Məhkəmə qərarları › İş №1(009)-23/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-23/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-23/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2anda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,333 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış tozşəkilli narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhələr olduğundan, Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ-nin Səbail RPİ-nin 8-ci Polis Bölməsi və NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2024-cü il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanda yerləşən “Hamam”-ın qarşısında saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə həmin narkotik vasiət heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, işləmir, əvvəllər narkotik vasitələr istifadə etmiş və onda ağrılar yarandığı üçün yenə istifadə etmək qərarına gəlmişdir. 24 yanvar 2024-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi ərazisində olanda tanımadığı şəxsdən 10 manata 01 ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin almış və evə getmişdir. 24 yanvar 2024-cü il tarixdə saat təxminən 12:30 radələrində Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsində yerləşən “Hamam”-ın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər, o, həmin şəxslərin polis əməkdaşları olduğunu anlamışdır. Polis əməkdaşları onun narkotik vasitə istifadə edib- etmədiyini soruşduqda, o, nakotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmişdir. Sonra polis əməkdaşları onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində vəkil dəvət edilmiş, sonra vəkilin iştirakı ilə videoçəkilişlə polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirtmişlər və ona, üzərində qanunsuz əşya varsa, təqdim etməsini xahiş etmişlər, o isə, əynində olmuş boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümə bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə heroini təqdim edib həmin narkotik vasitəni eyni gündə səhər saat 10:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi ərazisində olanda tanımadığı şəxsdən 10 manata aldığını etiraf etmişdir. Sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin heç nə aşkar olunmamışdır. Sonra təqdim etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə heroini polis əməkdaşları boş zərfdə qablaşdırıb ekspertizaya göndərəcəklərini bildirmişlər. Sonra bu barədə protokol tərtib olunmuş və o, zərflə protokola imza etmişdir. O, “Kakos” kimi tanıdığı, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini 24 yanvar 2024-cü il tarixdə səhər saat 10:00 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata almışdır və üzərində gəzdirmişdir. O, əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş və axırıncı dəfə 22 yanvar 2024-cü il tarixdə narkotik vasitə heroin istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğundan, asılılığı vardır, narkotik vasitə qəbul etmədiyi vaxt bədənində şiddətli ağrılar olur. Onun narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin aludəçisi olmağı barədə hər hansı şəxsin xəbərdar olubolmaması barədə məlumatı olmamış, narkotik vasitələrin qəbul edilməsinin qadağan olunması və məsuliyyətini dərk etmiş, əməlindən peşman olmuşdur. O, Polis bölməsinə şübhəli şəxs qismində aparıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan övladlarının olmasını və yaşının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ildən DİO-da, 2021-ci ildən tutduğu vəzifədə, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsini daşıyır. 24 yanvar 2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və X6 “Tərlan” adlı şəxsin Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın dəqiqliyinin yoxlanılması məqsədilə yaradılmış əməliyyat qrupunun rəhbəri o, təyin olunmuşdur. “Tərlan” adlı şəxsin müəyyənləşdirilərək, cinayətin vaxtında ifşa edilməsi məqsədi ilə 24 yanvar 2024-cü il tarixdə əməliyyat tədbiri qurulmuş, həmin tarixdə saat 12:30-da Bakı şəhəri Səbail rayonu Elçin Əzizov küçəsində yerləşən “Hamam”-ın qarşısında zahiri əlamətlərinə görə məlumatda qeyd olunan “Tərlan” adlı şəxsə bənzəyən bir nəfər şəxsin piyada hərəkət etdiyi müəyyən etmişlər, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş və özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar həmin şəxsi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət edib Bölmədə təhqiqatçınm xidməti otağına keçirmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olmaqla, ünvan 7vanda yaşayan Təqsirləndirilən şəxsdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından sonra hüquqlarını müdafiə etməsindən ötrü dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sorğu-sual edilmiş və əgər varsa, masanın üzərinə qoyub təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs həmin günü əynində olmuş boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxararaq, masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən, içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə “kakos” olduğunu, narkotik vasitə kakosu 24 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması davam etdirilmiş, lakin üzərindən qeyri-qanuni heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən götürülüb ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-in “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənmişdir. O da, bütün iştirakçılarla birlikdə həm zərfin üzərinə, həm də bu barədə tərtib edilmiş protokola imza etmişdir. Bununla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. Sonda isə Təqsirləndirilən şəxs Səbail RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmiş, sonuncu barəsində toplanılmış material ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinlə birlikdə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə məlumat daxil olmamış, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasını sübut edən hallar müəyyən edilməmişdir. Məmmədov X1 və 8-ci Polis Bölməsində üzərində axtarış və götürmə aparıldığı zaman sonuncuya qarşı heç bir formada fiziki və ya psixoloji təzyiqlər edilməmiş, qanun çərçivəsində rəftar olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasında şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, içərisində «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 24 yanvar 2024-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə ərazisində tanımadığı şəxsdən 10 manat pul ödəyib alaraq, evə getdiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf büküm təhqiqatçı Nicat Nasımov tərəfindən açılmış və içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Sonra həmin büküm təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılaraq götürülmüş və zərfin üzəri Azərbaycan Republikası DİN-in 52 №-li «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən sübut əhəmiyyəti kəsb edən heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, otaqda 04 nəfər mülki geyimli və 01 nəfər xüsusi polis geyimində 05 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 8-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Nicat Qasımov olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Səbail RPİ-nin X3 əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Zakir Kazımovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub- olmaması sorğu-sual edilərək, olduğu halda, könüllü surətdə təqdim etməsi təklif olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. X15 tərəfindən həmin büküm açılır, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olduğu müəyyən olunur. Sonra X15 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən sorğu-sual edilir, o, təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün 24 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi ərazisində adını bilmədiyi və tanımadığı şəxsdən 10 (on) manata alaraq, üzərində daşıyıb saxlanıldığını bildirir. Sonra həmin büküm X15 tərəfindən boş zərfə qoyularaq qablaşdırılır, Azərbaycan Respublikası DİN-in 52 saylı möhürü ilə möhürlənir, sonda zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Daha sonra müdafiəçi Zakir Kazımov şübhəli şəxs Təqsirləndirilən şəxs, polis əməkdaşları tərəfindən zor tətbiq edilib- edilməməsi, əvvəllər məhkum olubolunmaması, üzərindən aşkar edilmiş bükümdə narkotik vasitə kimi təqdim etdiyi kütləni şəxsi istifadəsi üçün əldə edib-etmədiyi soruşulur və o, heç bir formada ona zor tətbiq olunmadığı bildirir, təqdim etdiyi narkotik vasitə heroini yalnız öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Sonda bu barədə protokol tərtib edilir, protokola iştirakçılar tərəfindən imzanmalar aparılır. Videogörüntü həmin anda başa çatır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-kimyəvi ekspertizanın 25 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/504 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə əmiz çəkisi 0,333 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 24 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 0,333 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,283 qram maddə geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/504 saylı 25 yanvar 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,333 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,283 qram olan narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 26 yanvar 2024-cü il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayəşdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudalaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı Probasiya İdarəsindən daxil olmuş 09 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına dair Səbail Rayon Məhkəməsinin 1(009)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və 29 dekabr 2024-cü il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop vasitə olan metafetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin təmiz çəkisi 0,333 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan övladlarının olmasını və yaşını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin “həbs” qətimkan ilə əvəz olunmalı və o, dərhal məhkəmə zalından həbs edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 24 yanvar 2024-ci il tarixdən 26 yanvar 2024cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizanın 06 aprel 2024-cü il tarixli, 2235 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,283 qram heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevarl 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 24 yanvar 2024-cü ildən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsn barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 06 fevral 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnə narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.283 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manatın Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 540 (beş yüz qırx) manat pul tutulub, “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar