Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-238/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi ev 12, mənzil 4-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 aprel 2025-ci il tarixdə saat 14:30-də Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 26 saylı ünvanda narkotik vasitəslərin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə saxlanılmış və həmin tarixdə saat 14:30-da qeyd edilən ünvanda videoçəkilişlə onun üzərinə yoxlama aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,396 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, bildirmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Belə ki, narkotik və psixotrop maddələrdən istifadə etmədikdə bədənində küt ağrılar baş verir. Bununla yanaşı olaraq əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində məhkəmə tərəfindən hökm çıxarılmışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən bir müddət istifadə etməmişdir. Daha sonra isə narkotik və psixotrop maddələrdən kənarda qala bilməmiş, yenidən müxtəlif və şəxsiyyəti barədə məlumatı olmayan şəxslərdən pul müqabilində alaraq istifadə etməyə başlamışdır. Beləliklə də təxminən 20 (iyirmi) gündür ki, ümumi tanışları vasitəsilə tam şəxsiyyəti ona bəlli olmayan "Sahil" adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Xalqlar Dostluğu" metrostansiyası yaxınlığından el dili ilə tanınan "kolanı"nı şəxsi istifadəsi üçün almışdır. Nəhayət onun özü mütəmadi olaraq qeyd edilən ünvandan "Sahil" adlı şəxsdən müxtəlif vaxtlarda və tarixlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin alaraq şəxsi istifadəsi üçün əldə etməklə üzərində gəzdirməyə başlamışdır. Əldə etdiyi heroin və metamfetamini üzərində gəzdirmişdir ki, ani olaraq bədənində küt ağrılar olduqda istifadə etsin. Nəhayət 03 mart 2025-ci il tarixdə yenidən "Sahil" adlı şəxsdən narkotik vasitə olan heroin və psixotrop maddə hesab edilən metamfetamin almaq məqsədi ilə istifadəsində olan mobil telefon vasitəsi ilə onunla danışmışdır. Telefon danışığı zamanı "Sahil" adlı şəxsə bildirmişdir ki, şəxsi istifadəsi üçün ona bir büküm heroin və bir büküm metamfetamin təşkil etsin. Telefon danışığı zamanı "Sahil" adlı şəxs ona bildirmişdir ki, ümumilikdə 20 (iyirmi) manat pulun müqabilində ona istədiyi bir büküm heroini və bir büküm metamfetamini təşkil edəcək. Nəhayət 03 aprel 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 26 saylı ünvanında "Sahil" adlı şəxs ilə üz-üzə görümüş, həmin vaxt "Sahil" adlı şəxsə 20 (iyirmi) manat nağd pul verərək bir büküm heroin və bir büküm metamfetamin alaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə yerləşdirmişdir ki, gün ərzində ağrıları olduğu halda münasib ünvanlarda istifadə edər. ünvan 2lə piyada hərəkət edən zaman ona 3 (üç) nəfər polis əməkdaşları yaxınlaşaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyindən onun üstünü yoxlayacaqlarını bildirmişlər. Beləliklə də polis əməkdaşları onun üstünü yoxlayan zaman o, bir qədər Əvvəl 20 (iyirmi) manat pulun müqabilində əldə etdiyi bir büküm heroini və bir büküm metamfetamini könüllü olaraq təqdim etmişdir. Həmin vaxt onun üstündən aşkar edilən bir büküm heroin və bir büküm metamfetamin Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərək videoçəkliş ilə ondan götürülmüşdür. Daha sonra onu Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparmışlar. Həmin vaxt onun tərəfindən təqdim edilən bir büküm heroin və bir büküm metamfetaminin üzərindən aşkar edilməsi ilə bağlı onun istəyi və razılığı əsasında ona təqdim edilən 3 saylı Vəkil Bürosunun müdafiəçisi X3 iştirakı ilə ilk olaraq şübhəli şəxs qismində tutulmüş, ona şübhəli şəxs kimi hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah olunmuşdur. Daha sonra onun üzərindən aşkar edilən bir büküm heroinə və bir büküm metamfetaminə baxış keçirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən kimyəvi ekspertiza təyin edilmiş və həqiqətən də ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, onun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0.053 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. O, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə etdiyindən əvvəlcədən bilmişdir ki, onun üzərində olan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan vaxt o, heç bir zorakılığa və kobudluğa məruz qalmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, səmimi peşman olmasını və iki azyaşlı övladının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdən X8 və 2023-cü il tarixdən etibarən Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis mayorudur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması ilə bağlı X9 məlumatı daxil olmuşdur. Bununla yanaşı olaraq onun tərəfindən 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ilk olaraq raport tərtib edilmiş və daha sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin Cinayət Axtarış üzrə Əməliyyat müvəkkili polis leytenantı Şahid2, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qərara əsasən və barəsində əməliyyat-axtarış tədbiri keçirilən şəxsin - xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, 12 saylı evin, 4 saylı saylı mənzilində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 35 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 aprel 2025-ci il tarixdə saat 14:30 radələrində ünvan 3 ünvanında onlar tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onlar tərəfindən hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların six toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığından təxminən 10 (on) metr aralıda yoxlamağa başlamışlar. Üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 2 (iki) ədəd şəffaf sellofanda gümüşü rəngli kağız bükümdə, ayrı- ayrılıqda ağ və qəhvəyi rəngli kütləni təqdim edərək narkotik vasitə olan heroin və psixatrop maddə olan metamfetamin olduğunu səmimi olaraq bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü onlar tərəfindən yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç bir əşya aşkar olunmamışdır. Nəhayət Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf ellofanda gümüşü rəngli kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Beləliklə də narkotik vasite heroinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz), psixatrop maddə metamfetaminin 0,31 (sıfır tam yüzdə otuz bir) qram olması müyyən edilmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələr qablaşdırılmış, imzalanmış və müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, onlara bildirmişdir ki, onun üzərindən aşkar olumuş kütlələri Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 4 ünvanda həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üstününün yoxlanılması zamanı Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 39- cu Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş həyata keçirilmişdir. Beləliklə də, protokolu yerində tərtib etmək üçün qeyd edilən ünvanda şərait olmaması səbəbindən protokol Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasında tərtib edilmişdir. Protokol İştirakçılara ucadan oxundumuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən heroin və metamfetamini satmaq niyyəti olmamışdır və bu barədə onlara əvvəlcədən hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək digər Şahid1 Cava oğlunun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Əməliyyat-axtarış təbdirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanlmasına dair” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 2 (iki) ədəd şəffaf sellofanda gümüşü rəngli kağız bükümdə, ayrı- ayrılıqda ağ və qəhvəyi rəngli kütləni təqdim edərək narkotik vasitə olan heroin və psixatrop maddə olan metamfetamin olduğunu səmimi olaraq bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü onlar tərəfindən yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən heç bir əşya aşkar olunmamışdır. Nəhayət Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf ellofanda gümüşü rəngli kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Beləliklə də narkotik vasitə heroinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz), psixatrop maddə metamfetaminin 0,31 (sıfır tam yüzdə otuz bir) qram olması müyyən edilmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələr qablaşdırılmış, imzalanmış və müvafiq qaydada götürülmüşdür.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, onlara bildirmişdir ki, onun üzərindən aşkar olumuş kütlələri Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat pulun müqabilində öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 4 ünvanda həyata keçirilmişdir. (i.v. 11-12) “Təqdim olunan əşyaya baxış və götürmə haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və ağ və qəhvəyi rəngli maddə aşkar olunmuşdur. (i.v. 37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 04 aprel 2025-ci il tarixli 6/1259 nömrəli rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 47-49) Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir. “DVD kompakt diskə baxış keçirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "DVD" diskə aparılan baxış aparılan zaman əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı öz təsdiqini tapmışdır. (i.v. 110-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə psixiatrik ekspertizasının 26 may 2025-ci il tarixli, 1656 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edildi. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sa sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs X4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə tmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarəe tmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. (i.v. 140-142) “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat yoxlaması aparılan zaman götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram çəkidə heroin saxlanması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 144-157) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.396 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 26- 27) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Elşən Bədəlzadənin vəsatəti rədd edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 94-96) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 99-100) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 23 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 yanvar 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə (2 il şərti sınaq müddəti) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 117-118) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-421/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və təqdim edilmiş doğum haqqnda şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törədilməsi ilə əlaqədar məhkum olunmasını nəzərə alaraq məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bu səbəbdən, məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-421/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günün hazırki hökmlə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulması nəzərə alınmaqla qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini məqəsəduyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu səbəbədən, məhkəmə, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, əvvəlki iş üzrə 25 mart 2025-ci il tarixindən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə 03 aprel 2025-ci tarixindən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün elan olunduğu vaxtdan yəni 03 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 nəticələrinə dair 12 mart 2025-ci il tarixli 1516 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispenser qeydiyyata alınması məsləhət görülür. (i.v. 136-137) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 05 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-421/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilsin və hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 25 mart 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək və hazırki iş üzrə 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,296 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak öetdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-238/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-238/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver