Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-232/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi ev 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə qəsəbəsi Ö.F.Nemanzədə küçəsi ö/t evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi Ö.F.Nemanzadə küçəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 05 (beş) manat pulun qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.167 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə bir ədəd bükümdə əldə edərək üzərində saxlayıb daşımış, həmin tarixdə saat 14:30 radələrində Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat qrupu və Azərbaycan Respublikası DİN-in X6 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində saxlanılaraq, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə bir ədəd bükümdə təmiz çəkisi 0.167 qram olan narkotik vasitə herion aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 02 il olar ki, “kokos” kimi tanıdığı narkotik vasitə qəbul edir, narkotik vasitəni adətən tanımadığı şəxslərdən alaraq, asılılığı olduğu üçün bədənindəki ağrıları götürmək məqsədilə istifadə edir. Sonuncu dəfə o, 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə qəsəbəsi Nemanzadə küçəsində olarkən, “Həmid” adı ilə tanıdığı şəxsə 05 (beş) manat pul ödəyərək, narkotik vasitə «kokos» kimi tanıdığı heroini almış və istifadə etmək üçün əynində olan cins şalvarının cibinə qoymuşdur. Həmin gün təxminən saat 14 radələrində Bakı şəhəri Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsində olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitə qəbul etməsindən şübhələndiklərini bildirərək, onu 8-ci Polis Bölməsinə dəvət etmişlər. O, razılaşaraq bölməyə getmişdir. 8-ci Polis bölməsinin binasının otaqlarının birində vəkilin iştirakı ilə onun üzərinə axtarış keçirmişlər. O, əynində olan cins şalvarının cibindən bir ədəd bükülmüş vəziyyətdə olan bükümdə «kokos» kimi tanıdığı maddəni, yəni narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Başqa üzərindən qeyri-qanuni heç nə aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə heroin boş zərfə qoyularaq qablaşdırılmış və bu barədə video-çəkiliş həyata keçirilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili polis baş kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, onun işlədiyi bölməyə Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində “Səid” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və o da, məlumat əsasında yaradılan əməliyyat qrupunun tərkibində olmuşdur. 21 iyul 2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində X6 Alayının 4-cü patrul bölüyünün əməkdaşları ilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Səbail rayonu Bibiheybət qəsəbəsi yaxınlığında şübhəli şəxs qismində saxlayıb üzərində şəxsi axtarış və götürmə aparılması üçün 8-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi, bununla bağlı ilkin olaraq “Samsung Galaxy A-21S” mobil telefon aparatı ilə videoçəkilişdən istifadə edilməklə, onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna razı olduğunu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olub-olmaması sorğu-sual edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Huawey” markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm barədə sorğu-sual edildikdə, o, həmin bükümün içərisində narkotik vasitə olduğunu və onu 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bibiheybət qəsəbəsində yerləşən evinin yaxınlığında tanışı “Həmid” adlı şəxsdən 05 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm baş təhqiqatçı Mahir Feyzullayev tərəfindən bir ədəd boş kağız zərfdə qablaşdırılaraq möhürləndikdən sonra o da, bütün iştirakçılar kimi zərfin üzərində imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in X6 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri olmaqla, polis serjantıdır. 21 iyul 2022-ci il tarixdə saat təxminən 14:30 radələrində iş yoldaşı Şahid4 Hümbət oğlu ilə birgə Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsində xidmət apararkən, 8-ci Polis Bölməsinin iki nəfər mülki geyimli əməkdaşının bir nəfər şəxsi şübhəli şəxs qismində saxladığını görüb kömək məqsədi ilə onlara yaxınlaşmış və şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün onu 8-ci Polis bölməsinin inzibati binasına aparmışlar. 8ci Polis bölməsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi, bununla bağlı “Samsung Galaxy A-21S” mobil telefon aparatı ilə video-çəkilişdən istifadə edilməklə üzəri və əynindəki paltarın yoxlanılacağı, üzərindəki əşyalara baxış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olub-olmaması soruşulduqdaübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin büküm barədə sorğu-sual edildikdə, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olduğunu və onu 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bibiheybət qəsəbəsində yerləşən evinin yaxınlığında tanışı “Həmid” adlı şəxsdən 05 manata aldığını bildirmişdir. Sonra həmin büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndikdən sonra o da, bütün iştirakçılar kimi zərfin üzərində imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı Şahid4 iş yoldaşı Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmadan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən üzərində ***-***- **-** saylı mobil nömrə olan “Huawey” markalı mobil telefon aşkar olunmuşdur. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin büküm barədə sorğu-sual edildikdə, sonuncu bükümün içərisində narkotik vasitə olduğunu və onu 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bibiheybət qəsəbəsində yerləşən evinin yaxınlığında tanışı “Həmid” adlı şəxsdən 05 manata aldığını bildirmişdir. Həmin büküm iş üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-in 52 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyul 2022-ci il tarixli, 6/3983 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.167 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 22 iyul 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən 0.167 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0.050 qram nümunə götürülmüş, 0.117 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 22 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin fayl “20220721_171958” adlı 1.26 MB yaddaşı olan “.mp4 Video” formatlı videofayldır. Videofayl 0:10:38 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 03 nəfər mülki geyimli və 03 nəfər xüsusi polis geiymində 06 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Mahir Feyzullayev olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri polis kapitanı Ramil Lətifi və polis leytenantı Şahid1, DİN X6 Alayının 4-cü Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid3, Şahid4 Hümbət oğlu və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş X3 üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs X5 əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Baş təhqiqatçı Mahir Fərzəliyev tərəfindən həmin büküm açılır, içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olduğu müəyyən edilir. Sonra baş təhqiqatçı Mahir Feyzullayev tərəfindən sorğu-sual edilən X5, təqdim etdiyi bükümün içərisində narkotik vasitə “kola” və yaxud “kakos” kimi tanıdığı maddə olduğunu, həmin narkotik vasitə “kakos”-u 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində evinin yaxınlığında əvvəllər tanıdığı “Həmid” adlı şəxsdən 05 (beş) manata aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Daha sonra həmin büküm baş təhqiqatçı Mahir Feyzullayev tərəfindən boş zərfdə qablaşdırılır, DİN-in 52 saylı möhürü ilə möhürlənir, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin DVD iş üzrə maddi sübut kimi tanınması üçün ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 23 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 05 avqust 2022-ci il tarixli, 4296 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.167 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0.117 qram olan heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən lentə alınmış video-görüntünü əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.117 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.117 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-232/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-232/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver