Məhkəmə qərarları › İş №1(009)-24/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-24/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-24/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 17 iyun 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 27 iyun 2018-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən nömrəsiz fərdi yaşayış evində “İçərişəhər” metrostansiyanın yaxınlığından aldığı vəsiqə qabına “X6 V.Ə” yazılarını, “imza” qrafasındakı imzanı, “Odlu silah daşınmasına icazə” yazıları qarşısındakı imzanı, “verilmə tarixi” yazıları qarşısındakı rəqəmləri özü icra edərək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin blankının axınlı printerdə çap edib, möhür əksini relyef klişeden sənədin üzərinə birbaşa vuraraq hüquq verən vəsiqəni, yəni rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 02 mart 2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olması barədə yalan məlumat verib sonuncuya ticari köşk açdıracağına dair yalan vəd verib aldadaraq, 02 mart 2020-ci il tarixdə Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında adsız kafedə 1500 manat və 16.03.2020-ci il tarixdə Nirmazi rayonunda yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında “VÖEN” hesabı açdırcağını vəd edərək 145 manat pul alıb müxtəlif bəhanələr gətirərək verdiyi vədlərə əməl etmədən ələ keçirdiyi pulu qaytarmayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1645 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olması barədə yalan məlumat verib Zərərçəkmiş şəxs2 qohumunu Fövqəladə Halları Nazirliyinin Qazax rayon şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3 saylı Asan Xidmətin inzibati binasının arxa tərəfində yerləşən məhəllədə 2000 manat pul alıb müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etmədən ələ keçirdiyi pulu qaytarmayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 01 may 2020-ci il tarixdən 05 may 2020-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olması barədə yalan məlumat verib Torğul Rüstəmovun hərbi qulluqçu olan qohumununun hərbi xidmətini davam etdirməsi üçün Bakı şəhərində yerləşən hərbi hissələrin birinə dəyişəcəyinə dair yalan vəd verib aldadaraq, 01 may 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının qarşısında Şahid1 vasitəsi ilə 2000 manat və 05 may 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Sahil” metrostansiyasının qarşısında 1000 manat pul alıb müxtəlif bəhanələr gətirərək verdiyi vədlərə əməl etmədən ələ keçirdiyi pulu qaytarmayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü əvvəllər Sumqayıt şəhərində “Sumqayıt Texnologiyalar Parkının” qarajında avtotəmir vəzifəsində işləmişdir. Sonra o, işsiz qalmış və heç bir yerdə iş tapa bilməmişdir. Onun hüquq mühafizə orqanlarında işləməyə həmişə həvəsi olmuşdur. Buna görə də, bir neçə dəfə rəhbər şəxslərə müraciət etmişdir ki, işə qəbul olsun. Lakin bu mümkün olmamışdır. O, oğluna 2015-ci ilin axırlarında internet vasitəsi ilə sosial şəbəkələrin birindən oyuncaq tapançanı 25 manata tanımadığı şəxsdən almışdır. Daha sonra heç bir yerdə işələmədiyi və pulunun olmamağı onu dələduzluq həyatına çəkmişdir. O, düşünmüşdür ki, XDMX-nın xüsusi formasını aldıqdan sonra oranın əməkdaşı kimi özünü təqdim edib ətrafında olan şəxsləri inandırıb onlardan pul alıb guya ki, işə düzəldəcəkdir. Həmçinin oğlu üçün almış olduğu oyuncaq tapancadan istifadə edərək daha inandırıcı olacağını düşünmüşdür. Bundan sonra özü informasiya texnologiyaları fakültəsinin məzunu olduğu üçün özü 27 iyun 2018-ci il tarixdə ev şəraitində XDMX-ya aid xidməti vəsiqə düzəltmişdir. Üzlük kardonu isə İçərişəhər metrosunun yaxınlığında olan dəfdərxana ləvazimatı satılan yerdən almışdır. İçəri hissəsi yazı olan yerini özü kompüter şəraitində yazıb hazırlamışdır. Sonra isə tanımadığı bir şəxsdən 20 manat müqabilində qandal almışdır. Bunları şalvarının yan hissəsinə qoymuşdur. O, forma geyinib hamıya güya XDMX-nm əməkdaşı kimi təqdim edib tanıtdırmışdır. Həmin şəxslər də ona inanaraq pul vermişlər və o, da həmin şəxsləri aldadıb pullarını ələ keçirərək heç bir işə düzəltməmişdir. Artıq bu yolla o, 7 nəfər şəxsi aldadıb pullarını ələ keçirmişdir. Sonra artıq qazanc həvəsi onu daha da həvəsləndirmiş və o, 2019-cu il tarixdə dərzilərin birində XDMX-nin baş leytenantı rütbəsi əks olunan xüsusi təyinatlı geyim dəsti paltarını tikdirmişdir. Sonra isə həmin paltarı geyinib foto şəkillər çəkdirib watsapp profilinə qoymuşdur. Təxminən 7-8 ay müddət olar ki, DYP-nin əməkdaşları olan İbad və Orxanla tanış olmuşdur. O, Binədən şəhərə doğru gedib gələndə 1 nömrəli tras tədbirində xidmətdə olduğunu görmüşmüş və maşından həmin oyuncaq olan dəmir tapançanı, qandalı şalvarının yanına qoymuş və qulağına blutuzla işə salınan qulaqcığı qoyub maşından düşüb yaxınlaşıb yalandan XDMX-nin əməkdaşı olduğunu demişdir. İbad və Orxan adlı tanışları ona inanmışdır. Sonra o, ölkədə nə baş veribsə (mətbuatdan əldə etdiyi məlumatları) Orxana və İbada danışmış və yeni açılan hər hansı bir dövlət obyektində mühafizə xidmətinin əməkdaşı kimi güya orda işləməyi barədə bildirmişdir. Sonra nömrələrini almış və səmimi münasibət qurmağa başlamışdır. Bundan sonra o, zəng edib hər hansı bir avtomaşının cəriməsini öyrənmişdir. 31 may 2020-ci il tarixdə İbad ona zəng edib görüşmək istədiyini bildirmiş və o, görüşmüşdür. Orxanda yanında olmuşdur. Sonra 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış, xidməti vəsiqələrini ona təqdim edib XDMX-nin əməkdaşlan oluğunu bildirmişlər və onun nə üçün saxta sənəd və yalandan XDMX-nin əməkdaşı adında vətəndaşları aldatmağını soruşmışlar. Sonra onu Nəsimi RPİ-yə gətirmişlər. Qeyd etmişdir ki, düzəltmiş olduğu saxta sənəd, dəmir tapança və XDMX-yə aid Xüsusi təyinatlı geyim dəsti və qandal onun idarə etdiyi **-VL-*** d.n.n avtomaşında saxladığından oradan götürüb polisə təvil vermişdir. Dələduzluq niyyəti ilə ələ keçirmiş olduğu pulları evə xərcləmiş və ancaq faişələrə xərcləyib yüngül həyat keçirib, klublara, barlara və karaokilərə getmişdir. O, anket məlumatlarını xatırlamadığı 3 nəfərin pulu artıq tam formada qaytarmışdır. Yerdə qalan borclu olduğu şəxslər isə Şahid1, Mirtahir Ağayev, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2dır. O, Şahid1 3000 manat pulunu, Mirtahir Ağayevə təxminən 2000 manat pulunu, Zərərçəkmiş şəxs3 təxminən 1600 manat pulunu və Zərərçəkmiş şəxs2 2000 manat pulunu ələ keçirmişdir. Şahid1 3000 manat pulunu o, 1 ay qabaq, yəni təxminən 01.05.2020-ci il tarixdə Səbail rayonu, Sahil metrosunun qarşısında ələ keçirtmişdir. Mirtahir Ağayevə məxsus pulu 2014-cü ilin xatırlamadığı tarixində Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində xatırlamadığı yerdə ələ keçirtmişdir. Zərərçəkmiş şəxs3 pulunu isə Nizami rayonu, Nefçilər metrosunun yaxınlığında yerləşən xatırlamadığı kafedə təxminən 2020-ci ilin mart ayının əvvəllərində ələ keçirtmiş, Zərərçəkmiş şəxs2n 2000 manat pulunu 2020-ci ilin mart ayının sonlarında Yasamal rayonu, Asan xidmətin arxasındakı məhəllədə ələ keçirtmişdir. O, dələduzluq cinayətini törədən zaman XDMX-nm formasını geyinməmişdir. Lakin həmin şəxslər onun XDMX-nm əməkdaşı olduğunu bilmişlər və buna görə də ona etibar etmişlər. O, Şahid1 Sərhəd Qoşununda iş yerinin dəyişməsini, X5 Hallar Nazirliyinə işə düzəldəcəyinə, Zərərçəkmiş şəxs3 Bakı şəhərində Köşk qoymağına köməklik edəcəyinə və Zərərçəkmiş şəxs2 isə bibisi oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə vəd edərək pullarını ələ keçirmişdir. O, dələduzluq cinayətini törədən zaman, yəni Şahid1, Mirtahir Ağayevdən, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulları alan zaman özünün düzəltdiyi saxta vəsiqəni göstərməmiş və istifadə etməmişdir. Mirtahir Ağayevlə birlikdə o, “Azenco” şikrətində iş yoldaşı kimi tanımış, Şahid1 ortaq tanışları ilə tanımış, Zərərçəkmiş şəxs3 ilə isə kafedə tanış olmuş, Zərərçəkmiş şəxs2 ilə isə Narkoloji dispanserdən bir nəfər tanışın arayışı lazım olmuş və həmin xanımıda oradan tanımışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun əvvəldən ticarət köşkü açdırmaq fikri olmuşdur. O, da bu barədə tanışı Təqsirləndirilən şəxs demişdir. Rauf da onun üçün ticarət köşkü açdıra biləcəyini bildirmişdir. Bunun üçün Raufla görüşən zaman Rauf bir daha bu işdə köməklik göstərəcəyini demişdir. O, Raufdan soruşanda ki, bu işi necə alındıracaqsan, Rauf da ona Bakı şəhər Ticarət Departamentliyində tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünü ona Xüsusi Dövlət Mühafizə Xidmətinin rəsmi işçisi olduğunu və baş leytenant rütbəsi daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan bu işin müqabilində 4145 manat pul isdəmişdir. O, da Raufla bu qiymətə razılaşmışdır. Lakin, pulun bir hissəsini əvvəlcədən, daha sonra köşk qurulduqdan sonra qalan hissəsini verilməsinə razılaşmışdır. Raufa ondan pulun 1500 manatını 02 mart 2020ci il tarixdə Neftçilər metronun yaxınlığında yerləşən çayxanada təklikdə almışdır. Sonra Rauf ondan təxminən 16 mart 2020-ci il tarixdə VÖEN hesabı açdırmaq üçün Koroğlu metrosunun yaxınlığında onun idarə etdiyi “VAZ 21074” markalı avtomobobilində əlavə 145 manat pul almışdır. Həmin pulu Raufa təklikdə vermişdir. Həmin vaxtı Rauf ona pulun digər qalan hissəsini ticarət köşkü tam açıldıqdan sonra alacağını bildirmişdir. Rauf ona “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Bakı şəhəri Ticarət Departamentliyinin işləmədiyindən oradakı qarajın bağlı olduğu üçün işçilərin işə gələ bilmədiklərinə görə ticarət köşkünün 01 iyun 2020-ci il tarixdə açılacağını bildirmişdir. Vaxt çatdığı zaman Raufa zəng etmişdir. Lakin həmin vaxtı Rauf telefonu açmamışdır. Daha sonra Raufun Nəsimi RPİ-də olduğunu bilmişdir. Rauf ondan ümumilikdə 1645 manat pul almışdır. Rauf ona həmin pulun müqabilində öz adına ticarət köşkü açdıracağını vəd etmişdir. O, Rauf Kəbəliyevlə görüşəndə və pul alanda heç bir forması olmamışdır. Lakin özünü XDMX-nın baş leytenantı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2020ci ilin yanvar ayının ortalarından tanımış, düşməçilik və qohumluq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxslə tanışlığı işlədiyi Bakı Narkoloji Dispanserində olmuşdur. Belə ki, Rauf kimi tanıdığı şəxs həmin vaxtı bir nəfər tanımadığı şəxslə birlikdə Narkoloji dispanserə gələrək, yanında olan həmin şəxsin barəsində narkoloji dispanserdə qeydiyyaatda olub-olmmamağı barəsində arayış almışdır. Arayış alan zamanı Təqsirləndirilən şəxslə aralarında söhbət yaranmış, söhbət zamamı Rauf ona demişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır, bir neçə ildir ki, orada işləyir, Fövqəlada Hallar Nazirliyinə işçi kimi adam düzəldir, atası və yaxın qohumları vəzifəli şəxslərdir. Lakin Təqsirləndirilən şəxs adi geyim qaydasında və əynində adi geyim paltarı olmuşdur. O, Təqsirləndirilən şəxs əlaqə nömrəsini götürmüş, elə həmin vaxtdan da Raufla əlaqə saxlamağa başlamışdır. Təqsirləndirilən şəxslə təxmminən 2 ay müddətində tanış kimi danışmışdır. Həmin müddətdə də o, Raufu Xüsusi Dövlət Mühafizə orqanının əməkdaşı kimi tanımışdır. 2020-ci ilin mart ayında Rauf Kəlbiiyyevlə görüşən zaman Raufa demişdir ki, onun bibisi oğlu vardır. Bibisi oğlunu Fövqəlada Hallar Nazirliyinə işə düzəltmək lazımdır, Rauf da ona heç bir problemin olmadığını və bibisi oğlu barəsində olan sənədələri istəmiş, həmçinin bibisi oğlunu Fövqəlada Hallar Nazirliyinin Qazax rayon Şöbəsində işə düzəldəcək və bunun üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, bibisi oğlu Ayxana zəng vuraraq sənədlərinin düzəltməyini tapşırmışdır. Təxminən 1-2 gün ərzində bibisi oğlu sənədlərini düzəltmişdir. Həmin sənədlərə şəxsiyyət vəsiqəsinin surəti, 3x4 fotoşəkil, diplomun surəti, yaşayış yerindən arayış, narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda olmamağı barəsində arayış və sairə sənədlərdən ibarət olmuşdur. 2020-ci ilin mart ayının sonlarında bibisi oğlu Ayxan sənədləri və 2000 manat pulu Qazax rayonundan Bakı şəhərinə göndərmişdir. O, pulu götürmüş, dəqiq tarixini xatırlamasa da Novruz bayramından sonra, yəni 2020-ci ilin mart ayının sonları Raufla mobil telefon vasitəsi ilə zəngləşmişdir. Axşam saat 20-21 radələrində o, evdən çıxanda sənədləri və 2000 manat pulu götürmüşdür. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, Asan Xidmət 3 inzibati binasından arxa tərəfdə yerləşən məhlələrin arasında Təqsirləndirilən şəxslə görüşmüş, Ayxana aid sənədələri və 2000 manat pulu vermişdir. Rauf pulları ondan qəbul edən kimi demişdir ki, ölkə ərazisində virusla bağlı karantin rejimi olduğundan iş karantin rejimi qutardıqdan sonra düzələcək. Ona kimi həmin pulu və sənədləri lazım olan adama çatdıracaq və iş alınacaq. Bundan sonra mütəmadi Raufla danışmış, hər danışanda Rauf eyni sözləri ona demişdir. Təxminən 15-20 gün bundan əvvəl o, Raufla yaşadığı ünvanın yaxınlığında görüşmüş, Rauf hər gün bir avtomobili darə etdiyindən bu dəfə də başqa markasını və nömrə nişanını xatırlamadığı avtomobilə gəlmişdir. Raufun həmin vaxt əynində forma olmuş, Rauf ona demişdir ki, əynindəki xüsusi dövlət mühafızə xidmətinin formasıdır. O, bundan sonra Raufa daha da inanmış, Rauf ona demişdir ki, 23 iyun 2020-ci il tarixdə bibisi oğlu Ayxan Bakı şəhərinə gələrək hansısa General rütbəli şəxsin qəbuluna gəlməli və həmin vaxtı da işə qəbulla bağlı əmri verməlidir. Sonuncu dəfə o, Raufu 31 may 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında görüşmüşdür. Həmin vaxtı da işlə bağlı söhbət olmuşdur. Daha sonra eşitmişdir ki. Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də araşdırma gedir, ona görə də o, Nəsimi RPİ-yə gələrək ərizə ilə müraciət etmişdir. O, bibisi oğlu Ayxanın işinin gecikməsinə görə 2000 manat pulu Ayxana ödəmişdir. Lakin Təqsirləndirilən şəxs bundan xəbəri olmamışdır. O, son günlərdə Raufdan şübhələnmiş, çünki bibisi oğlunun işi barəsində müxtəlif bəhanələr gətirmişdir. X7 Kəlbiyevi ümumiyyətlə görəməmiş və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Şahid1 onun həm iş yoldaşı olmuş, həm də sonradan dostluq münasibətləri yaranmışdır. Onun Fazil adlı qohumu Lənkəran rayonunda hərbi xidmətdə olmuşdur. Fazilinin atası və anası ona Fazili Bakı şəhərinə köçürülməsini xahiş etmişlər. O, da bununla bağlı dost tanışa bildirmişdir ki, belə bir məsələni həll edən olarsa ona xəbər etsinlər. Belə ki, təxminən 2020-ci ilin təxminən aprel ayının axırlarında ona dostu Məhəmmədəli bildirmişdir ki, bir nəfər şəxslə Yasamal rayonunda yerləşən XDMX-nin əməkdaşı ilə tanış olmuş, həmin əməkdaşın adının Rauf adlı şəxs olduğunu qeyd etmiş və onun məsələni 3000 manat məbləğinə həll edə biləcəyini bildirmişdir. Bundan sonra Məhəmmədəli ilə razılaşmış və 2000 manat pul tapıb 01 may 2020-ci il tarixdə saat 12 radələrində Məhəmmədəliylə Nəsimi rayonu, “28 may mall’un qarşısında görüşüb vermişdir. Məhəmmədəli isə həmin gün 2000 manat pulu bildiyinə görə Səbail rayonu, Sahil metrosunun yaxınlığında Rauf adlı şəxsə vermişdir. Bunda sonra o, təxminən 4 gün sonra 1000 manat da pul tapıb yenə Nəsimi rayonu, “28 may mall’un qarşısında görüşüb Məhəmmədəliylə vermişdir. Məhəmmədəli yenə Raufla təxminən 05 may 2020-ci il tarixdə Səbail rayonu, Sahil metrosunun yaxınlığında görüşərək 1000 manat pulu Raufa vermişdir. Bundan sonra xeyli gözləmiş, lakin onun qohumunun hərbi xidmətini davam etdirməsi üçün Bakı şəhərinə keçirilməmişdir. Bundan sonra Məhəmmədəli Rauf bir neçə dəfə Raufa zəng vurub məsələnin nə yerdə qaldığını soruşduqda Rauf məsələnin qısa müddətə həll edəcəyini bildirmişdir. Lakin bu müddətə qədər Rauf verdiyi vədə əməl etməmişdir. Sonra Məhəmmədəli ona zəng vuraraq Raufun Nəsimi RPİ-də polis əməkdaşları tərəfindən saxlanıldığı bildirmişdir. O, Rauf Kəlbəliyevə 2000 manat bir dəfə 1000 manat da bir dəfə vermişdir. Ümumilikdə ona 3000 manat maddi ziyan dəymişdir. O, Rauf Kəlbəliyevin XDMX-nin işçisi olmadığını bilməmişdir. O, ümumiyyətlə Raufu görməmiş, lakin 1-2 dəfə Məhəmmədəlinin telefonu ilə danışmışdır. Həmin 3000 manat pul ona məxsusdur, Fazilin ailəsi kasıb olduğundan o, qohumu Fazilə bu yaxşılığı etmək istəmişdir. Zərər ona dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2016-ci il tarixdə DİO-da xidmət edir, tutduğu vəzifədə isə 2018-ci il tarixdə xidmət etmişdir. O, 2 il müddətdir ki, xidmətə ekipaj yoldaşı polis baş serjantı Şahid3 ilə birlikdə **- YP-*** d.q.n xidməti avtomaşında müxtəlif dislokasliyalar üzrə xidmətini həyata keçirmişdir. Təxminən 7-8 ay müddəti olarki o, ekipaj yoldaşı ilə birlikdə Suraxanı rayonu inzibati ərazi vahidliyinə düşən yolun hissəsində 1 (bir) nömrəli tədbir zamanı yol hərəkəti təhlükəsizliyini həyat keçirməsi istiqamətində xidmət aparmışdır. Elə həmin müddət ərzində onları görüb bir nəfər şəxs yaxınlaşmış və həmin şəxsin qulağında xüsusi təyinatlı əməkdaşların istifadə etdiyi qulaqcıq, son modeldə müasir kostyum dəsti, belində qandal (əl-qol bağlayan vasitə) eləcədə tabel silahı olan şəxs yaxınlaşıb Rauf kimi təqdim edib Xüsusi Dövlət Mühafizə Xidmətinin Prezident Təhlükəsizlik Xidmətinin zabiti kimi təqdim edib həmin xidmət sdahələrinə aid terminlər, ölkədə yeni açılmış dövlət obyektlərin, iş yerlərin eləcə XDMX-nin daxilində baş verən bütün məlumatları yanında dayanıb danışmışdır. O, hansı posta xidmət aparmışdırsa aradan az bir vaxt keçmişdir ki, Rauf yanına gəlmiş və yenədə fərqli, yeni ölkə daxilində təsdiqini tapmış hadisələrə dair söhbətləri etmiş və istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. Raufun nömrəsini özündə qeydiyyata almışdır. O, bundan çox şübhələnmiş və XDMX-də işləyən real əməkdaşlardan Rauf adlı şəxsin həmin qurumda işləmədiyini öyrənmişdir. Bundan sonra Przidentin Təhlükəsizlik Xidmətinin Əks Kəşfiyyat İdarəsinin əməkdaşları onun ilə və ekipaj yoldaşı Şahid3la görüşmək istədiklərini bildirmişlər və PTX-in əməkdaşları olan Babək Bektaşi və Tuncay İsmayılovla görüşmüşlər. Babək və Tuncay müəllim Rauf adlı şəxsin saxlanılması zərurəti yarandığını bildirmiş və o, öz növbəsində İdarənin aidiyyəti rəhbərliyinə məlumat verdikdən sonra Raufun istifadəsində olan mobil nömrəyə yığaraq görüşmüş və PTX-nin əməkdaşları ilə birgə Raufu avtomaşına əyləşdirib Nəsimi RPİ-yə təqdim edib bu barədə də Raport yazaraq Növbətçi Hissəyə təqdim etmişdir Həmin şəxsin xx.xx.1989-cu il təv.Təqsirləndirilən şəxs (sürücülük vəsiqəsinin nömrəsi: AB-4632208) olması müəyyən edilmişdir. İştirak etdiyi tədbirdə XMDX əməkdaşlarının mülki geyimdə iştirak etmələri ona məlum olmuşdur. Rauf adlı şəxsi XDMX-nin xüsusi geyim formasında görməmişdir. Buna görə də, Raufun XDMX əməkdaşı olmaması onda şübhə yaratmamışdır. Həmçinin üzərində XDMX əməkdaşlarının istifadə etdiyi rabitə qulaqcığı görümüş, bundan əlavə Raufun üzərində qandal görmüşdür. Bütün bunlar onda Raufun həqiqətəndə XDMX əməkdaşı olduğuna inandırmışdır. Lakin sonradan məlum olmuşdur ki Rauf XDMX əməkdaşı deyil, vəsiqəsi əslinə oxşar düzəldilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərilmişdir ki, o, əvvəllər istintaqa vermiş olduğu ifadəsini tam təsdiq edərək 2020-ci ilin aprel ayında Yasamal rayonununda yerləşən çay evlərinin birində özünü XDMX-nın əməkdaşı kimi təqdim edən Rauf adlı şəxlə tanış olmuşdur. Həmin vaxtı Raufla münasibəti yaranmış və sonralar bir neçə dəfə Raufu XDMX-nin formasında görmüşdür. Raufla tanış olduğu vaxtdan Rauf ona bir çox yerlərdə tanışlarının olduğunu əlaqələrinin geniş olduğunu bildirmişdir. Həmin ərəfələrdə Toğrul adlı dostu ona bildirmişdir ki, yaxın olan bir nəfər şəxs Dövlət Sərhəd Xidmətində qulluq edir və həmin şəxsin qulluq yerini Bakıdakı hərbi hissələrin birinə dəyişmək istəmişdir. O, da, Toğrula bu məsələdə köməklik edə biləcək tanışının olduğunu XDMX-də çalışdığını bildirmişdir. Qeyd olunan məsələ ilə bağlı özünü Rauf kimi təqdim edən şəxslə görüşmüş, Rauf ona Toğrulun tanışının yerini Bakıya dəyişə biləcəyini demişdir. İşin həll olunmasından ötrü 3000 manat pul lazım olduğunu da demişdir. Toğrula məsələnin həll olunacağını demiş, Toğrul razılaşaraq pulu ona verməyi qəbul etmişdir. Toğruldan pulu alaraq Raufa ilk dəfə 2000 manat, 3-4 gün sonra isə 1000 manat pul vermişdir. Lakin məsələdən bir neçə gün sonra hələdə qeyd olunan işlə bağlı xəbər olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs ümumiyyətlə XDMX-nin işçisi deyil və Rauf onu bu yolla aldatmışdır. Bu səbəbdən də Nəsimi rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdən sonra Təqsirləndirilən şəxs Toğrulun pulunu tam şəkildə qaytarmışdır. Həmin pul Toğrul adlı dostunun pulu olmuş, o, sadəcə pulu Toğruldan alaraq Raufa vermişdir. O, Torğuldan 01 may 2020-ci il tarixdə Nəsimi rayonu, 28 mail ticarət mərkəzinin qarşısında görüşərək 2000 manat pul alıb həmin gün Səbail rayonu, Sahil metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Budan sonra o, 05 may 2020-ci il tarixdə Toğrul ilə yenə də 28 mail ticarət mərkəzinin qarşısında görüşərək 1000 manat pul alıb, həmin gün Səbail rayonu, Sahil metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Hər iki dəfə pulları Raufa təklikdə, yəni Raufun və onun iştirakı ilə vermişdir. Başqa kimsə olmamışdır. O, Təqsirləndirilən şəxs xüsusi geyim formasında görmüş, həmin formanın dəqiq hansı hüquq mühafizə orqanına aid olmasını bilməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs xidməti vəsiqənin olduğunu görməmişdir. Rauf ona Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini demişdir. Məhz buna görə də o, Raufun həmin qurumda işlədiyinə inanaraq Toğrulun işini həll edə biləcəyini düşünmüşdür. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 dəst geyim forması, 01 ədəd qandal, 01 ədəd oyuncaq tapanca və 01 ədəd xidməti vəsiqə sübübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Səbail RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş və 01 ədəd xidməti vəsiqə isə cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs əynində XDMX-nin zabitinə məxsus olan 01 dəst paltar olması əks olunan 02 ədəd “CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və məhkəmə nəticəsinədək saxlanmasından ötrü cinayət işinə əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-xəttştinslıq ekspertizasının 07 sentyabr 2020-ci il tarxili 4/595 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş. X3 adına olan 27 iyun 2018-ci il tarixli vəsiqədə “X6 V.Ə" yazıları qarşısında “imza” qrafasındakı imza “Odlu silah daşınmasına icazə" yazıları qarşısındakı imza, “verilmə tarixi" yazıları qarşısındakı “27.06.18” rəqəmləri- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-sənədlərin texniki ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 5/529 saylı rəyindən görünür ki, tədqiqiata təqdim edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Təqsirləndirilən şəxs adına vəsiqənin blankı axınlı prineterdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Təqsirləndirilən şəxs adına vəsiqəsində olan möhür əksi relyef klişeden sənədin üzərinə birbaşa vurulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, "başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.”. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxlərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2020ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ev dutağlıqı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyun 2018-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən nömrəsiz fərdi yaşayış evində “İçərişəhər” metrostansiyanın yaxınlığından aldığı vəsiqə qabına “X6 V.Ə” yazılarını, “imza” qrafasındakı imzanı, “Odlu silah daşınmasına icazə” yazıları qarşısındakı imzanı, “verilmə tarixi” yazıları qarşısındakı rəqəmləri özü icra edərək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin blankını axınlı prineterdə çap edib, möhür əksini relyef klişeden sənədin üzərinə birbaşa vuraraq hüquq verən vəsiqəni, yəni rəsmi sənədi qanunsuz hazırlamaqla saxtalaşdırma etməsini nəzərdə tutan əməllərini, törətdiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs da öz növbəsində ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsri ilə təqsirləndirilməsinə dair hər iki maddə üzrə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu, 353.4.11-cu və 353.4.12-ci maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Səbail RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 01 dəst xüsusi geyim forması, 01 ədəd qandal, 01 ədəd oyuncaq tapançanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsini, 01 ədəd xidməti vəsiqə isə məhv edilməsini, 02 ədəd “CD” diskin isə iş materiallarında saxlanılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustağlıqı” qətimkan tədbirinin ləğv edilməsini, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin. Səbail RPİ-nin maddi sübutların saxlanılqn 01 dəst xüsusi geyim forması, 01 ədəd qandal, 01 ədəd oyuncaq tapança Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, 01 ədəd xidməti vəsiqə məhv edilsin, 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri 161 (yüz altmış bir) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 768 (yeddi yüz altmış səkkiz) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar