Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-245/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əli-zadə Aydın Arif oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əli-zadə Aydın Arif oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanması, ona böhtan ataraq zərər vurduğuna, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə vurduğuna, Respublika ictimaiyyəti qarşısında, hüquq sistemində və elmi dairələrdə rüsvay etdiyinə görə 1500 (bir min beş yüz) manat miqdarında cərimə ödəməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında (İş 1(009)-129/2024) Xatirə Quliyeva ona qarşı bir sıra böhtan və iftira ilə dolu bəyanatlar səsləndirib. Bu bəyanatlar çoxlu insan arasında səsləndirilmiş, videoçəkilişə alınmış və məhkəmə qərarında əks olunmuşdur. Məhkəmə qərarları isə elektron sisteminə daxil olur deyə onları geniş oxucu kütləsi oxuya bilir. Beləliklə bu böhtanlar kütləviləşdiyinə görə onun şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə gətirmiş, Respublika ictimaiyyəti qarşısında və elmi dairələrdə rüsvay edilmişdir. Xatirə Quliyeva öz çıxışında peşə fəaliyyətinə dair böhtanla dolu iki bəyanat səsləndirmişdir: 1. Bir zaman çalışdığı AMEA Fəlsəfə və Sosiologiya institutunun "Multikulturalizm və Tolerantlı fəlsəfəsi" şöbəsini tərk etməyinə aiddir. Xatirə Quliyeva, məhkəmə iclasında bəyan edib ki, 2018-ci il dövlət planı üzrə yerinə yetirdiyi "Multikultutalizmin qədim dünyada təzahürləri: Qədim Urartu və İrar adlı işin elmi standartlara və şöbənin məzmunu olan multikulturalizmə uyğun olmadığın qeyri-dövlətçilik ruhunda yazıldığına və erməni maraqlarına xidmət etdiyinə görə onu şöbədən qovmuşdur. Böhtanın nədən ibarət olması: Bu iddia ona atılan böhtandır. Çünki o zaman, onun özü barəsində böhtan yaydığına görə, həmin elmi iş AMEA Fəlsəfə və Sosiologiya institutunun rəhbərliyi tərəfindən Elmi Ekspertizaya verilmişdir. Ekspert komissiyasının üzvləri işi yoxlamış, orada heç bir ciddi nöqsan ya qanun pozuntusu aşkar etməmiş, elmi standartlara və şöbənin araşdırdığı ümumi mövzuya uyğun olmasını təsdiq etmişdirlər. Buna baxmayaraq şöbə müdiri Xatirə Quliyeva, vəzifəsindən sui-istifadə edərək şər, təhqir və böhta kampaniyasını davam etdirərək iş yerində ona qarşı dözülməz şərait yaratmış və şöbəni tərk etməyə məcbur etmişdir. Eləcə də ona qarşı şayiələr yayaraq (guya "qeyri-dövlətçi" və "ermənipərəst" olduğu haqqında) AMEA rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmağa çalışmış və bu gün də belə bəyanatlar səsləndirməklə çalışmaqdadır. Xatirə Quliyeva məhkəmə zamanı öz çıxışında bəyan etmişdir ki, Əli-zadə Aydın Arif oğlu professorluğa saxtakarlıq iddia edib və bu saxtakarlığı institutun rəhbərliyi ilə həyata keçirmişdir. Böhtanın nədən ibarət olması: Professorluğa Vəsatət, AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında İddiaçının gördüyü elmi işlərin əsasında qaldırılıb. Həmçinin onun professorluğa iddia etməyi Elmi şurada müzakirə edilmiş və gizli səsvermə yolu ilə həyata keçirilmişdir. Burada heç bir saxtakarlıq olmamış, bütün hərəkətlər qanuna uyğun həyata keçirilmişdir. X2 barəsində yuxarıda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanması, ona böhtan ataraq zərər vurduğuna, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ləkə vurduğuna, Respublika ictimaiyyəti qarşısında, hüquq sistemində və elmi dairələrdə rüsvay etdiyinə görə 1500 (bir min beş yüz) manat miqdarında cərimə ödəməsinə dair hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əlizadə Aydın Arif oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, X3 ona şər və böhtan atır. Belə ki, guya o, dələduzluq edərək saxta sənədlərlə professorluq etmişdir. Bu ittihamlar onun işgüzar nüfuzuna böyük ləkə gətirmiş, elmi dairələrdə rüsvay olmuşdur. Sonradan məhkəmə qərarında göstərilən həmin böhtanlar məhkəmə portalına keçmiş və bütün respublikaya yayılmışdır. Göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 şikayətə etiraz edərək bildirmişdir ki, Əli-zadə Aydın Arif oğlu yalan deyir. Birinci dəfə o, məhkəməyə vermiş, 15 böhtan və 5 təhqirlə həbsini istəmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin həmin qərarı portala yerləşdirməmişdir. Bundan başqa həmin qərar onun iştirakı olmadan qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticəsi əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla (məhkəmə iclasının audio video yazısı, məhkəmə iclas protokolundan çıxarış) təsdiq edildiyi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi, öz əksini tapmalıdır. Göründüyü kimi şikayətə ittihamın sübutu üçün hər hansı ifadə, sənəd və digər sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi X3 həmin ifadələri məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində qeyd etmişdir. Bu səbəbdən həmin məlumatlar kütləvi çıxış şəklində yayılması sayılmır. Həmçinin xx.xx.2024-cü il tarixli, 1(009)-129/2024 saylı qərarın elektron məhkəmə sistemində yerləşdirilməsi kütləvi informasiya vasitəsilə yayılması hesab edilmir. Eyni zamanda şikayətdə göstərilən məsələlərə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-129/2024 saylı qərarında hüquqi qiymət verilmişdir. Bu səbəbdən eyni məzmunda olan xüsusi ittiham qaydasında olan şikayət və ona əlavə edilmiş sənədlərin məhkəmə tərəfindən təkrarən qiymətləndirilməsinə ehtiyac yoxdur. Əlavə olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə Əli-zadə Aydın Arif oğlu özünü xüsusi ittihamçı statusunda qeyd etmişdir. Qeyd edilməlidir ki, məhkəmə şikayəti icraata qəbul etdikdən sonra xüsusi ittham qaydasında şikayət vermiş şəxs “xüsusi ittihamçı” qismində tanınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-245/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-245/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver