Məhkəmə qərarları › İş №1(009)-23/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-23/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-23/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1977-ci ildə Şəmkir rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 yanvar 2023-cü il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 16 may 2022ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Badamdar qəsəbəsi, Badamdar şossesi 22 ünvanda yerləşən “İlqar” marketə bitişik və həmin marketin saxlanc yeri kimi istifadə edilən anbarın giriş qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan “Xırdalan-şərab” adlı firmanın istehsalı olan, cəmi 300 ədəd, hər biri 2 manat dəyərində 250 qramlıq “White Tiger” markalı spritli içkiləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qaynaq sexində qaynaqçı işləyir, daxil olmuş sifarişlər əsasında işlər icra edirmiş. 2012-ci ildə ailə qurmuş və birgə nikahdan iki övladlı olub, ailə münasibətləri düz gəlmədiyinə görə hadisə törətməmişdən əvvəl ayrılmışlar. Ailəli olduqları müddətdə Şəmkirdə atasının evində yaşamışlar. O ailəsindən ayrılandan sonra işlədiyi sexdə qalırmış. Zərərçəkmiş şəxs və Şahid2 Səbail rayonunda olan «İlqar» marketin yanında olan tikilintiyə qanunsuz daxil olaraq oradan spirtli içkiləri oğurlamışdır, həmin hadisəni tək törətmişdir. İlqarı əvvəldən tanımışdır, bir neçə dəfə onun Səbail rayonunda işlətdiyi «İlqar» marketdən ərzaq almışdır. O 16 may 2022-ci ildə «İlqar» marketin yanında olan yerdə hər bir qutuda 30 ədəd olmaqla 10 ədəd qutu hər biri 250 qram olan “White Tiger” adlı spirtli içki - araq olduğunu görmüşdür. O qaldığı evdən çıxdığı üçün hərdən bir gecələr orada qalırmış. Ona görə də həmin yerin açarını götürüb 16 may 2022-ci ildə, saat 23 radələrində istifadəsində olan mobil telefonla taksi sifariş etmişdir. Taksi sürücüsü gəlib «İlqar» marketin yanında olan yerdən hər bir qutuda 30 ədəd olmaqla 10 ədəd qutuda hər biri 250 qram olan “White Tiger” adlı spirtrli içkiləri taksinin yük yerinə yığaraq 20 Yanvar dairəsində olan körpünün altından Şəmkir rayonuna gedən tanınmadığı və adını bilmədiyi maşınla Şəmkir rayonuna aparıb orada tanımadığı mağazaya 350 manata satmışdır, həmin pulu da öz şəxsi işlərinə xərcləmişdir. «İlqar» maketin yanında olan tikilinin qapısının açarını götürdüyü üçün həmin qapını açaraq oradan oğurluq etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanın ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, iki azyaşlı uşağı olduğunu nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Badamdar qəsəbəsində yerləşən «İlqar» marketi icarəyə götürüb işlədir, həmin marketdə ərzaq və qeyri-ərzaq mallarının satışı ilə məşğuldur. Həmin marketinin gecə gözətçisi yoxdur. 16 may 2022-ci ildə, günorta vaxtı o işdə olan zaman «Xırdalan-Şərab» firmasından 250 qramlıq “White Tiger” spirtli içkisi olan araqlar gətirilmişdir. Həmin zaman mağazada onları yerləşdirməyə yer olmadığından mağazanın yanında olan anbar kimi istifadə etdiyi yerə yığmışdır. «Xırdalan-Şərab» firmasından 250 qramlıq «“White Tiger” spirtli içkisi olan araqlar cəmi 10 qutu olmaqla hər bir qutuda 30 ədəd şüşə var imiş. Həmin şüşələrin də hər birini o 2 manata alıb 3 manata sataraq qazanc əldə edir. O hər gün mağazanı saat 09 radələrində açır, saat 22-23 radələrində bağlayır. 16 may 2022-ci ildə günorta vaxtı o işdə olan zaman «Xırdalan-Şərab» firmasından 250 qramlıq “White Tiger” spirtli içkisi olan araqlar gətirilmiş və onları marketin yanında olan anbara yığıbmış. Həmin günün səhərisi saat 09 radələrində işlətdiyi «İlqar» market mağazasına gəldikdə anbara baxan zaman anbarda olan 10 qutu araqların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o videogörüntüyə açıb baxdıqda həmin görüntüdə olan ** FC *** nömrəli minik avtomobili ilə gələn tanımadığı naməlum şəxsin anbara girib götürdüyü həmin 10 qutuda olan araqları gəldiyi həmin minik maşının yük yerinə yığaraq oradan getdiyini görmüşdür. Bundan sonra istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. O anbar kimi araqlar yığdığı yerin açarının birini Seymura vermiş, həmin yerin arxasındakı həyətdə Seymur qaynaqçı işləyirdi, nahar zamanı və sair vaxtlarda hadisə baş verən yerdən istifadə edirdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1999-cu ildən səyyar qaynaqçı işləyir, Zauru bir il əvvəl tanımışdır, O müqavilə əsasında Badamdar qəsəbəsində «İlqar» marketin yanında olan boş olan saxlanc yerinin arxasında olan 25 kvadrat yeri icarəyə götürüb ayda 200 manat ödəməklə işlətməyə başlamışdır. Bundan sonra Zaur onun Badamdar qəsəbəsi, Badamdar şossesi-22 ünvanında işlədiyi sexə gəlmişdir. Həmin zaman aralarında olan söhbət zamanı arvadından ayrıldığını, qalmağa yeri olmadığını və yeməyə də pulu olmadığını bildirib. O da onunla əvvəldən tanışlıq münasibəti olduğu üçün işlədiyi sexdə yemək alıb onunla birlikdə yemişlər. Zaur biz neçə dəfə gəlib getmiş və o ona bir neçə dəfə də xərcləməyə pul da vermişdir. Lakin buna baxmayaraq Zaur spirtli içkiyə meyilli olduğu üçün özünü düzəldə bilmirmiş. 16 may 2022-ci ildə, günorta vaxtı İlqarın işlətdiyi marketə 30 ədəd qutuda hər bir qutuda 30 ədəd 250 qramlıq araq olmuşdur. İlqarda həmin araqların 10 ədəd olan qutusunu marketin yanında olan saxlanc yerində saxlamışdır. 16 may 2022-ci ildə bundan bir neçə saat sonra Zaur işlədiyi yerə gələrək ac olduğunu bildirmiş, o da həmin gün axşamtərəfi işlədiyi həmin qaynaqçı sexdə olan zaman yemək yemişlər, Zaur spirtli içkiyə meyilli olduğu üçün onunla da birlikdə aldığı araq içmişlər. Həmin zaman Zaur kirayə qalmaq üçün ev axtarırmış, o da belə bir adam olduğunu bildiyi üçün Fizuli adlı şəxsə zəng etmiş, Fizulini dülgər ustası kimi tanımışdır, Fizulinin deməsinə görə yaxınlıqda kirayə qalmaq üçün ev yeri bilirmiş. Buna görə də o Fizulinin mobil telefonuna zəng edib Zaurun kirayə qalmağa ev axtarmasını və onun dediyi evdə qalmasına köməklik etməsini deyib. Fizuli də ona rayondan gəldiyi üçün 2 saata Bakı şəhərinə çatacağını deyib. O da Fizulunun mobil nömrəsini Zaura verib onu iş yerinin qarşısında gözləməsini bildirib. Bundan sonra o işlətdiyi qaynaq sexinin qapılarını bağlayıb getmişdir. Həmin günün səhərisi, saat 09 radələrində işə gələn zaman yolda ikən Zaurun mobil telefonuna zəng edib kirayə qalmaq üçün ev tapması məsələsi ilə maraqlanmaq istəyib. Zaur zəngə cavab verməyib və telefonu söndürüb. O sexə gəlib qapını açdıqdan sonra baxıb görüb ki, İlqarın işlətdiyi sexin qarşısında olan saxlanc yerində qoyduğu 250 qramlıq araqlar yerində yoxdur, İlqara bu barədə xəbər verib, İlqarda həmin marketin kamerasına baxdıqda bu hadisəni görmüş və bu barədə DİN-in 102 nömrəsinə zəng edib həmin oğurluq hadisəsi barədə xəbər vermişdir. O Zaura həmin saxlanc yerinin və sexinin açarlarını verməmişdir, Zaura etibar etmədiyi üçün heç vaxt açarı verməmişdir. 02 iyun 2022-ci il tarixdə faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 17 may 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 22 ünvanda yerləşən “İlqar” marketin binasına bitişik anbardır. Marketin videomüşahidə kamerasina keçirilmiş baxış protokolundan görünür ki, 16 may 2022-ci il tarixdə saat 23 radələrində iki nəfər naməlum şəxslər anbara yaxınlaşır, orada olan araq qutularını görüb ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşına yükləyərək oradan uzaqlaşırlar, marketdə olan video-müşahidə qurğusundan görüntülər götürülüb diskə köçürülərək protokola əlavə olunmuşdur. 17 may 2022-ci il tarixli Şahid1 izahatı və “2111” taksi şirkətinin «Kia Rio» markalı, ** AC *** dövlət nömrə nişanlı taksinin sifarişləri barədə təqdim edilən siyahıdan görünür ki, 16 may 2022-ci il tarixdə, saat 17:21-də 11 saylı Cəzaçəkmə (metro Dərnəgül)-Müşfıqabad qəsəbəsi, sifariş ləğv olunmuş; saat 22:45-də «Park 20 ticarət mərkəzi (metro 20 Yanvar)-köhnə Favorit, indiki Araz market, sifariş ləğv olunmuş; saat 23:04-23:23 3,2 manat müqabilində X6- Beynəlxalq Avtovağzal yeni, sifariş yerinə yetirilmiş; sonra isə Beynəlxalq Avtovağzal yeni-X7 istiqamətlərində sifarişləri olmuşdur. 07 iyun 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 iyun 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə hadisəni törətmiş şəxs və ya şəxslər müəyyən edilib istintaqa təqdim olunanadək icraat dayandırılmışdır. 28 iyun 2022-ci il tarixdə hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs müəyyən edilmiş və iş üzrə icraat təzələnmişdir. 28 iyun 2022-ci il tarixdə saat 17:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 30 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 30 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmişdir. 30 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70, 334.1-ci maddəsi ilə 01 il şərti sınaq müddəti tətbiq olunmaqla 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il tarixli X3. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, iki azyaşlı uşağı olduğunu cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək, 10 dekabr 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək, yəni 01 (bir) ay 10 (on) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri –Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evini ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək, 10 dekabr 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixədək, yəni 01 (bir) ay 10 (on) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evini ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar