Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-236/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla ünvan 3nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirmişdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda soyuq silah hesab edilən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, üzərində “Stainlese Steel U.S.A” yazısı olan ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 06 fevral 2025-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən “Sahil” bağında həmin soyuq silah hesab edilən bıçağı nümayiş etdirərkən Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında olan 39-cu PB-nə gətirilmiş və orada üzərində gəzdirdiyi soyuq hesab edilən həmin bıçaq götürülməklə müvafiq sənədləşdirmə aparılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bıçaq atasının sağlığından qalmışdır. Atasının həmin bıçağı haradan və kimdən necə əldə etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Ailəli, iki azyaşlı övladı olduğu və hazırda işləmədiyi üçün ailədə maddi cəhətdən çətinlik çəkir, onun üçün də evdə atasından qalmış 01 ədəd açılıb-qatlanan bıçağı satmaq qərarına gəlmişdi. Bunun üçün də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan istifadə edərək "Tap.az” da satmağı planlamış və həmin saytda qeyd etdiyi bıçağı 06 aprel 2025-ci ildə 10 manata satmaq qərarına gəlmişdi. Qeyd etdiyi bıçağı satışa, qoyduqdan 1 saat sonra xatırlamadığı mobil telefon nömrəsi ilə zəng edən şəxslə danışdıqda satışa qoyduğu bıçağı almaq istədiyini demiş, bıçağı ona “Sahil” bağında çatdırmağı ilə bağlı əlavə olaraq da 10 manat çatdırma haqqı verəcəyini dedikdə onunla razılaşmışdı. Bundan sonra atasından qalmış və satdığa qoyduğu həmin bıçağı götürüb sürdüyü velosipedlə Səbail rayonunda olan ''Sahil" bağına gətirmişdi. Belə ki, yaşadığı ünvandan sürdüyü velosipedlə “Sahil” bağına 1 saata kimi gəlib çıxmışdı. 06 fevral 2025-cı il tarixdə “Sahil” bağında olan zaman bıçağı almaq istəyən şəxsin həmin nömrəsi ilə əlaqə saxlayıb onunla görüşüb gətirdiyi bıçağı üzərindən çıxarıb göstərdikdə iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını deyib təqdim edib polis bölməsinə dəvət etmişdilər. Həmin zaman polislərə nəyə görə yaxılaşmalarının səbəbini soruşduqda ona satdığı bıçağın soyuq silah olmasında şübhəli olduğunu demişdilər. Bundan sonra həmin polislərlə 39-cu polis bölməsinə gedib orada izahat yazmışdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, 2017-ci il tarixdən DİO-da, 2023-cü ildən də tutduğu vəzifədə çalışır. 06 fevral 2025-ci il tarixdə iş yoldaşı Şahid2la birlikdə saat 12 radələrində Səbail rayon “Sahil” bağı istiqamətdə piyada olaraq mülki paltarda piyada xidmət aparan zaman bir nəfər şəxsin əlində böyük və parıltılı olan bıçağı nümayiş etdirdiyini görüb həmin zaman Əli ilə birlikdə həmin yerə yaxınlaşaraq oğlanın yanında dayanıb özlərini polis əməkdaşı olmağını deyib vəsiqələrini ona təqdim edərək əlində olan bıçağı nə məqsədə üzərində daşımasını və nümayiş etdirməsini soruşmuş, bu zaman həmin şəxs əlində olmuş bıçağı göstərib onu satmaq üçün “Sahil” bağına gətiridiyini demişdi. Bundan sonra həmin zaman əlində bıçaq olan şəxsi 39-cu Polis bölməsinə gətirib onun kimliyi maraqlandıqda 1981 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bununla bağlı 39-cu Polis bölməsinin rəisi Samir Quliyevin adına raport yazaraq Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bıçaqla birlikdə növbətçi hissədə təhvil verib getmişlər. 06 fevral 2025-ci ildə “Sahil” bağında əlindəki bıçağı nümayiş etdirən Təqsirləndirilən şəxs yaxınlaşan zaman onun yanında heç kimi görməmişlər, ola bilsin ki, Cəlildən aşkar edilən bıçağı oraya satmaq üçün gətirmiş, lakin kimə satması ilə bağlı onun yanında heç kimin olmasını görməmişdir. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli “cinayət işinin başlanması, və icraata qəbul edilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan maddi sübutun götürülməsi barədə 06 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması Səbail RPİ-nin 8-ci PB-də xidməti otaqda təhqiqatçı Timur Kandarov tərəfindən 06 fevral 2025-ci il tarixdə Səbail rayonu “Sahil’’ bağında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağa sonuncunun iştirakı ilə baxış keçirildi. Baxış keçirilmiş bıçaq masanın üzərində, açılı vəziyyətdə olması, bıçağın tiyəsində “Stainlese Steel U.S.V’ yazısı aşkar olunur. Bıçağın ümumi uzunluğü ölçülərək 26 sm olması, tiyəsinin uzunluğu 15 sm-dir, tiyəsinin bir tərəfi kəsici, ucu deşicidir, açılıb-qatlanan olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağın mərhum atasından qalmasını, həmin bıçağı həmin gün satmaq üçün mobil telefonda satmaq üçün internetdə elan etdiyini, tanımadığı və anket məlumatın bilmədiyi şəxslə damşaraq satmaq üçün Sahil bağına gətirdiyini və orada bıçağı çıxaran zaman polis əməkdaşları tərəfindən yaxınlaşdığını demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bıçaq ballistik ekspertizaya təqdim edilərək rəy alınması üçün ağ kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR üçün» 51 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 07 mart 2025-ci il tarixli, 3-16-16/2-3/169/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici,ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (tədqiqatın dəyəri 64 manat),(c.i.v.13-15). Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Bıçaq atasına məxsus olub. Satmaq istəyirdi. İş materiallarında olan 15 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.55-56). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (c.i.v.67-68). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v.23). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla –üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizanın rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, qardaşının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 36 saat, 396 (üç yüz doxsan altı) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut-Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 36 saat, 396 (üç yüz doxsan altı) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-236/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-236/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver