfindən video çəkiliş aparılır. Təhqiqatçı qeyd olunan şəxsləri təqdim edir və cinayət-prosessual qanunvericiliyin tələblərini izah edir, bundan sonra Təqsirləndirilən şəxs oğluna təklif edir ki, üzərində olan şübhəli əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bir tərəf qara, digər tərəfi gümüşü rəngdə olan bükülünü çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı bükümü açır içərisində ağ rəngdə, kristal formada olan maddəni nümayiş etdirir, nə olduğunu Təqsirləndirilən şəxs soruşur, sonuncu həmin maddənin «patı» adlanan metamfetamin olduğunu bildirir. Təhqiqatçı həmin maddəni haradan əldə etdiyini və neçəyə aldığını soruşur, Təqsirləndirilən şəxs psoxotrop madəni bir gün öncə şəxsi istifadəsi üçün «Sovetski» adlanan yerdən 10 manata tanımadığı şəxsdən bildirir. Bundan sonra təhqiqatçı Ənvər Məlikov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılır, gödəkçəsini və ayaqqabılarını çıxartdırıb ayrıca yoxlayır, əynində olan bütün paltarlara baxış keçirir. Daha sonra təhqiqatçı Ənvər Məlikov tərəfindən içərisində metamfetamin olan büküm zərfdə qablaşdırılır və zərflər üçün möhürlə möhürlənir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2022-ci il tarixli 6/6453 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində «... Azərbaycan Respublikası DİN Zərflər üçün JY?239 dairəvi möhür əksi və «... Şübhəli şəxs Təqsirləndirilən şəxs - imza, iştirakçılar-iki imza. Tərtib etdi: Ə.Məlikov imxa...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükiimdəki təmiz çəkisi - 1,524 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbavcan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 07 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 1.524 qram metamfetamin qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 1.474 qram geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 07 noyabr 2022-ci il tarixdə, saat 06:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 08 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və qətimkan tədbirinin seçilməsi barədə 08 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs oğlu barəsində 03 müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-223/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində axtarış elan edilmiş, o tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 09 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 09 iyul 2023-cü il tarixdə saat 13:00-da tutulmuşdur. Bakı İstintaq Təcridxanası tərəfindən Səbail Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abdullayev X8 Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 09 iyul 2023-cü il tarixdə tutularaq, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-223/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu: -Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Səbail Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş video görüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddəni əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmasını, məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçiməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə və məhkəməyədək icraat mərhələlərində Təqsirləndirilən şəxs oğlunun 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olması, himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmədə, Təqsirləndirilən şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli 7637 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 92 (doxsan iki) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalıq qalan 1.474 qram psixatrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun istintaq dövründə 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra 1.474 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs oğludan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" ASCnin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar