Məhkəmə qərarları › İş №1(009)-24/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-24/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-24/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində hazırki iş üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda bir ədəd bükümdə təmiz çəkisi 0.155 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 yanvar 2023- cü il tarixdə saat 12:45 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-yə aparılmiş, həmin tarixdə saat 13:40 radələrindən etibarən üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il narkotik vasitə olan heroini istifadə edir. 25 yanvar 2023-cii il tarixdə səhər saatlarında «Sovetski» adlanan ərazisində tanımadığı şəxsdən 15 manata narkotik vasitə almış, geri qayıdan zaman Səbail rayonu Zərgərpalan küçəsi 3 ünvanın qarşısında iki nəfər polis əməkdaşı, onun narkotik vasitənin istifadəsi və daşınmasında şübhəli olduğunu bildirərək, onu polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis bölməsinə getmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman o, içərsində narkotik vasiktə heroin olan bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. 25 yanvar 2023-cü il tarixdə iş yoldaşı, Səbail RPİ-nin 9-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə xidmətdə olan zaman, saat 12:45 radələrində ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsi narkotik vasitələrin qəbulunda şübhəli bilib saxlayaraq, həmin şəxsi Səbail RPİ-nin 9-cu PB-nə aparmışlar. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təhqiqatçı tərəfındən vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngdə olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı siqaret qutusunun içərisində olan bir ədəd ağ rəngli kiçik ölçülü bükülünü çıxararaq açmış və içərisində tünd qəhvəyi maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin «kakos», yəni heroin olmasını, həmin narkotik vasitəni «Sovetski» adlanan ərazidən öz istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığım bildirmiş, aşkar edilmiş bir ədəd ağ rəngli kiçik ölçülü kağıza bükülmüş maddə ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfındən bir ədəd kağız zərfdə qabalaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 9-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına gətirilmiş, həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs oglu əynindəki gödəkçənin sağ yan cibindən üzərində «Argo» yazısı olan ağ rənli siqaret qutusunun içərisində olan bir ədəd kağız bükümü çıxaraqaq masanm üzərinə qoymuş və həmm bükümun içərisində əvvəlcədən «Sovetski» adlanan yerdən 15 manata tanımadığı şəxsdən şəxsı istifadəsi üçün aldığı narkotik vasitə olan «kakos» olmasını bildirmişdir. Keçirilmiş axtarışla əlaqədar protokol tərtib edimiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli 6/463 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respublikası DİN «Zərflər üçün № 166» dairəvi möhür əksi olan «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə...» və saiz sözlər, imza, soyad qeyd olunmuş bir ədəd zərfdəki 01 ədəd 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkiləri 0.155 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 02 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilinib 02 il müddətinə A.M.E. cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayyətlərr Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə A.M.E. cəzasına məhkum edilmişdir, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddələrinə əsasən təqsirli bilinib 01 il 07 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. iş materiallarında olan 15 may 2023-cü il tarixli 2905 nömrəli azərbaycan respublikası səhiyyə nazirliyinin respublika narkoloji mərkəzinin publik hüquqi şəxsin ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin , opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 0.155 qram narkotik vasitə olan heroin və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.105 qram narkotik vasitə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması barədə videoe görüntünün əks olunduğu disk maddi sübut hesab edilərək cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutulduğu müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0.105 qram qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 25 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan -Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.105 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz manat) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar