Məhkəmə qərarları › İş №1(009)-227/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-227/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-227/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,083 qram psixotrop maddə metamfetamin, iki ədəd bükümdə təmiz çəkisi 0,394 qram narkotik vasitə heroin və 03 ədəd bükümdə təmiz çəkisi 6,808 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvana daşımış, 16 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, Polis Bölməsinin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki qəhvəyi rəngli “MONT BLANK” yazısı olan sumkanın içərisindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı, 03 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,808 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 0,083 qram psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,394 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 14 il bundan öncədən narkotik vasitə marixuanadan və təxminən 2022-ci ilin aprel-may aylarından narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yandırıb buruna çəkmək yolu ilə istifadə edir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmayan şəxslərdən internet vasitəsilə online qaydada alıb əvvəlcədən qoyulduğu yerdən götürür. Belə ki, “Whatsapp” ani mesajlaşma şəbəkəsində əvvəlcədən tanımadığı narkotiki alacağı şəxsin müxtəlif bank hesabı kartlarının şəklini alıb həmin bank kartlarına razılaşdırılmış pul məbləğini göndərdikdən sonra narkotikin qoyulduğu yeri ona bildirirmişlər. Sonuncu dəfə 16 iyul 2022-ci il tarixdə saat 02:10 radələrində qeyd etdiyi qaydada 04 büküm narkotik vasitə qurudulmuş marixuana, 01 büküm psixotrop maddə metamfetamin və 02 büküm narkotik vasitə heroini əvvəlcədən qoyulduğu yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan yerin yaxınlığından götürmüşdür. Bundan sonra aldığı narkotik vasitələri və psixotrop maddəni istifadə etmək məqsədiylə yaşadığı ünvana gedərkən 16 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 3 ünvanın yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onu Səbail Rayon Polis İdarəsinin 8ci polis bölməsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqlardan brində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman əlində olan qəhvəyi rəngli çantanı polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı həmin çantanı açıb içərisində olan əşyaları çıxararaq masanın üzərinə qoymuşdur. Bu zaman çantanın içərisindən 04 büküm narkotik vasitə qurudulmuş marixuana, 01 büküm psixotrop maddə metamfetamin və 02 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələri və psixotrop maddəni tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən Online şəkildə əvvəlcədən qoyulduğu yerdən ümumilikdə 100 manat məbləğində pula əldə etmişdir. Narkotik vasitələri və psixotrop maddəni üzərində saxlayaraq gəzdirməyində məqsəd onları özü qəbul edəcəkmiş. O, həmin narkotik vaitələrdən və psixotrop maddədən heç kimə satmamış və hədiyyə etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. 16 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeli ünvan 3 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmiş və həmin şəxs etiraz etmədən onlarla birlikdə 8-ci Polis Bölmsinə getmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əlindəki qəhvəyi rəngli üzərində “Mont Blank” yazısı olan əl çantasının içərisindən 04 ədəd bükümdə qurudulmuş halda spesifik qoxuya malik olan narkotik vasitəyə bənzər ot kütləsi, 02 ədəd bükümdə qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütlə, 01 ədəd bükümdə kristal halında olan narkotik vasitəyə bənzər kütlə, 02 ədəd açar və 01 ədəd qızılı rəngli “Samsung A3” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2022-ci il tarixli, 7/773 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Bəndliyev Xalid...” yazılar və imzalar olan zərfdə 3 ədəd bükümlərdə “2 ədəd sellofan, 1 ədəd gümüşü rəngli kağız bükümlər) ayrı-ayrılıqda təmiz çəkiləri-4,982 qram, 1,467 qram, 0,359 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-6.808 qramdır. Tədqiqata təqdim olunmuş həmin zərfdə 1 ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi - 0,218 qram qarışıq kütlədə tütünlə yanaşı cüzi miqdarda marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmamışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2022-ci il tarixli, 6/3840 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinın zərflər üçün “N 52” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan bir ədəd zərfin içərisində iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,375 qram, ümumi təmiz çəkisi 0,394 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə, təmiz çəkisi 0,083 qram ağrəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə məhkəmə ekspertizası xərci 186 (yüz səksən altı) manat təşkil edir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 22 sentyabr 2022-ci il tarixli 5431 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannaboidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomanoya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 03:55-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qəhvəyi rəngli “MONT BLANK” yazısı olan sumkanın içərisindən 2 ədəd gümüşü falqaya bükülmüş qurudulmuş halda olan narkotik vasitəyə bənzər kütlə, 2 ədəd şəfaf selofana bükülmüş qurudulmuş halda olan narkotik vasitəyə bənzər kütlə, 1 ədəd şəfaf selofana bükülmüş kiristal halında olan maddə, 1 ədəd şəfafa selofana bükülmüş qəhvəyi rəngli toz halında olan maddə aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs - üç ədəd bükümdə ümumi təmiz çəkisi 6,808 qram narkotik vasitə marixuana, iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,394 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,083 qram psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi, ekspertiza tədqiqatından sonrakı qalıq 6,748 qram marixuana, qalıq 0,334 qram heroin və qalıq 0,033 qram metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu aşkar edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin müvəqqi saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə o, Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfədir az ağır cinayət törətməsini, gənc olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 17 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 186 (yüz səksən altı) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 6,748 qram marixuana, 0,334 qram heroin və 0,033 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, 17 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,748 qram marixuana, 0,334 qram heroin və 0,033 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar