Məhkəmə qərarları › İş №1(009)-224/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-224/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-224/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-794/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 sentyabr 2025-ci il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,530 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Birliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2025-ci il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Netfçi Qurban küçəsində yerləşən “Bayıl” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:35-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,530 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən almışdır. Bayıl marketin yanında yolu keçərkən polis əməkdaşları tərəfindən saxlanılmış və bölməyə aparılmışdır. Əməlindən peşmandır, müalicə olunmaq istəyir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Səbail RPİ-nin X2 baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 göstərmişdir ki, 13 mart 2025-ci il tarixdə Səbail RPİ-nin NMB-nə xx.xx.1981-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonunu inzibati ərazisində narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat daxil olmuşdur. 13 mart 2025-ci il tarixdə saat 15.20 radələrində qrupun digər üzvü Şahid2la birlikdə izləyərək Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsində yerləşən “Bayıl” marketin yaxınlığında piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu Səbail RPİ-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etməmiş və onlarla birlikdə Səbail RPİ-nin inzibati binasına gəlmişdi. Orada araşdırmanın aparılması Təhqiqat şöbəsinin baş təhqiqatçısı Əli İsmayılova tapşırılmış, bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü, gödəkçəsinin sol yan cibindən bir ədəd mənzil açarını və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdi. X9 bükülünü açdıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdi. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda sonnuncu bildirmişdi ki, "patı” kimi tanıdığı metamfetamindir, onu xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidən 20 manata tanımadığı şəxsdən alıb üzərində saxlamışdı ki, evə gedəndə istifadə etsin. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 (iyirmi) manata əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Cinayət işində olan baxış və götürülmə apaılması haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azər Nəsirov küçəsində yerləşən yarım tikilinin içərisində qara rəngli bağlama aşkar edilmişdir. Bağlama açıldıqda içərisində iki ədəd qara rəngli sellofan bağlamaların olduğu aşkar edilmişdir. Həmin bağlamaların içərisinə baxış keçirilərək hər ikisində qurudulmuş ota bənzəyən, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/1093 saylı, 14 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №51" möhür əksi olan " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...." əl yazısı və s. soyadla imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,530 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,530 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,480 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/446 saylı, 14 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi..." yazısı və imzalar olan qara sintetik çantadakı 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 2500 qram; 6510 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 9010 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 9010 qram (1-2№li obyekt), tədqiqata sərf edildi 0,4 qram (hər obyektdən 0,2 qram), qalıq çəkisi 9009,6 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-cü il tarixli, 2712 №-li ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. O, xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. 13 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin gün saat 15:20 dəqiqədən tutulmuş hesab edilmişdir. 13 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd qara rəngli sintetik çantada 2 ədəd qara rəngli polietilen bağlamalarda ümumi təmiz çəkisi 9010 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana götürülərək iş materiallarına əlavə edilmişdir. 14 mart 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 15 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 15 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal həbsdən azad edilmişdir. 15 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 15 mart 2025-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini satmış şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü madəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. 14 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 05 may 2025-ci tarixdə Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. 07 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Səbail Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 1(009)-224/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 19 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin əməkdaşkları tərəfindən saxlanılmışdır. 09 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə dair dair vəsatət təmin edilməmiş və o, saxlanıldığı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal həbsdən azad edilmişdir və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. 13 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,530 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 0,480 qram metamfetmin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı hakimiyyət nümayəndəsinə təhvil verməsi könüllü təqdimetmə kimi qiymətləndirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 may 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, lakin xx.xx.2021-ci ildə iş üzrə icraata xitam verilmişdir. - Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və xx.xx.2025-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-794/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən cəzanın heç bir hissəsi çəkilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)- 794/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini 13 mart 2025-ci il tarixdə, yəni barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-794/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü çıxdıqdan əvvəl törətmişdir. Belə olan halda Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-794/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 1 (bir) il azadlıqdan məhrumetmə cəzası hazırda təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 birinci iş üzrə ibtidai istintaq dövründə 12 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək, hazırki iş üzrə 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək, 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək və 19 avqust 2025-ci il tarixdən 20 avqust tarixədək, yəni ümumilikdə 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 10 may 2025-ci il tarixli, 2712 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,480 qram (ilkin təmiz çəkisi 0,530 qram), kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvandan götürülmüş 9009,6 qram (ilkin təmiz çəkisi 9010 qram) kustar üsulla hazırlanmış qurudulmuş narkotik vasitə-marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 14 mart 2025-ci il tarixli, 6/1093 və 7/446 saylı məhkəmə ekspertizası tədqiqatlarının xərci 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-794/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 01 (bir) il azadlıqdan məhrumetmə cəzası hazırkı təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən birinci iş üzrə ibtidai istintaq dövründə 12 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək, hazırki iş üzrə 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək, 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək və 19 avqust 2025-ci il tarixdən 20 avqust tarixədək, yəni ümumilikdə 07 (yeddi) gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,480 qram (ilkin təmiz çəkisi 0,530 qram), kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, habelə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvandan götürülmüş 9009,6 qram (ilkin təmiz çəkisi 9010 qram) kustar üsulla hazırlanmış qurudulmuş narkotik vasitə- marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 14 mart 2025-ci il tarixli, 6/1093 və 7/446 saylı məhkəmə ekspertizası tədqiqatlarının xərci 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 140 (bir yüz qırx ) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar