Məhkəmə qərarları › İş №1(009)-244/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-244/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-244/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Kürdərmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Böyük Kəngərli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Atyalı qəsəbəsində ünvansız özəl tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 dekabr 2025-ci il tarixdə saat 11:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edib, sonuncuya avtomobil ticarəti üçün pul verəcəyi təqdirdə, həmin fəaliyyətdən əldə edəcəyi qazancı onunla böləcəyinə dair yalandan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda 2024-cü ilin fevral ayının əvvəllində 6000 manat, bundan üç gün sonra həmin ünvanda 2000 manat pulu alıb, daha sonra guya ticarət dövriyyələrini genişləndirmək üçün eyni məqsədlə əlavə olaraq 2024-cü ilin fevral ayının ortalarından həmin ilin iyun ayının sonlarınadək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla müvafiq olaraq eyni ünvanda 4000, 4000, 4000, 2100 və 5000 manat olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 27100 manat pul vəsaitini ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla özgə əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə 27100 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar olaraq Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edib, sonuncuya məxsus olan 5000 manat dəyərində 2000-ci il Rusiya Federasiyası istehsalı olan, **-GU-*** dövlət qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilə dair sərəncam vermək hüququ olan etibarnamə verəcəyi təqdirdə, həmin avtomobili icarəyə verib hər ay həmin icarədən qazanc olaraq ona 400 manat pul verəcəyinə dair yalandan vəd verib inandıraraq, qeyd edilən avtomobillə bağlı ünvan 3 ünvanında yerləşən 28 saylı notariusda 14 avqust 2024-cü il tarixdə öz adına etibarnamə verilməsinə nail olub, həmin andan avtomobil üzərində sərəncam vermək imkanı əldə etdikdən sonra, həmin avtomobili digər şəxsə satıb əldə etdiyi qazancı şəxsi məsrəflərinə sərf etməklə, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qürbəti iş yoldaşı Kamran sayəsində tanımışdır. Kamran da Qürbətlə eyni iş yerində işləmişdir. Alver eləmək məqsədilə Qürbətdən hissə-hissə müəyyən məbləğlər almışdır. Hazırda 27000 manat borcu var. İttiham aktında qeyd edilən 5000 manat isə doğru deyil. Maşını 1200 manata satmışdır, daha sonra atası kredit götürüb 1200 manatı vermişdir. Borcu ödəmək istəyir. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kamrana pul vermiş və maşın alqı-satqısı ilə məşğul olmuşdur. Daha sonra Kamranla yolları ayırmış və bundan sonra Nurlan gəlmiş və Kamranın yerinə birlikdə işləməyi təklif etmiş və razılaşmışlar. Daha sonra Nurlan heç bir xeyir verməmiş, 27000 manat borcu yaranmış və eyni zamanda 5000 manatlıq maşını satmış və pulunu qaytarmamışdır. Nurlan gəlmiş demişdir ki, maşını qalmaq şərtilə bir nəfərə verir. Nurlan özü üçün baş etibarnamə istəmiş və digər şəxsə isə sürücülük hüququna dair etibarnamə verəcəyini bildirmişdir. Nurlan özü etibarnamə aldıqdan sonra maşını satmışdır. 6 aydır ki, pulu ödəyəcəyini deyir, lakin ödəmir. Qeyd etdiyi maşınla bağlı 1200 manat pulu verməmişdir. Məhkəmə iclasında Şahid öz ifadəsində bildirmişdir ki, Nurlanı birbaşa deyil, əri Qürbətin vasitəsilə tanışlığı olmuş və dəfələrlə evə gəlmiş və pul götürmüşdür. Toplam 30000 yaxın pul verilmişdir. Həmin məbləğ geri qaytarılmamışdır. Maşının satıldığına görə qeyd edilən 1200 manat da qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 bildirmişdir ki, zəng edib 27000 manatdan 4000 manatını qaytarmağı təklif edilmişdir. Lakin həyata keçirilməmişdir. Həmin təklifin də görüntü xarakterli olduğu açıq-aydın görünür. İttiham olunduğu maddənin sanksiyası həddində ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. 25 yanvar 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 25 yanvar 2025-ci il tarixdə cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 12 mart 2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir. 12 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 12 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 mart 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Zaqatala Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həbs olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam edilmişdir. 24 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. 24 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham dəyişdirilməklə ona həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 1(009)-244/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 47/2-23682 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-118965/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən yaxalanaraq, xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üç uşağı var: xx.xx.2023cü il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2025-cı il təvəllüdlü X5. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə təkrar olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni maşını 5000 manata deyil, 1200 manata satması və həmin məbləğin zərərçəkmiş şəxslərə ödənildiyini deməsi iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 12 noyabr 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin hesablanması zamanı həmin tarixlər nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar