Məhkəmə qərarları › İş №1(009)-231/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-231/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-231/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Biləsuvar rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək açılmış sadələşmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən, 11 may 2024-cü il tarixdə saat 11:50 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən binalanın sonunda pilləkənlə aşağı düşərkən pilləkənlə yuxarı qalxan Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə gedişində yumruq zərbəsi ilə sifətindən vurmuş, sonuncu müvazinətini itirib yerə yıxılmış, ona baş beyin silkələnməsi ilə müşayət olunan qapıalı kəllə-beyin travması, başın ənsə nahiyəsinin şişkinliyi və qançırı, sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı, eləcə də, sol gözaltı nahiyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 11 may 2024-cü il tarixdə saat 11.50 radələrində yaşadığı evdən çıxıb kəsə yolla Qurd Qapısı dairəsi istiqamətinə gedən zaman Mədəniyyət evinin yanında keçərək Cəmil Hasilov küçəsi 113 ünvanında yerləşən binalanın sonunda pilləkənlə aşağı düşərkən pilləkən ilə yuxarı qalxan, tanıdığı Zəfər adlı şəxs onun yanından keçəndə çiynləri bir-birinə toxunmuşdur. O, Zəfərə bildirmişdir ki, “biraz yavaş ol”. Zəfər isə ona acıqlı cavab vermiş, o Zəfərin bu hərəkətlərinə əsəbləşərək özündən asılı olmayaraq Zəfərin sifət nahiyəsinə bir yumruq vurmuş və Zəfər yerə yıxılmışdır. Sonra isə ayağa qalxmış, ona bildirmişdir ki, “sən yaşlı adamsan sənə əl vurmayacam, lakin səndən şikayət edəcəm qoy sənin barəndə qanunla tədbir görsünlər”. O, Zəfərə adını, soyadını və telefon nömrəsini vermişdir ki, get nə istəyirsən elə və çıxıb getmişdir. O, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Badamdar qəsəbəsində yaşayan şəxs kimi tanıyır, onun adını da bilir, Zəfər də onun adını bilmiş, onu tanımış və əvvəllər bir evdə işləmişlər. Onlar bir yerdə işləyən zaman aralarında mübahisə baş vermişdir. Aralarında olan dava-dalaş Badamdar qəsəbəsi Cəmil Hasilov küçəsində yerləşən pilləkənlərin üzərində baş vermiş, aralarında yaranmış mübahisə zəminində o, əsəbi olduğu üçün Zəfərin sifərt nahiyəsibə bir yumruq vurmuş, Zəfər yerə yıxılmış və onun nə kimi xəsarət aldığını bilməmişdir. Zəfər ona əl vurmamış, aralarında olan davadalaş vaxtı pilləkənlər olan yerdə yalnı ikisi olmuş, yanlarında və ətrafda heç kim olmamışdır. Onların mübahisəsi və dava-dalaşı təxminən 1 dəqiqə davam etmiş, davadalaşı görən, onlara yaxınlaşan və həmçinin narahat olan olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və təhqiqat zamanı ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 11 may 2024-cü il tarixdə saat 12.00 radələrində yaşadığı evdən çıxıb Badamdarın mərkəzinə gedən zaman kəsə yolla Badamdar qəsəbəsi Cəmil Hasilov küçəsi 113 ünvanının yanında olan pilləkənlə yuxarı qalxan zaman pilləkənin yuxarısından aşağı düşən tanıdığı Abbas adlı şəxs yanından keçəndə onların çiyinləri birbirinə dəymişdir. Abbas ona biraz yavaş olmasını bildirmiş və o, da Abbasa biraz yavaş olmasını və kənardan keçməsini demişdir. Həmin vaxt Abbas əsəbi halda gözləmədiyi vaxtda onun sifət nahiyəsinə bir yumruq vurmuş və o, özünü saxlaya bilməyib yıxılmışdır. O, ayağa qalxmış və Abbasa demişdir ki, “sənə əl vurmayacam səndən şikayət edəcəm”. O, isə adını Təqsirləndirilən şəxs kimi demiş və həmçinin nömrəsini ona deyib çıxıb getmişdir. O, yaxınlıqda olan 41-ci PB-yə gələrək Abbasın onu döyməsi barədə şikayət etmişdir. Suallara cavablandıran Zərərçəkmiş şəxs bildrimişdir ki, o Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində yaşayan şəxs kimi tanımış, onu bir neçə dəfə görmüş, onunla əvvəllər bir dəfə evlərin birində bir yerdə işləmiş, buna görə də onun adını bilmişdir. Onu fəhlə işləyən şəxs kimi tanımışdır. Əvvəllər Abbasla bir evdə işləyən zamanlarda aralarında mübahisə olmuş və elə ona görə də Abbas ona qarşı bu cür hərəkət etmişdir. Onlar pilləkəndə bir-birilərinin yanından keçən zaman bir-birilərinə toxunmuşlar, buna görə də aralarında mübahisə yaranmış və Abbas onu vurmuşdur. Onlar arasında olan davadalaş Badamdar qəsəbəsi Cəmil Hasilov küçəsi 113 ünvanının yanında yerləşən pilləkənlərin üzərində baş vermiş, aralarında yaranmış mübahisə zəminində Abbas onun sifər nahiyəsinə bir yumruq vurmuş, həmin vaxt o tarazlığını saxlaya bilməmiş yerə yıxılmış və başı yerə dəymişdir. Onun başı ağrımış, tez-tez ürəyi bulanmış, baş və sifət nahiyəsində xəsarət və ağrılar olmuşdur. O, Təqsirləndirilən şəxs vurmadğını bildirmişdir. Həmçinin o, bildrimişdir ki, onlar dava-dalaş edən zaman pilləkənlər olan yerdə yalnız ikisi olmuş, yanlarında və ətrafda heç kim olmamış, onların mübahisə və dava-dalaşı təxminən 1 dəqiqəyə yaxın davam etmiş, dava-dalaşı görən, buna görə onlara yaxınlaşan və həmçinin narahat olan olmamışdır. Həmin yerin ətrafı ağaclar olduğu üçün ora kənardan görünməmişdir. Həmçinin Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və təhqiqat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 may 2024-cü il tarixli 228 nömrəli rəyindən göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmiş və baş beyin silkələnməsi ilə müşayət olunan qapıalı kəllə-beyin travması, başın ənsə nahiyəsinin şişkinliyi və qançırı, sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı, eləcə də, sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 may 2024-cü il tarixdə, kənar şəxs tərəfindən sol göz nahiyəsinə yumruqla vurduqdan sonra yıxılaraq baş və sol dirsək oynağı nahiyələrinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdaş görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar