Məhkəmə qərarları › İş №1(009)-239/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-239/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-239/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,168 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 14 sentyabr 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq, həmin Bölməyə dəvət edilmiş və həmin gün saat 17:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, kakos və şüşə adlanan psixotrop maddədən müxtəlif üsullarla əldə edərək könüllü qəbul edir. Üzərində aşkar olunmuş psixotrop maddəni 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində tanımadığı şəxsdən 15 manat ödəniş etməklə 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş “Şüşə” adlanan psixotrop maddəni almış və həmin maddəni istifadə etmək məqsədiylə yaşadığı ünvana gedərkən 14 sentyabr 2022-ci il tarixdə saat 17:00-da ünvan 4 ünvanının qarşısında polis əməkdaşları ona yaxınlaşıb onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişdir. Bölmədə olan zaman üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarın sağ cibində 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş “Şüşə” adlanan psixotrop maddə aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərindən aşkar olunmuş psixiatrop maddənin miqdarının ittiham aktında göstəriləndən az olmasını və himayəsində azyaşlı uşağının olmasını bildirərək barəsində bəraət hökmü verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin baş əməliyyat müvəkilli, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinə “Ziyad” adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin saxlanması və qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumat barədə Bölmənin rəhbərliyinə məruzə olunduğdan sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X3 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edildiyini və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 sentyabr 2022-ci ii tarixdə, saat 17:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində zahiri görünüşcə Ziyad adlı şəxsə oxşar bir nəfər şəxsə yaxınlaşıb, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxs ilkin sorğu zamanı Təqsirləndirilən şəxs olmasını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, onlarla birlikdə Polis Bölməsinə yollandığını, Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət olunduğunu, vəkil Təqsirləndirilən şəxs təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduğdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri- qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdm etməsi təklif olunduğunu, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofanda olan gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdiyini, həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət maddələr olması aşkar olunduğunu, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, 14 sentyabr 2022-ci il tarixdə “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılıb şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova ifadəsində bildirmişdir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili tərəfindən tədqiqata təqdim edilən üzərində “Təqsirləndirilən şəxs, 01 büküm ağ kristal maddə” yazılmış maddə 0,168 qram olaraq qəbul edilmiş, ondan 0.05 qram nümunə götürülmüş və 0.118 qram maddə geri qaytarılmışdır. Bu barədə akt tərtib edilmiş və tərəflərindən imzalanmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 sentyabr 2022-ci il tarixli protokoldan və video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanda saxlanılaraq, Bölməyə dəvət edilmiş və həmin gün saat 17:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 6/5192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 239 nömrəli dairəvi möhür əksi və “...şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, iştirak etdilər-üç imza, Tərtib etdi:Ə.Məlikov- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,168 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1 siyahısına daxildir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş - təmiz çəkisi 0,168 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0,118 qram metamfetamin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ndən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 14 sentyabr 2022-ci il tarixdən məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, 16 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, aşakar olunmuş psixotrop maddənin az olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 26 sentyabr 2022-ci il tarixli 5509 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinə uyğun olaraq iş üzrə 92 (doxsan iki) manat ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,118 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,118 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, “Kapital Bank-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar