Məhkəmə qərarları › İş №1(009)-226/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-226/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-226/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1987-ci ildə ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2olisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, 21 iyun 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 8 ünvanda yerləşən “Space” telekanalının binasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 (iyirmi) manat pulun qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,10 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini şəffaf sellofan və gümüşü rəngli falqaya bükülmüş vəziyyətdə bir ədəd bükümdə əldə edərək üzərində saxlayıb daşımış, Səbail RPİ-nin 41ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 77 ünvanda yerləşən «Qızıl Balıq» adlı restoranın qarşısında saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş tünd boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan və gümüşü rəngli falqaya bükülmüş vəziyyətdə bir ədəd bükümdə təmiz çəkisi 1,10 qram olan narkotik vasitə herion aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir, narkotik vasitə qəbul edir. Saxlanıldığı gündən bir gün əvvəl, “Space” telekanalının binasının yanında tanımadığı bir nəfər şəxsdən 20 manata narkotik vasitə olan heroin almış və həmin narkotik vasitəni özü istifadə etmək üçün şalvarının cibinə qoyaraq yaşadığı Badamdar qəsəbəsinə getmişdir. 22 iyun 2022-ci il tarixdə axşam saat 20:30 radələrində yaşadığı Badamdar qəsəbəsi ərazisində yerləşən «Qızıl Balıq» restoranının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitə qəbul etdiyindən şübhələndiklərini bildirmiş və onu 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə bölməyə getmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilərkən, o, əynində olan şalvarının cibindən içərsində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi 41-ci Polis bölməsinə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu 77 ünvanında “Hüseyn” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o da, məlumat əsasında yaradılan əməliyyat qrpunun tərkibində olmuşdur. 22 iyun 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində «Hüseyn» adlı şəxsə bənzər şəxsin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində olması müəyyən edilmiş və sonuncu Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu 77 ünvanın qarşısında saxlanılıb Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına aparılmışdır. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis bölməsində təhqiqatçının xidməti otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana və gümüşü falqaya bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik maddəyə oxşar kütləni çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmənin mobil telefon vasitəsilə video-çəkilişi aparılmışdır. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu-sual edildikdə, o, üzərindən aşkar edilmiş şəffaf selofan və gümüşü falqaya bükülmüş bükülünün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata alaraq, üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolda imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparmadan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana və gümüşü falqaya bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik maddəyə oxşar kütləni çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. O, həmin bükülünün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün adını bilmədiyi şəxsdən 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı polis leytenantı Ənvər Məlikovun xidməti otağında aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən video-çəkilişin əks olunduğu disk (məlumat daşıyıcısı) protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 6/3500 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs şalvarından aşkar edilmiş...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,10 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin ümumi çəkisi - 1,10 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram, qalıq -1,05 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 23 iyun 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən təqdim edilən 1 ədəd ağ rəngdə 1 ədəd bükümdə 1,10 qram qəhvəyi maddə qəbul edilmiş, müvafiq olaraq 0,05 qram nümunə götürülmüş, 1,105 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin fayl “video**********363559384” adlı 111.025 KВ yaddaşı olan “.MP4 Video” formatlı video-fayldır. Video-fayl 0:04:31 dəqiqə müddətdə davam edir. Video-fayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda üç nəfər kişi və bir nəfər qadın olmaqla, mülki geyimli olan dörd nəfər şəxs əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı polis leytenantı Ənvər Məlikov olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Səyyarə Əliyevanın iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan və gümüşü rəngli falqaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. X3 tərəfindən həmin büküm açılır, içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən olunur. Sonra X3 tərəfindən sorğu-sual edilən Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, təxminən 5-6 ildir, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitə “kakos”-u bir gün əvvəl “Space” telekanalın yanında tanımadığı şəxsdən 20 (iyirmi) manat ödəyərək, özünün şəxsi istifadəsi üçün aldığını və üzərində başqa heç bir əşya və ya maddənin olmadığını bildirir. Bundan sonra X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs X3 və müdafiəçi Səyyarə Əliyeva tərəfindən, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən hər hansı bir psixi və ya fiziki təzyiqə, təsirə məruz qalıb-qalmaması barədə sorğu-sual edilsə də, Təqsirləndirilən şəxs heç bir təsirə və təzyiqə məruz qalmadığını bildirir. Sonra həmin büküm X3 tərəfindən boş zərfdə qablaşdırılır, DİN-in 239 saylı möhürü ilə möhürlənir, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Sonda bu barədə protokol tərtib edilir və protokol iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin disk iş üzrə maddi sübut kimi tanınmasından ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 24 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından olan 18 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4217 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,10 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 1,05 qram olan heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin qərardan görünür ki, cinayət işi üzrə istintaq əhəmiyyəti kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən lentə alınmış video-görüntünü əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan epikriz və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs sol ümumi bud arteriyasının irinlənmiş psevdoanevrizması, sol qasıq və bud nahiyyəsinin yumşaq toxumaların qanqrenasından əziyyət çəkir. İş materiallarında olan Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin 16 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, psevdoanevrizma və qanqrena xəstəsi olmağını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək və 01 avqust 2022-ci il tarixdə tutulduğu cəmi 03 (üç) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,05 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixədək və 01 avqust 2022-ci il tarixdə tutulduğu cəmi 03 (üç) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,05 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar