Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-246/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 1(005)-52/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi əsasən 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıdan məhrum etmə cəzası və 3000 cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-928/2019 saylı 26 avqust 2019-cu il tarixli qərarı ilə cəzanın 03 (üç) ay 23 (iyirmi üç) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 28 iyul 2021-ci il tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan “Ceyhun” adlı şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından az miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 28 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 28 iyul 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda yerləşən yanacaqdoldurma məntəqəsinin yanında yaşayan Ceyhun adlı şəxsdən 20 manata 1 ədəd bükümdə metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Bundan sonra uzaqlaşmaq istədikdə təxminən 10 dəqiqədən sonra Səbail rayonu , Salyan yolu 3J ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman o, polis əməkdaşlarına üzərində narkotik vasitə və psixotrop maddə olmasını etiraf etmişdir. Bölmədə olan zaman dəvət olunmuş vəkil və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan olan göy rəngli cins şalvarın sağ yan cibindən iki bükümü çıxartmış və təqdim edərək bir ədədinin narkotik vasitə olan heroin, digərinin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Lakin əvvəllər az hallarda istifadə etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28.07.2021-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ünvan 4 ünvanında yaşayan “Elmin” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşması, narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəhbərliyinə məruzə edilmiş, bundan sonra ondan, Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və bölmənin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Elmin adlı şəxs 28.07.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 3 J ünvanında saxlanılmış və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. İnzibati binada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs, həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd büküm çıxarmış və bükümləri açaraq həmin bükümlərdən birinin psixotrop maddə metamfetamin, digərinin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin vasitələri şəxsi istifadəsi üçün Ceyhun adlı şəxsdən aldığını demişdir. Daha sonra həmin 2 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik inspektor Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş Əyyub Ələkbərovun iştirakı ilə Polis Bölməsinin baş təhqiqatçısı İldırım Salahov tərəfindən şübhəli şəxs qismində tutulmuş X5 şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb təqdim edir. Kağız bükümlərdən birinin içərisində narkotik vasitəyə oxşar kütlə, digər kağız bükümün içərisində isə kristal formalı psixotrop maddəyə oxşar kütlə aşkar edilir. 2 ədəd kağız bükümlər bir ədəd kağız zərfdə qablaşdırılır. 29 iyul 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına əsasən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 28 iyul 2021-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 iyul 2021-ci il tarixli 6/3157 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”, metamfetamin isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. Həmçinin ekspert rəyinə əlavə edilmiş akta əsasən heroinin təmiz çəkisi 0,195 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq heroinin çəkisi isə 0,145 qramdır. Metamfetaminin təmiz çəkisi 0,042 qram olmuş, tədqiqata 0,03 qram sərf edilmiş, qalıq heroinin çəkisi isə 0,012 qramdır. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manatdır. 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Səbail rayon prokurorunun 30 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad olunmuşdur. 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 08 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə tutularaq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 08 oktyabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzlənmişdir. Səbail rayon prokurorunun 10 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad olunmuşdur. 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli 3809 №-li saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Naromaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 28 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,195 qram heroin və 0,042 qram metamfetamin maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,145 qram heroin və 0,012 qram metamfetamin saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs: Şəki Rayon Məhkəməsinin 26.02.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 01 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5500 manat cərimə cəzası təyin edilmişdir. 29.07.2015-ci il tarixdə cərimə ödənilmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.01.2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsi əsasən üzərində 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıdan məhrumetmə cəzası və 3000 cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli, 1(005)-52/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən tam birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-928/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o çəkilməmiş 03 (üç) ay 23 (iyirmi üç) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 07 dekabr 2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzası təyin edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-67/2018 saylı, 07.02.2018-ci il tarixli hökmü 13.03.2018-ci il tarixdə Probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Məhkumun ödənilməmiş 2845 manat məbləğində cərimə cəzası qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli, 1(005)-52/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən tam birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-928/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkumluğu ödənilməmiş yenidən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3000 manat miqdarında cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 2845 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilərək cəza təyin olunmalı, Azərbaycan Respublikasl CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 28 iyul 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (günü) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 11 oktyabr 2021-ci il tarixli 3809 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,145 qram (ilkin təmiz çəkisi 0,195 qram) narkotik vasitə heroin və 0,012 qram (ilkin təmiz çəkisi 0,042 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2019 saylı, 23 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3000 manat miqdarında cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 2845 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 2845 (iki min səkkiz yüz qırx beş) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2845 (iki min səkkiz yüz qırx beş) manat miqdarında cərimə saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,145 qram (ilkin təmiz çəkisi 0,195 qram) narkotik vasitə heroin və 0,012 qram (ilkin təmiz çəkisi 0,042 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-246/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-246/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver