Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-245/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 oktyabr 2023-cü il tarixdə saat 10.50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda,bir ədəd şəffaf selofanın bükümdə, iki ədəd ağ və sarı rəngli sellofan parçası bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,237 qram, ümumi təmiz çəkiləri 0,432 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, əynindəki göy rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamış, 21 yanvar 2023-cü İ tarixdə,axşam saat 22:20 radələrində o, ünvan 2 ünvanın qarşısında olarkən, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəçisi olmasında şübhəli bilinərək saxlanılıb, həmin ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada xidməti otaqlarının birində, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli gödəkçənin sağ yan cibində, həmin bir ədəd sellofan bükümdə, içərisində iki ədəd ağ və sarı rəngli selofan parçaları bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,237 qram, ümumi təmiz çəkiləri 0,432 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini 6 ildir istifadə etmir. 21 yanvar 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu Yasamal rayonu ərazisinə, yəni Nizami metrosunun yaxınlığnda saxlamışlar. Üzərində narkotik vasitə olmamışdır. Onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparmışlar. Orada ona təzyiq göstərilmişdir, onu beş gün bölmədə saxlamışlar. Bölmədə onun üzərinə narkotik vasitə qoyulmuş və onu ailəsi ilə hədələyərək üzərində narkotik vasitə olmasını boynuna götürməyi təklif etmişlər. O, həmin əməli törətməsə belə, etiraf etməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 mart 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı Şahid2lə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi qarşısında xidmətdə olduqları zaman orada keçən bir nəfər orta yaşlı tanımadığı kişinin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşaraq polis xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxsi sorğu-sual edərkən həmin şəxs suallara qeyri-adekvat cavab verdiyindən onun narkotik vasitənin təsiri altında olmasından şübhələnərək onu 9-cu Polis Bölməsinə dəvət etmişlər. Daha sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsin üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində bir ədəd sarı rəngli və bir ədəd ağ rəngli sellofan bükümlər olması, həmin bükümlərdə növbə ilə açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik maddəyə oxşar kütlə olması aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü çəkərək qəbul etməsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zamanı o, əynindəki göy rəngli gödəkçənin sağ yan cibində saxladığı, bir ədəd şəffaf sellofan bükümünün içərisində iki ədəd bükümdə olan qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 22 yanvar 2023-cü il tarixli, 6/412 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s.sözlər,imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,195 qram; 0,237 qram; ümumi təmiz çəkiləri 0,432 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İki bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Heroinin ümumi təmiz çəkisi 0,432 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq çəkisi 0,332 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. 21 yanvar 2023-cü il tarixdə saat 22:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 23 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 13 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,332 qram olan (ilkin ümumi təmiz çəkiləri 0,432 qram) narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir Respublika Narkoloji Mərkəzinin 14 aprel 2023-cü il tarixli 2186 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 02 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq İstintaq şöbəsinə təhvil verilmişdir. Eyni tarixli qərarla icraat təzələnmişdir. 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 21 iyun 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmış, eyni tarixli qərarla icraat təzələnmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhər Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan cinayət işi xx.xx.2001-ci il tarixdə məhkəməyə göndərilmişdir. - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-281/2013 sayı, 01 may 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzasının əvvəli 15 fevral 2013-cü il tarixdən hesablanmışdır. Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var – xx.xx.2012-ci il təvəllüdlü X6. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif ediilmişdir və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmaması iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək, 14 aprel 2023-cü il tarixdə, 21 iyun 2023-cü il tarixdə, 13 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək, yəni 01 (bir) ay 09 (doqquz) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 18 (on səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 14 aprel 2023-cü il tarixli 2186 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,332 qram olan (ilkin ümumi təmiz çəkiləri 0,432 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək, 14 aprel 2023-cü il tarixdə, 21 iyun 2023-cü il tarixdə, 13 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023cü il tarixədək, yəni 01 (bir) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 18 (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,332 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-245/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-245/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver