Məhkəmə qərarları › İş №1(009)-234/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-234/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-234/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 sentyabr 2023-cü il tarixdə saat 10.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə 0,473 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 12 may 2023-cü il tarixdə saat 14:40-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq 9-cu Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 16:05-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edərək istifadə edir. Əvvəllər narkotik vasitəni tez-tez istifadə etsə də, sonradan bədənində ağrılar olduğu üçün iynə formasında istifadə edir. 12 may 2023-cü il tarixdə günorta saatlarına yaxın Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında tək gəzişən zaman yolun kənarında içərisində bir büküm heroin ağ sellofan büküm tapmışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün götürüb cibinə qoymuş və oradan uzaqlaşmaq istədikdə iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini ona təqdim etməklə özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasında şübhəli bilindiyi üçün onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. O, əynində olan şalvarın cibində saxladığı narkotik vasitə heroin olan 01 ədəd ağ sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitəni Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun «İçərişəhər» metrostansiyasının yaxınlığında tək gəzişən zaman yolun kənarında yerdən tapdığını, yaşadığı evdə özü qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin kiçik inspektoru Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə, saat 14:40-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm açıldıqda narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofana bükülmüş bükümü, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “İnoi” markalı mobil telefon, 01 ədəd alışqan, 01 qutu “Vinçester” markalı siqaret və əynində olan boz rəngli şalvarın sol cibindən 20 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan bir qədər əvvəl Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında tək gəzişən zaman yolun kənarında yerdən tapdığını, yaşadığı evdə özü qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 13 may 2023cü il tarixli, 6/2775 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...imza Təqsirləndirilən şəxs..» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,473 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,423 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manatdır. 12 may 2023-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 13 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 13 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 17 may 2023-cü il tarixli 3001 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 31 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,423 qram olan (ilkin təmiz çəki 0,473 qram) narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 106.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə islah işləri (20%) cəzasına məhkum edilmişdir. Həbsdə olduğu müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 55, 226-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 05 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 15, 55, 144.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1996-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən 01 il 02 ay 20 gün şərti azad olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 39, 226-1.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 01 il 03 ay 01 gün azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1, 180.1, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə ərizəsi rədd edilmişdir. (93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir). xx.xx.2018ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli rədd qərarı dəyişdirilərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsi hökmdən xaric edilmiş və Cinayət Məcəlləsinin 234.1, 180.1 və 66.2-ci maddəsinə əsasən 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə şərti cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2019-cü ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-235/2017 saylı, 02 iyun 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 12 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 17 may 2023-cü il tarixli 3001 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,423 qram olan (ilkin təmiz çəki 0,473 qram) kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,423 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar