Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-246/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyata olan, ünvan 2anında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, F.Qurbanov küçəsində saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı qəhvəyi rəngli əl cüzdanının (portmane) içərisində daşıdığı siqaret qutusunun içərisindən 01 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uşağını itirdikdən sonra stresə düşmüş və bu halından Nataşa adlı rəfiqəsi istifadə edərək ona qəsdən natrkotik vasitənin qəbul etməsini öyrətmişdir. 18 yaşına qədər narkotik vasitənin nə olduğunu bilməmişdir. 25 aprel 2023-cü il tarixdə Bayıl bazarının yaxınlığında 30 manat pulu internet vasitəsi ilə ödəməklə narkotik vasitəni almış və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş, orada vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə olan heroini aşkar edilib götürülmüşdür. Əməlindən səmimi peşmançılıq çəkməsini, anasının gözünün görməməsini və İ-ci qrup əlil olmasını, anasının onun himayəsində olmasını, hal-hazırda narkomaniya xəstəliyindən müalicə olunmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Səbail RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsindən işləyir. 25 aprel 2023-cü il tarixdə daxil olmuş məlumata əsasən narkomaniya şöbəsinin rəisi Çinar müəllimlə birlikdə əməliyyat keçirmiş, onlar Bayıl qəsəbəsinə əvvəlcədən müəyyən olunmuş ünvana getmişlər. Orada şübhəli şəxs Təqsirləndirilən şəxs görmüşlər, ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək aidiyyatı üzrə Səbail RPİ-nə gətirmişlər. Səbail RPİ-də xidməti otaqların birində vəkilin, onun və qadın əməkdaşın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Səbail rayon Polis İdarəsində inspektor kriminalist vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə xidməti otaqların birinə dəvət olunmuş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmişdir. Eyni zamanda baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin aşkar edilmiş və onlar tərtib edilmiş protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında tərəflərindən əməliyyat axtarış təbdbiri keçirilmiş və şübhəli şəxs vətəndaş Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. Səbail RPİ-də vəkilin iştirakı və videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 25 aprel 2023-ci il tarixli protokoldan görünür ki, 25 aprel 2023-cü il tarixdə Səbail RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Səbail rayon Polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə şəxsi axtarış aparılmış, bu zaman əlində saxladığı qəhvəyi rəngli əl cüzdanı (portmane) açıldıqda «Rothmans» yazısı olan göy rəngli siqaret qutusunun içrisindən bükülmüş 01 ədəd ağ rəgli bükülü narkotik maddəyə bənzər maddə olması aşkar edilmişdir. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmiş, baxış zamanı “Panasonic” markalı video aparatdan istifadə olunmaqla video çəkiliş aparılmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 aprel 2023-cü il tarixli 6/2406 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs aşkar olunmuş… » sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 28 iyun 2005-ci il tarixli Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təstiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxildir. İş materiallarında olan Ambulator X1 27 aprel 2023-cü il tarixli 2474 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin inzibati binasında Səbail RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elnur Həsənovun, Səbail RPİ-nin X2 əməliyyat müvvəkili Şahid3, Səbail RPİnin CAŞ-nin kiçik inspektoru Şahid2, Səbail RPİ-nin inspektoru Gülər Əliyevanın və müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs «Rothmans» yazısı olan göy rəngli siqaret qutusunun içərisindən qəhvəyi rəngdə toz halında narkotik vasitəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə cinayət təqibi orqanı tərəfindən kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Üzərindən çıxan narkotik vasitə ona məxsusdur, həmin narkotik vasitəni bildirdiyi kimi öz istifadəsi üçün almışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəzasını yüngüllənşdirən hallar müəyyən edilmədi, lakin məhkəmə onun əməlindən peşman olmasını, anasının gözünün görməməsini və İ-ci qrup əlil olmasını eyni zamanda onun himayəsində olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 27 apel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixindən 27 apel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,255 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixindən 27 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,255 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun «AccessBank»ın Səbail rayon filialılındaki hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-246/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-246/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver