Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-237/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə saat 14.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə ağ kristallik olan maddə kustar üsulla hazırlanmış 0,965 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə həmin psixotrop maddəni özü ilə daşıyaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs psixotrop maddənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə həmin tarixdə saat 13:30-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin ünvan 3 ünvanında olan inzibati binasına gətirilib üzərinə keçirilən video baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarının sağ yan balaca cibindən 1 (bir) ədəd bükümdə ağ kristallik olan maddə kustar üsulla hazırlanmış 0,965 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir. Ümumillikdə narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda üzdən tanıdığı şəxsdən 20 manata metamfetamini əldə edərək üzərində saxlamışdır. Həmin metamfetamindən bir hissəsini istifadə etmiş və qalıq qalan hissəsini şalvarının cibində gizlətmişdir ki, bədənində küt ağrılar olduqda istifadə edər. Daha sonra dostları ilə görüşmək üçün xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısına getmişdir. Həmin zaman əynində olan şalvarın cibində olan bükümdə olan metamfetamin üzərində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13:30-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasında şübhəli bilindiyi üçün onu Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. O, əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısında birlikdə olaraq inzibati ərazidə xidmətdə olduğu zaman bir nəfər şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı ona yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Büküm açıldıqda psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan balaca cibindən 1 (bir) ədəd bükümü, qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) qutu “Vest” markalı siqaret, 1 (bir) ədəd alışqan, gödəkçəsinin sol cibindən 1 (bir) ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğusual zamanı o, təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı metamfetamin olmasını, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonundan üzdən tanıdığı şəxsən 20 (iyirmi) manat pulun müqabilində özü qəbul etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Götürülmüş psixotrop maddə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 09 aprel 2023-cü il tarixli, 6/2064 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-239” dairəvi möhür əksi olan, “vətəndaş Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,965 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,965 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,915 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri »in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. 08 aprel 2023-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 10 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 27 aprel 2023-cü il tarixli 2467 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 01 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,915 qram olan (ilkin təmiz çəki 0,965 qram) psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq olunmaqla 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəza müddətini tam çəkməklə cəzadan azad edilmişdir. - Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasını tam qaydada çəkmişdir. - İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 160/2010 saylı, 04 may 2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə əmlakı müsadirə edilməməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq əmlakı müsadirə edilməməklə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 1(057)-123/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 27 aprel 2023-cü il tarixli 2467 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,915 qram olan (ilkin təmiz çəki 0,965 qram) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,915 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-237/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-237/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver